Kinomanların və
kinematoqrafçıların kitabı
Söz
kinonun ən az ehtiyac duyduğu məfhumdur.
Əlbəttə ki, söhbət nitq vasitəsi
olan sözdən gedir. Teatrda bir qədər başqa
cürdür - burda da söz hərəkətverici qüvvə,
həlledici komponent olmasa da, hər halda sonuncu yerdə də
deyil - teatr canlı sənət olduğu üçün
personajların səsi, ürəyindəki sözünü
tapıb eşidimli etmək bacarığı da vacibdir, teatr
tarixinin müəyyən dövrlərində hətta
deklamasiya ustalığı da önəmli idi. Əlbəttə,
konkret süjet də bu mətləbdə az
rol oynamır. Kino canlı sənət deyil.
İllüziya sənətidir.
Quruluşçu rejissor, təsvir rejissoru və ya
quruluşçu operatorla, montajçı ilə birlikdə təxəyyüllərinin
gücündən və peşəkarlıqlarının dərəcəsindən
asılı olaraq ən ağlasığmaz illüziyanı
canlandıra bilərlər. Başqa sözlə, gözlə
sözün arasındakı aləmi görmək
istedadı...
"Kinematoqrafçının
kitabxanası" seriyasını zənginləşdirən
yeni kitab da məhz belə adlanır: KİNO GÖZLƏ
SÖZ ARASINDA. Yeni nəşrin təqdimatı aprelin 8-i saat
12:00-da "LİBRAFF" mağazasının "Park
Akademiya" filialında keçiriləcəkdir.
Bəri
başdan deyim ki, müəllif
sənətşünas, ssenariçi Nadir Bədəlovun
bu kitabını mütaliə etməzdən əvvəl onun
qələminə aid əvvəlki düşüncə-qənaət-tədqiqatları
oxumaq, hazırda mövcud olan və olmayan telekanallardakı
müəllif verilişlərinə baxmaq "Kino gözlə
söz arasında" kitabını daha yaxşı
qavramağa kömək edər. Xüsusən ona görə
ki, nəşrin ilk səhifəsində "film çəkmədən
öncə mütləq oxumalı kitab" qeydi var. Beləliklə,
Azərbaycan Kinematoqrafçılar İttifaqının
"Parlaq imzalar" nəşriyyatı ilə əməkdaşlığının
daha bir nümunəsi olan yeni kitab müəllifin
özünün baş tutmayan film çəkmək əhvalatı
ilə başlayır. İdeya müəllifi,
prodüser kimi çıxış etmək istədiyi filmin
süjeti "Sovetski" məhəlləsinin
söküldüyü dövrü həkk etməliymiş, həm
də kameranın gözünə. Bu, doğma şəhərinin
bir çətin dövründə onu tərk edib
dolanışıq ardınca uzaq ellərə üz tutan və
tamam başqa xassəli çətin məqamda bura
qayıdıb ata evində xəzinə axtarmaq fikrini
ağlına yerləşdirən bir arxeoloqdan bəhs edən
film olmalı imiş ("Başının üstündə
günbəzli damdan ulduzlu göylərə açılan pəncərə,
ayağının altında dəfinə umduğu quyu" -
bəlkə də yanılıram, amma bu cümlədə
"Sovetski" məhəlləsində yerli əhəmiyyətli
tarixi tikili və həm də "Yuğ" Dövlət
Teatrının fəaliyyət göstərdiyi bina olmasına
rəğmən, buldozerin "ağzına" verilib yer
üzündən silinməsinə işarə sezdim). Özü də gerçək hadisələrə,
talelərə əsaslanan bir süjetlə. Amma rejissor dramaturqun sonu nikbin nota bağlanan
süjetindənsə açıq finala malik süjeti
üstün tutub və kəskin fikir ayrılığı səbəbindən
film çəkilişi başlamadan yaradıcı heyətin
yolları ayrılıb.
"Bu
kitab necə yazıldı" preambulası"nı təşkil
edən yuxarıda bəhs etdiyimiz əhvalatı
(keçmiş arxeoloqun uzaq diyarda əziyyətlə
qurduğu biznesini qoyub doğma şəhərinə
qayıdıb ata evinin həyətində xəzinə
axtarmasında metafora da yox deyildir - xəzinə müstəqim
deyil və ya həm də məcazi, mənəvi rahatlıq
anlamı ilə də yüklənib) "...filmlərin
çəkilməməsinin səbəblərindən
danışan...əsasən çəkilməyən filmlərə
həsr etmək qərarına gəldiyi" tədqiqat əsərinin
bədii yolağası, gözlə söz arasındakı
kinoya müəllif
baxışı kimi də qəbul etmək olar.
Kitab
Filmin dramaturgiyası ("Kino ağacdırsa, dramaturgiya onun
köküdür"), Filmin estetikası
(Kino ağacdırsa, rejissorluq onun qol-budağıdır) və
Filmlərə baxış (Kino ağacdırsa, barı-bəhrəsi
nəzərdir) hissələrindən ibarətdir. Və bu üç hissəni 63 bölüm-mətləb
birləşdirir. Birinci hissəni təşkil edən mətləblərin
mərkəzində Platon və onun dövlətin gələcək
keşikçilərinin tərbiyəsində poeziya sənətinin
rolundan bəhs edən "Dövlət", "gerçəkliyə,
real predmetlərə və insan əməllərinə
hansısa mücərrəd ideyaların əksi, ya da təqlidi
kimi baxmayan, ona görə də poeziya sənətini, bunun
daxilində bütün digər sənət növlərini əksin
əksi, təqlidin təqlidi kimi dəyərləndirməyən" Aristotel və onun "Poeziya sənəti
haqqında", "bütün formalardan ən alisi və həqiqi
olanı insan formasıdır", "...sənətin və
yaradıcı şəxsin formalaşma və
görüntülənmə ilə
bağlılığı" qənaətində olan Hegel və
onun "Fəlsəfi elmlərin ensiklopediyası", Bertold
Brext teatr estetikası, ssenari anlayışının son dərəcə
ciddi yanaşma tələb edən kino
yaradıcılığı və kino istehsalı pilləsi,
uğurlu filmin hərəkətverici qüvvəsinin təməlində
paradiqmalar duran yaxşı ssenari olduğunu incələyən
Sid Fild və onun "Ssenari" kitabı və başqa bir
çox fəlsəfə və kino xadimlərinin təcrübə
və düşüncələrinin məcmuyu dayanır.
Kitabın
"Kinodramaturgiya və filmin dramaturgiyası: ikinci birincini necə
əvəz edir?" bölümündə müəllif
ötən əsrin 50-ci illərinin ortalarında sovet kino təfəkküründə
paradiqmanın dəyişərək artıq "kinodramaturgiya"
deyil, "filmin dramaturgiyası" anlayışının
meydana gəlməsi və bunun təzahürlərinə nəzər
salır, sovet kinosunun məxsusi səhifəsini "yazan"
Andrey Tarkovskinin yaradıcılığı üzərində
dayanır . "...Ənənəvi olaraq sovet kinosunda hətta
ötən əsrin 70-ci illərinə qədər
kinodramaturgiya ənənələri qalmaqda idi və buna
görə də bəzən hətta "b"
kateqoriyalı filmlərdə belə bugünkü
araşdırmalar üçün daha maraqlı olan əxlaq
problemləri qaldırılır" fikrinə dayaqlanan
bölümün yekun hissəsi əsaslı və səmimidir.
Kinorejissorlar arasında "müəllif kinosu"
anlayışı, belə demək mümkünsə, VİP
səviyyə anlamına gəlir. Nadir Bədəlovun "Kino gözlə
söz arasında" kitabının "Endrü Sarris Avropa
müəllif kinosunu Amerikaya gətirir" bölümündə
qeydin vacibliyini vurğulayaraq Sarrisdən belə bir iqtibası
diqqətə çatdırır: "Sərbəstliyə
aludəlik, heç kimdən asılı olmadan işləmək
imkanı hələ müəllif rejissor olmaq demək
deyil" (hətta deyərdim ki, "hələ" yox,
ümumiyyətlə müəllif rejissor olmaq demək deyil -
S.B.). Ardınca kinoda müəllif olmaqdan
ötrü rejissorun hansı məziyyətlərə malik
olması sadalanır.
"Filmin estetikası" adlanan ikinci hissənin
"Rejissor yoxdursa, kino da sənət növü kimi
yoxdur" bölümündə bu mövzu davam etdirilir. "Rejissor yoxdursa, kino da sənət
növü kimi yoxdur", "Rejissor birinci oxucu və ədəbi
mətnin vizual təfsirini verən fərd kimi"
bölümlərində rejissorun filmin istehsalının
üç əsas mərhələsinə: hazırlıq,
çəkiliş və montaj-səsləndirmə mərhələlərinə
görə məsul
birinci şəxs olması, ədəbi mətn, bədii
əsər və rejissor baxışı, duyumu məsələləri
çözülür. Kitabın ikinci hissəsinin
"Süjet və əhvalat", "Filmdə səbəb
və nəticə funksiyası" və digər bölümlərində əhvalatla
süjet arasındakı fərq, kəsişmə və
ayrılma məqamları araşdırılır, filmi ekran əsəri
səviyyəsinə yüksəldən amillərdən biri
olan süjetin səbəb və nəticə
"dolanbaclarında" məhz kinematoqrafik təhkiyə tərzini
tapmağa "bələdçilik" edə biləcək
fikirlər yürüdülür.
Kitabın
üçüncü hissəsi film sənətinin ədəbi
yaradıcılığın bir növü olması tezisi ilə
başlayıb, bu zaman film və kino
anlayışlarını bir-birindən dəqiq meyarlarla fərqləndirmək
məsələlərini araşdıran, ədəbiyyatla
kinonun bağlılığının zəruriliyini
vurğulayan "Dramaturqla rejissorun mübahisəsi" (bir
növ, kitabın oxucu ilə tanışlıq - çəkilməyən
film haqqındakı əhvalatı xatırladaraq) və
ssenarinin mahiyyəti, müəllif kinosunun film sənətini
başqa yaradıcılıq növlərindən, ilk növbədə
ədəbi yaradıcılıqdan ayırmaq kimi
yanlış cərəyanlardan bəhs edən
"Kinoşünasın əlavələri"
bölümlərindən başqa "Baxış
zalından qeydlər" iç hissəsi ilə də əlamətdardır.
Bu iç hissədə dörd seans
başlıqları altında "Pərdə"
trilogiyası, "Bir cənub şəhərində",
"Çin məhəlləsi" və "Qış
yuxusu" filmləri təhlil edilir.
Filmlərin təhlilindən söz
düşmüşkən, kitabda çoxlu sayda Azərbaycan
və dünya kinosuna aid bədii filmlərin təhlilinin
ayrıca bir maraq doğuracağı şübhəsizdir. Subyektiv fikir yürütmək
imkanından istifadə edib "Bizim Cəbiş müəllim"
və "Telefonçu qız" ekran əsərlərinin
təhlilinə diqqət çəkmək istərdim. Nadir Bədəlovun
yozum-təhlilində kitabın birinci hissəsində yer
ayırdığı "Bizim Cəbiş müəllim"
ən empatik, ən dəqiq şərhini tapıb -
dünyamız, konkret halda Cəbiş müəllim kimi əməli-saleh
və İnsan adamların sayəsində
salamatlığını qoruya bilir. "Onun
bütün film boyu dedikləri dünyəvi dilə, hətta
məişət dilinə tərcümə edilmiş
dualardır". "Kino gözlə
söz arasında" kitabının müəllifi filmin
ruhunu burda axtarmağın lazımlığını
vurğulayır və bununla razılaşmamaq
mümkünsüzdür. Həmçinin
filmin əhvalatının mifoloji tərəfdən orijinal
şəkildə ər və arvad haqqında
nağıllarla, rəvayətlərlə uyğunluğunu
açan, uyarlı paralellər aparan təfsir də
maraqlı və əsaslı olduğu qədər
faydalıdır.
"Telefonçu qız" filminə gəldikdə isə kitabda təhlilinə yer ayrılan digər filmlərdən fərqli olaraq nədənsə bu film qəribə nəzər-nöqtəsinə tuş gəlib... Məsələn, Zərrinlə "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndəki Təhminənin eyni müstəviyə qoyulması, yaxud Zakirin anasının Mehribanı gəlini kimi görüb-görməməyinin müəmma olması (oğlunun maraq göstərib, ünsiyyət, münasibət qurmaqda olduğu qızı gəlini kimi görməyi qəbul etməsəydi, Zakirin anası Mehribanı Zakirin atası ilə evliliyinin yubiley məclisinə (məhz məclisə, ikilikdə tanışlığa yox) dəvət edərdimi? Yox, təbii ki. Filmin finalının açıq qalmasını söyləmək də nə görünəni əks etdirir, nə də əslində olanı - final epizodda Zakirin Mehribanın xəyalındakı Zakiri gerçəyə çevirmək əzminə qızın inamı və deməli, onların "ulduzlarının barışmasını" Mehribanın gözlərindəki parıltı, çöhrəsindəki işıq kifayət qədər aydın şəkildə bəlirdir.
Göründüyü kimi, Nadir Bədəlovun "Kino gözlə söz arasında" kitabı məlumatlandırmaq, maarifləndirmək, düşündürmək keyfiyyətlərindən savayı, həm də fikir mübadiləsinə açıq, kinomanlar və kinematoqrafçılar üçün dəyərli bir nəşrdir. Yekun olaraq, kitabda diqqət çəkilən bir məsələni vurğulayım. Bu kommersiya kinosu məsələsidir ki postsovet kinematoqrafiyasının son illər başının bəlasına çevrilib. Müəllif Hollivudda ssenari məsləhətçisi vəzifəsində çalışan ilk şəxs kimi tanınan Linda Şegerin qənaətinə istinadən kommersiya filminin üç əsas elementə malik olmalı olduğunu qabardır: bəşəri dəyərlərə müraciət, orijinallıq və ssenari strukturu.
Gənc kinematoqrafçılarımıza yeni nəşrdən maksimum faydalanıb növbəti nəşrlərin film təhlili hissələrinə ən yaxşı anlamda layiq olan ekran əsərlərinin müəllifi kimi yetişmək arzusu ilə...
Samirə
BEHBUDQIZI
525-ci qəzet.- 2023.- 1 aprel.- S.18.