31 Mart soyqırımı: təməl
insan haqlarına qarşı qanlı qəsd
Erməni
daşnakların bolşeviklərlə birgə azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci il martın 30-u gecə
saatlarında Bakıda başlanan kütləvi
qırğınlar 20 minə yaxın günahsız
insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və
uşağın qətli ilə nəticələnib.
Martın
30-dan aprelin 2-dək davam edən kütləvi
qırğınlarda Stepan Şaumyanın rəhbərlik
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə
insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını
yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını
müsadirə edib. Kütləvi qırğınlar zamanı
şəhərin ən möhtəşəm məscidi
sayılan Təzəpir məscidi aramsız top atəşinə
tutulub, ermənilər Bakının ən möhtəşəm
memarlıq incilərindən olan "İsmailiyyə"
binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən
soyqırımı siyasəti təkcə Bakı şəhəri
ilə məhdudlaşmayıb. Martın 31-də erməni
daşnakları Şamaxı qəzasının 53 kəndində
8027 azərbaycanlını, o cümlədən, 2560 qadın
və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən
günahsız azərbaycanlıların sayı isə 16 mindən
artıq olub. Erməni daşnakları Lənkəran,
Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə
kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə
qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan
Demokratik Respublikasının yaratdığı Fövqəladə
Təhqiqat Komissiyası bu qırğınlarla bağlı
çoxsaylı sənədləri toplayaraq hökumətə
təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart
tarixinin Azərbaycanlıların Soyqırımı
günü kimi qeyd olunması barədə qərar qəbul
edib. Sovet hakimiyyəti illərində bu tarix
yaddaşlardan silinsə də, müstəqillik dövründə
tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan
xalqının başına gətirilən faciəvi hadisələrlə
bağlı çoxsaylı araşdırmalar aparılıb,
kitablar dərc olunub. 1998-ci il
martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların
soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların
Soyqırımı günü kimi qeyd olunur.
Millət vəkili Ceyhun Məmmədovun dediyinə
görə, 31 Mart soyqırımı hadisəsi təkcə
Azərbaycan tarixində deyil, bəşər tarixində ən
qanlı faciələrdən biridir. Daha əvvəl Qafqaz
xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan
adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə
malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək
"Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək
məqsədi güdən ermənilər tarix boyunca
soydaşlarımıza qarşı etnik təmizləmə,
deportasiya və soyqırımları həyata keçiriblər:
"Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən
biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən
1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır. Həmin günlərdə
Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan
və digər ərazilərdə Bakı Soveti və
daşnak erməni silahlı dəstələri tərəfindən
on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə
görə kütləvi şəkildə qətlə
yetirilmiş, işgəncələrə məruz
qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr,
o cümlədən ziyarətgahlar, dünya
memarlığının incilərindən sayılan
İsmailiyyə binası top atəşinə tutaraq
dağıdılmışdır. Rəsmi mənbələrə
əsasən, bu soyqırımın nəticəsində
Bakı Soveti qoşunları və daşnak erməni
silahlı dəstələri tərəfindən 30 mindən
çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə
insan öz torpaqlarından qovulub".
Millət
vəkili bildirib ki, bu soyqırımı hadisəsi tək Azərbaycan
tarixində deyil, bəşər tarixində ən qanlı
faciələrdən biri hesab olunur: "Bu faciədə dinc,
silahsız türk-müsəlman əhali ilə
yanaşı, minlərlə ləzgi, tatar, talış, avar,
kürd və digər xalqların nümayəndələri,
o cümlədən, uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə
görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi
yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.
Planlı şəkildə Azərbaycan
xalqına qarşı törədilmiş bu kütləvi
soyqırımı faciəsində "Daşnaksutyun"
partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni
zamanda "Daşnaksutyun" partiyasının 4 minlik
silahlı dəstəsinin iştirak etdiyi
soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə
qəflətən basqınlar edilərək uşaqdan
böyüyədək hər kəs qətlə
yetirilmişdir. Bu bir daha onu göstərir
ki, Bakı Soveti əslində daşnakların və erməni
zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi
rejim idi. Bu faciədə öz
miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi
ziyanın ölçüsünə görə
Şamaxı və Quba hadisələri ayrıca yer tutur.
Yerli tədqiqatçılarımızın
apardığı araşdırmalara əsasən
Şamaxı qırğınları zamanı ermənilərin
tərəfindən 15 mindən çox dinc sakin
öldürülüb, 18 min nəfərdən çox insan
öz yurd-yuvasından didərgin düşüb,
bütün məscidlər, tarixi abidələr yerlə-yeksan
edilib, şəhərin məşhur Cümə məscidi
oraya sığınmış uşaqlar, qadınlar və
qocalarla birlikdə yandırılıb. Quba
qırğınları zamanı isə qətlə
yetirilmiş insanların sayının 4000 nəfərdən
artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində
Quba qəzasının 122 kəndi tamamilə
dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Araşdırmalar zamanı məlum olan faktlar
göstərir ki, öldürülmüş insanların
baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən
istifadə etməklə başı bədəndən
ayırıblar. Öz vəhşi əməllərindən
əl çəkməyən ermənilər bəzi
insanları başına mismar vurmaqla qətlə yetirmişlər.
Bu qırğınlar zamanı
öldürülən insanlar su arxlarına və quyulara
doldurulub, üzəri torpaqla
örtülmüşdür".
C.Məmmədovun sözlərinə görə,
müstəqillik illərindən sonra Ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə ermənilərin
xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı
faciəsinin araşdırılması və həqiqətlərin
dünyaya çatdırılması işinə
başlanılıb. Heydər Əliyev Azərbaycanın Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına
qarşı törədilən bütün soyqırım
faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd olunması barədə
Fərman imzalayıb. Bu Fərmandan sonra 1918-ci il
soyqırımı hadisələrinin öyrənilməsi
istiqamətində xüsusi işlər
görülmüş, çoxlu əsərlər
yazılaraq xarici dillərə tərcümə olunub. Həmin Fərmanın icrasının davamlı
şəkildə həyata keçirilməsi məqsədilə
Ulu öndər Heydər Əliyev tərəfindən 30 mart
1999-cu ildə tədbirlər planı təsdiq edilib. Quba soyqırımı məzarlığı 2007-ci
ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar
aparılan qazıntı işləri zamanı aşkar edilib.
Məzarlıqda 500-dək insan kəlləsi
var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi
soyqırımı zamanı öldürüldüyü
sübuta yetirilib. 2009-cu ildə Prezident İlham
Əliyev sərəncamı ilə Quba şəhərində
"Soyqırımı memorial kompleksi"nin
yaradılması və abadlıq işlərinin
aparılması barədə qərar vermişdir. Quba şəhərində
Qudyalçayın sol sahilində inşa edilən həmin
Memorial kompleks 2013-cü il sentyabrın 18-də
açılıb: "Prezident İlham Əliyev tərəfindən
2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında" Sərəncam
imzalanıb. Bu sərəncamın imzalanmasında əsas məqsəd
100 il əvvəl erməni-bolşevik
silahlı dəstələri tərəfindən azərbaycanlılara
qarşı törədilən kütləvi
qırğınlar barədə həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə daha ətraflı
çatdırılması idi. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
diplomatiyalar nəticəsində Ermənistanın dövlət
səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz
siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha
ucadan eşidilir".
Millət
vəkili Musa Qasımlı bildirib ki, 1918-ci il
martın 31-də Bakı şəhərində və
Bakı Quberniyasının müxtəlif yerlərində azərbaycanlılara
qarşı törədilən soyqırım o vaxtadək həyata
keçirilmiş qırğınların davamı və zirvəsi
idi. Ona qədər erməni silahlıları ilə azərbaycanlılar
arasında İrəvanda Bazar meydanında, 1905-1906-cı illərdə
Cənubi Qafqazın müxtəlif yerlərində, Birinci
Dünya müharibəsi illərində Şərqi Anadoluda,
Rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Azərbaycanda,
İrəvan Quberniyasında, Tiflis Quberniyasının
Borçalı mahalında və indiki Azərbaycan
respublikasının müxtəlif ərazilərində
törədildi. Bakı və Abşeronu
türksüz, müsəlmansız bir əraziyə
çevirmək, Azərbaycanın istiqlala gedən yolunu
dayandırmaq, Bakı neftinə sahib olmaq, Avrasiyaya gedən
yola yiyələnmək soyqırımın törədilməsində
əsas məqsəd idi.
Onun sözlərinə görə, Qafqazda müxtəlif dövlətlərin maraqları toqquşurdu: "1917-ci ilin noyabrında Bakıda qurulmuş, Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti antiazərbaycan siyasəti yürüdürdü. Törədilmiş qırğınlara bəhanə olaraq Hacı Zeynalabdin Tağıyevin oğlunun Lənkərandan nəşinin gətirilməsi və yaranan qarşıdurma göstərildi. Danışıqlar nəticə vermədiyindən ilk atəş açıldı, Bakı Sovetinin erməni daşnaq qüvvələrinin birgə iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildi və bu proses ən amansız metodlarla törədildi. Bu soyqırımı nəticəsində ingilis mənbələrində yazıldığı kimi Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. O zaman Bakı şəhərində bütövlükdə 280-300 min nəfər əhali yaşayırdı. Onların 80-100 min nəfəri azərbaycanlı, 80-100 min nəfərin dörddə biri isə 20-25 min nəfər edir. Soyqırımın törədilməsinə baxmayaraq, azərbaycanlıları qarşıya qoyduqları məqsəddən döndərə bilmədilər. Millətimiz bir neçə ay sonra, yəni 1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyəti qurdu, sentyabr ayında isə Bakı şəhərini azad etdi. Bakı Azərbaycanın paytaxtı oldu, Azərbaycan milləti öz təbii sərvətinə sahib oldu. Bu hadisəyə qiymət vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti nazirlər şurası iyulun 15-də fövqalədə tədqiqat komissiyası yaratdı. Bu komissiya soyqırıma məruz qalanların yaxınları ilə görüşdü və 36 cildlik materiallar topladı. Sovet dövründə bu hadisə düşünülmüş şəkildə unutduruldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı 31 mart azərbaycanlıların soyqırımı günü kimi qəbul edildi. Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq. İlk dəfə olaraq son 200 ilə yaxın müddətdə ermənilərə ən ağır zərbəni Prezident İlham Əliyev 44 günlük müharibədə qazanılan qələbə ilə vurdu. Soyqırımı qurbanlarının xatirəsini indi həm hüzn və ehtiramla, həm də onların qisasını aldığımız üçün qürur hissilə anırıq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 1 aprel.- S.23.