SAVABLAR VƏ CAVABLAR
Heyif ki,
vaxt onların əksərini aparıb. Dünənlər barədə
söz soruşulası canlı şahidlərin sırası
lap seyrəlib. 90-ını tamamlayıb 100-ünə
doğru irəliləyən köhnə çekist Oqtay
Mansurovla oturmuşuq üz-üzə, keçmişləri
xatırlayır. Onsuz da bu yaşında qaməti şax,
yaddaşı aydın, özü şuxdur. Heç bu sinni
ona verməzsən. Amma xatirələrdə nə güc
varsa, danışdıqca sanki çöhrəsindəki
işıq artır, xeyli uzaqlarda qalmış illərin hadisələrini
söylədikcə, elə bil ki, gözümün
qabağında əməlli-başlı cavanlaşır,
nitqi də, hərəkətləri də sanki elə
1950-60-70-ci illərin Oqtayınınkıdır.
O, yolunun
lap əvvəlində cavan Heydər Əliyevin rəhbərlik
etdiyi şöbədə işləyib. Nədirsə elə
başlanğıcdan, ilk təmas vaxtlarından o, Heydər Əliyevin
ürəyinə yatıb, ona sonrakı bütün onillər
boyu da həm bir həmkar, həm bir insan kimi xüsusi xoş
münasibət bəsləyib. Oqtay müəllim xəyala
dalır, Heydər Əliyevi anır və hər kəlməsində
həmişə ustad kimi baxdığı böyük şəxsiyyətə
onun da həm məhəbbətini, həm soyumayan
heyranlığını hiss edirəm. Polkovnik deyir ki, Heydər
Əliyev şöbə rəisi olanda da, DTK-da sədr
müavini işləyəndə də, sədr vəzifəsini
daşıyanda, artıq respublikaya rəhbərlik etdiyi, Mərkəzi
Komitənin Birinci katibi olduğu vaxtlarda da dəfələrlə
işlə bağlı kabinetinə gəlmişəm. Kabinetlər,
vəzifələr dəyişib, ancaq dəyişməyən
bu idi ki, daim masasının üstü müxtəlif
kağızlarla, qovluqlarla dolu olardı, o, özü də hər
zaman gərgin işin içində. Hansısa təkliflə,
sualla gedərdin. Başının qarışıq, hərdən
yorğun vaxtları olardı. Ancaq heç bir gəlişə
biganə yanaşmazdı. Sənədi, qovluğu
qarşısına qoyunca qəfilcə dəyişərdi,
xüsusən orada maraqlı saydığı məqamı
görüncə sanki baxışları yanardı, həvəsə
gələrdi, ideyalar verərdi, səni də istər-istəməz
daha da cuşa gətirərdi.
Heydər
Əliyevin bu laqeyd olmamaq, biganə qala bilməmək şakəri
olmasaydı, tanıdığımız və
tanımadığımız neçə insanın taleyi
büsbütün başqa cür alınardı.
Elə həmin
dissident Məcid Axundov ki, ilk dəfə özünü
görmədən anonim yazıları ilə tanış
olmuşdu, sonra həmin dövrdəki digər başqa
cür düşünənlərdən olan növbəti bir
cavan kimi onunla da görüşüb söhbət etmişdi
və ağıllı olduğunu duyunca içərisində
ona rəğbət yaranmışdı və sonra vəzifəsi
böyüsə, işləri çoxalsa, zahirən
yaddaşda bu cavana da əlavə bir yer ayırmağa
imkanı az qalsa da, onu unutmamışdı -
yuvarlandığı dərədən daha az itkiylə
çıxmasına diqqətlərini və köməklərini
əsirgəməmişdi. Məcidin düşdüyü
qapqansa, sovetin ölçüləriylə qətiyyən sadəliklə
can qurtarılası girdab deyildi. Çünki Məcid
Axundovun dərdi bir Azərbaycan deyildi. O, atəşi uzaqlara
açmışdı. Elə həssas siyasi məsələlərə
müdaxilələr etmişdi ki, adətən, bunları
bağışlamırdılar.
1969-cu
ilin martında Varşava bloku ölkələri
qoşunlarının Praqaya yeridilməsini intervensiya, Sovet
İttifaqının xarici siyasətini işğal kimi mənalandıran
"Çexoslovakiya xalqı ilə həmrəylik"
adlı kəskin məktub yazmış, bir nüsxəsini o
vaxt SSRİ-yə təşrif gətirən Çexoslovakiya
hökumət nümayəndə heyətinin rəhbəri
Evjen Erbana, digər nüsxələrini "Pravda" və
"İzvestiya" qəzetlərinə göndərmişdi.
"Əks-səda"
başlıqlı bu şeir də onunku idi. 1968-ci il mayın
9-da yazmışdı. Yazıb evdə saxlamamışdı.
Marks və
Lenin iki böyük dühadır
Marks və
Lenin
Kommunizmdir,
Beynəlmiləldir, proletar inqilabıdır.
Marks və
Lenin
Qarətdir,
əsarətdir, dünya ağalığıdır.
Marks və
Lenin
Qardaşlıqdır,
bərabərlikdir, millətlərin ləğvidir.
Marks və
Lenin
Yaxınlaşdırmaqdır,
Qarışdırmaqdır,
rus məmləkətidir.
Marks və
Lenin
Təcavüzdür,
zülmdür, milli əsarətdir.
Ay haray!
Xilas edin,
Marks və
Lenin
Məni
udmadadır, məni məhv etmədədir.
Belə
şeirə, belə düşüncələrə, həm
də bunları ən mötəbər ünvanlara yaymağa
görə sovet hökuməti bir adama neyləyə bilərdi?
Neyləyə bilərdinin çoxlu faciəli nəticələrinə
tarix şahiddir.
Sovetin nəzərincə,
törətdiyi suçların hər biri qanunun
amansızlığı ilə cinayət məcəlləsinin
maddələri çərçivəsinə salınsa,
üst-üstə 20 ildən çox həbs cəzası
alası bu cavan həmin müsibətdən yüngülcə
"diksinməklə" qurtardı (4-5 maddə ilə məhkum
edilməsi mümkün görünən Məcid Axundov bircə
maddə ilə cəzalandırıldı, onun da yuxarı həddi
ilə yox. Üstəlik də, DTK təcridxanasında 1967-dən
1969-dək saxlandı ki, bu da hansı gözlənilməzliklərlə
qarşılaşa biləcəyi bəlli olmayan istənilən
həbsxanadan daha münasib idi).
DTK-nın
sədri Heydər Əliyev idi, iş və müqəssir
Moskvanın da diqqətində idi. Xilas etməyin, kömək
göstərməyin heç də asan olmadığı bu
dar macalda da o, qayğısını əsirgəmədi.
Yüz cür başqa işin içərisində biganə
də qala bilərdi, uzaq başı, niyə özümüzə
əlavə problem yaradaq fikri də keçə bilərdi
ağlından.
Ancaq o,
Heydər Əliyev idi və işıq gördüyü kəsdən
işığını heç vaxt əsirgəmirdi.
...Bu
işə Məcid Axundov ciddi hazırlaşmışdı.
Yalnız bilikləri, əqidəsi ilə yox, elə texniki tədarükləriylə.
İş ondadır ki, sovet dönəmində çox
şey kimi, babat yazı makinası əldə etmək də
müşkül idi. Onunsa 2 yazı makinası vardı. Biri
"Mersedes", digəri "Undervud". İkisi də
xarici. Biri rusca yazan, digəri Azərbaycan şriftli.
İkisini də əldən almışdı, istifadədən
çıxarılmış makinaları düzəltdirib
işlək hala gətirmişdi. İstifadədən
çıxmış olmalarının da bir
üstünlüyü vardı ki, artıq haradasa qeydiyyatda
deyildilər. Çünki hansısa mətni
yazıb-yaymağı mümkün edən hər bir vasitə
kimi, yazı makinaları da sovetin xüsusi xidmət
orqanlarının nəzarətində idi.
Onun
Bakının Vorovski qəsəbəsindəki balaca həyət
evində gecə saatlarınacan həmin makinaların
taqqıltısı gələrdi. Bəzi məktublarısa əllə
yazardı. Ya rusca, ya azərbaycanca, ya Türkiyə türkcəsində.
Xətti də göz incidən deyildi, rəvandı. Məktubları
da elə idi ki, kimin əlinə çatsa, mütləq
oxuyası idi. Ancaq hökmən də yubanmadan başdan eləyəsi
idi. Bu məktubları yazmaq bir yana, onları oxumağın
özü də xatalı idi. Saxlamaqsa, lap pis.
Elə
bircəsini oxuyaq. Yox, narahat olmayın, indi daha bu məzmun
qorxulu deyil, daha belə yazıların üstündə
adamı təqib etmirlər, dama basmırlar. Amma təsəvvür
edin sovetin qılıncının dalının da,
qabağının da kəsdiyi çağları.
Məcid
Axundov Mərkəzi Komitənin Birinci katibi, respublika rəhbəri
Vəli Axundova məktubunu Nizami Gəncəvidən iqtibas
etdiyi misralarla başlayırdı və artıq o sətirlərlə
məramını ifadə etmiş olurdu ki, siz öndə gedənlərsiniz,
yatmayın, xalqın, respublikanın müqəddəratı
sizdən asılıdır.
Belə
misal çəkmiş aqil bir insan:
"Qurd
girməz sürüyə, yatmasa çoban".
Nizaminin
dediyi həqiqətdir, bunu kim danar! Ancaq qurddan da qurda fərq
var axı! O fikirləri ki bu dissident
bölüşürdü, SSRİ-yə düşmən
olan xarici radioların gecə-gündüz söylədikləri
ilə səsləşən tikanlı düşüncələr
idi. Lakin sovetə qənim kəsilən radiodalğalardan
yayılan cod sözləri deyənlər buralardan uzaqlarda,
SSRİ-nin onlara bu cür danışdıqları
üçün bir şey edə bilməyəcəyi təhlükəsiz
şəraitdə idilər, Məcid Axundovsa oturmuşdu
Bakıda, məktubunu da göndərmişdi Azərbaycanın
birinci kommunistinə. O adama ki, onu həmin vəzifəyə
Moskva təyin etmişdi və istədiyi vaxtda daha münasib
saydığı bir başqası ilə əvəzləmək
imkanında idi. Məcid Axundovun məktubu isə
dirigözlü üsyan idi və Sovet İttifaqını
quruluşca da, mahiyyətcə də büsbütün dəyişməyə
çağırırdı.
Məktubunu
belə başlayırdı ki, biz parçalanmış
xalqın bir hissəsiyik. Hələ xilafət zamanında xəlifənin
Azərbaycanla bağlı sualına cavab verən sərkərdə
söyləmişdi ki, ora türklərə məxsusdur, orada
türklər yaşayır. 150 il əvvəl də Azərbaycanda
türklər yaşayırdı. Vaxtilə Qafqazda olmuş
rus şairi Lermontov demişdi ki, Şərqdə tatar, yəni
azəri dili Avropada fransız dili olan kimidir. İndi nəinki
Şərqdə, heç Azərbaycanın özündə
belə azəri - Azərbaycan dili lazımınca işlədilmir.
Azəri dili ancaq özümüzə qarşı zərərli
təbliğat vasitəsi olmuşdur. Çarizm əlifbanı
dəyişdirməyə nail ola bilmədi. Lakin 50 ildə biz
5 dəfə əlifba dəyişmişik. Nə səbəbə?
Guya 1500 illik tarixə malik ərəb əlifbası mükəmməl
deyildir, guya ərəb əlifbasında yazmaq çətindir.
Bunlar hamısı xalqı öz mədəniyyətindən
ayırıb kölələşdirmək üçün
müstəmləkəçilərin əlində məharətlə
işlətdikləri siyasətdir. Get-gedə dinimiz, əlifbamız,
dilimiz ortadan götürülərsə, Vətənimizdə
bizimlə bərabərcə, qardaş malı kimi ruslar sakin
olurlarsa, bizə öz mədəniyyətlərini, dinlərini,
əlifbalarını, dillərini gətirirlərsə və
bizim özümüz də buna həvəslə
çalışırıqsa, nəslimiz kəsilib aradan
götürülməzmi?
Məcid
Axundov məktubunu əlifbadan, dindən, milli-mənəvi dəyərlərdən
başlasa da, onun hədəfləri geniş, siyasi məqsədi
daha böyük idi. Onu yalnız Vətəni Azərbaycan
düşündürmürdü və bunu da hiss edirdi ki, dərdlərə
məcmu halda əncam çəkilməlidir. Və Azərbaycanın
düyünlərinin açılması da daha miqyaslı
suallara cavablar tapılması, daha qəliz düyünlərin
çözülməsi ilə birbaşa bağlıdır.
Yazırdı
ki, Rusiyada akademiya, institutlar, nazirliklər və bütün
dövlət orqanları elmi-siyasi, daha doğrusu, elmi-hərbi
problemlərin, asılı respublikaların xalqlarının
assimilyasiyası, əriyib-itməsi, yeni müstəmləkələr
əldə edilməsi məsələləri ilə məşğuldur.
Bu
baxımdan dünyanın siyasi mənzərəsini təhlil
edərək gəlirdi Sovet İttifaqının üzərinə,
yazırdı ki, SSRİ-dəki, xalqlar kommunizmin
dırnaqarası maddi texniki bazasının yaradılması
naminə, təsərrüfat planlarının yerinə
yetirilməsi ilə məşğuldurlar. Bu gün azadlıq
haqqında düşünməyən xalqlar assimilyasiyaya
uğrayıb köləyə çevriləcəklər.
Məcid
Axundov gizli təşkilatlara qoşulan və belə təşkilatları
yaradanlardan fərqli olaraq, bu işin dərnəkçilik səviyyəsində
deyil, respublika rəhbərliyi çərçivəsində
gerçəkləşdirilməsinə dəvət edirdi. Təklif
edirdi ki, Azərbaycan Mərkəzi Komitəsində Siyasi
Azadlıq Komitəsi yaradılsın. Və onun fikrincə, bu
komitə türk-tatar xalqları ilə əlaqəyə girməli
və bir sıra zəruru tədbirləri həyata
keçirməlidir. Komitənin respublikada milli
özünüifadənin tam bərqərar olması
üçün dildən, tədrisdən başlamış
mətbuata, geyim-keçimədək olan geniş şəbəkəsi
haqqında mülahizələrini bölüşəndən
sonra Məcid Axundov əsas mətləb üzərinə gəlir,
Qafqaz, müsəlman, türk-tatar xalqlarını birləşdirən
Türküstan Federativ Sosialist Respublikasının
yaradılması ideyasını irəli sürürdü. Bəyan
edirdi ki, bu federasiya Rusiya Federasiyası daxilində assimilyasiya
və metisləşdirməyə məruz qalan bütün
türk-tatar xalqlarının Rusiyadan
asılılığı aradan getmiş, suveren, milli-siyasi
baxımdan azad dövləti olmalıdır.
Bütün
bunları yaza-yaza Məcid həm də ayrı bir məfkurəyə
uğramadığını, əksinə, SSRİ-də əsl
marksist-leninçi siyasətin dürüst
aparılmadığını yazır, nəhayət ki,
arzuladığı kimi dəyişikliklərin baş verəcəyi
təqdirdə Kremldə də marksizm-leninizmin bərpa ediləcəyinə
inandığını bildirirdi. Yəni dissidentliyini edə-edə
həm də özünü sığortalayırdı, mən
sosializmin əleyhinə deyiləm ha, sadəcə, əsl,
düzgün sosialist idarəçiliyinin
qayıtmasının arzusundayam. İndi bunu lağla deyirdi, ya
zireh kimi yararlanmaqdan ötrümü, babalı qalsın
öz boynunda.
O,
SSRİ-nin gələcək xəritəsini də
cızırdı: "Qafqazın əzilmiş xalqları
yaramaz revizionistlərə dostluğun gücünü
göstərəcək, biz müştərək düşmənlərimizi
Qafqazdan qovacağıq. Tarix boyu Şirvanşahların
paytaxtı olmuş Dərbənd Rusiyadan ayrılacaq. Volqaboyu,
Krım, Kuban torpaqları və Sibir Türküstan
Federasiyasına daxil olmalıdır. SSRİ-nin indiki ərazi
bölgüsü xalqları parçalayıb. Bütün
böyük türk xalqları, həmçinin gürcülər,
ermənilər, ukraynalılar, beloruslar və Balkan xalqları
müstəqil olmalıdırlar və zəruriyyət
yaranarsa, Rusiya ilə yalnız iqtisadi, ticari münasibətlərini
saxlamalıdırlar".
Məcid
Axundovun məktubunu gözdən keçirən aqil adamlara,
illah da yüksək kürsülərdə əyləşənlərə,
həqiqətlər sadə adamlardan, elə Məcidin
özündən də daha yaxşı əyan idi və onlar
görürdülər ki, bu yazılanların hamısı
gerçəklərdir. Məgər həmin Birinci katib Vəli
Axundov ki, özü yetərincə vətənpərvər,
millətsevər şəxsiyyət idi, ya Məcidin oxşar
problemlərlə bağlı məktublar yolladığı
Nazirlər Soveti sədri Ənvər Əlixanov, ya Ali Sovet sədri
Məmməd İskəndərov, ya onun istintaqını
aparmış podpolkovnik X.Vəliyev və ya bu cinayət
işinin materialları ilə tanış olmuş istənilən
digər azərbaycanlı görmürdümü
bütün bu fikirlərin doğruluğunu danmaq
mümkünsüzdür? Məcid elə mövzulara toxunurdu
ki, hamısı millətin taleyi ilə birbaşa bağlı
idi. Ancaq həmin mətləblərin hamısı sovet
dövlətinin apardığı siyasətə zidd
düşüncələr, hakimiyyətin nəzərincə,
ağır dövləti cinayət idi: "Bizim mədəni
irsimiz, Rusiya arxivlərində saxlanan kitab və əlyazmalarımız
özümüzə məxsus olmalıdır. Sərhəd
dirəkləri, tikanlı məftillər, murdar itlər Araz
sahilindən rədd olmalıdır. Arazın müqəddəs
suları çirkin milçəklərdən təmizlənməlidir.
Xristianlığın və sərxoş Rusiyanın əlində
oyuncaq dövlət olmaq yetər. Bizim heç birimiz gecələr
rahat yatmamalıyıq! Bizim hər birimiz bir
döyüşçü olmalıdır!"
Elə təkcə
belə bir çağırışa görə bu məktubun
yazıldığı 1967-ci ildən düz 30 il əvvəl
üçlüyün 15 dəqiqəlik xalaxətrin
qalmasın məhkəməsindən sonra həmin şəxsi
güllələyirdilər.
Heydər
Əliyev bunu Məcid Axundova da, onun kimi sovetəzidd
düşünən, bu cür fəaliyyətləri səbəbindən
Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasınadək
gəlib çatmış başqa neçə cavana da
canıyananlıqla söyləmişdi. Onlardan biri, yaxın
dostum olmuş mərhum jurnalist Tofiq Abdin yada salırdı ki,
Heydər Əliyev məni də "Qaranquş" gizli
antisovet təşkilatının üzvü kimi qəbul etdi.
Qarşısındakı qovluğu vərəqləyirdi, yəqin,
bizimlə bağlı sənədlər idi və düz
gözlərimin içinə baxaraq soruşdu ki, axı siz nə
istəyirsiniz? Qayıtdım ki, vallah, heç nə istəmirik.
Gülümsündü: "Yox, istəyirsiniz axı!" Əlavə
etdi ki, bir traktorçu oğlusan, gəlmisən, ali məktəbə
girmisən, yazı-pozun var, niyə özünü bədbəxt
edirsən?! Əvvəlki zamanlar olsa idi, nəinki səni,
qohum-əqrəbanı da ağır cəzalandırardılar,
gedərdin, yerin-yurdun da bilinməzdi. Dur get, ağlını
başına yığ, dərsini oxu, ata-ananı peşman eləmə".
Bəli,
1960-cı illər idi, indi dövr başqa idi, ancaq lap o qədər
də başqa deyildi ki, Məcidin xəyallarındakı kimi
ola.
Məcid,
respublikaya rəhbərlik edənlərdən umurdu, onları
vəzifəyə, mənsəbə tüpürərək
mübarizəyə qoşulmağa haylayırdı. O, tərəfdarlarını,
məsləkdaşlarını böyür-başından
yox, ən yuxarılardan, ən səlahiyyətlilər
arasından seçmək istəyində idi: "Koroğlu nəslinin
övladları hansısa xırda inzibati vəzifələrə
görə xalqımızın istibdadına dözməməlidir.
Xalqı köləliyə qarşı mübarizəyə
qaldırmaq lazımdır. Mətbuat, radio, məktəb Vətənin
xilaskarlarını səfərbərliyə
çağırmalıdır. Eyni zamanda, biz silah istehsal etməliyik,
müasir silahlardan istifadə qabiliyyətinə,
döyüş və müdafiə taktikasına yiyələnməliyik,
eyni halda, diplomat olmalı, çevik siyasət
aparmalıyıq".
Bunları
yazan 36 yaşlı bir azərbaycanlı cavandır və məktubunu
birbaşa Azərbaycan Respublikasında ən yüksək vəzifəni
tutan birinci şəxsə yollayıb. Söz yox, millət
müqəddəratı və çağdaş siyasətlə
əlaqədar bunca mühüm mövzular şəbəkəsinə
toxunacaq qədər dərrakəli olan həmin cavan başa
düşür ki, bu yazdıqlarının, bu
çağırışlarının hər biri onun
özünə qarşı hansı təhlükələr
vəd edir.
Anlamağına
anlayır, amma yazmaya da bilmir. Ürəyi vadar edir!
Məcidin
xəttinə əsasən kimliyini tezliklə müəyyənləşdirsələr
də, çekistlər onu götürməyə tələsməmiş,
daha bir neçə məktubunu yazıb yola salmasına
maneçilik törətməmiş, həmin müddətdə
də onu izləmişdilər. Əməliyyat işi
baxımından da anlaşılandır. İstəyirlərmiş
ki, görsünlər bu adamın hansı əlaqələri
var, kimlərlə oturub-durur, birləşdiyi təşkilat
varsa, ora özlərindən də bir-iki nəfəri
atsınlar ki, vəziyyəti lap yaxından izləmək
imkanı qazansınlar. Söz yox, Məcidin iş yerində də
kəşfiyyat aparmışdılar. Ancaq bu adamın kimsəylə
xosunlaşmadan, tam tək işlədiyinə lap əmin kəsiləndən
sonra həm daha da heyrətlənmiş, həm də peşəkar
şübhəcilliklə "bəlkə bu adam və ətrafındakılar
həddən ziyadə konspirativ işləyir, müəyyənləşdirə
bilmirik" gümanına da düşmüşdülər.
Ancaq müşahidələri dərinləşdirdikcə yəqinlik
hasil etmişdilər ki, şəkkə-filana yer yoxdur, Məcid
nə edirsə, təkbaşına edir və heç kimlə
də bu istiqamətdə ünsiyyəti yoxdur.
Məcid
Axundovun - bu tənha döyüşçünün, bu
turançı yalquzağın öz yan-yörəsində həmfikir
axtarmağa ehtiyacı yoxdu. Onun düşündüyü,
narahat olduğu məsələlərin hər biri ilə
bağlı öz qəti mövqeyi vardı və dəstəyi,
həmfikri, dayağıda aşağılarda yox,
yuxarılarda arayırdı. Sadədil deyildi, anlayırdı
ki, onların - Azərbaycana rəhbərlik edənlərin də
bu sistem içində nəsə etməsi az
ağlabatandır. Ancaq belə-belə müraciətləri
ilə həm də örnək göstərirdi, "mən
mənliyimlə, bu aciz, arxasız canımla bunları edirəmsə,
siz də susmayın, dəbərin, ən azı belə
düşüncələrin cəmiyyət içində
varlığını da görün"
çağırışını edirdi.
"Rusiya
bizim təbii ehtiyatlarımıza və çəkdiyimiz zəhmətin
müqabilində belə böyük hərbi gücə
malikdir. Qoy Rusiya bizə sülh və bərabərlikdən dəm
vurmasın. Biz asılı və işğal olunmuş
haldayıq. Sülhdən danışırlar. Sülh bizə
hansı dəyərlərimizi yaşatmaq üçün
lazımdır? Biz müstəmləkəçilik əleyhinə
çıxmalıyıq, köləliyə, assimilyasiyaya və
əriyib itməyə qarşı mübarizə
aparmalıyıq. Düşmən bizi əzərək guya
sülhü təbliğ edir, bərabərliyi tərənnüm
edir. Görün bizi nə qədər sadəlövh
sayırlar. Dünya xəritəsinə baxmaq lazımdır.
Parçalanmış xalqlara nəzər yetirmək gərəkdir
ki, kimin kimə hansı bəlalar və köləlik gətirdiyini
görəsən. Bu haqda düşünərək həm də
yanmaq lazımdır. Qoy bizim rəhbərlər, nəhayət
ki, ayılsınlar, təsərrüfat planlarından
ayrılaraq düşünsünlər, azad
olmağımızın çarəsini axtarsınlar,
İslamın geriliyə aparması və zərərliyi haqda
xristian təbliğatını bir kənara atsınlar. Avropa
imperialistləri Şərqi və İslam
dünyasını köləyə çevirmək
üçün dinimizi təriqətlərə bölərək
istədiklərinə nail olmuşlar, xristianlığı
missionerlər tərəfindən yaymışlar. SSRİ Ali
Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornı
İtaliyaya səfəri zamanı Papa VI Pavlla görüşərək
onunla xristianlığın hazırkı vəziyyətini
müzakirə edib. Qoy bizim də sovet dövlətinin ateist təbliğatına
uymuş rəhbərlərimiz bundan müəyyən nəticələr
hasil etsinlər və İslamın azadlıq yolunu
açsınlar, dinimizi ateist tərbiyəsindən azad
edilmiş işıqlı yola çıxarsınlar. Məktubumu
qoyduğum zərfin üstündəki "Sibir"
sözünə baxın. Rədd olsun xristian köləliyi".
Sovet
dönəmində, elə həmin 1950-1960-1970-ci illərdə
Azərbaycanda pinəçilərin köşklərində,
kiçik dəlləkxanalarda divarlarda Stalinin şəkli
gözə dəyərdi. O demək deyil ki, onları hamısı
Stalin aşiqi idi. Heç bir çoxu onun kimliyindən əməlli-başlı
agah deyildi. Ancaq hətta bu divara şəkilvurmanın
özündə belə insanların etiraz hissi əksini
tapmışdı. Hakimiyyətin yasaq etdiyi nəyəsə
qarşı dirəniş göstərmək! Və inancla
bağlı da insanların bir para davranışlarında -
yasaq sayılan dini mərasim və ayinləri keçirmələri,
Novruzu, Ramazanı bayram etmələri, qələm
adamlarının yazılarının içərisində
"Allah" sözünü, "Quran" kəlməsini
işlətmələri, hətta bu kəlmələri qəbul
edilmiş qaydaya uyğun olaraq kiçik deyil, böyük hərflə
yazmalarında imana sədaqətdən daha üst qatda siyasi
qısma-boğmalara hikkə, qabarmaq vardı. Elə Məcid
da həmin təhər. Bu yazdıqları bir tərəfdən
onun, həqiqətən, inancından qaynaqlanırdısa,
bundan daha öncə və daha artıq içərisində yaşadığı
quruluşa, siyasi rejimə, mövcud siyasətin
doğurduğu məhdudiyyətlərə
qarşıdurması idi. Hətta yazdığı məktubu
qoyduğu zərfəcən seçimində dəqiq və məqsədyönlü
idi. Dövlət Təhlükəsizlik Komitəsində ona
aid cinayət işinin içərisində Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Vəli
Axundova ünvanlanmış məktubunun əsli, ruscaya tərcüməsi
ilə yanaşı, həmin zərf də saxlanılır. Zərfin
üstündə Sibirin xəritəsi və Abakan-Tayşet dəmir
yoluna çıxan elektrik qatarının rəsmi var. Nəyə
işarə edirdi bununla? Demək istəyirdimi ki, bizi də
bir sıra başqa xalqlar kimi yerimizdən-yurdumuzdan o tərəflərə
sürgün edəcəklər? Ya bəlkə bununla ona da
işarə edirdi ki, anlayıram, yazdıqlarıma, belə
düşündüyümə görə mənim sonum
Sibirlə qurtara bilər, ancaq sözümü deməyə də
bilmirəm?!
Bu məktub
1967-ci il yanvarın 29-da yazılıb. Ancaq ruscaya 1969-cu il
aprelin 21-də tərcümə edilib. Görünür,
yalnız haqqındakı geniş arayış yox, elə bu
cinayət işinin qovluqları da vaxtilə Moskvaya göndərilibmiş
ki, orada yer alan mətnlərin hamısı ruscaya
çevrilib.
Məcidin
atası Axund Ələşrəf Gədəbəydə
Arabaçı (sonralarsa İvanovka) kəndində
yaşayırdı və şəhərə gedib-gəlməklə,
sən deyən, arası olan deyildi. Dədə-babadan
yaşadıqları Göyçədən, Ardanış kəndindən
1938-ci ildə köç-külfətini yığaraq
dağın bu tayındakı Arabaçıya gəlməsinin
səbəbi tanınan bir din xadimi olaraq tezliklə tutula,
sürgün edilə biləcəyi qorxusu olmuşdu.
Çünki onun atası da məşhur axund olmuşdu və
1930-cu illərdə din xadimlərinə qarşı şiddətli
repressiyaları görəndə Ermənistandakı Çəmbərək-Krasnoselsk
rayonundakı Ardanışa nisbətən Gədəbəyin
Arabaçısının daha gözdənuzaq bir yer
olduğunu, burada onu kimsənin tanımadığını
da nəzərə alaraq Ələşrəf orada
yaşamağa üstünlük vermişdi. Səviyyəsini
bildiklərindən, zamanında - 1940-50-ci illərdə onu
Bakıya dəvət də etmişdilər, bir ara ona
şeyxülislamlıq təklifi də edilmişdi,
razılaşmayanda heç olmazsa Gəncəyə baş
axund getməsini istəmişdilər, buna da qol
qoymamışdı. Din xadimlərinə qarşı törədilən
qəddarlıqlar gözünün odunu necə
almışdısa, elə Gədəbəydəki sakit həyatına
üstünlük vermişdi. Ancaq Məcid tutulanda məcbur
olmuşdu gəlsin Bakıya, oğlunu xilas etməkçün
yollar arasın. Bakıdakı nüfuzlu dindar həmkarlarının
ona çox köməyi dəymişdi, DTK-dan Ali Məhkəməyədək
Ələşrəf kişinin müxtəlif aylarda
nüfuzlu vəzifə sahibləri, yardım etməyə
gücü çata biləcək şəxslərlə
görüşlərini təşkil etmişdilər. Hətta
bunu da tövsiyə etmişdilər ki, oğlunun guya
havalı olması barədə bir ərizə yazsın, bəlkə
xəstəlik adı ilə onu xilas etmək mümkün ola.
Və yazıb göndəribmiş. Məcid Axundovun cinayət
işinin arasında həmin ərizə də qalır.
Yazır ki, Məcidi uşaqlıqda at vurmuşdu, o vaxtdan onda
ruhi xəstəlik, sərsəmlik əmələ gəlib, hələ
də həmin əsəb mərəzindən tam
sağalmayıb, beləliklə də, onda "mövqumu və
vasid xəyallar yaranıbdır". Mərhəmət
göstərilməsini rica edir, 60 ailənin ağsaqqalı
olduğunu, bu qədər ailənin ləkələnməsinə
yol verilməməsi üçün köməklik göstərilməsini
istəyir.
Köməkilk
də göstərilir və köməkliyi edən də Heydər
Əliyev olur. Nədən ibarət idi o köməklik? Heydər
Əliyevin imzaladığı xüsusi məktubla 4 mötəbər
mütəxəssisdən ibarət tibbi ekspert komissiyası
yaradılır və Məcid Axundovun psixi cəhətdən
tam sağlam olması haqqında geniş arayış
hazırlanır. Əvvəlcə belə cavaba Ələşrəf
kişigil pəjmürdə olsalar da, onlara izah edirlər ki, əslində
bu, Məcidə elə ən böyük köməkdir. Bu
cinayət işi artıq Moskvanın diqqətində idi.
Onlara da bu qəbil qatı antisovet düşüncəli
şəxsin məhbus deyil, elə ruhi xəstəxana sakini
olması daha sərfəli idi.
Digər
köməklik də bu olur ki, Məcid Axundov yalnız bir maddə
ilə - "Antisovet təşviqat və təbliğat"ı
nəzərdə tutan 63-cüylə məhkum edilir. Bu, 7 ilədək
həbs, ya bir vaxtlar özünün elə təsəvvür
etdiyi kimi, Sibir, Qazaxıstan tərəflərə 5 illik
sürgün demək idi. Əslində isə Məcidi əlavə
olaraq dövləti cinayətləri ehtiva edən digər maddələrlə,
o cümlədən, həmin vaxtlar gizli təşkilatlarda
siyasi fəaliyyət göstərmişlərə tətbiq
edilməsi dəbə düşmüş "Milli və
irqi hüquq bərabərliyinin pozulması" sərlövhəli
67-ci maddə ilə də ittiham etmək olardı.
Çünki o dövrdə çox zaman siyasi fəaliyyətlərə
görə mühakimə edilənlərin cinayətindəki
antisovetizmi qabartmamaq üçün istintaqı elə millətçilik
tərəfə yönəldərək onları bu maddə
ilə cəzalandırmağa üstünlük verərdilər.
Məcidin əks-sədası Kremlə qədər gedib
çatmış antisovet fəaliyyətlərinin çərçivəsi
elə geniş idi ki, daha bunu ört-basdır edib millətçilik
donu geyindirmək ağ olardı.
Burada,
Bakıda Ələşrəf kişigilə
anlatmışdılar ki, Məcidin işi buralıq deyil,
Moskvalıqdır, nicatı orada arayın. Kömək
olunmuşdu, Məcidin qardaşı Şıxəli Axundov
Moskvada SSRİ-nin Baş prokuroru Roman Rudenkonun qəbuluna da
düşmüşdü. O da işlə tanış olandan
sonra hər halda Məcid Axundovun ağlına, səviyyəsinə
simpatiyasını gizlətmədən deyibmiş ki, başqa
nə iş olsa idi, kömək etmək olardı, indiki halda
bu, elə cəzanın nisbətən
yüngülüdür. Amma bunu da biləsiniz ki, bizim
prokurorluğun tarixində qardaşınız sırf
antisovetizm maddəsi ilə məhkum olunan tək adamdır.
Məcidə
5 il verirlər, cəzasını Permdə çəkir və
qardaşı İsmixan kişi nağıl eləyir ki, həmin
həbsxanada siyasilər saxlandığına görə
şərait də, münasibət də
yaxşıymış.
Qayıdıb gələndən sonra üstündəki ağır maddəyə görə bir müddət onu hara müraciət etsə də, işə götürməyə tərəddüd edirlər.
Və yenə əlacı məktubda görür. DTK sədrinə müraciət edir, şikayətlənir ki, mənə iş vermirlər. Məktubuna şəklənirlər ki, birdən yenə qızışıb başlayar yazmağa, kömək göstərilir, onu Elmlər Akademiyasına göndərirlər, Seysmoloji Xidmət Mərkəzində professor Arif Həsənovun yanında işləyir. Arif müəllim savadlı, ziyalı bir insan idi, elə əvvəldən ünsiyyətləri alınır, Məcid təqaüdə çıxanacan elə orada çalışır.
1981-ci ildə atası Ələşrəf kişi Gədəbəydə vəfat edir. Ancaq dünyadan köçməzdən az qabaq, yataqdaykən Məcidə vəsiyyət edibmiş: "Məni yerdən sən götür, dəfnimi kəmsavad mollalar aparmasın, məclisi özün yola ver".
Oğlunun dini biliklərinə, qabiliyyətinə də yaxşı bələd idi və sanbalını tanıyanların hamısının etiraf etdiyi oturuşmuş axundun etibarı həm də Məcidin elə bir din xadimi kimi layiqincə fəaliyyət göstərə biləcəyinə zəmanət idi.
Atasının cənazə məclisini necə apardığına şahid kəsiləndən sonra ara-sıra qohumlar, dost-tanış Məciddən təvəqqe edirmiş ki, bizim də məclisi yola ver.
Məcid Axundov geoloq idi, yaxşısından idi. O baş ki onda vardı, o sahədə həm də yaxşı bir alim kimi şöhrətlənə bilərdi. Tarixi, ədəbiyyatı, dil, mədəniyyət, din tarixini mükəmməl öyrənmişdi. Bu sahələrin də hər birində elə o istiqamətin sözükeçər mütəxəssisi kimi rəy bildirə, istənilən müzakirəyə, mübahisəyə qatıla bilərdi. Cavanlığında millət yanğısı və içərisində yaşadığı cəmiyyəti daha xoşbəxt və işıqlı görmək arzusu onu siyasət yoluna saldı. Bu məşəqqətli yola tək çıxdı. Gücü çatana qədər döyüşdü. 1-2 illik fəaliyyətinə görə 78 illik ömrü (o, 2008-ci il aprelin 18-də vəfat etdi) puç oldu. Hər halda həyatı o cür ki olmalıydı, olmadı. O qabiliyyətlər ki Allah ona vermişdi, həmin bilik və səriştələrin sayəsində qarşısında layiq olduğu o gələcək ki açılmalıydı, açılmadı.
İnzivaya çəkilən sufilər kimi, bir az unudulmuş, bir az incik, bir az dərvişanə ömür sürdü. Amma hər halda ona arzuladığı və gələcəyinə inandığı günlərin gəlişini, Azərbaycanın istiqlalına qovuşmasını, SSRİ-nin dağılmasını görmək də qismətindəymiş. Kim bilməsə də, hər halda o, özü bilirdi ki, bütün bunlar baş verdisə, demək, onun da xidməti var. Çünki o, ən ağır vaxtlarda istiqlal ocağının ürəklərdə və düşüncələrdə sönməməsinə taleyini fəda edənlərdən olmuşdu. Özü bunu bilirdi, mən də bilirəm və istəyirəm ki, hamı bilsin. Bu cəfakeş millətin yolunda can qoymuş heç bir insanın fədakarlığı gərək əsla yaddan çıxmaya!
Və Tanrı nəsib etdisə, sanki siyasət və dövlətçilikdəki böyük yolu bitmiş, sakit təqaüdçü həyatını yaşamalı olan Heydər Əliyev yenidən qalib və zirvədə olmaq üçün qayıtdısa, müstəqil Azərbaycanı XX yüzilin fırtınalı illərindən çıxararaq XXI əsrə yüksələn məmləkət kimi çatdırmaq xoşbəxtliyinə yetdisə, bu da Tarixin və Taleyin yazısıdır. Bu, həm də cavabdır. Ən mürəkkəb əyyamlarda Vətənə ləyaqətlə xidmətin, istiqlal naminə çalışmışları qorumaq yolundakı əməklərin, müqəddəs müstəqilliyin sabahını ən inanılmaz zamanların axarında olarkən də düşünərək o yolda zəhmətlər çəkməyin cavabı.
Bu dünyada hansı savab cavabsız qalıb ki!
30 mart, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 1 aprel.-
S.10-11.