Xalq yazıçısı Anara məktub
Çox
hörmətli Anar müəllim,
Bir dəfə
televiziyada çıxışınızda
dediniz ki, insanın taleyində vaxt və bəxtin
böyük rolu var. Siz ağır vaxtda dünyaya gəlibsiniz. Ancaq bəxt həmişə
üzünüzə gülüb.
Deməli, yaradanın sevimli
bəndələrindənsiniz. Yaradan hər adama kəskin ağıl, zəka, fitri istedad, analitik təfəkkür, qabiliyyət,
rəhbərlik etmək
bacarığı əta
etmir. Bunu yalnız seçilmiş
bəndələrinə bəxş
edir.
Siz hər yazıçıya qismət
olmayan ümumxalq məhəbbəti qazanıbsınız. Yaradıcılığınıza məhəbbətin, şəxsiyyətinizə və
ictimaiyyət arasında
nüfuzunuza ehtiramın
nəticəsidir ki, bir çox ailələrdə övladları
dünyaya gələndə
Anar adı verirlər.
Siz Azərbaycan
ədəbiyyatı hüdudlarını
yarıb beynəlxalq aləmə çıxan
qüdrətli ədibimizsiniz. Siz fikir
və ideya adamısınız. Təsadüfi
deyildir ki, Ulu öndərimiz Heydər Əliyev "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın I cildində
çap olunan "Milli varlığımızın
mötəbər qaynağı"
adlı çox sanballı Ön sözdə "Kitabi-Dədə
Qorqud"un tədqiqi
və təbliğində
Sizin əməyinizi yüksək qiymətləndirmiş,
abidənin 1300 illik yubileyinin keçirilməsi
və "Kitabi-Dədə Qorqud"
ensiklopediyasının yaradılması
ideyasının məhz
Sizə məxsus olduğunu göstərmişdir.
Bir yazıçı
kimi qələminizə,
ictimai xadim kimi fəaliyyətinizə,
ziyalı kimi şəxsiyyətinizə Ümummilli
liderin müxtəlif vaxtlarda verdiyi qiymət ayrıca elmi-tədqiqatın mövzusudur.
Mən burada yalnız bir məqama toxunmaq istərdim. Nizami Gəncəvi kimi dahi yetirən qədim Gəncədə
- Xan bağında Xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılışı
mərasimində Ulu öndər Heydər Əliyev dedi ki, bu ailə
Azərbaycana iki Xalq şairi, bir Xalq
yazıçısı bəxş
etmişdir. Onlar bizim mənəvi
dəyərlərimiz, sərvətimizdir.
Rəsul
Rza da, Nigar
Rəfibəyli də,
Anar da xalqa
məxsusdur.
Anar müəllim, bəlkə
də bir çoxları, xüsusən
də gənc nəsil bilmir ki, Siz təkcə
xalqa məxsus görkəmli yazıçı
deyil, rejissorsunuz, ssenaristsiniz, tərcüməçi,
publisist, folkorşünassınız,
ədəbi prosesə
fəal və davamlı müdaxilə edən, nüfuzlu söz sahibi - ədəbiyyatşünassınız, görkəmli ictimai xadimsiniz və hansı yandan yanaşsaq görərik ki, istedadlı qələm sahibi, beynəlxalq aləmdə xalqımıza üzağlığı
gətirən fenomen şəxsiyyətsiniz.
O da danılmaz həqiqətdir ki, müdrikliyiniz, səbriniz
və nüfuzunuz sayəsində 35 ildən
artıqdır ki, Azərbaycan Yazıçılar
Birliyinin sədri kimi ədəbiyyatımızın
taleyinə cavabdehlik missiyasını ləyaqətlə
yerinə yetirirsiniz. Nə gizlədim, bu şərəfli və məsuliyyətli missiyanı
müstəqilliyimizin ilk illərində
yerinə yetirmək asan deyildi. Demokratiya və söz azadlığından
dəm vuran, "sapı özümüzdən
olan baltaların",
"başqalarının dəyirmanlarına
su tökənlərin",
özünü, sözünü
bilməyənlərin, jurnalist
adı altında meydan sulayanların, xalqın sağlam düşüncəli ziyalılarını
gözdən saldıqları,
aşağıladığı bir dövrdə Yazıçılar Birliyinə
rəhbərlik etmək
müşkül məsələ
idi.
Yeri gəlmişkən,
Yazıçılar Birliyinə
rəhbərlik etdiyiniz
dövrdə 15-ə yaxın
İraqda yaşayan soydaşımız Birliyə
fəxri üzv seçilib. Yazıçılar Birliyində bu
sətirlərin müəllifini
İraq-Türkman ədəbiyyatı
və mədəniyyəti
üzrə müşavir
təyin edibsiniz.
Bütün bunlar Ulu öndərimizin: "Sonralar
tarixi araşdıranda
gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır"
tarixi sözləri ilə necə də səsləşir.
Yaxşı yadımdadır, 1994-cü ildə Ulu öndərimizin
xeyir-duası ilə
128 nəfərdən ibarət
nümayəndə heyəti
İraqa Füzulinin
500 illik yubileyinə gedəndə Kərkükdə
Siz, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı Əta bəy Tərzibaşını ziyarət
etdik. Siz Əta bəyə
Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzv vəsiqəsini təqdim edəndə çox məmnun oldu. Biləndə ki, Rəsul
Rzanın oğlusunuz,
çox sevindi. Rəsul Rzanın Kərkükü ziyarət
etməsindən, Rəsul
Rza ilə 1968-ci ildə Bakıda çap etdirdiyimiz "Kərkük bayatıları"
və şairin "Uzaq ellərin yaxın töhfələri"
məqaləsindən söz
açdı. Həmin məqaləni
"Qardaşlıq" dərgisində
çap etdirdiyini yada saldı.
Anar müəlim,
yəqin bilməmiş
deyilsiniz, yaradıcılığınıza
dissertasiyalar, monoqrafiyalar,
saysız-hesabsız məqalələr
həsr olunub və olunur. 1994-cü ildən
bu günə qədər Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
Dissertasiya Şurasının
üzvü kimi Sizi əmin edirəm ki, tədqiqat işlərində
tez-tez əsərlərinizə
müraciət edilir.
Şəxsən mən Xalidə
Məmmədovanın "Azərbaycan
folklorunda möcüzəli
doğuluş motivi"
adlı dissertasiya işinə rəsmi
opponent rəyimdə yazmışam:
"Hind mifologiyasından gəlmə
"Ölüm son deyil,
əksinə, yerin-torpağın
bətninə və deməli, yeni bir həyatın başlanğıcına dönmə
deməkdir".
Mifdən,
klassik ədəbiyyatın
nümayəndələri Məhsəti
Gəncəvidən, Yusif
Vəzir Çəmənzəminlidən
deyil, çağdaşımız
Xalq yazıçısı
Anarın şeirindən
misal gətirmək istəyirəm:
Bəlkə də haqlıdırlar,
Hindistan müdrikləri.
Ölən insan da bir gün,
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağac tək, gül-çiçək
tək.
Tutalım lap belədir.
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri.
Kim tanıyacaq məni?
Dünya
bir pəncərədir,
Qapatma pəncərəni...
Bəlkə də Moskvada çap olunan çox mötəbər
"Literaturnaya qazeta"nın yenicə çapdan çıxmış
sayında (15-21 mart) Sizə
həsr olunan "Şairlər oğlu şair" adlı geniş məqalədən
xəbərsiz olsaydım,
bu məsələyə
toxunmazdım. Şair fəhmi
ilə illər öncə Tofiq Bayram şairliyinizdən söz açmışdır.
Çoxşaxəli yaradıcılığınızdan
bəhs edən dostluq şarjının ideya məğzini xoşməramlı niyyət,
həddən ziyadə
səmimiyyət, zarafatyana
sataşma təşkil
edir, hədəfə
düz dəyməsi ilə seçilir:
Filmimlə pyesim verib səs-səsə,
Roman yazmağa da
xoşum var, xoşum.
Tənqid
güldən ağır
mənə söz desə,
Fikrim var, hirsənib şeir də qoşum.
Neçə illərdir mətbuatda şeirlərinizi sevə-sevə
oxuyuram. Hamısı dərin məna
kəsb edən, insanı düşündürən
fəlsəfi şeirlərdir.
Anar müəllim, illərdən
bəridir hər yeni il axşamı göstərilən
"Ötən ilin
son gecəsi" televiziya
filminə baxanda düşüncələrə qərq oluram. Həyatın yazılmamış və dəyişməz qanunlarından bəhs edən bu əsəri
22 yaşında yazıbsınız.
Aradan onilliklər
keçib. İndi Siz sağlığında
klassikləşən, ədəbiyyatımızda
epoxa olan, ümumxalq məhəbbəti
qazanan, ölkəmizin
hüdudları xaricində
də xalqımıza
üzağlığı gətirən
ədibimizsiniz. Biz Sizi gənclikdən ağsaqqal kimi davranan görkəmli ziyalı və bütöv şəxsiyyət
kimi yüksək qiymətləndiririk.
Yubileyiniz
mübarək olsun, əziz Anar müəllim!
Səmimiyyətlə,
Qəzənfər PAŞAYEV
Əməkdar elm xadimi, professor
525-ci
qəzet.- 2023.- 1 aprel.- S.13.