Sənədlər və faktlar
səltənətində
Hər bir qələm əhlinin, fikir sahibinin tarixi dəyəri onun öz xalqı
qarşısında göstərdiyi
xidmətlərin miqyası
ilə ölçülür. Heç
bir konyukturaya uymayan, 70 illik ömrünün 50 illini xalqına, Azərbaycan tarixinə və mədəniyyətinə xidmət
etmiş Aslan Kənan belə fədakar tədqiqatçılarımızdandır.
Aslan Kənan
17 yanvar 1952-ci ildə
Bakı şəhərində
anadan olub. Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Filologiya fakültəsində
təhsil alıb
(1969-1973). AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda
dissertanturanı və
elmi işini tamamlayandan sonra 1991-ci ildən taleyini Arxiv işinə bağlayıb. Aslan Kənanın bütün
fəaliyyəti əslində
hamıya cansıxıcı
görünən bu
nadir mərkəzlə əlaqədardır.
O, burada tarixin qoxusunu mühafizə edən saralmış kağızlar, unikal sənədlər, gizli fotoşəkillərlə ünsiyyətdə
olub, onları göz-bəbəyi kimi qoruyub. Aslan Kənan, necə deyərlər, "İynə
ilə gor qazaraq" araşdırmalar
aparıb. Onun araşdırmaları üç
əsas istiqamətdə
olub: tənqid və ədəbiyyatşünaslıq
sahəsi, musiqi tarixi və nəzəriyyəsi və
mətnşünaslıq.
Aslan Kənan ilk dəfə
1993-cü ildə Türkiyədə
nəşr olunmuş
"Rana" təxəllüslü
yazıçının Vətən
müharibəsindən bəhs
edən "Onlar türklərdir" əsərini
azəri türkcəsinə
uyğunlaşdırıb, "Rana"nın həmyerlimiz,
azərbaycanlı Mirzə
Abay Dağlı -- Ağayev Cəmil İbrahim oğlu olduğunu müəyyənləşdirib.
Aslan Kənan Azərbaycanın
ilk detektiv yazıçısı
Cəmşid Əmirovun
ictimai fikrə məlum olmayan əsərlərini toplayıb
geniş müqəddimə
ilə beş
cilddə nəşr etdirib, yazıçının
həyat və fəaliyyətindən bəhs
edən "Sonuncu zərbə" filminin ssenarisini yazıb.
Böyük bəstəkar, milli
professional musiqimizin banisi
Üzeyir bəy Hacıbəylinin qardaşı
Ceyhun bəy Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar
1912-1960-cı illəri əhatə
edən, ərəb əlifbası ilə yazılmış məktubları
müasir hürufata çevirərək nəşr
etdirib, oxucuları bu unikal sənədlərlə
tanış edib.
Aslan Kənan
musiqi sənətimizlə
bağlı bir musiqişünasdan artıq
səmərəli işlər
görüb. Dahi Üzeyir bəyin
şəxsiyyəti onu
daim maraqlandırıb.
O, görkəmli bəstəkarın
1918-20-ci illərdə "Azərbaycan" qəzetində
ərəb əlifbası
ilə dərc olunmuş yazılarını
müasir əlifbaya çevirərək "Fitnələr
qarşısında" adlı
kitab halında çap etdirib. O, Ü.Hacıbəylinin nəşr
edilməmiş məqalə
və felyetonlarını,
qardaşı Ceyhun bəyə yazdığı
35 məktubu "Sarsılmaz
bayraqlar" adlı kitab formatında nəşr etdirib.
Aslan Kənanın
ədəbi-tarixi fəaliyyətinin
əhəmiyyətli bir
hissəsi görkəmli
musiqişünas Firidun
Şuşinskinin yaradıcılığı
ilə bağlıdır.
O, Firidun Şuşinskinin
"Cabbar Qaryağdıoğlu"
əsərinin yeni arxiv sənədləri vasitəsilə xeyli təkmilləşdirilmiş nüsxəsini "Şərq
musiqisinin peyğəmbəri"
adı ilə 2008-ci ildə nəşr etdirməyə nail olub. Vaxtilə bəzi tənqidlərə
görə ixtisar edilmiş "Azərbaycan
musiqi xəzinəsi"
tədqiqat işi onun təşəbbüsü
ilə tam şəkildə
bərpa olunaraq 2015-ci
ildə geniş müqəddimə ilə
dövlət səviyyəsində
nəşr edilib.
O, həm də görkəmli tarzən
"Bəhram Mansurova
həsr olunmuş
"Bəhram Mansurov:
xatirələr, mülahizələr"
(2020), "Arxivdən gələn
səslər" (2021), Firidun
Şuşinskidən bəhs
edən "Unudulmaz musiqi tədqiqatçısı"
(2012) kitablarının müəllifidir. Onun bütün kitab
və monoqrafiyaları,
habelə onlarla məqaləsi nadir arxiv sənədləri, qiymətli
tapıntılar əsasında
yazılmış maraqlı
və qiymətli əsərlərdir. Müasir dövr
elmdə publisistik çevikliyə, fakt və sənədə əsaslanan intelektə möhtacdır. Çünki faktlar tarixin simasını təyin edən əsasdır. Mən həmişə demişəm:
faktsız mühakimə
seyrçilikdir. Faktlar tarixi
ləyaqət göstəricisidir.
Faktsız mühakimə o deməkdir
ki, danışırsan
və heç nə demirsən. Bu mənada Aslan
Kənanın kitabları
qələmə aldığı
mövzuların görüntülü
forması, əyani şəklidir.
Elmi tədqiqatda
tarixilik başlıca
şərtdir. Tarixilik yalnız maraqlı,
məzmunlu, dəyərli
faktları tapmaqla yaranmır.
Əsas məsələ idrak və fəhmlə
çətin tapılmış
faktın arxasında gizlənən tarixi fəzanı görə bilməkdir. Aslan Kənan mətnşünas
kimi olduqca diqqətli mütəxəssisdir.
O nəinki hər sətrin və sözün, hər hərifin belə mətndəki yerini, real gücünü və enerjisini müəyyənləşdirməyə
çalışır.
Ümumiyyətlə, mətn çox təhlükəli fenomendir,
mətnlə məşğul
olan alim tizfəhm olmalı, mətnaltı mənaya diqqət yetirməyi bacarmalıdır. Aslan Kənan mətni hiss etməyi, duymağı bacarır. Bu həm
də onun uzun müddət arxivdə işləməsindən
irəli gəlir.
O, mətni oxuyub, müəllifi görə
və dərk edə bilir. Çünki arxivə milli sərvət kimi baxır tarixin qoruyucusu kimi həssas münasibət bəsləyir. O, 30 ildən
artıqdır ki, ərəb əlifbası
ilə yazılan mətnlər üzərində
işləyir. Ziyalı
kimi arxivdə formalaşıb: elmi işçi, şöbə
müdiri, direktor müavini, indi də Tarix Arxivinin
direktoru vəzifəsində
çalışır.
Mən Aslanla XX əsrin 80-ci illərindən, doktorluq dissertasiyası üzərində
işlədiyim vaxtdan
əməkdaşlıq edirəm.
Onu sənədlər və faktlar səltənətinin
sultanı adlandırıram.
Fədakar tədqiqatçı, arxiv
bilicisi Aslan Kənan həm də mükəmməl bir ədəbiyyatşünas,
tənqid tarixçisidir. Mən onun "XX əsrdə repressiyaya məruz qalanlar" kitabına "Tarix həqiqətləri təsdiq edir" adlı ön söz yazmışam. Bu kitab ömürləri
1937-də qırılmış ədəbiyyatşünas, tənqidçi,
musiqişünas, 30-a qədər
məğrur ziyalının
faciəli və sonrakı taleyi haqqında qiymətli əsərdir. Kitabda
"Əsəri əlindən
alınan" Əli Nazim, "Koroğlunu erməniyə verməyən"
Vəli Xuluflu, "Azərbaycan himninin müəllifinin faciəsi"ndə
Əhməd Cavad,
"Xəyanətin qurbanı"
məqaləsində Hüseyn
Cavid, "Öz-özünü
yandıran şair"də
Mikayıl Müşfiq,
"Qəribə taleli
adam" yazısında
Salman Mümtaz, "Bahar gecəsi"nə gedən yol"da Tağı Şahbazi,
"Səhnəmizin ilk repressiya
qurbanı"nda Ülvi
Rəcəb, "Faciəli
rolların qəhrəmanının
faciəsi"ndə Abbas
Mirzə Şərifzadə,
"Birinci türkoloji
qurultayın qurbanı"nda
Hənəfi Zeynallı,
"Bir ailənin faciəsi"ndə Seyid Hüseynin, repressiyanın
sonuncu - 25 yanvar
1940-cı il qurbanı
Yusif Vəzir, təkcə tənqidçi
və yazıçılar
deyil, "Qafqaz müsəlmanlarının atası
məqaləsində Axund
Mirməhəmməd Kərim
ağa və digər şəxsiyyətlər
yeni arxiv materiallarında, dəqiq,
faciəli və maraqlı faktlarla təqdim olunur.
Dahi bəstəkar
Ü.Hacıbəyliyə həsr
olunmuş "Bu dar fənadan köçmək
istəyən sənətkar"
məqaləsi onu bizə yeni yöndən, dahi insanın qəmli tale nəğməsi kimi təqdim edir.
Aslan Kənanın
"XX əsrdə repressiyaya
məruz qalanlar" kitabı YADDAŞın qətli haqqında əsərdir, Yadın Yaddaş üzərində
hökmranlığı başlananda
yaddaşın qətli
başlanır.
Aslanın kitabları tarixiliyin və müasirliyin vəhdəti əsasında
yaranıb. Bu kitablar
tarixi həqiqətləri
məhz tarixin özünün - faktların
dili ilə söyləyir. Tarixin faktına
və təcrübəsinə
- tarixiliyə istinad edən müəllifin məqsədi keçmişdəki
olaylara istinad edib şəxsiyyətləri
bit-birinə qarşı
qoymaq deyil. O, hərəni öz sözləri ilə danışdırır, nəticəni
oxucu çıxarmalıdır.
Kitab xeyirxah məqsədlə - Azərbaycan
ədəbiyyatı və
mədəniyyəti tarixinin
az öyrənilmiş
bir dövrünü yeni istiqlal məfkurəsi
işığında xalqa
çatdırmaq qayəsi
ilə yazılıb.
Görkəmli mətnşünas və ədəbiyyat tarixçisi, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov cavan vaxtı bizə deyirdi ki, arxiv tozu udmayan tədqiqatçıdan yaxşı alim ola bilməz. Ustadın bu sözü elə o vaxtdan ötən əsrin 80-ci illərində qulaqlarımda sırğa olub. Aslan Kənan da ömrü boyu arxiv tozu udub, saralmış vərəqlərin, sənədlərin ab-havasında nəfəs alıb. Mən Bakıda, Tiflisdə, Moskvada, Leninqradda işləmişəm. Bu unikal mühitdə nəfəs almışam və mənə həmişə elə gəlib ki, arxivdə əl yazmaları, sənədləri saxlanan şəxsiyyətlərinin arasındayam, onları ruhən hiss etmişəm. Ustadım akademik Kamal Talıbzadə mənə deyirdi ki, sən repressiya olunanlardan yaza-yaza getdikcə onlara oxşayırsan. Bu mənada Aslan Kənan xoşbəxt taleyli adamdır, çünki hər gün əl yazmaları və sənədləri arxivdə qorunan ziyalıların ruhun eşidir, baxışların hiss edir. Aslanın əsərlərinin dəyəri bu müqəddəs ruhu istiqlal dövrünün Azərbaycan Türk gəncliyinə çatdırmasındadır.
Azərbaycanın II Qarabağ müharibəsi - Vətən
müharibəsində bütün bəşəriyyəti
heyran qoymuş Zəfəri
nəticəsində biz yeni
tarixi reallıqlara qədəm qoymuşuq. İstiqlal və
azadlıq ruhlu bu
reallıqda Aslan Kənanın müasir gəncliyi soykökünə, milli yaddaşa
çağıran əsərlərinin əhəmiyyətini
daha da artırıb. Müzəffər xalqın münəvvər gəncliyi
öz şanlı keçmişinə daha qürurla boylanır,
qələbə işığında, özünə
güvəniş ruhunda tarixi
keçmişinə bu günün
zirvəsindən daha aydın görmək
istəyir. Biz inanırıq ki, Aslan Kənan kimi öz xalqına, millətinə
və dövlətinə təmənnasız xidmət
göstərən ziyalılarımızın nəcib əməlləri
unudulmayacaq.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi
525-ci qəzet.- 2022.- 27 yanvar.- S.12.