Dəyərli pyesin uğurlu
tamaşası
KARL
ÇAPEKİN "ANA" ƏSƏRİ GƏNC
REJİSSOR HƏCƏRXANIM MƏMMƏDOVANIN QURULUŞUNDA
YÜKSƏK SƏVİYYƏLİ SƏHNƏ HƏLLİNİ
TAPIB
Yanvarın
18-də Naxçıvan Dövlət Musqili Dram Teatrının səhnəsində "Ana" adlı tamaşaya baxdım. XX əsr çex ədəbiyyatının
görkəmli simalarından biri Karel Çapekin (1890-1938)
"Ana" adlı pyesi əsasında səhnələşdirilən
tamaşa gənc rejissor Həcərxanım Məmmədovanın
tamaşaçı qarşısında növbəti
imtahanı idi. Tamaşadan bir gün əvvəl müəllifin
özü şəxsi feysbuk səhifəsində olduqca həyəcanlı
anonsla yadda qalmışdı: "Mənim işlərimlə
ta universitetin 1-ci kursundakı etüd-tamaşalarımdan bəri
tanış olanlar bilir... Bütün seçdiyim
əsərlərdə bir ortaq ali məqsəd
var: bəşərilik. Əslində bunun fərqinə
hələ təzə varmışam. Həmişə
işlədiyim əsərlər üçün
"mövzu məni çəkir", - deyirdim.
Etiraf eləyim ki, indiyə qədər
hazırladığım bütün tamaşalar içərisində
"Ana" psixoloji cəhətdən məni ən çox
yoran, dəyişkən vəziyyətlərlə gərgin
bir tamaşa idi. Nəhayət sabah neçə
aylıq stresli məşqlərdən sonra premyeradır.
Maraqlısı
budur ki, mən hələ də beynimdəki gərginlikdən
azad ola bilməyərək bu tamaşam
haqda qısa ümumi fikir nə yazım, bilmirəm. Odur ki, bütün fikirləri sizə buraxıram.
18-19 yanvar saat 19:00-da Naxçıvandakı
dost-tanışlarımı, yaxınlarımı, sənət
dostlarımı Karel Çapekin "Ana" mistik-dram
tamaşasına baxmağa dəvət edirəm".
Xüsusilə taq edilmiş bu cür dəvətə
laqeyd qalmaq olmazdı. Ailəmi və iki tələbəni də
götürüb deyilən vaxtda tamaşaçılar
arasında yerimi tutdum.
Tamaşanın rejissor assistenti Səyyad Məmmədov,
quruluşçu rəssamı Naxçıvan Muxtar
Respublikasının Əməkdar Rəssamı Səyyad
Bayramov idi. Maraqlı o idi ki, tamaşanın musiqi tərtibatçısı
da rejissor xanımın özü idi. Buna
ayrıca qayıdacağam.
Teatr tamaşalarında yan-yörəmdəkiləri,
zaldakı insanların reaksiyasını, səhnəyə
marağını, diqqətini müşahidə etmək
üçün həmişə arxa cərgələrdə
oturmağa üstünlük verirəm. Bu dəfə
də istisna deyildi. Ən gözəli də
o idi ki, tamaşa başlayan ilk dəqqələrdən
rejissor xanımın özü də bizdən bir cərgə
öndə oturdu və qucağında 3-4 yaşlı
övladı ilə tamaşanı izləməyə
başladı. Belədə müşahidə
ediləcək ən maraqlı insanı tamaşayla paralel izləyirdim.
Arzu edərdim ki, maraqlı oxucu,
tamaşaçı teatra üz tutub bu əsəri mütləq
izləsin.
Tamaşanın sujeti haqqında danışası olsaq,
onu deyə bilərəm ki, ciddi psixoloji
ağırlığı olan əsərdə Ana hadisələrin
mərkəzindədir. Onun 17 il əvvəl vəfat edən
mayor həyat yoldaşı Rixard afrikalıları
öldürmək üçün getdiyi müharibənin
qurbanı olub. Ananın 5 övladı var ki,
onların böyüyü - həkim Andrey də sarı
qızdırmaya tutulmuş afrikalıları xilas etmək
üçün gedərkən özü həmin xəstəliyə
tutulur və ölür. Bir növü elə
müharibənin başqa bir fəsadından ortaya
çıxan xəstəliyin qurbanı olur. Ananın ikinci övladı Yuri isə hərbi təyyarə
ilə daha yüksəyə qalxma rekordu üçün
uçuş edərkən təyyarənin qanadının
sınması nəticəsində həlak olur. Üçüncü və dördüncü
övladlar Pyotr və Kornel isə vətəndaş
müharibəsində fərqli cəbhələrdə
üz-üzə gəlirlər. Pyotr
Kornelin tərəfdaşları tərəfindən güllələnir,
sonra isə Korneln özü də həlak olur. Ananın isə sadəcə bir oğlu qalır -
Toni. Ən balaca, cəmi 18 yaşı olan
Toni həm də şairdir. Sentimental xarakterlidir.
Müharibənin əleyhinədir. Lakin tamaşanın sonrakı səhnələrində
onu atasının silahını götürüb cəbhəyə
gedən obrazda görsək də, ana buna razı olmur. Öz oğlunu razı sala bilir və evin zirzəmisində
gizlədir. Tamaşa boyu ölən əri
və övladları ilə söhbət edən Ananı
obrazlar Tonini gizlətməkdə ittiham edir, vətəndə
əli silah tutan kişilərə ehtiyac olduğu halda gizlədilməsini
qınayırlar. Ana isə öz hisslərinə
dayanaraq, "mənim işim analıq vəzifəsini yerinə
yetirməkdir, Toni də olmasa, mən nəyə yarayaram"
düşüncəsi ilə onlara qarşı gəlir.
Lakin tamaşa boyu, elə əsər boyu əsas
obrazlardan biri də köhnə radiodan eşidilən səsdir.
Radio diktorudur. Son səhnələrdə
diktor yenə əli silah tutan kişiləri, hətta
qadınları belə vətənin müdafiəsi
üçün köməyə çağırır və
öz övladının da olduğu bir qrup uşağın
öldürüldüyünü, xəstəxananın
bombalandığını, ümumiyyətlə müharibə
cinayətlərini dilə gətirir. Belə
olan halda Ana mayor ərinin silahını gizlətdiyi yerdən
götürüb gətirir və zirzəminin
qapısındakı qıfılı açaraq Tonini müharibəyə
göndərir. Müharibə bitəndən sonra isə
Toni sağ olaraq evinə qayıdır.
Tamaşa
boyu müşahidə etdiyim rejissor Həcərxanım gərginlikdən
bəzən dırnaqlarını yeyirdi, bəzən
qeyri-iradi olaraq başını müxtəlif jestlərlə
önə, arxaya, yana əyirdi, bəzən
qucağındakı oğlunu möhkəm-möhkəm sinəsinə
sıxıb onun üzünə baxırdı. Amma
bir gözü səhnədə idi. Qucağında
övladı olsa da, bir övladı da səhnədə
dünyaya gəlirdi. Bir ananın doğum
iztirablarını tamaşa zalından seyr etmək olduqca
maraqlı idi.
Həmin
an düşünürdüm ki, görəsən, rejissor ana
öz oğlunu səhnədəki Ana kim
son anda müharibəyə göndərmək
üçün əlinə silah verərdimi? Bir tərəfdən
də insan öldürməyin cinayət olduğunu öyrətdiyi
şair övladının "mən də öldürə
bilərəm" cavabı qarşısında heyrətlənən
ananın, radioda eşitdiyi uşaq ölümlərinə
dözə bilməməsi və qələm tutan ələ
silah verməsi əsərin ən ağrılı məqamlarından
idi. Ən yaxın tarixdə
yaşadığımız zəfərin sevinci və şəhid
olan övladlarımızın acısıyla iç-içə
olduğumuz indiki durumda belə bir əsərin səhnəyə
gətirilməsi nə qədər əla
düşünülmüşdüsə, Karel Çapekin
şairin əlindən qələm alıb ona silah verməsi
də bir o qədər düşündürücü idi.
Tamaşa
boyu qardaşların "ağzından süd iyi gələn"
Toninin sentimentallığına sataşmaları, ananın
(oxu: Ana vətənin) şair oğlunu (oxu: qələm əhlini)
qoruması mesajını verən Karel Çapekin ən sonda
vətən üçün son nəfəsinə və nəfərinə
kimi hər kəsin silaha sarılmalı qərarı heyrətamiz
sonluq kimi anlaşıla bilərdi. Xüsusilə
tamaşanın əvvəllərində
qardaşlarının şairə sataşmasına işarə
edən qızımın şairliyimdən yola
çıxaraq, - "Dədə, sənə
sataşırlar", - deməsi mənən incidici olsa da,
sonda Toninin (şair oğulun) silaha sarılıb düşmənlə
mübarizəyə yollanması sınan qüruruma necə
sığal çəkmişdisə gözlərim
dolmuşdu. Məhz ananın oğluna
silahı uzadıb çiyninə toxunaraq, - get, - deməsi
anında qeyri-ixtiyari reflekslə ucadan əl
çalmağım və zalın mənə qoşulması
da olduqca qürurverci idi. Təkcə mənim
üçün yox yazıçı üçün,
rejissor üçün, ana üçün, Toni
üçün, qızım üçün,
tamaşaçı üçün, hətta yanımda əyləşən,
ilk dəfə bir teatr tamaşasını izləyən tələbə
Aysun üçün və hər bir vətənsevər
üçün.
Karel
Çapek faşistlərin Çexiyanın Sudet vilayətini
hədəfə alarkən baş verən hadisələrə
cavab kim "Ana" pyesini qələmə
almışdı. Müharibə əleyhinə
yazılmış pyes insanın Vətən və bəşəriyyət
qarşısında olan borcuna həsr olunub. 1938-ci ildə yazılsa da, qısa vaxtda
dünyanın bir çox dillərinə tərcümə
olunan əsər, elə yazıldığı ildə Azərbaycan
dilinə də tərcümə olunmuşdu. Dəyərli
həmyerlimiz, ordubadlı Əvəz Sadıq tərəfindən
Azərbaycan dilinə tərcümə olunan "Ana" həm
dilimizə çevrilən ilk çex bədii nümunəsi,
həm də səhnəmizə ayaq açan ilk çex əsəri
olmasıyla diqqəti cəlb edir.
Yazıçının həyatıyla bağlı maraqlı bir məqam da var. 1939-cu ildə Praqaya daxil olan faşistlər Karel Çapeki həbs etmək istəsələr də, yazıçı 25 dekabr 1938-ci ildə 48 yaşında vəfat etmişdi.
Aktyor oyununa gəlincə qeyd edim ki, Ata rolunun ifaçısı Azərbaycanın Əməkdar artisti Vidadi Rəcəbli həmişəki kimi işinin peşəkarı kimi səhnədə rahat idi. Uzun zamandır teatr tamaşalarında görmədiyim sənətkarı yenidən böyük səhnədə izləmək sevindirici idi. Naxçıvan teatrında müxtəlif tamaşalarda maraqla izlədiyim Ələsgər Quliyev (Andrey) və Səyyad Məmmədovla (Yuri) yanaşı, gənc aktyorlar Məmməd Mehdiyev (Kornel), Uğur Nəsirli (Pyotr), Nurlan Sultanlı (Toni) yaşlarına uyuşmayan peşəkarlıqla canlandırdıqları obrazların daxili aləmini, psixoloji gərgin situasiyalarını ustalıqla tamaşaçıya ötürə bilirdilər.
Ana (Zəminə Məmmədova) haqqında isə həyəcansız danışmaq olmur. Səhnənin bütün həyəcanını öz üzərində cəmləyən, tamaşa boyu səhnədə gördüyümüz Ana bəşəri ideyaları özündə əks etdirən və bunu uğurla təcəssüm etdirməyə nail olan aktrisa kimi daha çox alqışlandı.
O da maraqlıdır ki, səhnədəki Ana rejissor Həcərxanımın həyatdakı qayınanasıdır. Təyyarəçi Yuri isə rejissorun həyat yoldaşı, Ananın həm səhnədə, həm də həyatdakı övladıdır. Yəni ki, Karel Çapekin şedevr "Ana"sı sayəsində gəlin rejissor qayınanadan möhtəşəm bir Ana obrazı yarada bilmişdi.
Tamaşanın rejissor əməyi qədər rəssam işi, musiqi tərtibatı, hətta səs və işıq uyumu, geyim seçimi, qrim ustalığı da obrazların tamaşaçı üçün tamamilə açılmasında böyük rol oynayırdı.
Mən həmişə gənclərin daim
yenilikçi və uğurlu işlərlə yadda
qalacağına, seçiləcəyinə inanmışam. Həcərxanım
Məmmədova da öz "Ana" övladıyla bunu bir
daha ortaya qoydu.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2022.- 22 yanvar.- S.19.