Buraxılış imtahanlarında nə kimi yeniliklər olacaq?
Mart ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanlarının keçirilməsinə
başlanılacaq. Artıq DİM tərəfindən buraxılış
imtahanlarının dəqiq
vaxtı da açıqlanıb. 11-ci siniflər üçün
buraxılış imtahanları
Qaradağ, Xəzər,
Yasamal, Nərimanov, Gəncə (Kəpəz),
Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran,
İmişli, Şirvan,
Qusar, Biləsuvar, Gürcü bölməsi
üzrə martın
5-də, Nizami, Suraxanı,
Binəqədi, Sumqayıt,
Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.
11-ci siniflər üçün
buraxılış imtahanları
Sabunçu, Səbail,
Nəsimi, Naxçıvan
Muxtar Respublikası, Goranboy, Naftalan, Göygöl, Daşkəsən,
Tovuz, Gədəbəy,
Şəki, Masallı,
Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad,
Xaçmazda martın
12-də, Xətai, Abşeron,
Pirallahı, Mingəçevir,
Samux, Şəmkir, Qəbələ, Yardımlı,
Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan,
Hacıqabul, Bakı (xüsusi məktəblər
- internat məktəbləri,
cəzaçəkmə müəssisələrində
yerləşən məktəblər,
Çilov), ingilis və fransız bölmələri üzrə
isə martın 13-də
olacaq. 9-cu siniflər üçün (I zona) 16
və 17 apreldə, II
zona 23-24 aprel, III zonada isə 30 aprel-1 mayda olması planlaşdırılıb. Kolleclərə qəbul imtahanının vaxtı da məlumdir.
Belə ki, 11 illik təhsil
bazasında kolleclərə
qəbul imtahanı
2-3 apreldə keçiriləcək.
Həmin tarixdə eyni zamanda əvvəlki
illərin məzunları
üçün I, II, III və
IV qruplar üzrə qəbul imtahanının
I mərhələsi, V qrup
üzrə ali
təhsil müəssisələrinə
də qəbul imtahanı olacaq.
Dövlət İmtahan Mərkəzinin
Metodika və dərsliklərin monitorinqi
şöbəsinin müdiri
Afiqə Batıyeva deyir ki, fənn
kurikulumların mahiyyətinin
yalnız biliklərin
verilməsi deyil, bacarıqların formalaşması
olduğundan, buraxılış
imtahanlarında əsas
etibarı ilə bacarıqlar yoxlanılır
və qiymətləndirilir.
Tədris proqramlarına görə
xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat
fənləri üzrə
isə 11-ci sinifdə
dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.
Ona görə də buraxılış imtahanları dərs ilinin ikinci yarısında
istənilən vaxtda keçirilə bilər:
"Buraxılış imtahanlarında
da yalnız imtahan tarixinədək keçirilən mövzulardan
suallar salınır və salınacaq. Bundan əlavə, nəzərə
alınmalıdır ki,
fənn kurikulumlarına
görə, 1-ci sinifdən
11-ci sinfədək ayrı-ayrı
fənlər üzrə
məzmun xətləri
dəyişmir. Sadədən mürəkkəbə doğru
məzmun standartlarının
tələbləri dəyişir.
Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə
görə müəyyən
bacarıqlar formalaşır.
Kurikulumların mahiyyətinin yalnız
biliklərin verilməsi
deyil, bacarıqların
formalaşması olduğundan,
buraxılış imtahanlarında
əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Bununla bağlı
yazılı şəkildə
cavablandırılması tələb
olunan açıq tipli tapşırıqlardan
istifadə olunur.
Fənn kurikulumlarına görə
buraxılış fənləri
üzrə əsas bilik və bacarıqlar
isə mart ayınadək
formalaşmış olur.
Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda
narahatlıq yaratmamalıdır".
Afiqə Batıyevanın sözlərinə
görə, qəbul imtahanlarında müəyyən
dəyişikliklər var,
proqrama əvvəlki mövzular qaytarılıb. Coğrafiya
fənnində yeni iqtisadi zonalarla bağlı tapşırıqlar
salınacaq: "Bu, dərsliklərdə
öz əksini hələ tapmayıb, çünki dərsliklər
4 ildən bir nəşr olunur. Ona görə bununla bağlı həm rus, həm də
Azərbaycan dilində
material hazırlayıb hər
iki dildə DİM-in saytına yerləşdirmişik.
Eyni zamanda, Zəfər tarixi ilə bağlı material da yenilənib. IX siniflər üçün
bununla bağlı dərslik var, amma XI siniflər həmin fənni keçmədiyi üçün
DİM-in hazırladığı material yenilənib və saytda yerləşdirilib.
Ədəbiyyatla bağlı yeni
dərsliklərdə bəzi
əsərlər dəyişdirilib,
amma indiki XI siniflər bunu keçiblər. Əsərlərdən bəzi hissələr saytda yerləşdirilib.
Bunlar yeni materiallar deyil, müəyyən hissələri dərsliklərdə
verilib, məktəbdaxili
qiymətləndirilməsi aparılıb.
Pandemiyanı nəzərə alaraq həmin hissələri sayta daxil etmişik. Eyni zamanda, İnformatika fənni ilə bağlı da yeni tapşırıqlar sayta yerləşdirilib.
2023-cü ildə imtahan verəcək şagirdlər buna fikir versinlər. Əsas ədəbiyyat dərsliklərdir,
bundan kənarda heç bir şey nəzərdə tutulmayıb, hazırda məktəbdə tədris
olunan tapşırıqlar
salınacaq. İnformatika
fənni üzrə vəsait üzərində
də iş gedir, bu da
çap olunacaq. Respublikada bu sahədə təcrübəsi olan dərslik müəllifləri,
Təhsil İnstitutunun
əməkdaşları cəlb
olunub, İşçi
Qrupu yaradılıb.
İndi
X sinifdə oxuyan şagirdlər buna diqqət yetirsinlər".
Şöbə müdiri bildirib
ki, hazırda ali məktəblərə
qəbul imtahanları
üzrə builki müsabiqə şərtləri
ilə bağlı dəqiq məlumat demək çətindir. Müsabiqə şərtləri
ali məktəblərin,
ekspertlərin, dövlət
orqanlarının təklifləri
əsasında və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla
elan edilir: "Hələlik abituriyentlər
ötən ildəki müsabiqə şərtlərini
öyrənə bilərlər.
Builki müsabiqə şərtlərində
ciddi dəyişikliyin
olması gözlənilmir,
yenə də vətəndaşlar bunu diqqətdə saxlasınlar,
məlum olan kimi elan edəcəyik".
Afiqə Batıyevanın dediyinə
görə, həm 9,
həm də 11-ci sinif üzrə buraxılış imtahanı
bir mərhələdə
keçiriləcək. İmtahanlar
85 sualdan ibarət olacaq: "Proqramda əsas mənbə dərsliklərdir. Proqrama dərsliklərdən
kənar heç bir element daxil edilməyib. Bacarıqlar da
dərsliklər vasitəsilə
formalaşır. Tövsiyə edərdim ki, dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında
onlayn sınaq imtahanında iştirak etsin.
Qəbul imtahanlarının nə zaman keçiriləcəyi bilinmir. Dəqiq tarixləri bilinməsə də, qəbul imtahanına qeydiyyatla bağlı prosesə fevralın sonu, martın əvvəlində başlamaq nəzərdə tutulub. Qəbul imtahanlarının II mərhələsinin 2 dəfə keçirilməsi nəzərdə tutulub".
Şöbə müdiri vurğulayıb ki, buraxılış imtahanı attestat imtahanı demək deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır: "Hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur. Şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanılacaq".
Afiqə Batıyeva qeyd edib ki, tədris dili digər dillərdə olan şagirdlər həm 9, həm də 11 illik təhsil bazasından "Azərbaycan dili" üzrə dövlət dili fənni kimi imtahan verirlər. Bu il bu imtahan üzrə yeni model olacaq: "Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi. Dinləmə mətninin audiomaterialları DİM-in saytında yerləşdirilib. İmtahanda 3 yazılı tapşırıq olacaq".
Şöbə müdirinin sözlərinə əsasən, bu il magistratura imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulub: "Biz planlaşdırmışıq ki, bu il magistratura imtahanları iki dəfə keçirilsin. Amma hələ dəqiq bilinmir. Vətəndaşların birinci magistratura imtahanında iştirakı məqsədəuyğundur. Pandemiya başlayandan magistratura imtahanları iki mərhələdə aparılır. Bu il də belə nəzərdə tutulub. Amma hələ ki, dəqiq qərar verilməyib. Qrafiki açıqlayanda da deyirik ki, bu, yalnız proqnoz əsasında edilir. Ona görə vətəndaşlar birinci müsabiqədə də iştirak etsinlər".
Afiqə Batıyevanın söylədiyinə görə, ali məktəblərə qəbul və buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb qrafiki müəyyən edirik. 12 mart tarixində buraxılışla yanaşı, SAT imtahanı da keçiriləcək: "Amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq. DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır. Bu gün də bir neçə ərizə daxil olub. Vətəndaşlar özləri bunu müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər, attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda. Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.10.