Xarıbülbül

 

 "Bir rəsmin dedikləri"  

 

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aygün Sərbazovadır. Onunla Natiq Fərəcullazadənin "Xarıbülbül" əsəri haqqında danışmışıq.

 

***

 

- Aygün xanım, əsərə keçməzdən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi?

 

- Azərbaycan rəngkarlıq  məktəbinin parlaq nümayəndələrindən biri Natiq Fərəcullazadədir. Əməkdar rəssam Natiq Fərəcullazadə 1960-cı il yanvarın 24-də anadan olub. Orta məktəbi bitirdikdən sonra ilk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb,  sonra isə 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirib. Təhsilini başa vurduqdan sonra rəssam müstəqil yaradıcılığa başlayıb. Rəssamın yaradıcılığına nəzər yetirdikdə rəngkarlıq əsərlərinin daha çox olduğunu görürük. O əsasən rəngkarlıqla məşğul olur. Natiq Fərəcullazadənin  yaradıcılığında daha çox realizm üslubu öz əksini tapır.

 

- Rəssamın yaradıcılığında realizmlə yanaşı modernizm üslubunu da görə bilərik.

 

- Bəli, rəssamın bir sıra əsərlərində realizmdən modernizmə doğru yönəlmə var. Ümumiyyətlə, N.Fərəcullazadənin maraq dairəsi olduqca genişdir. Onun yaradıcılığı daha çox realizm çağdaş sənət ənənələrini özündə birləşdirir. Buraya təsviri sənətin natürmort, portret, mənzərə janrları, süjetli əsərlər heraldika sahəsində işlənmiş sənət növlərini əhatə edir.  Natiq Fərəcullazadə gənc yaşlarından öz təəssüratlarını boyalar, parlaq ləkələr, qeyri-adi əyrilər, nöqtə cizgilərlə ifadə etməyə can atırdı.

 

- Söhbət "Xarıbülbül"dən gedirsə, mütləq ki, əsərin yaranmasında məşhur hekayənin rolu var.

 

- Bu əsəri rəssam 2009-cu ildə kətan üzərində yağlı boya ilə işləyib. Həsrət, nisgil, kədər əsərin əsas mövzusudur. Bu əsər qeyd etdiyiniz kimi, el arasında yayılan bir rəvayətin əsasında yaranıb. Rəssam da bu rəvayətdən təsirlənərək bu rəvayəti kətan üzərinə köçürüb. Rəvayətə görə, Qarabağ xanı İbrahim xan İranla arasında olan  münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır. Ağabəyim ağa ömrünün sonuna qədər Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Onun bu vətən həsrətini sonlandırmaq üçün Fətəli şah ona gözəl bağ-bağça saldırır. Ağabəyim ağa bağbanlara fikrini bildirərək deyir,  "Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin". Şuşada bitən hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da, xarıbülbül   əkilir, diqqətlə becərilir. Lakin qədər edirlərsə, Xarıbülbül  bitmir ki, bitmir.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Mükəmməl kompozisiya quruluşu, işıqla, parlaqlıqla aşıb-daşan rənglər. Parlaq rənglər ritmik keçidlər əsərə milli koloritliklə yanaşı, temperament, bəzən ekspressivlik qatır. İlk baxışda əsərin koloriti bizi özünə cəlb edir. Bir-birini tamamlayan əlvan rənglər. Bu cür əlvan, canlı kolorit Natiq Fərəcullazadənin yaradıcılığının spesifik xüsusiyyətlərindəndir. Tabloda xüsusilə xəfif fırça vuruşlarının, zəngin kolorit həllini, ritmik rəng keçidlərini işıq-kölgə həllinin mahiranə verilməsinin şahidi oluruq. Palitra əlvanlığı ilə diqqət çəkən bu əsər tamaşaçıya güclü emosional təsir bağışlayır. Obrazların milli geyimi onların geyimindəki əlvan rənglərin harmoniyası onu izləyənləri bir anlıq real aləmdən uzaqlaşdıraraq, rəsmin daxili aləminə aparır. Tablo sehrli nağıla bənzəyir. Bu tabloda kompozisiyanın tarazlığını qoruyan əsas nüans - harmonik rənglər bol işığın birlikdə ahəngdar şəkildə işlənməsidir.

 

- Bəs kompozisiyası necə?

 

- Fiqurların quruluşu, düşünülmüş rəng yaxmaları, obrazın daxili aləminin açılması xüsusiyyətləri əsərdə özünü tam şəkildə göstərir. Obrazların bəddi həllini yüksək ustalıqla göstərən rəssam tamaşaçının diqqətini əsərə cəlb edə bilib. Əsərin mərkəzində əlvan rəngli geyimli iki azərbaycanlı gənc təsvir olunub. Təsvir olunmuş gənclər ənənəvi milli geyimdədirlər. Qızın həsrətli baxışları, qəm dolu gözləri qabarıq şəkildə əks olunur. Sənətkar əsərdə obrazların sadə cizgilərini özünəməxsus təsvir edib.

 

Natiq Fərəcullazadə hər zaman qadın obrazına öz yaradıcılığında xüsusi yer verib, obrazın daxili aləmini, psixologiyasını böyük ustalıqla təsvir edib. Səssiz və yorğun şəkildə iki əli diz üstə oturmuş uzaqlara baxaraq, xülyaya dalmış gənz qızın içindən keçən vətən həsrətini tamaşaçı duya bilir. Əsərdə obrazın daxili aləmini gücləndirən əsas detal onun rəngli geyimidir. Digər obraz azərbaycanlı gənc oğlanın obrazıdır. Onun simasında daxili narahatçılığın və qayğının incə ifadəsini görmək olur. Hər iki gənc obrazı düşüncəli və qəmli şəkildə təsvir olunub. Rəssam Xarıbülbülün fonunda məhəbbəti, sevgini göstərib.

 

- Əsər indi harada saxlanılır?

 

- Əsər hazırda rəssamın şəxsi emalatxanasında saxlanılır.

 

- Sizcə, bu əsər bizə nə deyir?

 

- Rəvayətlərə, əfsanələrə görə  Xarıbülbül nisgil, həsrət rəmzi idi. İstedadlı fırça ustası bu  tabloda  vətən, Qarabağ həsrətini vəsf edib. Natiq Fərəcullazadə bu əsər vasitəsilə təəssüratlarını, öz duyğularını məharətlə kətanda istifadə etməyi bacarıb. Sənətkarın xüsusi sevgi ilə yaratdığı bu əsərdə ideyakoloritin harmonik ahəngini izləmək mümkündür. Natiq Fərəcullazadənin torpağa, vətənə, öz xalqına  bağlı olduğunu bu əsərlə təcəssüm etdirib. Tematik tablo janırında yaradılan əsər bizə gözəllik, millilik, vətən, torpaq sevgisi aşılayır. Sənətkar əsərdə obrazların sadə cizgilərini özünəməxsus təsvir edib. Bu əsəri qiymətli edən amil rəssamın təkcə əlvan palitrası deyil, həm də Qarabağın, Şuşanın simvolu olan Xarıbülbülün təsviridir. İstedadlı rəssam iki gəncin obrazını verməklə həm sevgini, həm də həsrəti, nisgili bizə çatdırıb. Sevgi də, kədər də, həsrət də hamısı eyni bir əsərdə vəhdət təşkil edib.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 26 yanvar.- S.17.