Urmiyadan gələn məktublar
Beyləqanda, Araz qırağında, Birinci Şahsevən kəndində mənim digər doğmalarımla
yanaşı, 87 yaşında
bir dayım da yaşayır - Əziz Abdullayev. Beyləqana yolum
düşəndə çalışıram
ki, ona mütləq
baş çəkim.
Əlbəttə, yaşına, bu
elatın bir çox ahılları kimi, son illər tənha yaşamasına görə yox, insanlığına görə.
Şükür, ayaqları yer, əlləri bağ qayçısı tutur, qulaqları eşidir, gözləri görür,
ağlı kəsir və biz ayda-ildə bir dəfə görüşəndə daha
çox ötən günlərdən danışırıq. Bəli,
ötən günlərdən
və bir də dayımın Urmiya vilayəti ilə bağlı xatirələrindən... O, Urmiyadan,
Urmiyadakı bacısı
uşaqlarından, bacısı
nəvələrindən danışanda
elə bil cana gəlir.
Mən,
doqquz-on yaşlarımda
olanda, ilk dəfə anamın dilindən eşidəndə ki, Arazın o tayında, adına Urmiya
deyilən vilayətdə
bacısı - yəni
mənim xalam yaşayır, əsla təəccüblənmədim. Çünki bilirdim: onlarca köklü şahsevənlinin Arazın
o tayındakı Üçüncü
Şahsevən kəndində
bacısı, qardaşı,
yaxın, ya uzaq bir simsarı
yaşamaqdadır. Onu da bilirdim ki, göz
mənzilindəki o insan
məskənlərindən - köylərdən xəbər
tutmaq mümkün deyil. Urmiyanın harada yerləşdiyini isə mən artıq xəritədən
bilirdim; bilirdim ki, adına
Urmiya deyilən vilayət bizim əzəli yurdumuza - Vedibasar mahalına daha yaxındı.
Yadımdadır, mən onuncu sinifdə oxuyanda, Arazın o tayından ilk məktub əslən Şuşadan olan dülgər Həsənə
Təbrizdə yaşayan
bacısından gəlmişdi. Bir neçə
şəkil də göndərmişdilər və
o şəkillər kənddə
əl-əl gəzirdi.
Həsən kişinin
mənimlə bir sinifdə oxuyan oğlu Fəxrəddin o şəklləri məktəbə
də gətirmişdi...
Bəs dünyada nə baş vermişdi, görəsən? Necə olmuşdu
ki, dülgər Həsənin Təbrizdə
ərdə olan bacısı qardaşını
soraqlaşıb tapa bilmişdi?
Əlbəttə, kim istəməzdi ki, Arazın o tayındakı
doğmalarından xəbər
tutsun?! Həmçinin də mənim
anam. Amma onun da böyük qardaşı
Əzizdən başqa
kimə ərki çatardı ki? Anamın dayım Əzizə verdiyi tapşırıq da yadımdadır, aldığı cavab da.
- Bacımız - Qızlar Urmiyada, Seyidlər məhləsində Seyid Həsənin gəlinidir.
Onu soraqlaşıb tapmalısan!
- Mən partiyaya keçəndə yazmışam
ki, xaricdə heç bir qohumum yoxdur... Ona görə də...
...Amma sən demə,
mənim Əziz dayım belə bir cavabla anamı
susmağa məcbur eləsə də, partbiletinin fərqinə varmadan, müxtəlif distansiyalara yazıb, vaxtilə Urmiyada qalmış bacısını
axtarırmış...
Bəs
o üç qardaşın,
dörd bacının
böyük bacısı,
yəni mənim xalam, adına
Urmiya deyilən qərib məmləkətdə
niyə qalmışdı?
Əslində, bu yazını
qələmə almağa
da məni bu müşkül vadar elədi.
Qərbi azərbaycanlıların öz
ellərindən 1987-91-ci illərdəki
deportasiyaları haqqında
kifayət qədər
tədqiqat aparılıb
və artıq Qərbi Azərbaycan icması tərəfindən
yüksək səviyyədə
Qayıdış Konsepsiyası
da hazırlanıb. 1948-51-ci illər
deportasiyalarının da
yazılı izləri
az deyil.
Həm də bu, yaxın
tarixdi, hətta sovet qəzetlərinə istinad etməklə, hadisələri araşdırmaq
olur. Amma Qərbi azərbaycanlıların
1918-20-ci illərə təsadüf
edən deportasiyaları,
demək olar ki, araşdırılmayıb.
Universitetin birinci kursunda oxuyarkən yataqxana yoldaşım Oqtay Məmmədov məni Göyçay şəhərindəki
evlərinə qonaq aparmışdı. Ailənin ləhcəsi məni
təəccübləndirəndə və mən ürəyimdən keçən
sualı dilimə gətirəndə, məlum
oldu ki, mənim göyçaylı
dostumun ailəsi 1918-20-ci
illlərdə Dərələyəzdən
Şirvana köş edənlərdəndi və
Göyçayda belə
ailələr yüzlərcədir.
1969-cu ildən "Azərbaycan gəncləri" qəzetində
müxbir kimi fəaliyyətə başlamağımla
əlaqədar, demək
olar ki, qısa bir zaman
kəsiyində Azərbaycanın
bütün rayonlarını
gəzdim və Oğuzda, Qəbələdə,
Ağdamda, Ağcabədidə,
daha çox Gəncədə, Tərtərdə,
Göygöldə belə
ailələrə - 1918-20-ci illərdə Qərbi Azərbaycandan qovulanlara rast gəldim. Hətta hərdən başqa cür düşünənlərə də rast gəlirdim:
"Onlar özləri
köçüblər... könüllü..."
Amma sual cavabı qabaqlayır:
"Kim öz yurdundan-yuvasından,
isti ocağından könüllü köçər?"
1920-ci ilin yazında Cənibi Qafazda "vasitəçilik" missiyasını
yerinə yetirən Amerika generalı Heskel məsələni Vedibasar bəyləri qarşısında konkret
qoyur: "Ya daşnak Ermənistanının
bayrağı altına
keçməlisiniz, ya
da İrana mühacirət etməlisiniz".
Abbasqulu bəyin başçılıq
elədiyi Vedibasar bəyləri ikinci yolu seçir.
Bu barədə böyük
folklorşünas alim
Əziz Ələkbərlinin
"Abbasqulu bəy Şadlinski" kitabında
ətraflı yazıldığından,
təfərrüata varmaq
istəmirəm.
Bu minvalla, Vedibasardan
başlanan mühacirət
köçünün bir
ucu Urmiyaya, Xoya çatanda, bir ucu hələ
Marağada imiş. Hər kənddə
beş-on ailəni yerləşdirirmişlər, daha
doğrusu, hər insan məskənində beş-on ailəyə sığınacaq verirmişlər.
Mənim ana babam Məhərrəm Qərib oğluna da Urmiyada - Seyidlər
məhləsində sığınacaq
verən olur və çox keçmir ki, ev yiyəsi
elə bu sığınacaqda da onun qapısını elçi kimi döyür. Bu da
mənim böyük xalamın ömürlük
Urmiyada qalması ilə nəticələnir.
Vedililərin bu amansız
mühacirəti cəmi
ilyarım sürsə
də, yaraları hələ də qaysaq bağlamayıb.
Və kim
bilir, nə qədər geri qayıtmaq imkanı olmayan vedibasarlı Marağada, Urmiyada, Xoyda qalıb.
Əziz dayım Urmiyadakı bacısı uşaqlarından
cavab məktubları almağa başlayanda, bacı həsrətilə
yaşayan anam dünyasını dəyişmişdi
artıq.
1991-ci ilin axırlarında
Əziz dayım bacısının bu dünyadan köçdüyünü
bilsə də, Urmiyaya səfər eləyib bacısı uşaqlarını, bacısı
nəvələrini tapdı. Və çox keçmədi ki, onlar da
Qaradizdə Arazı keçib Şahsevən kəndinə gəldilər...
Mən bu təntənələrə
qatıla bilməsəm
də, videokasetlərdə
xalam uşaqlarını
görə bildim.
Son illər hər
dəfə dayım Əzizlə görüşəndə
mənə yalnız Urmiya xatirələrini danışır. Sanki, həyatında
bundan başqa yaddaqalan bir hadisə olmayıb.
Dünyanın işləri elə gətirdi ki, mart ayının ortalarında
yenə dayımın
açıq qapısından
keçdim. Həmişə olduğu kimi
son dərəcə sevindi.
Amma sən demə, bu sevincin
bir başqa səbəbi də varmış: elə həmin gün Urmiyadan məktub alıbmış. Latın
hürufatı ilə
yazılmış bu məktubun bir haşiyəsini Əziz dayım eynəyini dəyişəndən sonra
özü oxudu:
- Mediadan öyrəndix ki, Qərbi Azərbaycan icması Sizi Vediyə köçütmax istəyir.
Gözünüz aydın. Amma bizi
də unutmayın.
Məhərrəm babanın
mülkündə bizim
nənəmizin də
payı var...
Və sözünün ardını
gətirdi ki, görür
sən də mənnnən necə zarafat eləyirlər?
- Zarafat niyə? Demək istəyirlər ki, hər şeydən xəbərimiz var.
- Olsun, olsun, indi
başqa zəmanədi.
Sonra isə dayım bəlkə də hər görüşəndə
mənə danışdığı
hadisəni yenə nağıllamağa başladı:
- Dadaşım xəstə
imiş. Birdən var səsilə qışqırır: "Qızlar!"
Dadaşımın sonradan ailə
qurduğu qadının
da adı "Qızlar" imiş.
Və Qızlar dərhal hay verir:
- Mən yanındayam da, ay Məhərrəm, nə istəyirsən? Dadaşım:
- Mən Urmiyada qalan Qızları çağırıram, - deyir və keçinir.
Əziz dayımın bu hadisəni mənə dönə-dönə
danışmasının səbəbini araşdıranda, bu qənaətə gəlirəm ki, o, məni bu hadisəni yazmağa həvəsləndirir,
sanki hiss eləyir ki, bu hadisə
yazılmaqdan ötrü ölür...
Məmməd ORUC
525-ci qəzet.- 2023.- 1 aprel.- S.21.