"Əlim qələm
tutdu, tale yar oldu..."
Heç kimə maddi və mənəvi borcum yoxdur. On yeddi
yaşımdan, yəni kənddən çıxandan, evimizdə
şərt kəsmişdim ki, məndən narahat
olmasınlar, özüm-özümü dolandıracağam.
Beləliklə, tələbəliklə
yanaşı, bir fəhlə həyatı yaşadım,
qarşıma çıxan bütün müşgülləri,
çətinlikləri özüm həll etdim. Üstümdə xırda zəhmətləri olan
yaşlı yazıçı və alimlərimiz həyatdan
köçüb gediblər. Amma onlara da
borclu qalmamışdım, onlar haqqında da sözümü
demişdim. Lakin həyat yolumun müəyyənləşməsində
xidməti olan tək bir adam var ki,
özümü ona borclu sayıram. O, aprelin 1-də 87
yaşı tamam olacaq şair, tədqiqatçı-alim Ayaz Vəfalıdır.
Onunla
tanışlığımız 1967-ci ilin may ayından
başlanır. 4-cü kurs tələbəsi
idim, "Ədəbiyyat və incəsənət" qəzetində
boş yer olduğunu deyən bir dostumun məsləhəti ilə
qəzetin baş redaktoru Hüseyn Abbaszadənin qəbuluna
getdim və qəzetdə işləmək istədiyimi
bildirdim. O, hələ yaxından
tanımadığım, adını ancaq mətbuatdan
duyduğum Ayaz Vəfalını çağırdı və
dedi: "Başqa iki nəfər də müraciət edib. Bunların üçünə də məqalə
ver, qoy redaktə etsinlər. Hansının
işini bəyənsən, onu işə götürərik".
Ayaz Vəfalı
iki nəfərlə yanaşı, mənə də iri bir məqalə
verdi. Hansısa kitab
haqqında 24 səhifəlik resenziya idi. Yazını
oxudum və artıq saydığım bütün
parçaları ixtisar elədim, təhlilləri dəqiqləşdirdim,
cümlələri düzəltdim. 5-6 səhifəlik
normal bir rəy qaldı. İşimiz bitəndən
sonra Ayaz Vəfalı yazıların 3-nü də gözdən
keçirib, bizi Hüseyn Abbaszadənin otağına
apardı. Baş redaktor yazılara diqqətlə
baxandan sonra o biri iki yazını kənara qoyub mənim
oxuduğum yazını əlində qaldırıb "sən
burda bir şey qoymamısan ki!" - dedi. Mən "Onu
yalnız bu şəkildə qəzetə vermək olar"
dedim. Hüseyn müəllim gülümsədi və
Avazın rəyini soruşdu, Ayaz Vəfalı "Hüseyn
müəllim, bu iki nəfər də savadlıdır, qələmləri
var, amma bu oğlanın başı var" - dedi.
Bu sözlə mənim həyatımın yeni bir mərhələsi
başladı.
Hüseyn Abbaszadənin "sabahdan işə
çıx!" sözləri mənim üçün
bayram idi.
Bu vaxt universitetdə müəllimim olmuş Bəxtiyar
Vahabzadə içəri girdi. Mənim nəyə gəldiyimlə
maraqlanandan sonra, baş redaktora dedi: "Hüseyn, mənim
çox tələbəm olub, amma beləsi olmayıb. İşə qəbul elə, peşman olmazsan".
Beləliklə,
1967-ci ilin may ayının 13-də mən Ayaz Vəfalının
başçılıq etdiyi Tənqid və ədəbiyyatşünaslıq
şöbəsində kiçik ədəbi işçi
kimi fəaliyyətə başladım. Həmin
gün Nərimanov mühafizə idarəsindəki
qarovulçuluq işimə çıxmadım, heç
sonuncu maaşımı almağa da getmədim, çünki
mən artıq böyük nüfuzu olan "Ədəbiyyat
və İncəsənət" qəzetinin işçisi
idim. "Bu gün get, sabah gəl!"
sözlərini eşitmədən, çək-çevirə
salınmadan, rüşvət və minnət tələb
edilmədən, atamın hansı vəzifə sahibi olması
soruşulmadan, "Sən hələ tələbəsən,
dərsə getməlisən" deyilmədən, SV tələb
edilmədən... İndikilərin qulağına
qurğuşun...
Qəzetdə
şeirlərimdən öncə kitablar haqqında rəylərim,
ədəbi proses haqqında xəbərlərim və
yazılarım çap olundu.
Universitetdə yaxşı oxuyan tələbələrdən
biri idim. Bir il sonra universiteti fərqlənmə diplomu ilə
bitirəcəkdim. Amma mənim ən
böyük universitetim "Ədəbiyyat və incəsənət"
qəzeti oldu. Burda Sabir Əhmədli, Qabil, Emin Mahmudov,
Adil Babayev, Məmməd Əkbər, Gündüz Abbasov, Rasim
Səfərov, İsrail Mustafayev kimi görkəmli şair və
yazıçılar, qəzet işini mükəmməl bilən
mütəxəssislər işləyirdi.
"Ədəbiyyat və incəsənət" qəzeti ənənəvi olaraq milli mədəniyyətin ən ciddi təbliğatçısı olmuşdur. Amma ən maraqlı tərəfi qəzetdəki saf mənəvi mühit idi və bu mühit, məncə, indiyə qədər davam edir. Redaksiya heyəti səmimi bir ailəyə bənzəyirdi. Bəzən işdən sonra kollektivin böyük bir hissəsi əvvəlcədən müəyyənləşmiş "ənənəvi" yerlərdə oturur və redaksiyadakı söhbətlər yemək süfrəsi ətrafında davam etdirilirdi. Bu barədə maraqlı xatirələr var, bəzilərini də yazmışam. Ancaq Ayaz Vəfalı bu məclislərə qatılmazdı. Özünə xas, saf bir təbəssümlə təkliflərdən imtina edərdi. İş qurtarsa da, saatlarla oturub qəzetinin ən ağır şöbəsinin materiallarını redaktə edərdi. Öz dediyi kimi, "iynəylə gor qazar", gələn yazıları təmizləyərdi. Bəzən bu təmizləmə işi müəlliflərin mövqeyinə ifrat dərəcədə müdaxiləyə çevrilirdi. Mən buna qarşıydım. Amma sonralar mən həmin şöbənin müdiri olanda gördüm ki, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində səliqəli, fikrini aydın ifadə edə bilən müəlliflər barmaqla sayılacaq qədər azdır. Bu mənada Ayaz Vəfalının mövqeyi doğru idi. O, kələ-kötür dildə yazılmış, fikri aydın olmayan heç bir yazının qəzet səhifələrinə yol tapmasına icazə vermirdi. Öz səliqəli xətti ilə yazıları qəzetin ümumi səviyyəsinə və mövqeyinə uyğun bir vəziyyətə gətirməyənə qədər yazıb-pozurdu. Təcrübəsi maraqlı idi və mən onun yanında hiss olunmadan redaktə işinin, dil üzərində əsməyin nə demək olduğunu öyrəndim və bu sahədə indiyə qədər də iddialıyam. Dilə həssaslıqla yanaşmağı, hər bir nöqtənin, vergülün yerində olmasını, dil pintiliyinin yolverizməzliyini o zaman öyrəndim. Ayaz Vəfalı, eyni zamanda, tənqidi yazılarda obyektliviyin, ədəb-ərkanın qorunmasının tərəfdarı idi. Bəzən bir yazı onun masasının üstündə günlərlə qalırdı. Bu, məni əsəbləşdirirdi, amma sonra görürdüm ki, belə yubanmalar səbəbsiz deyil. Həm qəzetin nüfuzunun, həm də müəlliflərin qorunmasına xidmət edir. İndi də onun təmkini ilə mənim üsyankarlığımın bir arada necə yola getdiklərinin səbəbini bilmirəm. Amma biz dostlaşdıq və hətta sonralar mən Ayaz bəyin oğlunun kirvəsi oldum.
Ayaz Vəfalı ədəbiyyata şair kimi gəlmişdi. "Yarım əsrlik yol" adlı iri həcmli, məqalələrinin, şeir və poemalarının, tərcümələrinin toplandığı kitabın ilk səhifəsində öz insan və sənətkar mövqeyini yığcam bir şəkildə belə ifadə edir.
Əlim qələm
tutdu,
tale yar
oldu,
Müəllimim neçə sənətkar oldu.
Xeyir-dua verdi böyüklər mənə,
Hərəsi bir cürə səbəbkar oldu.
Bu misralarda Ayaz Vəfalının öz ədəbi
taleyinə və həyatından gəlib keçmiş
insanlara, qolundan yapışmış ağsaqqalara olan səmimi
bağlılığı əksini tapmışdır. Qəzetdəki
birgə fəaliyyətimiz dövründə mən onun
mütavazi həyat tərzinə, məclislərdən, dəbdəbəli
təriflərdən uzaq qaçmasına baxmayaraq çox
böyük çevrəsinin olduğunun, ədəbiyyatımızın
demək olar ki, bütün ağsaqqaları ilə çox mehriban
ünsiyyətinin şahidi oldum.
Onlardan biri, Xalq yazıçısı, akademik Mirzə
İbrahimov Ayaz Vəfalı haqqında yazırdı. "O, gözümdə həmişə
sakit, mülayim, xeyirxah, təmkinli görkəmi ilə
canlanır... O, yavaş-yavaş, tələsmədən, səliqə
ilə külüng çalan, hər hansı bir binanın
özülünü hazırlayan, o, bina üçün
hamar və tarazlı daşlar yonan, sonra da onu qaydasıyla tikməyə
başlayan bənnanı xatırladır". Bu
sətrlər Ayaz Vəfalının şair, ədəbiyyatşünas,
qəzetçi xarakterini çox dəqiqliyi ilə səciyyələndirir.
Mirzə İbrahimovun da qeyd etdiyi kimi, Ayaz bəy son dərəcə
təvazökar bir insandır. Heç vaxt öz zəhmətini,
kitablarını, gördüyü işləri, elədiyi
yaxşılıqları gözə soxmamışdır.
"Ədəbiyyat və incəsənət" qəzeti
doğrudan da bir məktəb idi.
Bir
müddət qəzetin baş redaktoru olmuş Məmməd Cəfər
sonralar fəxrlə yazırdı: "Məndən
soruşsaydılar ki, "Haranı qurtarıbsan?", bitirdiyim məktəbləri sayandan sonra
deyərdim: Bir də Ədəbiyyat qəzeti məktəbini
qurtarmışam".
Əslində bir çox qələm sahibləri kimi,
Ayaz Vəfalı da, mən də bu məktəbin məzunlarıyıq.
"Yarım əsrlik yol" kitabı Ayaz Vəfalının
ədəbi həyatının bir güzgüsüdür. Bu
güzgü onun mövzu dairəsinin bütün
genişliyini, müxtəlif janrlarda uğurlu fəaliyyətini
əks etdirir.
Görkəmli
şair və alim qardaşımız "qələm və
qan qardaşlığı" ilə bağlı
olduğumuz xalqların ədəbiyyatını da daim
araşdırmış, təbliğ və təhlil
etmişdir, "Yarım əsrlik yol" kitabı onun həm
də tərcüməçilik məharətinin, çətin
həyat yolunun əks sədası olan son dərəcə təsirli
şeirlərinin dəyərini göstərir. Məncə,
Ayaz Vəfalı poetik yaradıcılığının bir
hissəsini qəzetçiliyə, Füzuli irsinin
araşdırılmasına, Əlişir Nəvainin "Leyli
və Məcnun" poemasının dilimizə çevrilməsinə
qurban vermişdir. Çünki toplu
halında oxunan şeirləri Ayaz Vəfalının poeziyaya
necə güclü bir ilhamla, dağ çeşmələri
kimi saf bir dillə, müharibə dövrünün
uşaqlarına məxsus geniş ictimai təfəkkürlə
gəldiyini aydın göstərir.
Eşit,
ana, eşit, Vətən -
Eşidin məni.
Sizin
üçün götürmüşəm
Bu bir kəlməni.
Mən o
yükü daşıyaram
Qüdrətim olsa.
Ömrü
belə yaşayaram
Möhlətim olsa.
Baxarsınız,
görərsiniz -
Düz
deyərsiniz;
Vəfalıyam,
vəfasızam -
Siz deyərsiniz.
Ayaz Vəfalı
ömrü boyu ana dilinə, ədəbiyyata, haqqa, ədalətə,
milli ideallarımıza Vəfalı oldu...
Ayaz Vəfalının atası İkinci Dünya
müharibəsindən qayıtmamışdır. Bu ağrı
ömrü boyu onun ürəyini tərk etməmişdir.
Bəlkə, buna görə müharibə
mövzusunda yazılmış əsərlərə
xüsusi həssaslıqla yanaşırdı. Məsələn, rus şairi Konstantin Simorovun məşhur
"Gözlə məni" şerini Azərbaycan dilinə
bir neçə şairimiz çevirmişdir. Məncə,
Ayaz Vəfalının tərcüməsi daha mükəmməl
və orijinala daha yaxındır:
Gözlə
məni, gələcəyəm,
Gözlə məni, yar.
Gözlə
məni, səpəndə qəm
Narın yağışlar.
Gözlə
məni qışın qarı
Evlər yıxanda.
Gözlə
məni başqaları
Dönük çıxanda.
Məktubumdan
ərını sən
Üzəndə gözlə.
Hamı... hamı gözləməkdən
Bezəndə gözlə.
Ayaz Vəfalının ədəbi taleyində Füzuli irsinin və Kərkük ədəbiyyatının araşdırılması və Füzulinin özbək sələfi Əlişir Nəvainin əsərlərinin tərcüməsi özəl yer tutur. O, türk dünyasını və bu dünyanın bədii irsini həmişə bütöv görmüş və bütöv təhlil etmiş və tanıtmağa çalışmışdır : kırımlı, tatarıstanlı, özbəkistanlı, kərküklü, azərbaycanlı...
Ömrünü ədəbiyyatımızın inkişafı və təbliğinə həsr etmiş görkəmli elm-mədəniyyət xadimini, vəfalı şair-alim dostumuzu ürəkdən təbrik edir, ona cansağlığı arzulayıram.
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2023.- 1 aprel.- S.17.