Şərurdan Şuşaya boylanan şair  

 

 

 Naxçıvan ədəbi mühitinin dəyərli imzalarından biri şair Sahib Əsgərlidir. 1962-ci ildə Şərur rayonunun (indiki Kəngərli rayonu) Xok kəndində anadan olan şair Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsilini tamamladıqdan sonra doğulduğu kənddə Azərbaycan dili ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Eyni zamanda 2001-ci ildən etibarən mətbuatla sıx əməkdaşlıq qurub. Kəngərli rayonunun orqanı olan "Yeni həyat" qəzetində redaktorluq vəzifəsinə kimi yüksəlib. Şair 2012-ci ildə həyatla, 50 il heç cür yola getmədiyi bu dünya ilə vidalaşıb.

Sahib Əsgərlinin bədii yaradıcılığına aid şeirləri sağlığında cəmi bir dəfə- 1998 -ci ildə "Ruhumdu bəlkə" adlı kitabda toplanıb çap olunmuşdu. Vəfatından sonra arxivindən toplanan şeirləri bir poemadan ibarət "Gedirəm özümə bir gün ağlayam" kitabı isə şair dostu, təəssübkeş həmkarı Elxan Yurdoğlu tərəfindən hazırlanaraq 2021-ci ildə nəşr etdirilib.

S.Əsgərlinin şeirlərində istər vətənə bağlılıq motivləri, istər məhəbbət lirikasının emosionallığı, istərsə şair dünyasının daxili ziddiyyətləri təbii şəkildə əks olunub. Professor Məhərrəm Cəfərli "Ruhumdu bəlkə" kitabına yazdığı ön sözdə şair haqqında bildirir: "Sahib nədən yazırsa-yazsın, ilhama xəyanət etmir, şeir yazmaq xatirinə qələmə sarılmır, ürəyinin odu, qəlbinin atəşi ilə yazır. Ona görə onun misraları fərdi "mən"in hüdudlarını asanlıqla aşaraq oxucuların qəlbinə yol tapır, onların yaddaşına yazılır".

Məmməd Araz vurğunu olan şair onun yaradıcılığından bəhrələnmiş, şeirlərində isə tez-tez adını çəkərək xalq şairindən təsirləndiyini ifadə etmişdi. Məzmun dərinliyi ilə diqqəti cəlb edən şeirlərinin əksəriyyəti vətən, doğma torpaqlarla bağlı olan S.Əsgərli M.Araz kimi vətəninin parçalanmasına, insanların bir-birindən ayrı düşməyinə ürək ağrısı ilə yanırdı. S.Əsgərlinin şeirlərində Qarabağın, xüsusən Şuşanın işğalından yaranan ağrı-acı geniş şəkildə öz bədii təcəssümünü tapıb. Boya-başa çatdığı torpaqlara Şuşa dağlarından boylanmaq üçün can atan şair bu məğrur, əzəmətli şəhərin süqutunu gördükdən sonra sağ qalmağından utandığını qeyd edirdi. Həmçinin S.Əsgərli 2005-ci ildə "Şərq qapısı" qəzetində dərc olunan, şair Elxan Yurdoğlu ilə müsahibəsində "Şuşanın süqutu mənim həyatımda ən ağır gün oldu... Şərurdan Şuşanın tüstülü başını gördüm o gecə..." ifadələrini dilə gətirmişdi. Şairə ilham verən gözəlliyin, məğlubedilməzliyin simvolu olaraq gördüyü bu şəhər onun üçün elə əzizdi ki, Şuşanı vətən sevgisinin sərhəddi adlandırırdı. Eyni zamanda, milləti, dövləti daim haqqını almağa, mübarizə aparmağa səsləyirdi.

S.Əsgərlinin sadəcə Şuşa ilə bağlı yox, ümumiyyətlə, vətən mövzulu şeirlərində çağırış motivləri, səfərbərliyə səsləniş olduqca güclüdür. Azad ruhlu vətənin azad ruhlu şairi düşmənə zərrə qədər olsa, güzəştə getməyə qarşı olduğunu dilə gətirir, şəhid qanının hər damlasının qisasını almağı vacib bilir, bu yolda şəhid olmağı da özünə borc sayırdı:

 

gözünü...bir silkələn son dəfə,

Yüzlərindən qoy seçilsin on nəfər.

Mən olaram şəhid olan son nəfər,

Mən olmasam, sabah olar balan kim?

 

Şuşa onun şeirlərində bir obraz dərəcəsinə qalxaraq şairin vətən sevgisinin simvoluna çevrilmişdi.

 

Dünyadan zamansız ayrılan şair, həsrətini duyduğu torpaqların bir gün qaytarılacağını duyaraq "Gələcək o böyük qələbə günü" şeirində Vətən müharibəsində baş verəcəkləri misralarında dilə gətirmişdi:

 

Gələcək o böyük Qələbə günü,

Gələcək bir səhər doğan günəştək.

Canı qurtaracaq xarı bülbülün,

Düşmən qovulacaq son nəfərədək.

 

Təəssüf ki, Sahib Əsgərli 8 noyabr 2020-ci ili - o böyük Qələbə gününü görmədən dünyadan köçdü. Amma arzularının, ümidlərinin həmin gün şairin ruhuna mütləq müjdə apardığına inanıram.

Bir ona təəssüflənməliyik ki, yaradıcılığının rəngarəngliyinə, dərinliyinə şahidi olduğum Sahib Əsgərli imzası, geniş oxucu kütləsi qalsın bir yana, ədəbiyyat sevdalıları, şeirsevərlər tərəfindən belə o qədər tanınmır. Halbuki onun yaradıcılığından bizə çatan nümunələr şairin mənəvi dünyasından, yurd sevgisindən, qəlbindəki haqq səsindən xəbər verir.

İnanırıq ki, şeirlərini oxuyanya ilk dəfə tanış olacaq oxucuları şairin misralarından ilham alacaq, bu yüksək bədii yüklü nümunələrin hər birindən özləri üçün pay götürəcəklər. Ruhu şad olsun!

 

Nuray MƏMMƏDOVA

Naxçıvan Dövlət Universitetinin I kurs magistri

525-ci qəzet.- 2023.- 4 aprel.- S.13.