USTAD UCALIĞI
Günlərdən bəri hər kəs professor Cahangir Məmmədlinin 80 illik yubileyi münasibətilə
yazılar yazır, sosial şəbəkələrdə
ona statuslar həsr edir. Keçmiş tələbələri, indiki
tələbələri, həmkarları
onunla ən gözəl xatirələrini
bölüşürlər. Hamısını tək-tək oxuyuram.
İllərdir, tanıdığım, sevdiyim Cahangir Məmmədlidən başqası
yoxdur o yazılarda.
Cahangir müəllim
mənə dərs deməyib, heç mən də Jurnalistika fakültəsinin
məzunu deyiləm. Amma icazə
versəydi, ona Ustad deyərdim. Dərs təkcə auditoriyada, parta arxasında olmaz ki.
Mən Cahangir müəllimdən jurnalistikanın
deyil, insanlığın
sirlərini öyrənmişəm. Öyrənmişəm ki, hansı yaşda, hansı statusda, hansı ucalıqda olmağına baxmayaraq, özündən
dəfələrlə kiçik,
təcrübəsiz bir
gəncin ən xırda işinə belə diqqət göstərmək, onu həvəsləndirmək, onda
özünə inam yaratmaq olarmış.
Öyrənmişəm ki,
sevgi təkcə xoş sözlər deyil, bəzən içdən gələn
bir təbəssüm
də ola
bilirmiş. Öyrənmişəm ki, bəzən
ən yaxınından,
ən doğmandan görmədiyin diqqəti
tamamilə yad insandan da görmək
olurmuş.
"525-ci qəzet"də təzə işlədiyim
vaxtlar idi. Bir gün
redaktorumuz Yusif Rzayev gəlib telefonunu mənə uzatdı ki, Cahangir Məmmədli sənlə danışmaq
istəyir. Düzü, çaşıb
qaldım. O vaxtacan
Cahangir müəllimi
canlı görməmiş,
kəlmə kəsməmişdim.
Çəkinə-çəkinə telefonu qulağıma
apardım. Dəstəkdən gələn ilıq, mehriban səs bütün ruhuma rahatlıq bəxş elədi. Mənə
müraciətini xatırlayıram:
"Nənə". Bilənlər bilir, ağdamlıların
əziz bildikləri, qızı kimi gördüklərinə müraciətidir
"nənə". Ruhuma doğmalıq bəxş
edən o səs qəzetdə yeni çıxan yazılarımdan
biri haqda danışırdı. Hələ
bunu da dedi
ki, mənim yazılarımı mütəmadi
izləyir və təqdir edir. Nə yalan deyim, həm
sevinmiş, həm də qürurlanmışdım.
Ən çox isə təəccüblənmişdim. Axı bizdə var böyüklərin kiçiklərə
tərif xəsisliyi, qızırqalanmaqları. O səs isə səmimi, içdən sözləriylə ruhumu isidir, təəccübümdən
buza dönmüş hisslərimin donunu açırdı.
Sonra tədbirlərdə
tez-tez qarşılaşdıq
Cahangir müəllimlə. O şax
duruşunun, gülən
gözlərinin arxasında
həmişə kövrək
bir qəlb boylandı ruhuma sarı. Gördüm ki, sən demə, onun bu kövrək istisinə qızınan tək insan mən deyiləm. Cahangir Məmmədli əli yetən, ünü çatan hər kəsə, xüsusən,
istedad işığı
gördüyü gənc
qələm sahiblərinə
qarşı bu cürdür.
Nə zaman telefonumun ekranında Cahangir Məmmədlinin adını görsəm,
üzüm gülür. Onunla söhbətlər,
verdiyi tövsiyələr
tək yaradıcılığıma
deyil, həyat yoluma da işıq
saçır, mayak olur. Söhbətlərimiz
isə Cahangir müəllimin təxminən
eyni ərkyana tapşırığıyla bitir:
"Nənə, bax birdən maddi, mənəvi nəyəsə
ehtiyacın olar, mənə deməzsən
ha. Vallah
inciyərəm. Öz
baban kimi bil məni, nə vaxt nə
lazım olsa, çəkinmə..."
Bu həssaslığın ona hardan gəldiyini
isə çox sonralar öyrəndim. Müasir jurnalistikanın
əfsanələrindən, bütün jurnalistlərin
müəllimi olan mərhum Şirməmməd
Hüseynovun yubiley tədbirində Cahangir Məmmədli öz müəllimiylə bağlı
xatirələrindən bəhs
edirdi. Onda danışdığı bir hadisəni heç unutmuram. Uşaq yaşından atasını
itirən, yoxsulluq içərisində böyüyən
Cahangir müəllimin
tələbəliyi də
asan keçməyib.
Necə deyərlər, bir qarnı ac, bir qarnı tox, əyni nazik, başı açıq ötüşdürüb günlərini.
Ruhunu doyuran, qəlbini isidən isə seçdiyi sənət yolu, dərsləri, kitabları olub. Bir də müəllimi Şirməmməd Hüseynovun
ucalığı. Gənc tələbəsinin
elmə marağını,
jurnalistikaya sevgisini görən Şirməmməd
müəllim tələbəsini
diqqətdən kənar
qoymayıb, hər zaman həm elm, həm də həyat yolunda inamla addımlaması üçün dəstəyini
əsirgəməyib. Hətta bir dəfə çox soyuq havada tələbəsinin
köhnə pencəkdə
dərsə gəlib getdiyini görən müəllim özünün
paltosunu ona hədiyyə edib. Cahangir müəllim deyir ki, o palto ömrümdə
aldığım ən
gözəl hədiyyə
idi. Sonra özü müəllim
olanda ustadının yolunu ən layiqli şəkildə davam etdirəcəyinə
söz verir və bu sözünə
yarım əsrdən
çoxdur, sadiq qalmaqda davam edir.
Bəli, müəllim təkcə dərs
öyrədən, tələbə yetişdirən deyil. Müəllim həm də insan yetişdirəndir. Behiştlik Şirməmməd
Hüseynov Cahangir Məmmədlini yetişdirməyi
bacarmışdı. Bu
gün də Cahangir Məmmədli beləcə yüzlərlə,
minlərlə jurnalistin
insan kimi yetişməsində əvəzsiz
rol oynayır.
Ağdamda doğulub Cahangir müəllim. Onun mavi gözlərində
Ağdam kədərini
görmək heç
də çətin deyildi. Doğma yurduyla bağlı
söhbətlərinin, xatirələrinin
dəfələrlə dinləyicisi
olmuşam. Gah duman
gəlib gözlərinə,
gah da qəhər
oturub boğazına.
Amma həmişə gülüb
üzü. İnamını, ümidini itirməyib, ətrafındakılara da
itirməyə qoymayıb.
Nəhayət, tale bəlkə də Cahangir müəllimin bu səmimi, uşaqca inamına cavab kimi bəxş elədi Qarabağı bizə. Doğma yurdu Ağdam
işğaldan azad edildi. Yaxın günlərdə 80 illik yubileyinə hədiyyə kimi getdi Cahangir müəllim Ağdama.
Onun bu səfərindən hazırlanmış filmdə
ən çox diqqət etdiyim qocaman ustadımızın
həsrət dolu gözləri idi. Maşının pəncərəsindən
doğma Ağdamına,
tanış küçələrə zillənən
baxışlar sanki gecikməsinə görə
torpaqdan üzr istəyir, bu qovuşma üçün
göylərə təşəkkür
edirdi. Göylər dedim,
Allah adamıdır Cahangir
müəllim. Yaradanına bağlılığı
hər birimizə yaxşı məlumdur.
İllər sonrakı
bu qovuşmanın ilk
ünvanı olaraq
"Allahın evi"ni - Ağdam Cümə məscidini seçməsi də təsadüfi deyildi. Allahına təşəkkürə,
minnətdarlığa, şükrə
tələsirdi o. 80 yaşlı
el ağsaqqalımıza, qəlbi
uşaq kövrəkliyiylə
çırpınan böyüyümüzə
bu müqəddəs ziyarəti bəxş edən Allaha biz də nə qədər şükür
etsək, azdır.
Əziz oxucu, bəlkə də professor, Əməkdar
jurnalist, BDU-nun kafedra müdiri Cahangir Məmmədli haqqındakı
bu təbrik yazımda fikirlərin, hadisələrin pərakəndəliyi
sizi təəccübləndirəcək. Ancaq təəccüblənməyinizi
istəməzdim. İnsan çox
sevdiyi doğması haqda heç də ölçü-biçili
danışa bilmir ki. Axı o sevginin özü
ölçüyə sığmır,
təsviri necə sığsın?!
Sonda əziz böyüyümüzü,
dəyərli ustadımızı
80 illik yubileyi münasibətilə həm
öz adımdan, həm də "525-ci qəzet"in əməkdaşları
adından təbrik edir, ona möhkəm
can- sağlığı, uzun
ömür arzulayıram!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.15.