Yardımlıda bir
şair var...
İdris Babayevin söz dünyasından qeydlər
Bölgələrdə yaşayan qələm
adamlarının çəkdiklərini elə bölgələrdə
yaşayan həmkarları yaxşı bilir. Düzdür,
informasiya texnologiyalarının sərhəd
tanımadığı bir zamanda şöhrət qazanmaq,
yaman-yaxşı qiymət almaq mümkündür, oxucu
auditoriyası da genişdir. Yazdığın
və yayımladığın şeirin son nöqtəsini
qoyduğun saniyədə "Bəyəndim" işarələri
işə düşür. Amma bu dəyərləndirmə
internet imkanlarından bəhrələnən oxucunun verdiyi
qiymətdir, internet oxucusu isə müxtəlif səviyyəlidir.
Bundan başqa, sosial məkanlar, hətta saytlar məhdud
dairələr çərçivəsində fəaliyyət
göstərir. Elarası deyimlə ifadə
etsəm, hər kəsin bəyənənləri və bəyəndikləri
var, bu isə düzgün, obyektiv qiymətləndirmənin məhdud
göstəricisidir. Buna baxmayaraq, sosial
şəbəkələr fərdlərin təqdimatı
üzərində qurulduğundan həmin fərdlərin
kimlik, məlumat və təbliğat mərkəzləri kimi əvəzsiz
mənbədir.
Mən İdris Babayevi sosial şəbəkələrdən
tanımışam. Mənim özüm kimi bölgədə
yaşadığını bildikdə isə
yaradıcılığına marağım artdı. Paylaşdığı şeirləri müntəzəm
izlədim. "Mən iti xəncər
kimiyəm" deyən şairin təlatümlü, sərt
misraları ilə yanaşı, kövrək, həssas
duyğularını ifadə edən bədahətləri də
var. İnsanı dağa-dərəyə çəkən həyat
hekayətləri real yaşantılarından doğur.
Söz atına minib ağ vərəq
üstə qapqara izlər buraxan şair gördüklərini
yazmasa, qulaqları kar, gözləri kor olar:
Kar olar
qulaqlarım, kor kimi gözlərim baxar,
Yazmasam gündə əgər, bəlkə də,
dünyam darıxar.
Ağ vərəq
üstə qaçar, qapqara izlər buraxar,
Qələmim Qırat kimi, mən ona mehtər kimiyəm.
Bu cür döşüdolu şairi yaxından
tanımaq istəyim yarandı. Onun
yaşadığı Yardımlını kənd-kənd gəzsəm
də, folklor nümunələri toplayarkən hər kənddə
bir neçə gecə yatıb qalsam da, İdris Babayev şəxsiyyətini
yaxşı tanımamışdım. Bu
günahı özümdə görürəm ki, bu cür
fitrətən istedadlı bir şəxsin
yaradıcılığı diqqətimdən yayınıb.
Babayev İdris Babakişi oğlu 1962-ci il
iyul ayının 12-də Yardımlı rayonunun Telavar kəndində
anadan olub. Orta təhsillidir. 1987-2015-ci
illərdə Telavar kənd tam orta məktəbində laborant
işləyib. Bölgələrdə iş yerlərinin
az olması adamların çoxunu bekar
qoyur. Bu bekarçılığın əziyyətini
İdris Babayev də çəkir, bir neçə ildir,
işsizdir. Həyat sıxıntıları şeirlərində
də hiss olunur:
Dərdim
üstə gün düşə quruyub xəzan ola,
Hər
yarpağım bir kitab, oturub yazan ola,
Misra-misra
oxuyan qopuzlu ozan ola,
Bu millət kaş görməyə, mən nəmin
içindəyəm.
Dərd mənə neynəyəcək, mən qəmin
içindəyəm.
Bu hisslər fərdi hisslər deyil, bir şairin
düşüncəsinin məhsulu olsa da, el dərdini izhar
edir. İşsizlik, bekarçılıq adamları kəndi
tərk etməyə, dolanışıq dalınca şəhərə,
başqa yaşayış məntəqələrinə
üz tutmağa vadar edir. Şair bunu ürək
ağrısı ilə qələmə alır:
Köçhaköç
başladı, köçdü adamlar,
Qəbirlər üstündə yanmadı şamlar.
Yasin sədasına
həsrət axşamlar,
Ah çəkdi,
ağlatdı mərmər daşları.
İdris Babayev gənc yaşlarından şeirə-sənətə
maraq göstərir. İlk kitabı nəşr olunana qədər
şeirləri müxtəlif antologiyaların, ədəbi
topluların səhifələrini bəzəyib. 2018-ci ildə "Döndər məni daşa, Vətən"
adlı ilk şeirlər toplusu nəşr olunub. 2020-ci ildə isə "Vaxtsız qonağıyam mən
bu cahanın" adlı ikinci şeirlər kitabı
oxucuların ixtiyarına verilib.
Özünü
gözü yolda qalan, paramparça olan Vətənin bəxtsiz
balası sayan şair vətənpərvərlərin də az olduğunu, vətəni düşünənlərin
də barmaqla sayıldığını söyləyir. Bir qədər mübahisəli fikir olsa da, bəzi məqamlar
üçün haqqına söylənilən misralardır.
Ağrılı Vətən dərdi bununla
bitmir. Matəmi bayramından çox olan ölkənin
keşməkeşli bir tarixi vardır:
Başı
Dərbənd qapısında,
Ayaqları o taydadır.
İdris
Babayevin qələmi şeirin bütün şəkillərinə
baş vurur, Klassik poeziyanın ənənələri üzərində
dayanan, qoşma və gəraylılara daha çox yer verən
İdris Babayev yaradıcılığı ictimai-siyasi
mövzulardan tutmuş məhəbbət lirikasınadək
incə bir yol keçir, sərt olanda satiraya qanad verir,
kövrələndə qəzələ üz tutur. Bəzən
şair şeirlərinin anlaşılmayacağından ehtiyat
edir, iç dünyasında çəkdiklərinin
oxucuya çatmayacağından "şübhələnir":
Korun-korun
yanır içim,
Xeyir işim şər görünür.
Köhnə
dərdim ütülənir,
Təzədən də tər görünür.
Sevgi poeziyanın əbədi mövzusudur. Söz
adamlarının çoxunu eşq, sevda şair edib. Məhəbbət elə bir qüvvədir ki, ürəkləri
titrədir. Şair sevdiyindən umur ki, əzabını
azaltsın. Bu sevdanın dərin qatlarında
gördüyümüz aşiqin təcrid olunmuş obrazı
deyil, yaşadığı cəmiyyətin təsirləri
altında uğursuzluqlara məruz qalan prototipidir:
Verin o
gözələ iti bir xəncər,
Sinəmi ortadan bölsün tən yarı.
Baxıb
ürəyimdə görsün özünü,
Verdiyi əzabı
azaltsın barı.
Bəzən mövzu özü üslub, janr və şəkli
xüsusiyyətlər tələb edir. İroniya,
istehza, təkzib, etiraz daha çox satirik yanaşma tələb
edir. Fikrin açıq ifadəsi də məqbul
sayılmır, bu açıq-saçıqlıq müəllifi
başqa bir aləmə - siyasət meydanına sürükləyə
bilər. Onun təsvir etdiyi eybəcərliklər
fərdi deyil, ictimaidir. İdris Babayevin
şeirləri daha çox bu meyl və maraqlar üzərində
qurulmuşdur. Buna görə də bir
müəllif olaraq ətrafında baş verənlərə
biganə qala bilmir. Hətta bəzi
şeirlərində ifadə olunan tənqidi fikirləri kimsə
özünə almasın deyə, "Ünvanlı
deyil" qeydini etməyi vacib sayır. Fərdi
olmayan yaşantılar şairin əhatəsində olduğu
mühitin eybəcərliklərinə işıq salır.
Bu mühitdə əzab çəkənlər kimsənin
üz tutmadığı, halına yanmadığı yetim
timsalındadır:
Uzaqdan
hamımız gəl-gəl söylədik,
Sənə çörək verən olmadı, yetim.
"Gözündə yer", "yatmağa qəlbində
yataq" verdiyi coşan təbinin şahzadəsi həmişə
şairin qayğısına qalmır, şair isə bu
sevdanın bədəlini ödəməyi tələb edir. Əgər sevgi
qarşılıqlı deyilsə, aşiqin ömür yolunda
dərd bitir, telində dən "göyərir":
Niyə üz döndərdin, a zalım qızı?
Döndü
zimistana eşqimin yazı,
Sənsiz
yola verdim ''qızıl'' payızı,
Qırıb
aparmısan könlümün simin,
Gəl, ödə bədəlin mənim sevgimin.
Vətənpərvərlik mövzusu şairin
poeziyasının aparıcı qanadını təşkil
edir. İdris Babayevin Qarabağ mövzusunda
yazdığı şeirlər çağırış, tərənnüm,
təsvir xarakterlidir. Çağırış
motivli şeirlərindən biri "Vur, sənə qurban"
adlanır. Vətən müharibəsinin
davam etdiyi günlərdə oxşar mövzuda çoxlu
şeirlər yazıldı. İdris Babayevin eyniadlı
şeiri öz axıcılığı, deyim özəlliyi
ilə fərqlənir:
Al ələ
silahı, nə danış, nə din,
Məhv eylə düşmənin keçilməz səddin.
Göstər
sən, nəhayət, ona öz həddin,
Səninlə
fəxr edir can Azərbaycan,
Vur, igid əsgərim, vur sənə qurban.
İdris Babayevin şeirlərinin bir qismi folklordan
qaynaqlanır.
O, atalar sözünə, məsəllərə, el deyimlərinə
üz tutur, bu folklor nümunələrini nəinki şeirinə
gətirir, hətta özü yeni aforizmlər yaradır. "Hikmətli kəlamlar" məsnəvisində
Nizami ənənələri gözlənilir, müdrik fikirlər
nəzmə çəkilir. Klassik poeziyada
olduğu kimi, İdris Babayev də Allah, Peyğəmbər,
Quran, Saihibi-Zaman kimi məfhumların müqəddəsliyinə
diqqət çəkir. Onun müdrik kəlamları
insanları haqq yola, ədalətə, halallığa dəvət
edir. Onun aforistik deyimləri klassik şairlərin
öz övladlarına yazdıqları nəsihətnamələri
xatırladır. "Oğluma nəsihət"
adlı bu tipli şeirlərdə ağıllı məsləhət,
müdrik tövsiyə, hikmət dolu nəsihət həmişə
gərəkli, həmişə önəmli bir vasitə
sayılıb. Yeniyetmələrin, gənc
nəslin bu cür nəsihətlərə bu gün
böyük ehtiyacı var. İdris Babayevin "Müasir
atalar sözü" şeiri isə müdrik kəlamlara fərqli
yanaşmanın məhsuludur. Şeir ironik
üslubdadır, bunu atalar sözünün tərsi də
adlandırmaq olar.
İdris
Babayev şairliyi Allahdan verilən pay sayır. Şairlik
bostanda əkilmir, səhrada bitmir, ruhdan gəlir, İlahidən
pay kimi verilir, buna görə çağlayan çaya bənzəyir:
Haramdan,
riyadan hey uzaq qaçan,
Sözüylə
qıfıllı qapılar açan,
Möhürlü
qəlblərə ziya, nur saçan,
Zülmətdə parlayan aydı şairlik.
Şair tutduğu yolu haqq yolu bilir, bu yoldan dönməyəcəyini
israr edir, halalı harama qatmır, mübarizəsindən
dönmür.
Ona görə də yazmağından qalmır və deyir:
"Qələmi qoyma yerə, yaz nə qədər var
ilhamın, öləndən sonra verər xalq sənə
öz qiymətini".
Adətən, yaxşı
adamların, xeyirxah insanların qiymətini
dünyasını dəyişəndən sonra verirlər,
çünki belə adamların yeri görünür, ən
azından onların gördüyü işlər
yarımçıq qalanda daha çox xatırlanırlar və
bu itkiyə təəssüf edirlər. Amma bu sözləri
şairə və onun şeirinə aid etmək
yanlışlıq olar. Bu yerdə şair özünü nə
qədər haqlı saysa da, onun qənaəti ilə
razılaşmıram. Yaxşı şeir həmişə
sevilib və yaxşı şair daim elin sevimlisi olub və
olacaqdır. El dərdinin carçısı el
üçün əzizdir! Mən İdris Babayevin şeirlərində
öz fərdi dərdlərini, qəmini deyil, xalq kədərini,
xalq ağrısını gördüm. Düzdür, elə
şeirləri var ki, poetik səviyyəsinə görə
oxucu tələbini tam ödəmir, amma mövzusuna, məzmununa
görə aktualdır. Onu da deyim ki, şairin sözlə
şəklini çəkdikləri elə mənim öz həyatımda
çəkdiklərimin poetik rəsmidir. Bu poetik təsvirin dəyərini
orada öz yaşantılarını görən mənim kimi
yüzlərlə oxucu daha yaxşı bilir.
Bilal
ALARLI HÜSEYNOV
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.14.