Texniki ali təhsildə
Azərbaycan multikulturalizmi
"Humanitar sahədə təhsil alan
tələbədən daha
çox, texniki sahədə təhsil alan tələbənin Azərbaycan multikulturalizminə
ciddi şəkildə
ehtiyacı var"
Kamal
Abdulla, akademik
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi 2015-ci ildən
etibarən "Azərbaycan
multikulturalizmi" və
"Multikulturalizmə giriş"
fənlərinin həm
humanitar, həm də texniki sahələr üzrə ixtisaslaşmış universitet
və fakültələrdə
tədrisini təşkil
edir. Hazırda dünyanın 24 ölkəsində,
ölkəmizdə isə
40-dək ali təhsil müəssisəsinin
bakalavr və magistratura pillələrində
bu fənlər tədris olunur. Mərkəzimimizin apardığı
monitorinqlər və şəxsi müşahidələrim
deməyə əsas verir ki, ali məktəb tələbələri arasında
bu fənn, gündən-günə daha
çox mənimsənilənərək,
onlar arasında üfüq açıcı
funksiya rolunu oynayır.
Xaricdə monitorinqlərin aparılmasında
ölkənin tanınmış
ictimai-siyasi, dövlət
xadimləri və alimləri yaxından iştirak edirlər. Bu monitorinqlər təhlil edilir, perspektivlər və imkanlar barəsində planlar hazırlanır. Təsadüfi deyil ki, mərkəz
sırf bu tədris prosesi ilə bağlı xarici və yerli müəllim-tələbə
heyətinin iştirakı
ilə virtual dəyirmi
masa təşkil edib, fikir və
mülahizələr kitabça
şəklində nəşr
olunub. Digər tərəfdən, prosesin
nəticəsi kimi
BBMM tərəfindən hər
il multikulturalizmin
yay və qış məktəbləri
təşkil olunur. "Azərbaycan multikulturalizmi"
və "Multikulturalizmə
giriş" fənlərini
nəzəri şəkildə
öyrənən xarici-yerli
tələbə və
tədqiqatçılar yay
və qış məktəbləri çərçivəsində
Azərbaycandakı multikultural
mühiti yaxından görür, əyani şəkildə təcrübə
aparırlar.
İlkin olaraq qeyd etməliyəm
ki, interdisiplinar məzmun və mahiyyət daşıyan bu fənlər, tələbələrin intellektinin,
dünyagörüşünün artmasına əhəmiyyətli
dərəcədə təsir
göstərir. Humanitar təmayüllü ali təhsil müəssisələrində, bu fənlərin tədrisini alan tələbələr üçün
ciddi bir çətinlik mövcud deyil. Belə ki, onlar orta
məktəb dövrlərində
aldıqları ədəbiyyat,
tarix, coğrafiya və s. humanitar fənləri yeni, multikulturalizm rakursundan öyrənirlər. Bu tələbələr
Hötenin "Şərq-Qərb"
divanı, Aleksandr Dümanın "Qafqaz"
səyahətnaməsi, Volter,
Bodler və başqa fransız yazıçı və mütəfəkkirlərinin bir
çox əsərini,
o cümlədən, Nizami
Gəncəvinin multikultural
görüşləri yanında
Şekspirin, tolerantlığa
dair ilk traktat yazan ingilis filosof
Con Lokun yazdıqları
bu və ya digər dünyagörüşləri
ilə tanış olur, mütaliə dairəsini genişləndirirlər.
Məhz Azərbaycan multikulturalizminin
tədrisindəki bu məzmun və mahiyyət, humanitar təmayüllü tələbələrin
mədəniyyətləri dərindən anlama qabiliyyətlərini inkişaf
etdirmələrinə səbəb
olur.
Yuxarıda qeyd etdiyim məqamlar, humanitar sahə üzrə təhsil alan
tələbələrə aiddir. Bu kontekstdə qeyd etməliyəm ki, texniki sahə
üzrə tədrislə
məşğul olan ali təhsil
müəssisələrində də "Azərbaycan multikulturalizmi" və
"Multikulturalizmə giriş"
fənləri tədris
olunur. Bu istiqamətdə
tədrisin aparılmasında
sözsüz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilər Şurasının
sədri, akademik Kamal Abdullanın əvəzsiz rolu və zəhməti var. Kamal müəllim bu fənlərin texniki ali təhsil
müəssisələrində tədrisinə, ilk başdan
xüsusi önəm verərək humanitar sahədə təhsil alan tələbədən
daha çox, texniki sahədə təhsil alan tələbənin Azərbaycan
multikulturalizminə ciddi
şəkildə ehtiyacı
olduğunu diqqətə
çatdırıb.
Humanitar
fənn üzrə təhsil alan
tələbə, tədris
prosesinin məzmun və mahiyyəti çərçivəsində Azərbaycan multikulturalizmindən
xəbərdar olur. Ancaq texniki sahədə
təhsil alan
tələbəyə, bütövlükdə
Azərbaycan multikulturalizmi,
o cümlədən, Azərbaycançılıq
məfkurəsi perspektivindən
danışılması yaşadığımız
multikultural mühit və dövlət strategiyası baxımından
mühüm əhəmiyyət
kəsb edir. Məhz bu zaman tələbə
mənsub olduğu mədəniyyəti, multikulturalizm
kontekstində dəyərləndirmə
qabiliyyətinə malik
olur.
Müasir dövrdə elmi ədəbiyyatda "iki mədəniyyətin" mövcud
olduğu qeyd edilir; humanitar və texniki mədəniyyət növləri. Nano texnologiya, süni intellekt və robotlaşdırılmanın sürətlə
yayılması texniki
elmlərin inkişafı
ilə yanaşı, humanitar, daha doğrusu, etik məsələlərin aktuallığından
xəbər verir. Digər tərəfdən, identifikasiya,
lokal kimliklərin və dəyərlərin
geniş müstəvidə
yayılması eyni zamanda, texniki sahədəki təhsil müəssisələrinin pedaqoji
sistemlərində də
əhəmiyyət kəsb
edir. Bu baxımdan
həm humanitar, həm də texniki sahələrdə interdisiplinar mənada multikultural dəyərlərin
inteqrativ əlaqələri
yaranır. Bütövlükdə
Azərbaycan multikulturalizmi,
hər iki sahədə təhsil alan tələbələr
üçün dünyagörüşlərinin,
xüsusilə Azərbaycançılıq
məfkurəsi işığında
formalaşması üçün
ciddi baza rolunu oynayır.
Mövzu ilə bağlı A.Çexovun "milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur" sözü kontekstində bəzi mülahizələrimizi verə
bilərik. Çexovun bu fikri, öz dövründə daha çox inanılan və inkişaf edən dəqiq elmlərə nisbətlə deyilib.
Belə ki, müasir elm fəlsəfəsində də
texniki elmlərin, yəni fizika, kimya, bilogiya, riyaziyyatın universal mahiyyəti,
danılmaz şəkildə
qəbul edilir. Ancaq bunların prinsip, kateqoriya və əsasları daha yuxarı bir səviyyədə, metafizik
və elm fəlsəfəsində
müəyyən olunur.
Məhz uzun illər Çikaqo universitetinin rektoru olan təhsil eksperti Robert Hutçinsin bu görüşləri,
mövzumuzla birbaşa
bağlıdır: "Ali təhsilin hədəfi intellektuallıqdır. İntellektuallıq, prinsipləri və səbəbləri bilməkdir.
Təbiət elmlərinin prinsipləri
təbiət fəlsəfəsinə
əsaslanır. Metafizik ilk prinsiplər
bütünə yayılır.
Texniki və humanitar elmlər ona istinad edir və
ondan sonra gəlir".
Qeyd edək
ki, Azərbaycan multikulturalizmi fənni, mədəniyytlərarası dialoq
və sivilizasiyalararası
münasibətlərin tərkib
hissəsidir. Bu mənada
A.Toynibinin sivilizasiyaları
iyirmi bir, S.Hantiqtonun isə səkkiz hissəyə ayırması fəlsəfi
ümumiləşdirmənin nəticəsindədir. Məhz
texniki ali
təhsil müəssisələrinə
də Azərbaycan multikulturalizminin tədrisi
bu konseptual məzmun və mahiyyətə malikdir. Azərbaycançılıq məfkurtəsi işığında
bu fənn, texniki sahədə ixtisaslaşacaq tələbələr
üçün holistik
paradiqmanın formalaşmasına
səbəb olur.
Bu isə, onlarda
geniş dünyagörüşünün
yaranmasına, xüsusilə
milli düşüncəmizin,
məfkurəmizin ortaya
çıxmasına gətirib
çıxarır. Məhz
Azərbaycan multikulturalizminin
xüsusilə texniki ali təhsil
müəssisələrində tədrisi, buradakı tələbələrin milli
dünyagörüşlərinin yaranması və inkişafında böyük
ölçüdə təsiri
var.
Yeri gəlmişkən qeyd etməliyəm ki, bu fənlərin tədrisi üçün
BBMM tərəfindən hazırlanan
"Azərbaycan multikulturalizmi"
dərsliyi və "multikulturalizmə
giriş" bu boşluğu mükəmməl
şəkildə doldurmaqdadır.
Bu tədris prosesində
tələbə Azərbaycan
multikulturalizminin ədəbi-bədii,
elmi-fəlsəfi, ictimai-publisistik
və siyasi-hüquqi qaynaqlarını, o cümlədən,
Azərbaycan multikulturalizm
modeli ilə dünya ölkələrinin
multikulturalizm modellərini
tanıma və müqayisəli şəkildə
öyrənmə fürsətini
əldə edir.
Son söz əvəzi onu deyə bilərəm ki,
bu fənlərin texniki
ali təhsil müəssisələrində
tədrisi, Azərbaycanda multikulturalizmin
dövlət siyasəti olmasını nəzərə alaraq azaldılmamalı, əksinə,
artırılmalı və tətbiqinə daha
geniş imkanlar
yaradılmalıdır.
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 27 yanvar.- S.11.