Bülbülcan ocağının ecazi
işığında
Azərbaycan
musiqisinin beşiyi deyəndə, gözlərimizin
qarşısında özünün bənzərsiz relyefi,
saf iqlimi, dağlarının başına çalma təki
sarılan bəmbəyaz dumanı, yaz-payız meşələrə,
bağ-bağata pıçıltıtək çilənən
çiskinli, yağmurlu havası, canlı bir sənət əsərini
xatırladan xarıbülbülü, hüsnü-gözəlliyilə
göz oxşayan, könülləri havalandıran əzəmətli
Şuşa canlanır. Belə bir təbiətin
qoynunda dünyaya gələn insanların bəlkə də əksərində
fitrətən doğulan musiqi duyumu, heç şübhəsiz,
bu əsrarlı yurdda zaman-zaman musiqiçilər nəslinin
yetişməsinə vəsilə olmuşdur. Məhz bu səbəbdən də Şuşanın
bənzərsiz gözəlliyinə, şəninə
yaraşan adların verilməsi, bütünlükdə onun təbiətindən
gələn özəlliyini, burda doğulan insanların həyat
və yaşam tərzi, şəcərə tarixçələri
ilə yurda şan-şöhrət gətirən böyük
şəxsiyyətlərin amal və əməllərini də
aydınladır. Bu səbəbdən də fərqli
xüsusiyyətlərilə özgür olan vüqarlı
Şuşanın "Qafqazın konservatoriyası",
"Musiqimizin, mədəniyyətimizin beşiyi",
"Qarabağın tacı", "Qarabağın
mirvarisi", "Aristokratlar şəhəri",
"Kiçik Paris"... adlandırılması təbiidir. Görkəmli ədəbi şəxsiyyətlərin,
yazıçı və şairlərin, musiqi korifeylərinin
illər, qərinələr boyu maddi-mənəvi varidatı,
füsunkarlığı ilə misilsiz olan bu əsrarlı məkanda
doğulub əbədiyaşarlıq qazanması Yaradanın
gözəl Şuşanın mövcudi-varlığına
lütfü deyilmi?
Şuşa
30 ilə yaxın erməni
işğalçılarının tapdağı altında
inlədi... Nə xoş ki, 2020-ci ilin sentyabrında
başlanan II Qarabağ müharibəsində Müzəffər
Ali Baş Komandan Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi,
böyük iradəsi, əzmkarlığı sayəsində,
məhz Onun rəhbərliyi altında döyüşən rəşadətli
Azərbaycan Ordusunun igid, qəhrəman oğullarının
sücayətilə 44 günlük savaş qalibiyyətlə
başa çatdı. Şuşanın azad
olunduğu gün Prezidentimizin Azərbaycan xalqına
gözaydınlığı verməsi, "Əziz
Şuşa, sən azadsan" - deyə, ona canlı varlıq
kimi müraciət etməsi Azərbaycan xalqının, eləcə
də dünya azərbaycanlılarının qəlbini riqqətə
gətirdi.
Ölkə
başçımızın cari ilin 5 yanvar tarixində 2022-ci
ili Azərbaycan Respublikasında
"Şuşa İli" elan etməsi haqqında
imzaladığı sərəncam Qarabağın tacı olan
Şuşa şəhərinin 270 illik yubileyinin də
böyük ruh yüksəkliyi ilə qeyd olunacağına
xüsusi bir rəng qatdı. Şuşa yenidən
dirçəlir, doğmalarının əlilə
yaralarına məlhəm çəkilir.
"Aristokratlar şəhəri"nin
şan-şöhrətli insanları, korifey sənətkarları,
ədəbiyyat, mədəniyyət xadimləri
xatırlanır, ənənəvi tədbirlər azad
Şuşanın həyatına daxil olur.
Mənimsə
bu yazını qələmə almaqda niyyətim
yaşadığımız fərəhli hadisələrdən
ruhlanaraq Qarabağın ustad xanəndəsi Bülbülcan
(Əbdülbağı Kərbəlayi Əli oğlu
Zülalov) ocağının yetirmələrinin həyatına,
sənətkar ömürlərinə işıq çiləmək,
30 ilə yaxın narahat olan ruhlarını vətənləri
Şuşanın bəxtiyarlığı ilə şad etməkdir...
Bülbülcanın
dünyaya gəlişi (1841) doğulduğu qədim Şuşanın
intibah dövrünə təsadüf edir. Yəni
bu dövrdə Şuşa artıq
"Qafqazın konservatoriyası" adlanırdı. Hələ
o dövrdə adına "Kiçik
Paris" deyilən bu şəhər xalis sənətkarlar
yetirən bir diyar kimi tanınırdı. Zatən,
bu yurdun dağının, daşının da, səsləri
musiqi sədaları kimi əks etdirməsi, körpə
çığırtısının, azyaşlı
uşaqların belə, zəngulə vurması, orda
doğulan insanların mayasının musiqidən
yoğrulduğunu düşünməyə əsas verirdi.
Həmin dövdə Şuşada böyük
ziyalı, ədəbi mühiti vardı. Tanınmış
xanəndə Əbdülbağı Zülalov da belə bir
mühitdə doğulmuş, böyümüş, Allahın
ona bəxşişi olan, ürəkləri fəth etməyə
qadir xoş avazı, əzəmətli səsilə
adını musiqi tariximizin səhifələrinə
yazmışdı.
HAŞİYƏ:
Sözün bu məqamında illərdən-illərə,
dillərdən-dillərə yeriyən bir məşhur məsəl
yadıma düşür. Deyirmişlər ki,
Şuşanın uşaqları ağlayanda "Segah",
güləndə "Şahnaz" üstündə gülərmişlər.
Hələ gənclik çağlarımda
Firidun Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri"
kitabından Şuşada doğulan, yaşayan musiqiçilərimiz,
xanəndələrimiz haqqında maraqlı məlumat və əhvalatlar
oxumuşdum. Bütün bunlar məndə Şuşa,
onun musiqiçiləri, görkəmli sənətkarları
barəsində daha çox bilgiyə malik olmağa, öyrənməyə
xüsusi bir maraq oyatmışdı. Elə həmin kitabdan oxumuşdum ki, sağlamlıq
ocağı kimi tanınmış Şuşada hələ
XIX əsrin axırlarında həyat qaynayırdı. Hər
il yay aylarında Qafqazın, Yaxın Şərqin və Orta
Asiyanın hər yerindən buraya şairlər, dramaturqlar, bəstəkarlar,
artistlər və musiqiçilər, həm də Rusiyada, Qərbi
Avropada ali məktəblərdə təhsil alan azərbaycanlı
tələbələr toplaşaraq teatr tamaşaları
göstərir, musiqi məclislərində iştirak edirdilər...
Hər evdən, hər həyətdən, hər ağac kölgəsindən
tar, kaman, ney, qarmon səsi
ucalırdı..."
Və... təbii ki, Tiflisdə yaşadığı
ilk illərdən "Bülbülcan" adını
qazanmış Əbdülbağı Zülalovun görkəmli
xanəndə, bu sahədə özünün məktəbini
yaradan sənətkar, qürurlu şəxsiyyət kimi
yetişməsində Şuşanın saf havası, can dərmanı
olan sərin bulaqları, zümrüd meşələri, yamacları,
musiqi mühiti olmuşdur. Mənbələrdən
məlumdur ki, o, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində
almışdır. O məktəbdə ki orada bir
çox xanəndələr, musiqiçilər
yetişmişdir. Həmin dövrdə
Əbdülbağı Şuşada qurulan bütün məclislərdə,
hətta başqa bölgələrdə belə, təşkil
olunan musiqi məclislərində iştirak etmiş, səsilə
dinləyicilərini heyrətə salmışdır. Zahiri görkəmcə də yaraşıqlı,
xoş simalı olan xanəndə
Əbdülbağını o zaman Qafqazın mədəniyyət
mərkəzi olan Tiflis ahənrüba kimi özünə
çəkir. Beləliklə, 34
yaşından, həyatının 30 ilini burada yaşayır.
Şuşalı xanəndənin ecazkar səsini,
zövqünü, mədəniyyətini yüksək dəyərləndirən
Tiflis əhlinin ona verdiyi "Bülbülcan" adını
qazanır. Əbdülbağı sənətilə
uğurlu, səmərəli bir həyata başlayır.
Xeyriyyə məqsədilə təşkil
olunan bütün konsertlərdə iştirak edir. Müntəzəm olaraq bir neçə musiqi dəstəsi
yaradır. Yenə mənbələrdən
öyrənirik ki, o zaman yaranan musiqiçilər dəstəsi
dörd nəfərdən təşkil olunduğu halda, xanəndə
Əbdülbağının dəstəsi altı nəfərdən
ibarət idi. Xanəndənin tarzən
Sadıqcanla yaxınlığı, birgə yoxsullar
üçün təşkil olunmuş xeyriyyə konsertlərində
iştirakı da ona böyük rəğbət
qazandırmışdı. Hətta Tiflisdə
nəşr olunan "Ziya" qəzeti də konsertlər barədə
xəbərlər dərc edirdi. Bülbülcan
Tiflisdə çox məşhurlaşmışdı.
Bunun başlıca səbəblərindən biri o idi ki, xanəndə
gürcü, erməni, kumık və fars
dillərində də oxuyurdu. Olduqca
güclü səsə və zənguləyə malik olan
Bülbülcanın səsindəki çalarlar dinləyiciləri
heyrətə salırmış. Heç
bir xanəndə onun kimi zəngilə vura bilmirdi. Hətta, ustad xanəndə Cabbar Qaryağdı
oğlu da etiraf edib ki, zəngulə vurmağı
Əbdülbağı Zülalovdan öyrənib.
"Azərbaycan xalq musiqiçiləri"ndə onun misilsiz
muğam ustası, xanəndə sənətkarlığı
haqqında böyük məhəbbətlə
yazılmış bu sətirlər də var: "
Bülbülcan "Çahargah" və "Zabul" dəstgahlarının
"Hasar" və "Müxalif " şöbələrini
elə coşqun zəngulə ilə oxuyarmış ki, ona
musiqiçilər arasında "Hasar-müxalifxan" deyərmişlər".
Bülbülcanın 1921-ci ildə Bakı həyatı
başlayır. Həmin ildə Azərbaycanın incəsənət
ustalarının bir qrupu respublikanın rayonlarında zəhmətkeşlər
qarşısında konsert verməyə göndərilir.
Onların arasında xanəndə
Əbdülbağı Zülalovla tarzən Qurban Pirimov da
vardı. 1923-cü ildə isə
Ə.Zülalovun musiqidə peşəkarlığını
və 70 ilə yaxın xanəndəlik fəaliyyətini nəzərə
alaraq onu Üzeyir Hacıbəyovun yaratdığı Azərbaycan
Dövlət Türk Musiqi Məktəbinə dəvət
edirlər. Bülbülcan səsinin və
sənətinin müdrik çağında gənc xanəndələrin
yetişməsində böyük cəhdlə
çalışır, özü də xanəndəlik sənətini
gənclik sevgisilə davam etdirir. Cabbar Qaryağdı
oğlu, Musa Şuşunski, Məşədi Məmməd Fərzəliyev,
şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid
Şuşinski onun mükəmməl xanəndəlik sənətindən
öyrəndiklərini dilə gətiriblər. 1927-ci ilin
qızmar avqustunda, 86 yaşında dünyasını dəyişən
Əbdülbağı Zülalov Şuşalı xanəndə
olaraq xalqın
yaddaşına naxışlandı.
Bülbülcanın sənətdə
yaşadığı həyatı dağ başında, qaya
dibində boy göstərən, ətri ətrafa yayılan tər-təzə
çiçəklər kimi gözəl, rayihəli olub. Muğam sənətində
hər ifasında xanəndəlik sənətinə yeni
başlayırmış kimi, böyük şövqlə,
ilhamla oxumaq, Uca Yaradanın Əbdülbağı Kərbəlayi
Əli oğlu Zülalova - Bülbülcana lütfü idi.
O, bütün ömrünü belə bir bəxtiyarlıq
içində yaşadı...
Mədəniyyətimizin sevilən qanadlarından olan
musiqidə səsinin ecazı ilə şöhrətin ən
uca zirvəsinə yüksəlmiş xanəndə
Əbdülbağı həm də açıqfikirli, alicənab,
xeyirxah bir insan idi. Elə bu ümdə keyfiyyətlərinə
görə də qızı Əzizənin aktrisalığa
meylini razılıqla qarşılayıb. Gələcəkdə
əsl sənətkar kimi yetişməsindən ötrü
ilk musiqi təhsilini atasından alan
qızcığaz kiçik çağlarından qarmona həvəs
göstərib. Bu alətdə gözəl ifa
edən Əzizə incəsənət aləminə ürəkdən
bağlı olub. Taleyin qismətindən,
atası Əzizəni erkən yaşından şəkili
Salmana ərə verdisə də, qızcığaz bu evlilik
həyatından yar-yarımçıq qaldı. 1908-ci ildə əri dünyasını dəyişdi.
Əzizə xanım 1 yaşlı körpəsilə
Tiflisə, atasının evinə qayıtdı.
Əbdülbağı Zülalov bir müddət Tiflisdə,
Aşqabadda yaşayandan sonra, 1919-cu ildə ailəsilə
Bakıya köçür. Əzizənin
sonrakı həyatına Bakı mühitinin böyük təsiri
olur. Sənətdə ilk addımları Əbilov,
Əli Bayramov adına klublardan keçir.
1921-ci ilin payızında isə Mirzəağa Əliyev və
Hacığa Abbasov Əziə Məmmədovanı Bakı Türk Azad Tənqid və
Təbliğ Teatrına dəvət edirlər. 1923-cü
ildə isə Akademik Milli Dram Teatrının rəhbərliyi
aktrisaya bu teatrda da çalışmağı təklif edir.
Əbdülbağı Zülalov
ocağının yaradıcılıq bulağından su
içmiş Əzizə Məmmədovanı müxtəlif
xarakterli rollar, müvəffəqiyyətlə keçən
ömür yolu mükəmməl bir sənətkar kimi
yetişdirir. Aktrisa həm Bakı Türk
İşçi Teatrında, həm də Akademik Milli Teatrda
çoxlu sayda rəngarəng xarakterli rolların öhdəsindən
bacarıqla gəlib. Eləcə də sənədli
və bədii filmlərdə rol alıb. Rolların
böyük-kiçikliyindən asılı olmayaraq, hər
birinə ürəklə, böyük yaradıcılıqla
yanaşıb. M.F.Axundovun "Hacı Qara" və
"Lənkəran xanın vəzir"ində Sonanın
anası, Pəri xanım, Hacıbaba Nəzərli və
Süleyman Rüstəmin "Qana qan"ında Səkinə,
Səməd Vurğunun "Vaqif"ində Tükəzban, Cəfər
Cabbarlının dramlarında Gülsüm (1905-ci ildə),
Fatmanisə və Xanımnaz ("Almaz")... və bir
çox əcnəbi əsərlərində çətin və
mürəkkəb rollarda müvəffəqiyyətlə
oynayıb. Kinodan keçən həyatı da
maraqlı olub. "Sevil" (1929), "Hacı Qara"
(1929), "İsmət" (1934), "Almaz" (1936),
"Bakının işıqları" (1950),
"Görüş" (1955), "Qara daşlar"
(1956), "Bir məhəllədən
iki nəfər" (1957), "Ögey ana" (1958), "Səhər"
(1960) və bir sıra başqa filmlərə çəkilib.
Bu, bir həqiqətdir ki, sənətkarın zəhməti
heç vaxt itmir, yaddan çıxmır. Ən azından ədəbiyyat və kino tariximizin
yaddaşında yaşayır. 1961-ci ildə Bakıda vəfat
edən aktrisa, "Azərbaycan SSR-nin Əməkdar
artisti" (1936), "Şərəf nişanı" ordenli
(1938), "Qırmızı Əmək Bayrağı"
ordenli (1949) Əzizə Məmmədova da unudulmazların
sırasında daim xatırlanır...
Aktrisanın
qızı, Azərbaycan SSR-nin xalq artisti (1949), teatr və kino
aktrisası Sona Salman
qızı Hacıyevanın teatrda və kinoda sənət
taleyi çox maraqlı, rəngarəng olsa da böyük
çətinliklərdən keçib. Bir
yaşından atasını itirən qızcığaz
anası və babası ilə bir qədər əvvəldə
qeyd etdiyimiz kimi, Tiflidə, Aşqabadda, 1919-cu ildən
ömrünün axırınadək Bakıda yaşayıb.
O, Azərbaycan teatr səhnəsinə anası ilə eyni
vaxtda gəlib. 13 yaşında Bakı
İşçi Teatrında S.M.Qənizadənin "Axşam
səbri xeyir olar" tamaşasında Çimnaz rolu ilə
görünən Sona Hacıyevanın oyunu rəğbətlə
qarşılanıb. 1923-cü ildə fəaliyyətini
Azərbaycan Dövlət Teatrında davam etdirən Sona
xanım Ə.Haqverdiyevin "Pəri Cadu" əsərində
Səlimə obrazı ilə səhnəyə
çıxır. Onun çox gözəl
və güclü səsi olduğundan Opera və Balet
teatrında da çıxış edirdi. Aktrisanın
yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm
obrazları tamaşaçılar tərəfindən
böyük sevgiylə qarşılanırdı. Qarabağlı qız muğamlarımızı elə
məharətlə oxuyurmuş ki, ondan Opera səhnəsində
çox istifadə etməyə çalışıblar.
Sona xanım geniş yaradıcılıq
imkanlarına malik idi. Teatr səhnəsində
klassik və müasir əsərlərdə bir-birindən
çətin, fərqli rollar oynayır, başqa bir teatrda
muğam oxuyur, müxtəlif janrlarda tamaşaya qoyulmuş əsərlərdə
rəngarəng obrazlar yaradırdı. Müslüm
Maqomayev Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov Sona
Hacıyevanın səsini bəyəniyindən ondan daha
çox istifadə ediblər. Aktrisa cəhalətin
hökm sürdüyü bir vaxtda, nadanlıq mühitində
tez-tez təqiblər və təzyiqlərlə üzləşirdi.
Çünki Sona xanım oynadığı
obrazlarda Azərbaycan qadınının fəcini, əzablar
içində yaşadığı taleyini ürək
yanğısı, qəlb ağrısı ilə
oynayırdı.
Sona Hacıyeva klassik yazıçılardan M.F.Axundov, Ə.Haqverdiyev, H.Cavid, C.Məmmədquluzadə, S.S.Axundov, C.Cabbarlı, M.İbrahimov, M.Hüseyn, Z.Xəlil, S.Rəhman, İ.Səfərli kimi dramaturqların əsərlərində xaraktercə təzadlı obrazları səhnədə böyük məharətlə canlandırmışdı. Görün, Sona Hacıyeva səhnə həyatını kimlərlə bölüşmüşdü: Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi, Azərbaycan teatr səhnəsinin parlaq ulduzları ilə bir səhnədə və eyni tamaşada oynamaq şərəfli, həm də çətin idi... Belə söyləyirlər ki, rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.
60 il 200-dən artıq müxtəlif xarakterli rollara səhnə həyatı verən Sona Hacıyeva Azərbaycan kinosunda da sevilən obrazlar yaradıb. Oynadığı obrazlara özünün bənzərsiz dəst-xəttilə həyat verib. Bu sırada "Bəxtiyar" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Telefonçu qız" (1962),"Sən niyə susursan?" (1966) kimi sevdiyimiz, baxdıqca baxmaq istədiyimiz filimlər...
Bülbülcan ocağının yanar közü olan sənətkarlar - qızı, nəvəsi Qarabağın ürəyi olan Şuşanın xariqüladə təbiətində doğuldular, əsl sənətkar taleyi yaşadılar. Və adlarını əbədi yaşayan "Şuşalı sənətkarlar" kimi Azərbaycanın mədəniyyət tarixinə yazdılar.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 26 yanvar.- S.18;19.