Aləmdə səsi qaldı...

 

 

Xalq yazıçısı, filologiya elmləri doktoru, 1980-90-cı illər arasında Azərbaycan Qadınlar Şurasının sədri olmuş, "Şöhrət" ordenli, Prezidentin Fərdi təqaüdçüsü, irili-xırdalı 60-dan artıq romanın, povestin, hekayənin, ssenarinin, rus dilindən çevrilmiş bədii tərcümə nümunələrinin müəllifi Əzizə xanım Cəfərzadəni bir qədər ətraflı nişan vermək olardı, amma mənim məqsədim, sadəcə, Əzizə xanımla şəxsi görüşlərimdən bəhs etmək görkəmli yazıçının bir məktubunu, daha doğrusu, bu məktubun bir parçasını sizinlə paylaşmaqdır.

Təsadüf elə gətirdi ki, 1984-cü ildə Əzizə xanımın "Azərbaycan" jurnalına təqdim etdiyi "Bakı-1501" romanının redaksiyada ilk oxucusu mən oldum, şəksiz, tələb olunan incə məqamların fərqinə varmadan, müəllifə iradlarımı da bildirdim. Mənə axıracan qulaq asdı, qeydlərimə nəzər saldı, gülümsədi əlyazmasını götürüb keçdi baş redaktorun otağına.

O zamanlar artıq Əzizə xanım, Xurşidbanu Natəvan haqqında silsilə hekayələri povestləri ilə yanaşı, Seyid Əzim Şirvaninin həyatı taleyi ilə bağlı "Aləmdə səsim var mənim" romanını da, Xalq şairi Rəsul Rzanın ön sözüylə, çap etdirmişdi oxucu kütləsi öz yerində, ədəbi ictimaiyyət arasında da böyük ehtiram qazanmışdı. Üstəlik , Əzizə xanım Şirvanda, Udulu kəndində öz vəsaiti hesabına məktəb binası tikdirməyə başlamışdı hamı bu barədə danışırdı. Bu günlər, bir qədər aralıdan baxanda, Əzizə xanımı Sovet dönəminin ilik xeyriyyəçisi kimi təqdim etmək olar, amma sözüm onda yox, "Bakı-1501" romanı "Azərbaycan" jurnalında cüzi ixtisarla çap olundu mənə elə gəldi ki, Əzizə xanım məndən inciyib. Amma zaman-zaman hiss etdim ki, yanılmışam; o, hər dəfə qarşılaşanda ayaq saxlayır, gülümsəyir məni xeyli sorğu-suala tuturdu. bu da onunla nəticələndi ki, təzə yazdığı "Bəla" povestinin əlyazmasını, redaksiyaya təqdim etməzdən qabaq, oxumaq üçün mənə verdi. İş elə gətirdi ki, povest oxucu kütləsinə çatdırılandan sonra mən bu povest haqqında əvvəl "Ədəbiyyat qəzeti"nə (sonralar da "525-ci qəzet"ə) məqalələr yazdım. Beləcə dostlaşdıq, hətta onun Nizami küçəsindəki mənzilini tanıdım o zaman mənə məlum oldu ki, tək yaşayan Əzizə xanımı Elçin müəllim vaxtaşırı ziyarət eləyir. O, yaxın dostları sırasında ən çox Elçindən soz salırdı, o zaman artıq Yazıçılar İttifaqının katibi olan Elçindən. O ki qaldı Əzizə xanımın üçün tək yaşamasına, mən bunun səbəbini sonralar bildim; bildim ki, hələ körpə ikən yeganə övladını itirib təyyarəçi həyat yoldaşı Məmməd dünyasını dəyişəndən sonra tamam tək qalıb. Bəli, tək qalıb, amma TƏNHA yox... O zaman da bu fikirdə idim ki, Əzizə xanımın zəngin, son dərəcə məhsuldar yaradıcılığına həm bu təklik təkan verib. O, yaradıcılığa sarılmaqla, taleyin amansızlığına qarşı, qədər-qismətdən gələn savaşda acılarına güc gəlib. Yəqin ki, onun kimi cavanlığında övlad itkisi yaşamış xan qızı Xurşidbanu Natəvan haqqında silsilə hekayələr yazması da səbəbsiz deyilmiş. Natəvanın da cavan yaşında bala dağı görməsi, həssas bir qadın kimi onu "tərpətməyə" bilməzdi.

1993-cü ildə, on illik aradan sonra, yenidən Azərbaycan radiosu ilə əməkdaşlıq etməyə başlamağım, bir daha Əzizə xanımla sıx ünsiyyətimizə səbəb oldu. Axı, məm Əzizə xanımın folklorumuzu sevə-sevə nələr yazdığını, hansı mənbələri araşdırdığını bilirdim. Bilirdim ki, hətta onun doktorluq dissertasiyası da folklorumuzla bağlıdır. Beləliklə, mən səsyazanımı götürüb, ayda azı bir dəfə Əzizə xanımın qapısını döyürdüm.

İndi Azərbaycan radiosunun Qızıl Fondunda, müxtəlif verilişlərdə Əzizə xanımın irili-xırdalı yüzlərlə söhbəti - səsi qalır. O, həqiqətən, sözün həqiqi mənasında sinədəftərdi, folklorumuzu, ümumtürk folkloru müstəvisində araşdırmağın tərəfdarı idi. Əzizə xanım etiraf edirdi ki, Azərbaycan folkloru ilə bağlı bilirsə, ögey anasına borcludu. Mən həyatımda ögey anasını bunca ehtiramla xatırlayan bir insana rast gəlməmişəm. Sonralar folklor verilişləri üçün Əzizə xanımdan müsahibə almaq yükünü qələm dostumuz Rəhilə Gülgün öz ıhdəsinə götürsə , mənim Əzizə xanımla görüşlərim davam elədi. Hətta hərdən onun sevimli quşlarına arpa-buğda da alıb aparırdım. Yox, o, mənzilinin həyətə açılan eyvanında göyərçin bəsləmirdi, sadəcə, hər səhər bu eyvana yem səpələyirdi ki, yabanı göyərçinlər yesin. Yadımdadır, bir dəfə göyərçin dəstəsinə beş-altı qağayının qoşulması da Əzizə xanımı təəccübləndirmədi təbəssümlə dedi: - Görünür, göyərçinlərlə razılaşıblar...

 

Xalçaçılıq sənətinə mükəmməl bələd idi özü bu sənətin bir qolu olan bədii tikmə ilə məşğul olurdu əl işlərini həvəslə hamıya göstərirdi. Yadımdadır, bir dəfə Bolqarıstandan gəlmiş qonağına bu tikmələrdən birini bağışladı. Bu zaman jurnalist qadın dedi:

 

 - Siz hər qonağınıza bir tikmə bağışlasanız, divarlarınız boş qalar.

 

Əzizə xanım isə cavabında söylədi:

 

- Siz başqa, digər qonaqlar başqa...

 

O bolqarıstanlı qadın ümumtürk folklorunu araşdırırdı.

 

Bir dəfə soruşdum ki, ömrün bu çağında Əzizə xanım ən çox nəyə sevinir? Fikirləşmədən cavab verdi:

 

- Əhvalımı təzələyən, əsasən, oxucu məktublarıdı...

 

Əzizə xanımın qədimi, iri çamadana doldurub saxladığı məktubların beş-altısını oxudum. Biri xüsusilə diqqətimi çəkdi. Bu yazı "Aləmdə səsim var mənim" romanı ilə bağlı idi. O zamankı Xarici Dillər İnstitutunun müəllimi Qəmər Məmmədzadə yazmışdı. Sonralar bildim ki, həmin Qəmər xanım Səyavuş Məmmədzadənin anası imiş.

 

Biz nələrdən söz açmırdıq?.. 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda törətdikləri vəhşilikləri bir bayatı ilə yekunlaşdırırdı.

 

Əzizinəm belə qar,

Belə yağmur, belə qar.

Həmişə qar yağardı,

Yağmamışdı belə qar...

 

Qarabağın işğalı ilə bağlı söhbətlərimizdə isə o, son dərəcə nikbin idi: deyirdi ki, gün gələcək ermənilər Qarabağda dizin-dizin sürünəcəklər.

 

O, təyyarəçi həyat yoldaşının peşəsi ilə bağlı, az müddətə olsa da, dünyanın onlarca ölkəsində yaşamışdı, amma ən çox Afrikadan söz salırdı və bu ölkələrin birində o, qan-qırğın öz yerində, dövlət çevrilişinə də şahid olmuşdudeyirdi ki, o hadisədən bir təsadüf nəticəsində qurtulmuşdular.

BİR HAŞİYƏ: Hər dəfə Nizami küçəsində Əzizə xanımın vaxtilə yaşayıb-yaratdığı binanın yanından keçəndə, bir anlığa da olsa, ayaq saxlayıram və şübhə etmirəm ki, mən bu qədimi binanın divarında Əzizə xanımın burada yaşadığını və yaratdığını bildirən barelyefini də görəcəyəm. Axı o bu ehtirama layiq bir ömür sürüb.

 

...İndi isə keçək bir az əvvəldə vurğuladığım məktub məsələsinə. Səhv etmirəmsə, 2003-cü ilin əvvəlləri idi. Mənə kiril əlifbasıyla yığılmış bir əlyazma verib dedi:

 

- Radiodakı verilişlərində istifadə eləyərsən, sonra da əl gəzdirib təqdim edərsən qəzetlərdən birinə.

 

Heç bilimirəm, necə olub ki, bu əlyazma diqqətimdən yayınıb. "525-ci qəzet"in oxucuları ilə paylaşmaq istədiyim bu örnək də həmin əlyazmanın bir parçasıdır.

 

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2022.- 29 yanvar.- S.14.