Asta yeri, tabut düşər
çiynindən...
ZAKİR
FƏXRİYƏ ŞANLI MƏKTUB
Müasir Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan şair Zakir Fəxrinin bu
günlərdə, daha dəqiqi, aprelin 3-də 75 yaşı
tamamlanır. Poeziyamızın son 50 ilini
Zakir Fəxrisiz, onun özünəməxsus poetik təfəkkür
və bədii ifadə tərzinin bəhrələri olan
şeirlərini nəzərə almadan təsəvvür etmək
çox çətindir. 75
yaşını indi qeyd etsək də, Zakir Fəxrinin
poeziyası öz müəllifinə hələ onilliklər
öncədən müdriklik göstəricisi olan dərin məzmunu,
sanballı, oturuşmuş poetik biçimi ilə
ağsaqqallıq mövqeyi qazandırıb. Dünya,
zaman, insan, tale, həyat, ölüm - bütün bunlar
haqqında Zakir Fəxrinin orijinal bədii-fəlsəfi
düşüncələri var. Ən mühümü də
budur ki, Zakir Fəxri həmin anlayışlar, mövzu və
mətləblər barədə şairanə
düşüncələrini onu başqalarından dərhal
fərqləndirən poetik üslubla ifadə edib. Əslində Zakir Fəxrinin ruhunda, mənəvi təbiətində
ağsaqqallıqla cavanlıq tərzinin olduqca rahat, ahəngdar,
ən əsası isə, yaradıcı vəhdəti
aşkar duyulur. Elə bu vəhdətin
xoş diktəsilə də Zakir Fəxri yenə öz
şair həyatını yaşayır, öz
poeziyasını yaradır. Həyatının və
yaradıcılığının hələ neçə
onilliklər də beləcə davam etməsini
arzuladığımız əziz şairimizi 75 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir, ona
möhkəm sağlamlıq, könül rahatlığı,
bundan sonra da bərəkətli ədəbi fəaliyyət
diləyirik.
Şairin
yubileyinə daha bir ərməğan kimi təqdim etdiyimiz bu
yazını görkəmli ədibimiz Seyran Səxavət illər
öncə qələmə alsa da, Zakir Fəxrinin həm
İnsan, həm də Şair kimi portreti burada
son dərəcə uğurla təsvir olunduğu
üçün əsər yenə təzə, aktual və dəyərlidir.
Əziz
qardaşım, Zakir Fəxri!
Sənin əziz
adam olduğunu hamı bilir - çünki
sən tale adamısan, tale adamı olmayanları heç vaxt əzizləmirlər
və onlar da heç vaxt əziz ola bilmir. Əgər sən
tale adamı olmasaydın, əgər tale səni öz doğması
bilməsəydi, heç vaxt səni belə ağır
sınağa çəkməzdi - tale etibarına bax də...
Sənin
qardaş olduğunu çox adam bilməsə
də, ikimiz yaxşı bilirik, bir beldən gəlmişik -
Sözün belindən.
Allahdan gizlin deyil, oxucudan nə gizlin. Xristianların
ölüsü düşəndə özlərinə əziyyət
verməmək üçün yemək-içmək məsələsini
hadisə yerindəcə həll eləyirlər. Bizlər isə əvvəlcə hüzr sahibinə
başsağlığı verib çadırdan
çıxırıq, sonra da gedib yasdan
çıxırıq.
Yenə restoranların birində yasdan
çıxırıq. Dörd nəfərik. Akademik, uşaqlıq dostum Hətəm Quliyev, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Zakir Fəxri
və mən. Təxminən iki yüz-iki
yüz əlli qramlıq məsafə qət eliyəndən
sonra könlüm şeir istədi. Hətəm
Quliyev ömründə bir misra da şeir yazmayıb, heç
yaza da bilməz, qabiliyyəti çatmaz. Umud Rəhimoğlu
isə Moskvadakı Maksim Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunun poeziya şöbəsini
bitirsə də, bilirdim ki, çoxdandı şeir yazmır. Kimə müraciət etməliydim? Zakir Fəxriyə.
O da ki, belə şeylərdə üzüyoladı. Xahiş elədim, sözümü yerə
salmadı, çünki bilir ki, söz yerə düşəndə
cingildəyib şüşə kimi qırıq-qırıq
olur. O, üç şeir oxudu. Birinci
şeir - "Çiynimdə tabut gəzirəm" məni
necə tutdusa, Zakirin sonra oxuduğu ikinci və
üçüncü şeirə qulaq asa bilmədim, nəzakət
xətrinə başımı silkələyir, hərdən
də baş barmağımı dikəldib ona göstərirdim.
Bəlkə də "Çiynimdə tabut gəzirəm"dən
sonra ya uzun bir fasiləyə ehtiyac vardı, ya da, ümumiyyətlə
ikinci, üçüncü, şeiri oxumaq lazım deyildi - dəqiq
bir şey deyə bilmərəm, heç özüm
üçün də aydınlaşdırmamışam, sizə
nə deyim ki...
Hər
birimiz öz adamlığımız boyda bu şeirdən
mütəəssir olmuşduq - elə təsirlənmişdik
ki, ortalığa çökən sükut boyda... Mən şəxsən birinci şeirin sükutunda
ilişib qalmışdım və heç kəs öz
xoşumla olmadan məni ordan qopara bilməzdi.
Böyük
Yaradanın yazdığına Böyük Yaradanın
özü boyda hörmət və ağılla yanaşan
Zakir Fəxri, Allahın ona ənam kimi verdiyi dərdin
eşqiylə göz yaşında qüsl eləyə-eləyə
yer üzündəki bəndə çoxluğundan imdad diləmədən
ən ağır yükün altında doğulubmuş kimi
deyir:
Alışdım
tək daşımağa,
Çiynimdə
yük daşımağa,
Yer yox bir
tük daşımağa,
Çiynimdə tabut gəzirəm.
Qardaşım
Zakir. Kim dərdini tək daşıyırsa, o
zaman Dərd xoşbəxt olur - çünki dərd kütləviləşmir,
kültəviləşən kimi bütün
ağırlığını da, sanbalı ilə bərabər
mənasını da itirir - ölür. Sən
ölüdaşıyan deyilsən ki, dərddaşıyansan...
Yorulmayasan,
Zakir Fəxri!
Dolaşıram
dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm.
Düyün-düyün
yollarımı
Aça-aça
oxuyan, bir
Kökdən düşmüş ud gəzirəm.
Çiynimdə tabut gəzirəm.
Dağ-daş sənin dərdindən-yükündən
öz payını götürür, ona görə
özün də bilmədən dağı-daşı
dolaşırsan.
Nə zər, nə də yaqut gəzirsən - düz eləyirsən,
bilirsən ki, nə onları sənə verən olacaq, nə
də ki, səndə onları tapmaq təpəri yoxdu - təpər
yoxdursa, onlar da yoxdu.
Kökdən
düşmüş bir uda pənah aparmaq istəyirsən ki,
Taleyin öz əllərilə düyünlədiyi
yollarını açsın - nə olar, insan istəyidi;
ancaq Ud bilsə ki, sənin yollarını düyünləyən
Taledi cavab çox qısa olacaq: Mən Taleyin işlərinə
qarışmıram.
Gəzirəm
dörd bir tərəfi,
Bilmirəm
yolum haradı,
Çəkir
məni sirr tərəfi...
Ölümü
gördüm deyəsən,
Görəsən, olum haradı?
Dərs kitablarının dediyinə şübhə eləməsək,
dünyadakı bütün cisimlərin xüsusi çəkisi
var və hamısı da bir-birindən fərqlənir. Sənin
şeirinin əhatəsində isə dünyadakı cisimlərin
içində xüsusi çəkisinə görə ən
ağır olanı elə çiynində gəzdirdiyin
tabutdu. Çiynində dünyanın ən
ağır cismini - tabutu gəzdirə-gəzdirə dörd
bir tərəfi gəzib dolaşmaq adamdan, kişidən, lap
elə, necə deyiblər, lirik qəhrəmanın
özündən böyük qeyrət və təpər istəyir.
Bunların ikisi də səndə var; Bu, sənin
qismətindi. Ölümdən qaçmaq,
aralanmaq, onunla təhlükəsiz məsafədə dayanmaq,
baş girləmək də müstəsna hallarda
mümkün olub - belə bir nəzəriyyə də var -
ancaq qismətdən qaçmaq mümkün olmayıb. Əslində isə qismətdən qaçmaq isə
qismətə goğru qaçmaq deməkdir.
Deyirsən ki, "bilmirəm yolum haradı". Yollar, milyon
illərdi ki, hara gedib çıxacaqlarını mənzil
başına qədər dəqiqləşdiriblər.
Ancaq hara gedəcəyini bilməyən adam
bu yollarla gedəndə yolları da
çaşdırırlar. Bu misradakı
ovqatından belə çıxır ki, yolları
çaşdıranlardan biri də sənsən, Zakir Fəxri.
Dünyanın yolları çaşanda isə aləm
bir-birinə qarışır, hər şey
pırtdaşıq düşür - eynilə sənin
içindəki kimi...
"Çəkir
məni sirr tərəfi..." İnsan ancaq reallıqdan
yorulanda, yorulub tükənəndə, tükənib
halsızlaşanda, özünün varlığını
hiss eləmək və buna az da olsa inanmaq üçün
sirli-sehirli bir tərəfin içində olmaq istəyir ki,
bu da insani olduğu qədər də başa düşüləndir,
bəraəti var. Və bu ovqatda Ölüm insanın
gözünə görünə bilər - özü də
qığılcım kimi yox, böyük bir ərazi kimi. Sən də bunu təsdiqləyirsən, deyirsən
ki, "Ölümü gördüm deyəsən, görəsən
ölüm haradı?"
Başa
düşülən, başa düşüldüyü qədər
də qəbul olunandır ki, insan, ölüm adlı ərazidə
mıxlanıb duranda və yaxud bitib qalanda nə istəyəcək:
Suyuna
dodaq dəyməmiş,
Köksünə
ayaq dəyməmiş,
Sinəsinə
ox dəyməmiş,
Gözdən
uzaq yurd gəzirəm,
Çiynimdə tabut gəzirəm.
Bilə-bilə
ki, gözdən uzaq heç nə yoxdu - ağac, ölkə,
torpaq, su... Bilə-bilə ki, gözdən uzaq nə
varsa (?) könüldən də uzaqdı. Deyirsən də...
başqa çarən də yoxdu axı... Amma burası da bir
həqiqətdir ki, çarəni həmişə çarəsizlər
tapıblar... "Suyuna dodaq dəyməmiş"
ifadəsi mənim ürəyimdə dünyanın bakirəlik
assosiasiyasını yaratdı. Və hesab
edirəm ki, "Suyuna dodaq dəyməmiş..." deyimi
Sözün ən bakirə, ən ilıq və ən
uğurlu diriliyidir. Bu dirilik, böyük mənada
Sözün cavanlığıdır, Sözün
özünü təzəcə tanıdığı məqamın
şəklidir...
Dörd yana meydan sulayan,
Səsi
ruhumu dalayan,
Axirət
deyib ulayan,
Yalqız
qalmış Qurd gəzirəm,
Çiynimdə tabut gəzirəm.
Misra-misra baxaq; "Dörd yana meydan sulayan". Sən nəinki
meydan sulaya bilirsən, əslində heç meydanın yoxdu və
meydansızlıq ovqatından doğan, çiynindəki tabut
qədər ağır bir qibtədir lirik qəhrəmanın
çırpıntısı. Və bu elə
bir çırpıntıdır, elə bir
çırpınmadır ki, yetişmişi qala-qala kalı
tökülür.
İkinci misra. "Səsi ruhumu dalayan" - dalayacaq da,
çünki sənin ruhun yalquzağın səsinə
sürtünə-sürtünə göyərib, bitib,
qalıb.
Üçüncü. "Axirət deyib
ulayan" - Yalquzaq olmaqdan bezmiş qurd axirəti və yaxud mən,
o qurdun çiynində qurd tabutu gördüm - o da
çiynində tabut ulayırdı, çiynində tabut gəzirdi.
Bu, hara getdiyini bilməyən lirik qəhrəmanın
o qurda qoşulub hara gedəcəyini bilmək istəyidir.
Şeirin
axırına macal oxuduğun bu misraları eşidəndə
isə özümü, ölüm-dirim arası məsafədə
çırpınan, baş girləyən bəşər
tarixinin doğum evində hiss elədim:
Balalar
çiçək doğulur,
Gül doğulur balalar.
Balalar
göyçək doğulur,
...Qul
doğulur balalar.
Torpaqdan
altun doğulur,
Daşlardan
yaqut doğulur,
Nədənsə,
şair doğulan
Çiynində tabut doğulur.
Çiçək
doğulan, gül doğulan, göyçək doğulan
balaların içində qul doğulan balalardan da yan
keçməmisən, elə dəqiq, sərrast demisən ki,
elə bil onları mamaça kimi özün tutmusan, göbəklərini
özün kəsib, özün bələmisən və
vermisən bəşəriyyətin qucağına!!! Və demisən ki, "yarıyanlardan olsun" - qul
necə yarıya bilər ki?! Ancaq Allah istəsə qul
da yarıyar - ancaq qul kimi...
Əziz qardaşım Zakir Fəxri.
Torpaqdan
altun, daşlardan yaqut doğulandan sonra deyirsən:
Nədənsə, şair doğulan
Çiynində tabut doğulur.
Sənin belə təəccüblənməyin məni də elə sənin qədər təəccübləndirdi - ancaq tərsinə. Sən də bilməmiş deyilsən ki, şair niyə çiynində tabutla doğulur. Çünki yer üzündəki adamlar arasında tabuta ən çox oxşayan şairlərdi. Hətta mənə elə gəlir ki, tabutu şairə baxıb düzəldiblər, ona oxşadıblar. Bu, oxşatma dəqiqdir, ən azı ona görə ki, tabuta baxıb şair "düzəltmək" mümkün deyil. Bu, mənim bir versiyamdır, ancaq ikincisi də var. O da ondan ibarətdir ki, şairdən başqa çiynində tabut gəzən kim səni görsələr deyəcəklər ki, baxın, havalanıb. Ancaq şairə nə deyirlər desinlər, lap daş atsınlar. Uzaq başı çiynində gəzdirdiyi tabutun içinə girib özünü qoruya biləcək...
Şeirin sonluğunda dedin:
Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər.
Silkələmə fələk, məni
Çiynimdəki tabut düşər!..
Şübhəsiz dahiyanədir!
Əziz qardaşım Zakir Fəxri. Tabut o vaxt çiynindən düşəcək ki... Yox! Düşməyəcək - vaxtı gələndə özün qoyacaqsan yerə, içinə girib qapağını örtəcəksən. Hətta bunun harda, hansı qəbiristanlıqda, kimin qəbrinin qonşuluğunda baş verəcəyini də bilirəm, ancaq yazmadım, qəddarlıq eləyə bilmədim...
Nə qədər ki, tabutu çiynindən yerə qoymamısan, deməli, vaxtın var. Vaxtın əvvəlinə qayıt və atabir, anabir doğma taleyinlə qolboyun yaşa, ol. Ona görə də, əziz qardaşım Zakir Fəxri, asta yeri, tabut düşər çiynindən...
P.S. Növbəti dəfə, yasdançıxma mərasimlərinin birində məlum üzürlü səbəbdən qulaq asa bilmədiyim iki şeirini də oxuyarsan, məmnuniyyətlə dinləyərik...
Mərdəkan, 28 noyabr, 2011-ci il
Seyran
SƏXAVƏT
525-ci qəzet.- 2023.- 1 aprel.- S.16.