Əsəd Cahangir: "Sənətin
ali qayəsi Allahı dərk etməkdir"
- Əsəd müəllim, bu yaxınlarda incəsənət
məsələlərindən bəhs edən "Dionisin
şərəfinə" adlı kitabınız çapdan
çıxdı. Öz yazılarında Allah
ideyasını ardıcıl irəli sürən Əsəd
Cahangiri şərabçılıq tanrısının
şərəfinə kitab çıxarmağa vadar edən nə
olub?
- Təbrik
üçün sağ olun. Amma "Dionisin
şərəfinə" başlığı Allah
ideyasını inkar etmir. İncəsənət, özəlliklə
də teatr Dionisin
şərəfinə keçirilən oyunlardan yaranıb. Odur ki, Dionis mənim anlamımda sənət
tanrısıdır. Sənətin ali
qayəsi isə Allahı dərk etməkdir.
- Kitaba
"Teatral adam" adlı ön
sözü görkəmli rejissorumuz Bəhram Osmanov yazıb,
redaktorluğu tanınmış jurnalist Rizvan Əhmədli eləyib.
Niyə məhz onlar?
- Rizvan
Əhmədli ilə BDU-nun filologiya fakültəsindən
tanışam. Sonra mətbuatda bir yerdə
çalışmışıq. Kitabdakı
yazıların önəmli bir qismi 90-cı illərdə
onun baş redaktoru olduğu, mənim isə mədəniyyət
şöbəsinə başçılıq elədiyim
"Ekspress" qəzetində işıq üzü
görüb. Bəhram Osmanovla da
tanışlığımız təxminən o illərdən
başlayır. Kitabdakı yazılar bu
şəxslərin gözləri önündə yaranıb.
Ona görə kitaba redaktorluq və ön
sözü onların halal haqqı hesab etdim.
-
Kitabın maraqlı və orijinal tərtibatı var. İncəsənətin
sahələri üzrə fəsillər və fəsillər
daxilində janr üzrə bölgülər. Yanılmıramsa,
belə tərtib ilk dəfədir?
- Məncə
də, yanılmırsan. Mən kitabı necə
tərtib edəcəyim barədə xeyli
düşündüm. Tərtibləmədə
nəyi əsas prinsip kimi götürüm - incəsənətin
sahələrini, yoxsa janrları? Nəhayət,
bunların ortaq məxrəcə gətirilməsindən ibarət
bir tərtibat vermək qərarına gəldim. Fəsilləri teatr və dramaturgiya, kino, musiqi,
televiziya, kulturologiya deyə incəsənətin müxtəlif
sahələri üzrə adlandırdım və bu fəsillər
daxilindəki bölgünü məqalə, esse, resenziya,
portret, müsahibə, məruzə kimi janrlar üzrə
apardım. Bu tərtibat həm kitabı
daha yaxşı qavramağa, həm də lazım olan
materialı daha tez tapmağa oxucuya kömək edəcək.
- Kitabda həm
sayı, həm də sanbalına görə teatral yazılar
önəmli yer tutur. Bu diskriminasiyanın səbəbi
nədir?
- Sənətlə
ilk tanışlığım 5-6 yaşım olanda teatrla
başlayıb. Bu barədə Amaliya Pənahovanın
xatirəsinə həsr elədiyim "Mahnı dağlarda
qalmadı" adlı yazımda yazmışam. "Mahnı dağlarda qaldı"
tamaşasına qonşunun televizorunda baxmışdım,
çünki öz televizorumuz xarab olmuşdu. İndi sehrli bir yuxu kimi xatrıladığım o
tamaşa mənə güclü təsir eləmişdi.
Bu, mənim sənətə ilk məhəbbətim
idi. İlk məhəbbət isə,
bilirsiniz ki, unudulmur.
- Nə əcəb
teatr ixtisasını seçmədiniz?
- Atam
razı olmadı ki, teatr mütrüblükdür. Heç olmasa, incəsənətə yaxın sahə
kimi ədəbiyyatı seçməli oldum. Artıq filologiyanı bitirib, mətbuatda işləyirdim.
Lütfi Məmmədbəyovdan müsahibə
alanda təklif elədi ki, gəl səni İncəsənət
İnstitutuna rejissorluq fakültəsinə qəbul edək.
Razı olmadım ki, artıq gecdir. İndi başa düşürəm ki, gec
deyilmiş. Çünki rejissorluq adətən
ikinci təhsil olur, bu işlə məşğul olmaq
üçün müəyyən həyat təcrübəsi
tələb olunur. Bunu başa düşəndə
doğrudan da gec idi.
- Kitabda Lütfü Məmmədbəyova dair
"İlahi tamaşanın aktyoru" adlı portret
yazınız var.
- Mən
ondan teatrda müsahibə alanda bir də gördüm ki,
ayağa qalxıb pəncərəyə yaxınlaşdı,
üzünü çölə tutub səssizcə ağlamağa
başladı, çiyinləri titrəyirdi... Yazı
o vaxt işlədiyim "Ekspress" qəzetində dərc
olundu. Qəzeti götürüb getdim
teatra. Lütfü müəllim mənə
bir qutu şokolad və bahalı bir içki
bağışladı. Yazıdan çox
razı qalmışdı. Mənə sənətkar
deyirdi. Allah rəhmət eləsin,
çox yaxşı insan idi. Onun "Alov",
"Atayevlər ailəsində", "Göz həkimi"
televiziya tamaşaları çox məşhur idi. İlk serialımız olan "İtkin gəlin"ə
də quruluşu o vermişdi.
-
Rejissorlardan başqa kimlərin sənətini daha çox
sevirsiz?
- Bir
vaxtlar Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq
Kazımov kimi rejissorlarımız olub. Mən
onlardan Mehdi Məmmədovun "Dəli
yığıncağı" və "İblis"
tamaşalarını görmüşəm. Fəlsəfi düşüncəyə meyilli
rejissor idi. Görkəmli rejissorun
Hökümə Qurbanovaya dair "Onun sənət ulduzu"
kitabı mənim teatrla bağlı yazılarımın
üslubuna ciddi təsir edib. Müasirlərim
olan rejissorlardan isə Vaqif İbrahimoğlu, Hüseynağa
Atakişiyev və Bəhram Osmanovun tamaşaları mənə
daha maraqlı gəlirdi. Vaqif
İbrahimoğlunun "Lənkəran xanının vəziri"
tamaşası teatrımızda hadisə idi. Bu barədə "Vay dədəm, vay" adlı
bir yazı yazdım.
- Bu
resenziya öz qaravəlli üslubu ilə digər
yazlarınızdan seçilir.
-
Tamaşa özü qaravəlli janrında idi. İstədim
ki, tamaşanın ruhu yazının üslubunda öz əksini
tapsın. Tamaşa o qədər gözəl,
sirli, nağılvari idi ki, səhnəyə
çıxıb aktyorlarla birlikdə olmaq istəyirdin.
Vaqif müəllim bunu eşidəndə dedi ki, deməli, mən
bir rejissor kimi öz məqsədimə çatmışam. Bir dəfə Respublika sarayına film təqdimatına
gedirdim. Gördüm ki, Vaqif müəllim
parkda skamyada təkbaşına oturub. Çox
düşüncəli, qayğılı
görünürdü. Dedim ki, Vaqif müəllim
Axundovun "Təmsilat"ına daxil olan
digər komediyaları səhnələşdirsəz,
yaxşı olardı. Dedi ki, elə bir fikrim var. Bir neçə
aydan sonra ağır xəstəlikdən dünyasını
dəyişdi. Bu, teatrımıza böyük
itki idi. Allah rəhmət eləsin.
- Kitabda Hüseynağa Atakişiyevin tamaşaları ilə
bağlı resenziya yoxdur.
- Mən
onun direktorluq elədiyi Gənclər Teatrında ədəbi
hissə müdiri işləmişəm. Çox sakit, mədəni
adam idi. Ən adi bir cızma-qaradan
gözəl tamaşa qurmağı bacarırdı. Onun "Varlı qadın" tamaşası haqda
"Rənglərin oyunu və ya oyunun rəngləri"
adlı resenziya yazmışdım. Kitabın
materialları o qədər çox idi ki, seçim prosesində
necə olubsa, bu yazı yadıma düşməyib. İndi buna çox təəssüflənirəm.
- Kitabda ən
çox yazı Bəhram Osmanova həsr olunub.
- Bəhram
Osmanov şəxsən tanış
olduğum ilk rejissordur. Onun "Şekspir"
tamaşası milli səhnəmizdə postmodernizmin ən səciyyəvi
örnəyidir. Rejissor haqqında fikirlərimi
"Bəhramnamə" adlı yazımda ümumiləşdirdim.
Yazı sizin qəzetdə hissə-hissə dərc
olunurdu. Bir dəfə rastlaşdıq, dedi ki, day bəsdir
də, qurtarmırsan yazını hələ? Adətən,
deyirlər ki, məndən yaz, bunda isə əksinə idi.
Təəssüf edirəm ki, onun "Kaş
araba aşmayaydı", xüsusən də
"Uçqun" tamaşaları haqda yazmamışam.
"Kaş araba aşmayaydı"da Səyavuş
Aslanın bir səhnəsi vardı, təxminən yarım
saat səhnədə səssiz oturub gözünü zala zilləyirdi.
Bu, sözün bitdiyi yer idi. Səyavuşun ömrü boyu bundan gözəl səhnəsi
olmamışdı. Aktyorla bu cür işləməyi
bacaran, ondan istədiyini alan rejissor az
tapılar. O, Adil İsgəndərov, Mehdi Məmmədov,
Tofiq Kazımovla başlayan milli rejissura ənənəsinin
son görkəmli nümayəndəsidir. Onun Gənc
Tamaşaçılar teatrında səhnələşdirdiyi
"Müharibə" tamaşası isə sadəcə
şedevr idi.
- "İran kinosunun peyğəmbəri",
"Əsgər və Oskar" yazılarınız İran
sinemasına həsr olunub. Qonşu ölkənin
kinematoqrafiyasına bu özəl maraq hardan yaranıb?
- Sovet
vaxtı hamı kimi mən də "Mazandaran pələngi",
"Avropalı gəlin", "Uzun gecə" kimi İran
filmlərini görmüşdüm. Bir neçə il öncə İran rejissoru Əsgər Fərhadinin
"Satıcı" filmi "Oskar"a layiq görüləndə
"Əsgər və Oskar" məqaləsini yazdım.
Eşitdim, deyirlər ki, bu yazını Əsəd Cahangir
yaza bilməz, o, kinoşünas deyil, yəqin ki, internetdən
götürüb öz adına
çıxır. Bu, zəhmətimə verilən
ən yüksək qiymət idi. Məcid Məcidinin
"Peyğəmbər" filmi isə məni mövzusu ilə
cəlb elədi. Amma filmə baxıb məyus
odum. Ona görə film haqqında yazım
tənqidi alınıb. Vaxtilə Misir
rejissoru Akkadın da eyni mövzulu filminə baxıb məyus
olmuşdum. Çünki Peyğəmbər
haqqında filmi başqa cür təsəvvür edirdim.
Məcidi Bakıya gələndə onunla
görüşüb, "Artkaspi.az"saytı
üçün müsahibə elədik. O, doğrudan
da fenomenal kinematoqrafik təzahürdür. Onun
"Cənnətin cocuqları", "Sərçələrin
nəğməsi", özəlliklə də,
"Allahın rəngləri" filmləri dünya kinosunun
incilərdir. Eləcə də, Kiyarüstəminin
"Gilasın dadı", Məhməlbafın
"Prezident", Qubadinin "Sərxoş atlar
zamanı", Kamal Təbrizinin "Kərtənkələ",
Pənahinin "Ofsayd" filmləri. Amma
İran kinosuna marağım daha çox ideoloji amillə
bağlıdır. "Əskər və
Oskar" Amerikanın kinonu ideoloji silah kimi istifadə etməsinə
qarşı yazılıb. Bizdə də
bu meyl var və bunun ilk təzahürü Əkrəm
Əylislinin ermənipərəst-daşnakpərəst
mövqedən yazılan "Daş yuxular"
romanıdır. Özəlliklə də,
gənclərin bu meylin təsiri altına düşməsi
çox təhlükəlidir. Orxan Pamukun
olmayan soyqırımına görə ermənilərdən
üzr istəməsi, Sezen Aksunun öz mahnısında
islamın təməl prinsiplərini təhqir eləməsi
göstərir ki, Qərb xüsusi seçdiyi şəxslər
vasitəsilə türk-islam mədəniyyəti
daşıyıcılarının milli qürur və dini inanc
duyğusuna qarşı sənəti çox məharətlə
istifadə edir.
- Azərbaycan
kinosu haqda nə əcəb yazmırsız?
- Milli
kinomuzla bağlı neçə illərdir ki, bir layihə eləmək
istəyirəm. "Ögey ana", "Tütək səsi",
"Yeddi oğul istərəm", "Qayınana",
"Alma almaya bənzər", "Dərviş Parisi
partladır", "Axırıncı aşırım"
filmlərini çevrələyən bu layihəni "Səkkiz
film istərəm" adlandırmaq fikrim var. Bir də milli
kinomuzun simvolu Rasim Balayevlə bağlı portret yazı
yazmağı planlaşdırıram. Görək
nə olur, ya nəsib, ya qismət.
- Kitabda
onlarla sənət adamından müsahibələriniz də
yer alıb. Onlarla bağlı xatirələriniz
olmamış olmaz.
- Bu barədə
özümü şanslı sayıram. Barat
xanımla Travmatologiya İnstitutunun yanındakı evində
tez-tez görüşür, gecə yarıyacan teatr barədə
söhbətlər edirdik. O, mənə teatrın elə
pərdəarxası sirlərini açıb ki, əgər
bunları yazsam, yer yerindən oynayar. Leyla Bədirbəyli
çox mehriban idi. Bir dəfə
soruşdum ki, Leyla xanım, özünüzü xoşbəxt
sayırsızmı? Dedi ki, bəli, insana daha nə
lazımdır ki? Bir neçə aydan sonra
Almaniyadan qayıdan həyat yoldaşı avtoqəzaya
düşüb dünyasını dəyişdi. Kişinin qırxı çıxmamış
qızını Kukla Teatrının qabağında
maşın vurdu, öldü. Leyla
xanım bundan sonra özünə qapandı və
ömrünün axırlarını tənhalıq
içində başa vurdu. Sara xanım Qədimova
çox qonaqpərvər idi. Novruz
bayramında məni evinə dəvət elədi, öz əliylə
bişirdiyi şirniyyatlara, yeməklərə qonaq elədi.
Amaliya Pənahova mənə "ən sadiq pərəstişkarım"
deyirdi. Həsən Məmmədov çox
kübar idi, ürəyi elə bil ki, şüşədəniydi,
ehtiyat edirdin ki, salıb sındıra bilərsən. Qazandığı şöhrətə baxmayaraq,
Rasim Balayev çox sadə adamdır. Amaliya
xanımın xatirəsinə yazdığım yazımı
oxuyub dedi ki, "adam istəyir ölsün ki, onun
haqqında belə yazı yazılsın". Hələ
mənim hansısa yazıma bundan yüksək qiymət verən
olmamışdı. Onlar böyük sənətkar
olduqları qədər böyük insanlardır.
Sağ olsun cənab Prezidentimiz, sənət adamlarına
qayğıyla yanaşır. Onun Rasim Balayevə
telefon açıb, hal-əhval tutması bu
qayğının, diqqətin təzahürüdür.
- Qocaman
muğam ifaçıları ilə yanaşı, kitabda gənc
xanəndə Murad Laçınlı ilə bağlı
müsahibə də yer alıb. Sizin
Şuşada ikən Muradı mənə təqdimatınızı
da yaxşı xatırlayıram. Böyük
şövqlə bəhs edirdiniz.
- Murad
musiqidə fenomenal təzahürdür. Onun
yüksək improvizə qabiliyyəti var, səs tembri ürəyəyatandır,
bəmi, zili-hamısı yerində. "Şirin yuxun
olaydım" mahnısını Rövşən Behcətdən
üzü bəri onlarla müğənni oxuyub, amma
Muradın ifası bu mahnıya yeni nəfəs verdi.
Mən hələ belə ismətli səs
görməmişəm. Onun 8-9 yaşda
oxuduğu muğam hətta Putini təsirləndirib. O dərəcədə
ki, konsertin sonunda Muradı axtarırmış. Sağ
olsun Heydər Əliyev Fondu, onun rəhbəri Mehriban xanım
Əliyeva ki, belə fenomenal istedadlı gənclərə
qayğısını əsirgəmir.
- Məşhur "Səs" essenizi kitabın
axırında kulturologiya bölməsinə daxil etməyiniz
hansı fikri ifadə edir?
- "Səs" əvvəla Qarabağ deməkdir, bu kitab isə qələbədən sonra ərsəyə gəlib. "Səs" essesini şəhidlərimizin müqəddəs ruhuna ithaf eləmişəm. Digər tərəfdən "Səs"də incəsənətin ən müxtəlif sahələri birləşir. Odur ki, yekunlaşdırıcı yazı kimi esseni kitaba daxil etməyi lazım bildim.
- Essedə yazırsınız: "Əski sənət yaşadırdı, çağdaş sənət öldürür. Çünki əski sənət Allahın "Ol" əmrinə yaxın idi, çağdaş sənət İsrafilin "Öl!" əmrinə". Doğrudan, çağdaş sənətdə yaşadan heç nə yoxdur?
- Var, əlbəttə, amma bu yazını mən 1999-cu ildə yazmışam və o, Aydın Məmmədov adına "İlin essesi" mükafatı alıb. Onda çağdaş sənət ölümə gedirdi. Yeni minillikdən sənətin yeni də dirimi başladı. Səmənədr kül altından baş qaldıran kimi. Bütün sənət tarixi belə fasiləsiz ölüm-dirimlərdən ibarətdir. Qışla bahar fasiləsiz əvəzlənmədə, insan fasiləsiz nəfəs verib almada olduğu kimi. Əsas odur ki, bu ikiliklərin əsasında hər şeyi özündə birləşdirən birlik, yəni Allah var və sənətin əsas missiyası da insanı o birlik düşüncəsinə gətirməkdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.19;24.