Müasir elm və təhsildə
parlaq uğurların ünvanı
Bu gün görkəmli alim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun
60 yaşı tamam olur. Milli elm və təhsilimizin
inkişafına mühüm
töhfələr vermiş
Ədalət Muradovun
son illərdə UNEC-in rektoru
kimi göstərdiyi mühüm fəaliyyət
bu universiteti təkcə Azərbaycanın
deyil, ümumən dünyanın ən nüfuzlu təhsil ocaqları səviyyəsinə
yüksəldib. Buna görə
də cəsarətlə
demək mümkündür
ki, professor Ədalət
Muradovun rektorluq dövrü həm UNEC-in,
həm də bütövlükdə Azərbaycan
ali məktəblərinin
tarixində müstəsna
əhəmiyyətə malik
bir mərhələ təşkil edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
2014-cü ildə professor Ədalət
Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) rektor
təyin olunub. Ədalət
müəllim UNEC-ə rəhbərlik
etdikdən sonra ölkənin yeganə ali iqtisadi
təhsil müəssisəsi
olaraq yüksək ixtisaslı iqtisadçı
kadrların hazırlanmasında
müstəsna xidmətləri
olan universitetdə çox mühüm islahatlar aparılıb. Son illərdə UNEC çox böyük inkişaf yolu keçib, mühüm yeniliklərə, uğurlara
imza atıb. Demək olar ki, universitet
tamamilə yenilənib.
Şəffaf idarəetmə sistemi
bərpa olunub, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflıq və obyektivlik ön plana çəkilib. UNEC ölkədə
sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və sair ixtisaslar
üzrə kadr hazırlığı və
elmi-tədqiqat mərkəzinə
çevrilib. Təhsildə ən müasir tendensiyalar nəzərə
alınaraq elektron universitet modeli, elektron sənəd dövriyyəsi, "Bir
pəncərə" onlayn sistemi, əcnəbilərin və
təkrar ali təhsilə qəbulun
internet üzərindən həyata
keçirilməsi sistemi
yaradılıb. Ən müasir
texnologiyalarla təchiz
olunan və 20 min tələbəyə distant təhsil
vermək gücündə
olan "UNEC Extern" mərkəzi
istifadəyə verilib.
UNEC-in ciddi tədqiqatlar
aparan və tədqiqatların nəticələrini
beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında
uğurlar əldə
olunub. 30-dan çox
tədqiqat mərkəzi
yaradılıb. 9 nüfuzlu xarici universitetlə ikili diplom proqramı reallaşdırılıb. UNEC Rusiya Federasiyası
ərazisində təhsil
xidmətləri göstərmək
üçün yeganə
xarici universitet kimi lisenziya alıb. Yunanıstanda akkreditasiyadan keçirilib,
Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırıb.
Zaqatalada UNEC-in filialının açılması
və Maliyyə-İqtisad
kollecinin universitetin nəzdinə verilməsi ilə UNEC-in klasterləşməsi
həyata keçirilib. Tələbə özünüidarəetməsində yeniliklərə imza atılıb. UNEC Yaradıcılıq
Mərkəzi, İdman
Klubu, UNEC Radionun fəaliyyəti təşkil
edilib. UNEC Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali
təhsil müəssisələri
sırasında, eləcə
də MBA təhsilində
ixtisasların və tələbələrin sayına
görə liderliyə
nail olunub.
Bütün tədris binalarında ən müasir tələblərə cavab
verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana
qurulub. Texniki və texnoloji
ixtisas üzrə 3000
tələbə üçün
nəzərdə tutulmuş
müasir tədris kompleksi inşa edilib. İş dünyası ilə
strateji əməkdaşlıq
platforması olan
UNEC2B reallaşdırılıb. İlk dəfə olaraq, 2016-cı ildə
UNEC-in QS Reytinq Agentliyinin
reytinq siyahısına
daxil edilməsinə
nail olunub. UNEC inkişaf etməkdə olan Avropa və
Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet
sırasına daxil oldu və regionun
ən yaxşı
4-cü iqtisad yönümlü
universiteti seçilib.
UniRank reytinqində
UNEC hər il
Azərbaycanın ən
yaxşı ali məktəbi oldu. Nüfuzlu "Webometrics"
reytinqinə əsasən,
UNEC "Google akademik istinadlarının
sayı"na görə hər il Azərbaycanda birincidir.
"UI Green Metric World University Rankings" reytinq siyahısına görə, UNEC 2019-cu ildə
dünya üzrə
432-ci, Azərbaycan üzrə
isə 1-ci "yaşıl"
universitet kimi tanındı. 22 aprel 2020-ci ildə "THE İmpact Ranking"in açıqladığı
reytinqdə UNEC dünya
universitetləri arasında
619-cu, Azərbaycanda isə
1-ci yerə yüksəldi.
U-Multirank bir
neçə gün əvvəl açıqladığı
reytinqə əsasən,
UNEC iqtisadiyyat fənni
üzrə artiq dünyanın 250 ən yaxşı universitetlərindən
biridir.
Ədalət Muradovun əsas
hədəfi
"UNEC-100" İnkişaf Strategiyasına əsasən,
UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 ali məktəblərindən
birinə çevirməkdir. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər
istiqamətlər üzrə
UNEC bir çox
regional universitetlərə örnək ola
biləcək ali təhsil mərkəzidir.
UNEC-in dünya səviyyəli universitetə
çevirmək üçün
yetərincə potensialı
da var. İnanırıq
ki, Ədalət Muradovun əzimkarlığı
sayəsində UNEC-in sədası
daha mötəbər
mövqelərdən gələcək.
Ə.Muradovun rektorluq fəaliyyəti dövlətimizin başçısı
tərəfindən yüksək
qiymətləndirilib. Prezident
İlham Əliyevin 24
sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və
Azərbaycanda təhsilin
inkişafındakı xidmətlərinə
görə "Şöhrət"
ordeni ilə təltif edilib.
Millət
vəkili Etibar Əliyev deyir ki, UNEC yaxın gələcəkdə ölkəmizdə
və dünyada ən məşhur universitet olacaq: "Düşünürəm ki,
yaxın gələcəkdə
UNEC tədqiqat universiteti
kimi Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən
olacaq. UNEC-in rektoru
Ədalət Muradov çox innovativ şəxsdir. Ali təhsil sahəsində zəngin ideyalara sahibdir. O, iqtisadiyyat elminin gələcəyini
görür. UNEC-in qarşısında daha böyük hədəflər
var. Ədalət Muradovun
rəhbərliyi altında
o hədəflərə doğru
gedilir".
Bu gün UNEC-də
tələbələri onları
narahat edən problemləri rahatlıqla rektorları ilə bölüşə bilirlər. Rektor tələbələrinə
öz haqlarını,
hüquqlarını müdafiə
etmək imkanı verib. Bu gün
UNEC-də təkcə
savadlı, bacarıqlı,
səriştəli mütəxəssis
yox, həm də Azərbaycanın gələcəyini təmin
etmək iqtidarında
olan, öz hüquqlarını müdafiə
etməyi bacaran vətəndaşlar yetişdirilir.
Bu da Ədalət
Muradovun rektor olaraq əldə etdiyi böyük nailiyyətdir.
Professor, Əməkdar elm xadimi Şahlar Əsgərov deyir ki, Azərbaycan
Dövlət İqtisad
Universiteti - UNEC indi dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir:
"Son illərdə UNEC-də
bir çox zəruri islahat aparılıb və müsbət nəticələr
əldə olunub. Əmək bazarının tələbləri
nəzərə alınmaqla
qəbul planında dəyişikliklər edilib,
ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə
ilə əlaqədar
yeni mərhələyə
qədəm qoyulub.
Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı
təmin etməkdir.
Rektor Ədalət Muradov UNEC-i tədqiqat universitetinə çevirmək
istiqamətində qarşıya
qoyduğu strateji hədəfə qısa bir zamanda çata
bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın
ən yaxşı 500
universitetindən birinə
çevrilməsi nəzərdə
tutulub. Mən əminəm ki,
UNEC daha tez bir müddətdə hədəfinə çatacaq
və dünyanın ən yaxşı 500 universitetindən biri olacaq. Bu universitet
müasir idarəetmə
sisteminə sahibdir.
Ədalət müəllim Azərbaycan
təhsilində gələcəyin
universiteti modelini hazırlayır. Belə desək,
XXI əsrin universitetini
qurur. Fəaliyyətini hər istiqamətdən
dəyərləndirərək UNEC-in fəaliyyətini yüksək
dəyərləndirirəm. UNEC Azərbaycan təhsil
sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən,
öz missiyasını
daha irəli götürmək istəyən
bir təhsil brendidir. UNEC Dünya
Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti və
bu kimi bir
sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü
olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq
edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı
laureatının UNEC-in fəxri
doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində
müxtəlif istiqamətlər
üzrə mühazirələr
aparması da bu ali təhsil müəssisəsinin
beynəlxalq aləmdə
nüfuzunun artmasını
bir daha təsdiq edir.
Şahlar
Əsgərov bildirib
ki, dünyanın bir sıra aparıcı
ali təhsil müəssisələri ilə
əməkdaşlıq edən
UNEC təhsil xidmətlərinin
ixracı baxımından
da bir sıra
yeniliklərə imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri
ilə, o cümlədən,
İngiltərənin London Universiteti/London İqtisad Məktəbi, Fransanın
Monpelye, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes
və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman
Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, son illər UNEC-də təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində ciddi işlər görülüb: "Həqiqətən UNEC son illər böyük uğurlara nail olub. Burada universitetin rektoru, professor Ədalət Muradovun ciddi səyləri və prinsipiallığı yüksək qiymətləndirilməlidir. Universitetin daima üzərində işlədiyi, yeniliklərin axtarışında olduğu, kadr bazasını təkmilləşdirməkdə maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq etdiyi, müəllimlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı müşahidə olunur. UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir".
Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov UNEC-i ölkənin universitet modeli olaraq görür: "UNEC son illərdə xeyli yenilənib. Onun timsalında biz Azərbaycan universiteti modelini görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və ən müasir təhsil müəssisəsidir. Bura həm universitet, həm də elmi tədqiqat mərkəzidir. Dünyada aparılan yenilikçi işləri bu ali təhsil müəssisəsinin timsalında görə bilərik".
Professor Ədalət Muradovu 60 illik yubileyi münasibətilə, "525-ci qəzet"in kollektivi olaraq, səmimi qəlbdən təbrik edir, görkəmli alimə möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar diləyirik!
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.17.