Paşa Qəlbinur: "Həkimlik qədər
ədəbi yaradıcılıq da mənim
taleyimdir"
"DÜNYANIN
MƏŞHUR OFTALMOLOQLARI TƏSDİQ EDİBLƏR Kİ,
COVİDİN MÜALİCƏSİNDƏ
MÜƏLLİFİ OLDUĞUM "AKTİPOL"
ƏVƏZSİZ DƏRMANDIR"
Martın 30-da görkəmli oftalmoloq-cərrah,
professor, şair, publisist
Paşa Qəlbinurun
71 yaşı tamam oldu. Ad günü ərəfəsində Paşa
müəllimlə görüşüb
həm təbriklərimizi
çatdırdıq, həm
də maraqlı gələn mövzularla bağlı söhbətləşdik.
- Paşa müəllim, indiyədək keçdiyiniz
həyat yolunda ən böyük uğurlarınıza öz
münasibətinizi, bu
barədə sizin fikirlərinizi öyrənmək
istərdik.
- Azərbaycan tibb elminin yüz ildə bir dənə dərman preparatı var ki, təkcə oftalmologiyada yox, təbabətin bir çox sahələrində istifadə olunur. Bizim 100 ildən artıq nəslimiz göz həkimləridir. Babam, dayım, bacım, övladlarım və digərləri göz həkimləridir. Bacım Sevinc Əkbərova da tibb elmləri doktorudur. Uzun illər Bakıda mənimlə çalışıb. Hazırda Moskvada yaşayır. Onunla birgə 15 ildən artıq üzərində çalışdığımız, müxtəlif eksperimentlərdən keçirdiyimiz, sonda insanlarda yoxlayıb, dünyanın iki ölkəsində - İsrail və Kanadada sınaqdan çıxardığımız dərman preparatıdır. Dərmanın adı "Aktipol"dur. Bu preparatımız Ümumdünya Sərgilər Salonunun Qızıl medalına və xüsusi mükafatına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər. Azərbaycanın, hətta bütün Müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Rusiya Farmakologiya Komitəsi o dərmanı təsdiq edib, Brüsseldə xüsusi mükafata layiq görülüb. Belçika Maliyyə nazirliyinin xüsusi mükafatını alıb. Həmçinin, dünyanın müxtəlif ölkələrində ödüllərə layiq görülüb. Çoxşaxəli təsiri var, həm də viruslara qarşı təsir göstərir. Ən böyük təsiri isə COVİD-də təsdiq olundu. Çünki bilirsiniz ki, COVİD virusu ağız, burun və gözdən keçirdi. Biz maska ilə ağzımızı və burnumuzu bağlasaq da, gözümüzü bağlaya bilmirdik. Dünyanın məşhur oftalmoloqları təsdiq ediblər ki, COVİD-in müalicəsində müəllifi olduğum "Aktipol" əvəzsiz dərmandır. Buna görə də ondan Amerika və Avropada pandemiya dövründə də istifadə olunub. Həmçinin, bu, radioprotektordur, yəni radiasiyanın qarşısını alır. Bütün dünyada əksər insanlar quru göz problemindən əziyyət çəkirlər. Bu dərman həmin problem üçün də faydalıdır. Yəni gözü nəmləndirməkdən başqa, göz yaşlarının yaranmasına sövq edir. Bütün dərmanlara konservant tökürlər ki, xarab olmasın. Bu dərman isə özü konservantdır, həm illərcə özü özünü, həm də gözün hansısa hissəsini içinə atsaq, onu yad təsirlərdən qoruya bilir. Bundan başqa, dərmanın 14 müxtəlif təsiri var. Azərbaycanın yeganə dərman preparatı olan "Aktipol"un əksər ölkələrdə istifadə olunmaq icazəsi var. Harada istifadə olunursa, Azərbaycanın adı çəkilir.
Mən və əməkdaşlarımın oftalmologiyaya gətirdiyimiz başqa yeniliklər də var. Bütün dünyada yayılan gözdə qara su xəstəliyi var ki, dünyada korluğun ən əsas səbəblərindən biridir. Bu zamana kimi onun müalicəsi olmayıb. Bu xəstəliyin cərrahiyyəsində mənim kəşf etdiyim bir üsul var, adına mənim soyadımla "Musayev üsulu" deyirlər. Hər yerdə bu üsul Azərbaycan oftalmologiyasının bu xəstəliyin müalicəsinə töhfəsi kimi qəbul olunur. Bu kəşfim o dövrün ən böyük mükafatı sayılan SSRİ Lenin Komsomolu mükafatına layiq görülüb. Həmçinin, dünyanın müxtəlif ölkələrindən də mükafatlar alıb.
Dünyada yeganə Oftalmologiya Akademiyası var ki, o da Amerikadadır və mən onun ilk həqiqi üzvü olmuşam. Bu sahədəki xidmətlərim nəzərə alınaraq, Rusiya Elmlər Akademiyası məni fəxri doktoru seçib. Bundan başqa da, fəaliyyətim dünyanın əksər ölkələrində diqqət görüb, mükafatlarla təltif olunub.
Ümumiyyətlə, oftalmologiya Azərbaycanda digər sahələrə nisbətən həmişə inkişaf edib, dünyanın digər aparıcı ölkələri ilə müqayisə olunacaq səviyyədə təkamül prosesi keçib.
Bu sahədə tanınmış oftalmoloqlar, mənim müəllimlərim professor Umnisə Musabəyova, akademik Zərifə Əliyeva, professor Zəhra Quliyeva, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü Krasnov və başqalarının fəaliyyətləri əvəzsizdir. Onların sayəsində Azərbaycan oftalmologiyası inkişaf edib.
- Uzun illərdən bəri bu sahədə tələbə yetişdirən, öz məktəbini yaradan biri kimi Azərbaycan oftalmologiyasının gələcəyini necə görürsünüz?
- Gələcəyi çox uğurlu görürəm. Bizdə oftalmologiya Amerika və Avropa ilə müqayisə olunacaq qədər inkişaf edib. Bu sahədə ürək açan, gələcək vəd edən, öz üzərində ciddi cəhdlə çalışan çox istedadlı tələbələrimiz var. Biz də çalışırıq ki, bu cür tələbələrimizin sayını artıraq.
Mən Tibb Universitetinin oftalmologiya kafedrasının müdiriyəm. Bizim universitetə almanlar, amerikanlar gəlib dərs prosesimizi izləyəndə heyrətə gəlmişdilər. Çünki biz tələbələrimizlə göz kəsirik. Tələbə əli ilə gözə toxunur, onun hissələrini həm görür, həm iyini hiss edir, kəsəndə səsini eşidir. Yəni o, bütün duyğu üzvləriylə gözü hiss edir. Bu da təbii ki, ən keyfiyyətli dərs üsuludur. Dünyanın heç bir yerində belə bir dərs üsulu yoxdur.
- Müəllimləriniz arasında akademik Zərifə xanım Əliyevanın adını çəkdiniz. Bu il Zərifə xanımın 100 illik yubileyi qeyd edilir. Onunla bağlı xatirələrinizi, düşüncələrinizi dinləmək çox maraqlı olardı.
- Müəllim valideynlə eyni səviyyədədir. Saydığım gözəl müəllimlərim arasında Zərifə xanım Əliyevanın xüsusi yeri var. Biz ondan təkcə elm yox, həm də etika, insana, xəstəyə, tələbəyə münasibət öyrənmişik. O, böyük hərflərlə yazılan Ana idi, böyük Azərbaycan xanımı idi. Amma Zərifə xanım həm də görkəmli alim, çox peşəkar, qayğıkeş həkim idi. Onun xəstələrinə, tələbələrinə, müəlliminə qarşı münasibəti mənimçün örnəkdir. Umnisə xanım Musabəyova həm mənim, həm də Zərifə xanımla Zəhra xanımın müəllimi olub. Yadımdadır ki, Umnisə xanımın ayağı sınmışdı, xəstəxanada idi. Mən onda institutun son kursunda oxuyurdum. Umnisə xanımın yanına gedəndə gördüm ki, məndən bir dəqiqə əvvəl Zərifə xanımla Zəhra xanım gəliblər palataya. Umnisə xanım həkimlə danışırdı, onlar təxminən 15 dəqiqə şagird kimi ayaq üstə durdular. Biri ölkə rəhbərinin xanımı, o biri Tibb Universitetin rektoru, SSRİ-nin deputatı idi. Amma ikisi də müəllimlərinin yanında uşaq kimi dayandılar, təpənmədilər. Umnisə xanım söhbətini qurtardı və onlara "oturun" deyəndən sonra oturdular. Mən də kənardan maraqla baxırdım. Sonralar bu səhnə heç vaxt yadımdan çıxmadı.
Tanıdığım üçün Zərifə xanımın hər cəhətdən örnək şəxsiyyət olduğunu deyə bilərəm. Həmişə tədbirlərdə Gülarə xanım piano çalanda Zərifə xanımın yavaşdan, az qala pıçıltı ilə "anamın anasısan Azərbaycan" dediyini eşidərdim. Bu, onun vətəninə sevgisinin nümunəsi idi.
Azərbaycan tarixində xanım şəxsiyyətlər içərisində onun özünəməxsus yeri var. Alim, ictimai xadim kimi Azərbaycanı dünyada çox gözəl təmsil edə bilirdi.
Mən SSRİ Komsomolu mükafatı alanda cənab Heydər Əliyev SSRİ Nazirlər Kabinetinin birinci müavini olaraq Moskvada yaşayırdı. Gənclərə hər zaman diqqət göstərən Ulu öndər mənə zəng edib ilk təbrik edənlərdən oldu. Ümumiyyətlə, o ailədən hər zaman diqqət və qayğı görmüşəm. Onlar böyük bir epoxanın adamları idilər ki, bizim ömrümüzdən keçdilər. Ümumiyyətlə, elə bir zamanda yaşamışam ki, müqayisə şansım olub. Yaxşını da görmüşəm, pisi də. Bütün bunlar mənim həyata, insana, dünyaya baxışıma ciddi təsir göstərib.
- Siz həmçinin, nadir insanlardansınız ki, həm tibb sahəsində, həm də ədəbiyyatda eyni səviyyədə tanınır, qəbul olunursunuz. Bu fəaliyyətlər bir-birinə mane olmur ki?
- Nəinki mane olur, həm də bir-birinə təkan verir, mövzu verir. Əsərlərim təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində yüksək
tirajlarla çap olunub. Şeir, roman, esselərimdən başqa, təbabətin, ədəbiyyatın və
fəlsəfənin kəsişməsiylə
bağlı tədqiqatlarım
var. Bu tədqiqatlar dünyada
ilk dəfədir. Sənətim həkimdir, şair taleyi yaşayıram, fəlsəfə ilə də ömür boyu məşğul olmuşam. Buna görə də bu üçünü birləşdirə bilirəm
və bəzən çox maraqlı nəticələr alıram.
Poeziya subyektiv yaradıcılıqdır.
Ən gözəl şeiri biri bəyənər, biri yox və
bir-birinə sübut edə bilməzlər ki, bu, yaxşıdır,
ya pis. Çünki poeziyanın, şeirin
ölçü vahidi
yoxdur. Lakin bu üçünü
birləşdirəndə müəyyən
ölçü vahidi
ortaya çıxır.
Bu sahədə çoxlu tədqiqatlarım
var. Məsələn, Məmməd
Araz deyir ki, "Üşüdüm"
deyəndə, bir el gözəli Az qaldı gözündə
gizlədə məni".
Aristotel nəzəriyyəsi ilə
"gözdə gizlətməyin"
heç bir əsası yoxdur. Poeziyanı bilməyən
adam bu
ifadəyə qeyri-ciddi
yanaşacaq. Ancaq 30 il əvvəl
belə bir eksperiment keçirilib. Professor Stroyeva heyvanda
təzə mayalanan rüşeymi gözün
içərisinə yerləşdirib
və bir akvariumda balığın
böyüməsini izlər
kimi, rüşeymin gözün içərisində
böyüməsini müşahidə
edib. Bununla da sübut edib ki, gözün
içərisindəki mühit
ana bətnindəki mühitə bərabərdir,
çünki orada da rüşeym inkişaf edə bilir. Deməli, Xalq şairinin
dediyi heç də əsassız deyil. Ən qiymətlini ən qiymətli yerdə gizlədərlər: gözün
içərisində. Bəli,
o, şairdir, həmin
an İlahidən ona nə gəlirsə,
onu da yazır.
Nə məntiqi düşünür,
nə tibbi. Deməli, bu da onu
sübut edir ki, bu poeziya
nümunəsi ən yüksək əyarlı
poeziya nümunəsidir.
Başqa bir misala baxaq. Böyük
Cavidin "İblis"ində
qızı öldürülmüş
İxtiyar deyir: "Ağlamaq istər ikən həp gülərəm". Burda da məntiqsizlik görünə
bilər. İnsan bu
qədər böyük
faciəyə necə
gülər? Amma elm sübut
edir ki, hiss və emosiyalar ən yüksək həddinə çatanda ordan əks qütbə keçir.
Kədərin zirvəsi ağlamaq
deyil, çalmaq, oxumaq, gülməkdir.
Bu da dahi
Hüseyn Cavidin böyüklüyüdür. Bu tədqiqatların hamısı mənə məxsusdur, dünyada bu sahədə araşdırmalar aparılmayıb.
Mənim yazı yazmaq üçün "ürəyim tökülür". Son zamanlar həkimlik vaxtımı elə alır ki, yazı masamın arxasına keçə bilmirəm. Adam var mövzu qıtlığından şikayətlənir. Mənim ürəyim o qədər doludur ki, yazmaq problemi yaşamıram, yetər ki, masa arxasına keçib otura bilim. Həkimlik qədər ədəbi yaradıcılıq da mənim taleyimdir. Mən ömrüm boyu ona sadiq qalmışam.
Bəzən deyirlər ki, kitab oxumaq ağlı zəiflədir, gözü xarab edir. Amma bu, kökündən yanlışdır. Mütaliə ağlı və gözü itiləşdirmək üçün ən böyük dərmandır. Dünyada sübut olunub ki, alzaymer xəstəliyinə daha çox mütaliəsiz insanlar tutulur. Bu mənada mən insanlara kitab oxumağı məsləhət görürəm.
Mən həm yazıçıyam, həm müəlliməm, həm də oftalmoloqam. Həm də ictimai fəaliyyətim var, Dünya Azərbaycanlılar Konqresinin üzvüyəm. Hər dörd sahədə özümü sərbəst, rahat hiss edirəm. İnsanlarla ünsiyyəti sevirəm. Bu işlərimin arasında özümü cavan və gümrah hiss edirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 1 aprel.- S.14.