Xalça üzərində gəzişmələr
İlboyu arı kimi yorulmadan,
usanmadan əkin-biçinlə,
ən müxtəlif kənd işləriylə
məşğul olan,
çalışan, əlləşən
Qərib babam payızın sonlarında
topladığı məhsulun
artığını elə
kəndin içindəcə
gələn alverçilərə
satıb əlində
pul edər və üz tutardı Bakıya. Bakıda
artıq böyük əmimin evi vardı, yəni hər zaman qalmağa yerimiz olurdu.
Babam o evin həm əyər-əskiyini
düzəldər, bənnalığını,
dülgərlik işlərini
görər, həm də dükan-bazara dəyər, lazım olan şeyləri olardı. Bu səfərlər
bəzən iki aya
qədər çəkərdi.
Qayıdanda söh-söhbətindən bilərdik ki, imkan edib yol
Quba, ya Şamaxı, ya Göyçay bazarına da dəyib 2-3 dənə xalça da alıb gətirib.
Dünya görmüş
kişi idi, xalça xiridarı idi rəhmətlik... Oxumağa, təhsil
dalınca getməyi məsləhət görərdi
hamıya. Beş oğlunun
beşini də oxutmuşdu. Məsələn,
Lahıcdan yuxarı yeddi para kənddə
ilk ali təhsil alan böyük oğlu - mənim atam idi, uşaqlıq
yaddaşımda bir məsləhəti də ilişib qalıb: 5-10 manatınız varsa, balışın altına
yığıb zay etməyin, bir şey alın atın evə, bir də ayılıb
görərsiniz qəpik-qəpik
yığdıqlarınız bir gecənin içində kağıza
dönüb.
Dediyi kimi də oldu. Babamın xalça
sevdası yalnız sənətə sevgidən
yox, görünür,
həm də inflyasiya qorxusundan yaranıbmış.
Mənimçünsə o xalılar nəsə ecazkar, qeyri-adi varlıqlar idi. Saatlarla
o naxışlarla, o rənglərlə
söhbət edə bilirdim, uşaq fəhmiylə qəribə
mənalar tapırdım
və təbii ki, o xalçaların üstündə uçurdum
hər gecə...
O xalçaların adları
da çox maraqlı və qəribə gələrdi
mənə. "Pirəbədil",
"Quba", "Çiçi",
"Alpan", "Sumax",
"Şirvan", "Şamaxı",
"Zeyvə", "Qonaqkənd",
"Afurca", "Yerfi",
"Cek", "Mərəzə",
"Çuxanlı", "Cəyirli", "Suraxanı"...
Niyə məhz "Pirəbədil", Niyə
məhz "Quba",
"Çiçi", "Alpan"?.. Bu
naxışların bu
adlarla nə əlaqəsi var?
O zamanlar bizim tərəflərdə xalça
toxunmazdı, öz ehtiyacları üçün
kilim, palaz toxuyardılar. Mən ötən əsrin
altmışıncı illərin
əvvəllərində Lahıc
və ətraf kəndləri nəzərdə
tuturam. Hanalar altmışın sonlarında quruldu bizim evlərdə və çiçəyi
yenicə çırtlamağa
başlayan qızlar asanlıqla öyrəndi xalçaçılıq sənətini.
İndi həmin qızlar usta kimi çalışırlar
bir sıra toxuculuq sexlərində.
Uşaqlıqdan xalçaya həyacansız
baxa bilmirəm. Xalçaçı görəndə elə bil öz doğmamı
görürəm, Xalçaçı
rəssam, əməkdar
incəsənət işçisi
Fazil Abbasquluzadə ilə də ilk tanışlıqdan doğma
adamlar kimi, yüz ilin tanışı,
dostu kimi görüşdük. Açığı, ilk görüşümüzdən əvvəl də yaxşı tanıyırdım
Fazil müəllimi, xeyli ümumi dostlarımız, tanışlarımız
vardı İsmayıllıda.
Söhbət düşəndə
etibarlı, sədaqətli,
istedadlı bir
insan kimi danışırdılar haqqında.
Fazil müəllim
əslən Qubadlı
rayonundandır. Pedaqoji Universiteti bitirib
təyinatla gedib İsmayıllıya. Bir müddət
Qoşakənd orta məktəbində rəsm
və rəsmxət müəllimi, hərbi xadmətə gedib qayıdandan sonra isə İsmayıllı
şəhər 3 saylı
orta məktəbdə
işləyib. Birinci Qarabağ
döyüşləri başlayan
kimi könüllü
olaraq cəbhəyə
gedib şücaətlər
göstərib. Xalça sənətinə
maraq da elə o zamanlarda başlayıb gənc rəssamda. İlk sifarişləri İsmayıllıda alıb.
Eskizləri hazırlayıb tanışsənətkarlara
toxudub. Sonralar Sumqayıta köçəndən
sonra da arayıb-axtarıb. Emalatxanasına Şirvandan olan xalçaçıları cəlb
edib. Dekorativ süjetli xalçaları
toxumaq üçün
yüksək sənətkarlıq
qabiliyyəti lazımdır,
- deyir rəssam.
Bunu hər toxucu toxuya bilmir. Süjetli xalçalar ən azı 50 sıxlıqla toxunur, belə olmasa, istədiyimiz kompozisiyanı ala bilmirik.
Xalçaçı əməyi arının bal toplamağına bənzəyir.
Arı min çiçəkdən
bir qram bal
topladığı kimi,
xalçaçı da
yüzlərlə ilmədən
kiçik bir detalı araya-ərsəyə
gətirir.
Fazil Abbasquluzadənin
yaratdığı obrazların
hər birinin öz xarakteri, öz əhval-ruhiyyəsi
var. Obrazları tamaşaçıyla
danışar sanki. Xalçada işlənmiş
bütün detallar, hər bir ilmə
bir məqsədə xidmət edir - obrazın açılmağına.
Şəxsi kolleksiyalarda, muzeylərdə
xalça üzərində
həkk etdiyi yüzlərlə mükəmməl
obrazları var Fazil Abbasquluzadənin.
Əsasən tanınmış insanların, yaradıcı
şəxsiyyətlərin obrazlarını yaradıb
rəssam. Yaradıcılığında cənub mövzusu
mühüm yer tutur. Bu mövzuda beş dəyərli
əsəri var F.Abbasquluzadənin.
İkiyə bölünmüş Azərbaycanın
ağrılarını böyük
şairimiz Şəhriyarın
obrazı vasitəsi ilə verir rəssam. Bir əsərində Şəhriyarı Səməd
Vurğun, Süleyman Rüstəm və Bəxtiyar Vahabzadə ilə görüşdürür.
Təbii
ki, bu da
rəmzi məna daşıyır və rəssam bunu böyük ustalıqla yaradıb. Ümumiyyətlə, Fazil Abbasquluzadə
yaradıcılığında rəmzlərdən geniş
istifadə edir və bununla da tamaşaçını
düşünməyə vadar edir. Rəssamın qələm adamlarına,
xüsusilə şirlərimizə
həsr edilmiş xeyli əsəri var. Nizami Gəncəvidən tutmuş çağdaş
dövrümüzəcən onlarla şairin obrazını yaradıb.
Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram,
Qolumdakı zəncirləri qıram
gərək, qram, qram!
Hayqırıb insanları azadlıq mücadiləsinə səsləyən
Xəlil Rza Ulutürk ilə şairin şəhid oğlu Təbrizə həsr olunmuş xalça rəssamın
ilk işlərindən olsa
da, çox uğurlu alınıb.
Nizami Gəncəviyə həsr
olunmuş dörd xalçadan heç biri digərini təkrar etmir, hər birinin öz orijinal bədii-estetik həlli
var. Bu xalçaların birində
şair, yaratdığı
müxtəlif obrazların
mərkəzində verilibsə,
digərində məsələn,
öz müasirləri
Xaqani, Şirvani, Məhsəti Gəncəvi
və başqaları
ilə birlikdə işləyib. Ümumiyyətlə, rəssamın yaradıcılığında
bir-birindən maraqlı
kompozisiyalar diqqəti
cəlb edir və bu kompozisiyalar
biri digərini təkrar eləmir.
Məlumdur ki, süjetli xalçaların rəssam
işindən tutmuş
toxunuşuna qədər
öz çətinlikləri
var. Ən xırda detalları, ilk baxışdan
nəzərə çarpmayan
cizgiləri, mürəkkəb
konfiqurasiyaları vermək
xüsusi bacarıq tələb edir və bu zaman
ən müxtəlif rəng və rəng çalarlarından
istifadə etmək zərurəti yaranır. Maraqlıdır ki, bu problemin
öhdəsindən də
Fazil müəllim bacarıqla gəlir - təbii üsullarla bir çox rəngləri özü alır.
Fazil Abbasquluzadənin möhtəşəm, qeyri-adi işlərindən, layihələrindən biri də bu yaxınlarda dünyasını dəyişmiş dünya şöhrətli rəssamımız Tahir Salahovun əsərlərinin xalça versiyasını yaratmaqdır. Tahir Salahovun ölməz əsərlərinə elə bil ki, ikinci, paralel bir ömür verib Fazil Abbasquluzadə. Kətan üzərindəki ömürlə yanaşı xalça üzərində ömür.
Sərgilərin birində xalçaçı rəssamın işini görən Tahir Salahov onunla tanış olub və onu iş birliyinə dəvət edib. İlk işləri Tahir Salahovu Almaniyada əməliyyat edən bir həkimin portreti olub. Cərrahın portretinin yüksək səviyyədə xalçaya köçürüldüyünü görən Tahir Salahov daha bir neçə işinin xalça versiyasını xalçaçı rəssamdan xahiş edir. Beləliklə, iki rəssamın əməkdaşlığı başlanır və nəticədə 50-dən yuxarı əsər yaranır. Tahir Salahovun ən iri, monumental əsərlərini - "Rəsul Rzanın portreti", "Qara Qarayevin portreti", "Madam Roşel", "Aydan", "Balıqçı", "Səhər" və sair bu kimi dünyaca məşhur əsərlərin xalça ömrünü məhz Fazil Abbasquluzadə və onun kiçik yaradıcı kollektivi verib.
Bildiyimiz kimi, Tahir Salahovun yaradıcılığı çox zəngin və rəngarəngdir. Bunları kətana köçürmək nə qədər çətindirsə, xalçaya köçürmək ikiqat mürəkkəbdir. Bu işləri eləmək böyük istedad və böyük zəhmət tələb edir. Tahir Salahovun palitrasından çıxan rəngləri Fazil Abbasquluzadə kimi istedadlı xalçaçı rəssam xalçaya köçürə bilər.
Elə bu işlərin mükəmməlliyinə görə son yeddi ildə Tahir Salahov dünya sərgilərinə məhz bu xalçalarla gedirmiş. Onların bir neçəsində Fazil Abbasquluzadə də iştirak edibmiş. Xalçaçı rəssamın dediyinə görə, Portuqaliyada Lissabondakı sərgiyə 36 dövlətdən ən məşhur rəssamlar dəvət olunmuşdu, biz də Tahir müəllimlə 32 xalça aparmışdıq. Sərgiyə gələnlərin hamısı bizim işlərin qabağında dayanır heyrətlə və heyranlıqla seyr edirdilər. Bəli, tətbiqi incəsənətimizin aparıcı qolu olan xalçaçılıq sənətimiz tamaşaçıları həmişə heyrətləndirib, bundan sonra da heyrətləndirəcək. Çünki o, istedadlı sənətkarların əlindədir.
P.S. Bu günlərdə Fazil Abbasquluzadənin 60 yaşı tamam oldu. Yubilyarı ürəkdən təbrik edir, ona xalçaları kimi rəngarəng gözəl ömür və yaradıcılıq uğurları arzulayırıq.
Maarif SOLTAN
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.23.