QARDAŞ BAYATILARI  

 

 

 

Adına baxıb elə güman etməyin ki, onları qardaşlar yaradıb. Yoox, hardaydı elə xeyir ? Qardaşlarçün bayatıları bacılar yaradıb. Həm bu növ qardaş məhəbbətilə yoğrulmuş bayatılardan danışmağımın ayrıca səbəbi var. Hətta belə bayatılardan elə o vaxt xırdaca bildirişlə "Ekran-Efir"də yazım da gedib. Hansı vaxt? Elə məsələ bundadır ki, o zaman mənə verilən bir sualı cavablandırmalıydım. Vaxtilə bayatılar üzərində işləyəndə professor Tofiq Hacıyevin təkidilə "Tarixi bayatılar" haqqında yazmışdım. Sonradan "Bayatı düşüncələrim" tədqiqatımla Türkiyədə ümumdünya türkoloqları qarşısında geniş məruzə edəndə həmin mətn bütünlükdə Türkiyədə nəşr olunan "Azərbaycan" jurnalında çap edilmişdi (çıxışımı kasetə yazıblarmış). Orada tarixi bayatılardan danışsam da, folklorda ana yaradıcılığı, bacı yaradıcılığı, bacı bayatıları kimi mövzulardan ayrılıqda bəhs etməmişdim. Sonralar "Folklorda qadın-Ana yaradıcılığı" mövzusunu işləyərkən yenə bu mövzuya ayrıca yer verməmişdim. Görünür, hardasa lazım imiş... Bir gün yanıma bir müəllim bir şagird gəldi belə bir sual verdilər mənə: "Neyçün bacı qardaşı çox istəyir?" Sualı cavablandırmağa çalışdım. Ondan sonra mövzu məni tutdu. Bütün varlığıyla xalq yaradıcılığına bağlı, sevdiyim şair Məmməd Aslanla söhbətdə bu barədə söz açdım. "Yaz, sualı necə cavablandırmısansa, bir neçə nümunəsilə yaz ver, çap edək" dedi. Xırdaca bir məqaləm "Ekran-Efir"də çap olundu. Amma yenə rahat deyildim. Bacı dilindən qopmuşdusa, başqa mövzu üzərində işləyərkəm qulaqlarımda səslənirdi. Odur ki, "qardaş bayatıları" yenidən yazmağı lazım bildim. Bu böyük ANA məhəbbətindən sonra, ən böyük, lazım gəldikdə qardaş üçün ananı əvəz edən BACI məhəbbətinin tərənnümüdür.

 

Bacının dilində qardaş həmişə "xan", "xan qardaş" olub, əzizlənib. Onu dinindən, imanından üstün tutub. Qardaş onunçün xandır, dindir, imandır; hər zaman qardaş yolunda qurban getməyə hazırdır.

 

Ay qardaş, xanım qardaş,

Dinim, imanım qardaş,

Gündə min kəz qurbandı

Sənə bu canım, qardaş!

 

Gözləri qardaş üçün qız axtarıb:

 

Ay da ulduzun pəri,

Xiyar-qarpızın təri.

Gəl alım xan qardaşa,

Olum baldızın Pəri!

- deyib.

 

Qardaş yolunu gözləyən bacı heç vaxt naümid olmayıb, dua-sənayla gözləyib:

 

Gəlin gedək xanlara,

Yalvaraq imamlara,

Su səpək, çadır quraq

Qardaş gələn yollara.

 

Bacı həmişə qardaşın havasına uçub; mahnılarda, düzgülərdə belə qardaş toyunda oynaya bilmək həvəsində olub. Bülbülümüz necə şövqlə oxuyurdu:

 

"O gülün birin üzeydim,

Tellərinə düzeydim.

Qardaşımın toyunda,

Sındıra-sındıra süzeydim".

 

Nazəndə bacı rəqsinin, coşqun bacı məhəbbətinin ritmi var hər misrasında. Bacı həmişə düşünüb ki: "Üzük qaşıyla tanınar, bacı qardaşıyla", filan pəhləvanın, qəhrəmanın, sadəcə yaxşı insanın bacısı adını daşımaqla fərəh duyub. Özü bir igidlik, yaxşı əməl sahibi olubsa, bunu qardaşın adıyla bağlayıb. Dastan nağıllarımızda qədim Türk-Azəri qızı belə olub. Belə bir nağıl-rəvayət var. Bir qadının əri, oğlu qardaşı həbs olunubmuş. Üçü dara çəkiləcəkmiş. Dar ağacı qurulubmuş. Meydan süpürülüb, sulanıbmış. Taxt-rəvan hazırlanıbmış. Şah gəlib əyləşən kimi, bir qadın başından kəlağayısını açıb, şahın ayaqları altına atır. Şah deyir:

 

- Qadın, sən ismət pərdəsini üzündən götürüb "aman" diləyirsən. Bilirəm ki, bu üç nəfər sənin ən yaxın adamlarındı. Cürətinə görə onlardan birini sənə bağışlayıram. Seç, de: kimi?

 

Qadın düşünmədən deyir:

 

- Qardaşımı.

 

Padşah, vəzir-vəkil, meydanı əhatə edən yetiklilər heyrət içində donub qalır. Şah özünü ələ alıb soruşur:

 

- Neyçün qardaşını? Məgər oğlun, ərin əziz deyil sənə?

 

Arvad cürətlə cavab verir:

 

- Əzizdilər, qibleyi-aləm. 25 ilin baş yoldaşı ismətimdir. 20 yaşlı oğlumu boya-başa çatdıracan kipriyimlə od götürmüşəm. Amma...

 

Şah qəzəblənir:

 

- amma?

 

- Məni bağışla, qibleyi-aləm. Amması budur ki, ər eldəndi, ərə gedə bilərəm. Oğul bətnimdəndi, doğa bilərəm. Ancaq atam-anam vəfat edib, qardaş tapa bilmərəm.

 

Şahın xoşu gəlir qadının izahından. Deyir:

 

- Ana-bacılarımızın ən müdriki, get apar əzizlərini. Üçünü sənə bağışlayıram.

 

Bayatılarımızdan xeyli danışmış, bir neçə irili-xırdalı məqalə yazmışam. Türk dünyasında çox yayğın olan bayatı kərküklərdə xoryad, Türkiyə türklərində mani, muğallarda hayla, bizdə bayatı, qaqauzlarada, tütkmən, özbək, qazax başqa soylarımızda müxtəlif adlansa da, məzmun, forma bir olub. bayatılar ümumilikdə möhtəşəm bir dastan siqlətindədir. Elə bir dastan ki, burada bir millətin tarixi, adət ənənəli mənəviyyatı, fəlsəfi düşüncələri, bütün "yeddi rəng çalarları", nənənin uzatdığı örkən-göy qurşağının əlvan rənglərində öz əksini tapmışdır.

 

Bacının, sevən qəlbinin qüruru sandığı qardaşcün günəşdən bir tel alıb, incilər kimi düzdüyü qardaş bayatıları da bu möhtəşəm dastanın bircəcik səhifəsidir. El içində fəxr edəndə bacı deyib:

 

Ağacın adamı var,

Yeməyə badamı var,

Qardaş, gəl qapımdan gir,

Desinlər: adamı var...

 

 

Əzizə CƏFƏRZADƏ

 

525-ci qəzet.- 2022.- 29 yanvar.- S.14;15.