Zəfər Günəşiylə şəfəqlənir dan...  

 

Duyanlar hər fəslin öz gözəlliyini gözlərinə köçürür, gözlərindən könlünə. O gözəlliyin cazibəsində yaşanılanların şeiriyyətini ruhuna hopdurur. Yadıma gəlir ki, Zəngilan rayon ərazi özünümüdafiə taboru yenicə yarananda Ermənistanla sərhədi gəzib postların yerini müəyyənləşdirirdik. Sıx meşəliklərdən keçirdik, qayalıqlardan da, boyu Günəşin işığının qarşısın kəsən ağaclar da görürdük, şırıltısı bir qədər uzaqlardan eşidilən bulaqlar da. Hamısını təbiətin gözəllik tablosu bilirdik. Onda bir şeir yazmışdım:

 

Elə bil dünyanı mənə veriblər,

 

Gözüm gözəllikdən doymur ki, doymur.

 

Sözüm gözümün can sirdaşıdı,

 

Sözüm gözəllikdən doymur ki, doymur.

 

İstedadlı şair Tapdıq Əlibəylinin "Payız çöhrəsində yazdı 44 gün" şeirlər kitabını illərin o üzündə qalan xatirələrin kövrəkliyilə oxudum. Payız mənzərələrini görə-görə payız haqqında şeirlər oxumaq, payızda yazılan şeirlər oxumaq, payız ovqatının ifadəsi olan şeirlər oxumaq ötən ilin payızının 44 gününü yenidən yaşamaq niyyətidir. 2020-ci ilin payızının 44 günü son on illərin ən gözəl günlərinin başlanğıcı oldu, bu başlanğıc 2020-ci ilin 8 noyabrının başlanğıcı olacaqdı. Bu kitab mahiyyəti etibarilə müharibə günlərinin ağrılarını, qürurunu, qəhrəmanlıqlarını ifadə edir. Yəni yaşadılmalı tarixi poetik biçimdə yaşadır. vaxt yazılmasından asılı olmayaraq şeirlərin mahiyyəti döyüş əzmidi, qələbə ruhudu.

 

 

 

"Payız çöhrəsində yazdı 44 gün" kitabı duyğular kitabıdır, şair duyğularının kitabıdır. Hər şeirdə Vətən var, torpaq var, Vətənə, torpağa sevgi var. Həm bu sevgi şair sevgisidir. Hələ Vətən müharibəsindən əvvəl yazılan şeirlərdə döyüşə, qələbəyə çağırış vardı. Bu çağırış Vətənin çağırışı idi. Ona görə elə dönməz idi. Şair olaraq Tapdıq Əlibəylinin "Vətənin nicatı əsgərindədir" şeirində əsgərin timsalında ordunun qüdrətinə inamın şeiridir. "Alınmaz qalanın qəddinin əyilməsi" şairin qürurunu silkələyir, "Kəlbəcərin neçə illərdi tapdanması" misra-misra haraya dönür:

 

Kəsildi qatilin küt bıçağıyla.

 

Ağdam tikə-tikə çəkildi şişə.

 

Laçın gözəlliyi xoflu bir qıyla

 

Cırmandı, keçrildi caynağa, dişə.

 

Şair nikbindir. İnanır ki, Ali Baş Komandan hücum əmri verəndə toplar gurlayacaq, tanklar irəliyə şığıyacaq, əsgərlər müdafiə sədlərini darmadağın edəcək. Bu inam Vətənin inamıdır. Bu inam müqəddəs inamdır. Şeirin mahiyyəti hər bir azərbaycanlının ruhunun pıçıltısı kimi oxunur. "Sinəsi dağlı dağlar" şeiri eyni mahiyyətin şeiridir. Bu eynilik ruhun harayının şaxələridir. Ədəbiyyatımızda dağlar qürur rəmzidir, el arasında deyildiyi kimi, dağlar igidin ruh qardaşıdır. Bahar könül xoşluğunun, payız könül qübarının ifadəsi kimi yazılıb, oxunub, dərk edilib. Şeir el ifadələrinə, el deyimlərinə, el-obanın adət-ənənələrinə söykənir. Ona görə ruhumuzun sirdaşına dönür: "Əriş-arğac", "bağrına dağ çəkilmək", "qəm əritmək" kimi ifadələr  bu qəbildəndir.

 

 

 

Dağların kürkünü çiynindən atması, gül-çiçəyin barıt qoxuması, bulaqların, çeşmələrin nəğməsinin donması müharibənin təzahürüdür. Şair bunları görür, hamının gördüyü kimi yox:

 

Ah çəkən şeirimin misrası, bəndi

 

Yaralı torpağın iniltisidir.

 

Doğma Vətənimin müqəddəs dərdi

 

Sızlayan qəlbimin titrək səsidir.

 

Şairin döyüşən şeiri, döyüşən misraları da əsgərləşib. Bu, Vətənə sevginin təzahürüdür. Bu, döyüşə çağırışdır:

 

Burda qəribsəyir döyüş bayrağım,

 

Çəkəcək özünə Vətən sevgisi.

 

Şair inanır ki, Vətən sevgisinin qüdrəti ilə döyüş bayrağı bu bayrağı Vətən bilənləri səngərin o üzünə aparacaq.

 

"Atları yəhərləyin" bədii filmini xatırlayıram. Filmin mahiyyəti , adlandırılması da döyüş ruhunu ifadə edir. Atların yəhərlənməsi döyüşə getmə, döyüşə başlama anlamındadır. Bu döyüş xəlqi, milli ruhun döyüşüdür. Şair Tapdıq Əlibəyli bu ifadəni şeirə gətirməklə ruhun əsgəri olduğunu təsdiqləyib. deyir şair Tapdıq Əlibəyli? - atları yəhərləyin, torpaqlarımızı işğaldan azad edin. Bu, hər birimizin təkcə mənəvi borcu deyil, həm ömür borcudur.

 

Yolumuzu yağı kəsdi,

 

Dözməyimiz daha bəsdi!

 

Misralar elə bil min illərin tarixinin səsidir. Şair bir xalq deyimini xatırlayır: "Qisas qiyamətə qalmaz!" (şeirin 1993-cü ildə yazıldığını nəzərə almaq gərəkdir):

 

Dalğalansın bayrağımız,

 

Haqq olacaq dayağımız.

 

Azad olsun torpağımız,

 

Ellərimiz təpərlənsin!

 

"Zəfər ovudacaq torpağın ahın" şeiri orduya inamın şeiridir. Səksəninci illərdə şair Tofiq Bayramın bir şeiri hamımızın əzbərindəydi. Həm mənəvi-psixoloji dəyərinə görə, həm milli-xəlqi ruhun şeirləşmiş pıçıltısı olduğuna görə. Hər iki halda şeir düşüncələrə hopmuşdu, könüllərin söz əziziydi:

 

Yaşaya bilərəm çörəksiz, susuz,

 

Yaşaya bilmərəm bir gün inamsız

 

Tapdıq Əlibəylinin 1994-cü ildə yazdığı "Zəfər ovudacaq torpağın ahın" şeiri Tofiq Bayramın o şeirinin mahiyyət zərrəsidir, gözəlidir, yaddaqalandır:

 

Dinlə sözlərimi, ey Vətən oğlu,

 

Cəfəng söhbətlərin meydanı deyil!

 

Cürətlə, qeyrətlə bu qanlı yolu

 

Axır keçməliyik, yadda saxla, bil!..

 

Qanlı yol ifadəsi döyüş yolu ifadəsi kimi anlaşılmalıdır.

 

Şeir bütövlükdə döyüşə, döyüş qələbəyə çağırışdı. Poetik çağırış həmişə vətənsevərlərin ürəyində əks-səda verir. Bu əks-səda ruhun səslənişi təsirindədi. Ona görə xatırlatmanın mahiyyətində çırpınan çılğınlıq işğala yönələn poetik döyüşün başlanğıcı əmri təsirindədir. Tapdıq Əlibəyli SÖZün döyüşə səfərbər edilməsini özünə, özünün timsalında ədəbiyyata vəzifə borcu bilir. Bu borc misra-misra dikəlir, SÖZün andına dönür:

 

Hazırıq, biz hazırıq

 

Qovğa günü

 

çox nələrin döyüşünə.

 

Hazırıq söz döyüşündən

 

güllələrin döyüşünə!..

 

Vətən sevgisi Səməd Vurğun şeirinin ruhu ilə SÖZü , ömrünü sözə verənləri eyni amal ətrafında müsəlləh əsgərə döndərir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində belə oldu. Ali Baş Komandanın döyüş əmri hamını, ədəbiyyatı da əsgərlərşdirdi; Azərbaycan şeiri Azərbaycan əsgəri oldu. Şair Tapdıq Əlibəylinin vətənpərvərlik şeirləri əsgərləşənlərin döyüş yoldaşı oldu. Ədəbiyyatın yerinə yetirməli olduğu vəzifənin icraçısı olaraq...

 

Şeir heysiyyətin şeiridir. Yəni işğalı sonlandırmaq istəyinin poetik ifadəsidir şair olaraq Tapdıq Əlibəyli Azərbaycan ruhunun şairi kimi, azərbaycanlıların heysiyyətinin şairi kimi deyir ki, sən qalib gələcəksən, Azərbaycan əsgəri!..

 

Süsləmək, süslənmək ifadəsi həm gözəldir, həm gözəlliyin ifadəçisidir...

 

"Qələbə süslü misralar" ilk baxışdan ədəbiyyatımızda 80-ci illərdə təsdüf edilən "Qısa, kəsə sətirlər" yazı manerasını xatırladır. Bu xatırlatma zahiri xatırlatmadır, bənzəyiş yoxdur. Tapdıq Əlibəylinin "Qələbə süslü misralar"ı bitkin şeir biçimindədir Vətən müharibəsində yazılıb. Yəni qələbə ovqatı var şeirlərdə. Bu ovqat Vətənin ovqatıdır. Bu ovqat şeirlərin leytmotivi olan ovqatdır, Azərbaycan poeziyasının Zəfər ovqatıdır.

 

Azaddır Laçın,

 

Yolunu açın!

 

Şeir budur. İki misra. Ancaq iki misranın aşıladığı mahiyyət genişdir. Bu genişlikdə açılmalı yollar nişan verilmir, hansı yolların açılmalı olduğunu duyumuyla oxucu özü müəyyənləşdirməlidir...

 

Tapdıq Əlibəylinin "Xilaskar ordumun Vətən savaşı", "Qələbə təqvimin mübarək, Azərbaycan", "Şəhidlərə salam olsun" başqa şeirləri şairin Vətənə, torpağa sevgisinin poetik ifadəsidir. "Zəfər paradı" şeirini "Payız çöhrəsində yazdı 44 gün" kitabının "möhürbəndi" bilirəm Zəfər paradını ruhumuzun paradı kimi ananlara, yaşadanlara şair Tapdıq Əlibəyli deyir ki:

 

Səsin, Azərbaycan, ucadan gəlir,

 

Gözünə Qarabağ işığı düşür.

 

Zəfər günəşinlə şəfəqlənib dan,

 

Şahinlər gözündə yer-göy görüşür...

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2022.- 27 yanvar.- S.14.