Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı oldu
Bakıdakı 207 saylı tam orta məktəbdə Səid
Rəşidzadənin əziz xatirəsi yad edildi
Məzunu olduğum 207 saylı orta məktəbə sonuncu dəfə nə vaxt getdiyim
yadıma gəlmir. Amma xatirələr
tez-tez oranın hər bucağını olduğu kimi yaddaşımda canlandırır.
Uzun müddət sonra məni bura çəkən nəsnə o qədər
ali səbəb
idi ki, bu
barədə yazıb
nöqtə qoymaq qəliz məsələdir.
Ötən gün feysbuk bir xatırlatma etdi: "Bir neçə gün sonra - yanvarın 28-də Səid Rəşidzadənin
31 yaşı tamam olur. Bu, yaxınlarının
onsuz keçirdiyi ilk
ad günü olacaq.
Bu gün aramızda
olmasa da, Səid Rəşidzadənin,
eləcə də onun timsalında bütün şəhid və qazilərin fədakarlığı gələcək
nəsillərin həyat
yolunda sönməz bir çıraq yandırıb.
İllər keçəcək, amma onların ruhu həmişə ehtiramla anılacaq.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin!.."
Bu, Səid haqqında
ikinci yazımdan bir parça idi. Ötən ilin
yazısı soyuq yanvar günü ürəyə od
saldı.
Hələ yeni il
günü bir hadisə mənə Səidi yenidən xatırlatmışdı. Hamı ocağında,
bayram süfrəsinin
başında olanda telefonuma bir zəng gəldi. Səidin əsgərlərindən
idi - Cəlil Mehrəliyev:
- Salam, necəsiz? Yadınızdadır, siz Səid
haqqında bir yazı yazmışdınız,
orda mənim də ürək sözlərimi qeyd etmişdiniz. Həmin yazını
mənə yollaya bilərsiniz?
Səsi titrəyirdi. Hamı bayram ab-havasında
olanda o, öz döyüş yoldaşını,
komandirini xatırlayırdı,
onun üçün kövrəlirdi, haqqında
yazılanları oxumaq
istəyirdi.
Ardınca Səid Rəşidzadənin
atası Nofəl Qasımova zəng elədim. O da həmin gecə - illərin qovuşağında
Səidi ziyarətə
gedəcəkdi. Onun üçün
nə bayram?!
Az keçmədi,
eşitdiyim xəbər
sanki odun üzərinə su çilədi: "Yanvarın
27-də 207 saylı tam orta
məktəbdə şəhid
baş leytenant Səid Rəşidzadənin
barelyefinin açılışı
olacaq".
Mən vaxtilə
Səidin təhsil aldığı məktəbin
məzunu olmuşam. Buna görə fəxr eləmişəm.
Birinci Qarabağ müharibəsi
şəhidi Sərhəddin
Yolçuyevin adını
daşıyan 207 saylı
orta məktəbin müəllim kollektivi savadlı şagird yetişdirməklə yanaşı,
Vətənini sevən,
tarixinə, milli kimliyinə bələd olan cəmiyyətə yararlı fərd formalaşdırmağa xidmət
edir. Təsadüfi deyil ki, Nofəl Qasımov oğlu haqqında danışanda daim 207 saylı məktəbin Səidin formalaşmasında
müstəsna rolunu qeyd edir. Səid şəhid olan ilk gündən etibarən məktəbin direktoru hörmətli Sədaqət
xanım Seyidova şagirdlər arasında
onun həyat yolunun təbliği üçün əlindən
gələni əsirgəməyib.
Barelyefin açılışında vaxtilə
Səidə dərs deyən müəllimlər,
sinif yoldaşları,
dostları, qazilər,
bir sıra ziyalılar var idi. Hamının üzündə
kədər hiss olunurdu.
Ab-hava təbiətə
də sirayət eləmişdi - hava çiskinli idi...
Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid çıxışında
Səid Rəşidzadənin
uşaqlıqdan milli ruhda böyüdüyünü
vurğuladı. Səidin döyüş yoluna
nəzər salan Rəşad Məcid onun mübarizlik əzmi barədə düşüncələrini tədbir
iştirakçıları ilə bölüşdü.
O qeyd etdi ki, Səid Rəşidzadənin
məktəbdə barelyefinin
qurulması təqdirəlayiq
addımdır və onun həyat yolu gələcək nəsillər üçün
böyük qəhrəmanlıq
örnəyidir.
Milli Məclisin vitse-spikeri Adil Əliyev İkinci Qarabağ savaşında Azərbayan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin uzaqgörən
siyasəti, Azərbaycan
Ordusunun əzmi, xalqımızın birliyi
sayəsində qazanılan
parlaq Zəfəri şərtləndirən amillər
barədə danışdı.
Xalqımızın mübarizliyi barədə
fikirlərini bölüşən
vitse-spiker Səid Rəşidzadənin qəhrəmanlığından
söhbət açdı
və onun adının əbədiləşdirilməsi
naminə atılan bu addımı alqışladı.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında
gənclərin yetişdirilməsində
müəllimlərin rolunun
böyük olduğunu
vurğuladı. O qeyd etdi ki, şagirdlər
mütləq Səid Rəşidzadənin timsalında
canını Vətən
uğrunda qurban verən igidlərin qəhrəmanlıq yolu barədə məlumatlanmalıdılar.
Sabir Rüstəmxanlı qeyd etdi ki, Səidin
düşüncələrinin formalaşmasında onun atası Nofəl Qasımovun da rolu olub, o da
vaxtilə Azərbaycanın
bütövlüyü uğrunda
gedən mübarizələrdə
iştirak edib.
Millət vəkili Aqil Abbas şəhidlik məqamının aliliyindən
söhbət açdı. O qeyd etdi ki, biz hamımız
şəhidlərə borcluyuq,
onların üzərində
yalnız ailələrinin
və müəllimlərinin
haqqı var. Aqil Abbas bildirdi ki, necə ki
biz uşaq vaxtı II
Dünya müharibəsinin
qəhrəmanlarına oxşamağa
çalşırdıq, indi
də Səid və onun kimi
mərd oğullar gələcək nəsillərin
idealına çevriləcək.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini
İradə Muradova
rayon şəhidləri barədə
danışdı, onların
əziz xatirəsini yad elədi.
Daha sonra məktəbin akt zalında şagirdlərin
hazırladıqları kompozisiyalar,
səhnəciklər, Səid
Rəşidzadənin həyat
yolunu əks etdirən videorolik tədbir iştirakçılarına
təqdim edildi.
Məktəbin direktoru Sədaqət Seyidova Səidin təhsil aldığı
illəri xatırladı,
müəllimlərinin onun
haqqında səsləndirdiyi
müsbət fikirləri
tədbir iştirakçıları
ilə bölüşdü.
Sonda şəhid baş leytenant Səid Rəşidzadənin atası
Nofəl Qasımov hər kəsə minnətdarlığını bildirdi: "Səid Hadrutun Şişqaya yüksəkliyinə bayraq
sancan vaxt düşmən gülləsinə
tuş gəlib. Bir vaxtlar həmin yüksəkliyə baxıb
köks ötürürdüm.
Həmin
yüksəklik strateji
cəhətdən olduqca
əhəmiyyətli idi.
Səid və onun timsalında
döyüşən əsgərlərin
şücaəti dədə-baba
yurdumuzu bizə qaytardı. Səidin
barelyefinə baxanda
90-cı ildən üzü
bu yana
şəhid olan 20 minə yaxın qəhrəmanın cizgilərini
görürəm. Vaxtilə
onlar da çətinliklə də
olsa, torpaq uğrunda mübarizə aparırdılar... Səid
həmişə bir sözü deyirdi: "Vətən sağ olsun!" Bu gün
mən də eyni sözləri təkrarlayıram. Hamımız bu dünyadan köçəcəyik, amma
torpaq uğrunda mübarizə aparanların
adı tarix əbədi həkk olacaq. Təki, Vətən sağ
olsun!"
Nofəl Qasımovun çıxışı
hamını kədərləndirmişdi. Onun möhkəm
iradəsi, əyilməzliyi
insanlarda heyrət doğururdu. Görünür,
xalq olaraq bizi sınmağa qoymayan bu əzmkarlıq
idi...
Bayaqkı çiskin möhkəmlənmişdi. Məktəbdən həyətə çıxanda
Sərhəddin Yolçuyevin
büstü gözümə
sataşdı. Vaxtilə bu
büstün önündə
təzim edib sinif otaqlarına yollanırdıq. Səid
Rəşidzadə kimi
igid oğullar Vətənin üzünü
ağ eləməklə
yanaşı, Birinci Qarabağ savaşında şəhid olan qəhrəmanların da qanını yerdə qoymadılar.
Bundan sonra
neçə-neçə məktəbli Səidin barelyefi önündən keçib
sinifə yollanacaq. Səidin ziyası bu körpə könülləri isidəcək.
Səid kimi qəhrəmanlar həmin
körpələr rahat yaşasınlar
deyə, Vətənin başı üzərindən qara buludları qovdular...
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.8.