ZAKİR
FƏXRİ - 75
Hörmətli Zakir müəllim!
Sizi - tanınmış
şair və tərcüməçini 75 illik
yubileyiniz münasibətilə
təbrik edirik.
Sizin 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Unutmaram", "Yollar" şeirləriniz oxucularla ilk görüşünüzdür. Sonralar dövri mətbuatda müntəzəm çıxış etmisiniz. Şeirlərinizə mahnılar bəstələnmişdir. "Qalmaz belə, qalmaz dünya" kitabınız 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülmüşdür. "Xatirə çiçəyi", "Bir ömrün tarixi", "Yaza və yoza bilmədiyim yuxu", "Qara Məlik, Qara Qəzənfər və mən", "Qalmaz belə, qalmaz dünya", "Rekviyem", "Qaranlıqdan aydınlığa", "Bəşəri poeziya" kimi irihəcmli kitablarının müəllifisiniz. 2018-ci ildə Azərbaycan Tərcümə Mərkəzi "Şeirlər (Poems)" kitabınızı həm orijinalda, həm də ingiliscə nəşr etmişdir. "Dustaqxanadan-dustaqxanaya" romanınız, Vilyam Bleyk, Con Kits, Henri Lonqfello, Edqar Po, Uolt Uitmen, Robert Frost, Allen Ginzberq, Pol Verlen, Artur Rembo, Rober Desnos, Qarsia Lorka, Vilyam Batler, Derek Uolkott, Çeslav Miloş, Oktavio Pas, Georq Geym, Riçard Brotiqan, Vislava Simborska, Emili Dikinson, Ezra Paund və digər əcnəbi şairlərin əsərlərindən nümunələr sizin tərcümənizdə işıq üzü görmüşdür.
Siz orta
məktəbin axşam şöbəsini
gümüş medalla
bitirmisiniz. Azərbaycan Dövlət Texniki Universitetinin məzunusunuz. Əmək fəaliyyətinə
fəhləlikdən başlamısınız.
1972-1973-cü illərdə "Azərbaycan gəncləri"
qəzetinin ştatdankənar
müxbiri, 1985-1989-cu illərdə
"Ulduz" jurnalının
ədəbi işçisi,
1989-1992-ci illərdə Azərbaycan
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
əlaqələr şöbəsinin
müdiri, sədr müavini olmusunuz. 1989-cu ildən nəşr
olunan "Xəzər"
dünya ədəbiyyatı
dərgisinin 1992-2003-cü illərdə
baş redaktoru vəzifəsində işləmisiniz,
hazırda baş redaktorun müavinisiniz.
Ömrünüzün 50 ilini yaradıcılığa, ədəbiyyata
həsr etmiş, Azərbaycan poeziyasının
inkişafına mühüm
töhfələr vermisiniz.
Hörmətli Zakir müəllim, sizi
bir daha yubileyiniz münasibətilə
təbrik edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
525-ci qəzet.- 2023.- 1 aprel.- S.13.