Tanrı naxışı  

 

 

Kamalə Abiyeva müəllimdir. 40 ildən çox bir zaman içində sevdiyi peşə ilə məşğul olub, həm şagird kontingentinin əksəriyyətini Kubinka-Sovetski deyilən məhəllədə böyüyən çətin uşaqların təşkil etdiyi 31 ¹li tam orta məktəbdə... bu uşaqlar onu çox seviblər, dərsinə, kimliyinə hörmət ehtiram bəsləyiblər, 11-ci sinfin sonunda - ayrılıq məqamı yetişincə, ayrılsalar da, sevgili öyrətmənlərini heç unutmayıblar. Maraqlıdır ki, məktəb partası arxasından həyatın qaynar, mürəkkəb, keşməkeşli qoynuna atılan yeniyetmələrin çox sevdiyi, bütün ömürləri boyu unutmadıqları bilik, savadla bərabər İnsan olmağın da dərsini aldıqları fədakar öyrətmənin onlardan heç bir təmənnası olmayıb. ad, şöhrət arxasınca qaçmayıb mənim yaxından tanıdığım bu böyük İnsan. Mükafatlar almaq da umurunda belə olmayıb örnək pedaqoq olduğunu hər əməlində təsdiqləyib.

Hər birimizin şəxsiyyət-Vətəndaş kimi formalaşmasında ata analarımızdan daha böyük rol oynayan bilik ocağı - məktəblə bağlı yazdığı "Məktəb illəri", "Son zəng", "Müəllim", həm "Bakı haqqında nəğmə", "Bu dünyanı nağıl bilək", "Yağış yağır bu şəhərə", eləcə "Şəhidlər Xiyabanı" poeması, "Qələbədir Sənin adın" musiqili tamaşa mətni ilə hit yaradan uca türk ruhlu möhtəşəm Şairim!

"Qələbədir sənin adın" əsərin qədər qapsamlı, Qarabağ-Şuşa zəfərinə gedilən yolda baş verənlər - əvvəldən axıra reallıqlarla süslü, canyaxıcı möhtəşəmdi! Çox böyük maarifləndirici missiyası var bu əsərin... Şuşaya, Qarabağa, Vətənə Uluyurdu qoruyan igidlərə sınırsız sevgi, odlu məhəbbət süzülür hər misrasından... "Qələbədir Sənin adın" əsəri bir çağırışdır: Uluyurdu öləsiyə sevməyə çağırış:

 

Gözəlliyə heyrət kimi, heç bitməyən həsrət kimi

Möcüzəsən başdan-başa, meşələrin bir tamaşa.

Sən bir sevgi nəğməsisən ruhumuzda, əziz Şuşa.

Sən musiqi məbədisən varlığınla, əziz Şuşa!

Bulaq gözlüm, çəmən saçlım, qaya donlum,

çiçək taclım, ay sultanım,

Sehrlidir yaylaqların, min sirlidir oylaqların,

Sən bir sevgi nəğməsisən ruhumuzda, əziz Şuşa!

 

Xalqın sevdiyi, böyük dəyər verdiyi gözəl şairimiz şəhidlərdən ardıcıl olaraq yazmaqla onlara əbəbi abidə qoydu... Bir sevgi nəğməsi oxudun misralarla özləri Vətən olan oğullarımıza, uğrunda canından keçən hər igidlə, hər şəhidlə yenidən doğulan Şuşaya Azərbaycanın tacı olmaq şərəfini qaytaran ərlərə Uluyurda...

 

 

 

Özü bu sevginin əfsusuna bələnib bütün soydaşlarına bu odlardan-alovlardan toxunan bu sevgi tülünə necə bürünməyin ən gözəl qısa yolunu öyrədir:

 

Elə böyükdü ki ağrın, ağrı da ola bilmədim,

Sənin ağrında əridim, böyüyə bilmədim mən...

kiçik qaldım Qarabağım...

30 ildi bətnindəydim ağrı çəkən bu torpağın.

Göz yaşımla, gülüşümlə onun Vətən  ağrısından

44 günə doğuldum mən, sənin boyda böyüdüm mən,

böyüdüm ki, səni görəm, səni sevəm.

heç doyunca görməmişdim səni axı,

Gördüm səni əsgər-əsgər, igid-igid,

gördüm səni Qarabağım.

Heç doyunca sevməmişdim səni axı,

sevdim səni şəhid-şəhid...

 

Vətən daşı olmağı bacaran İnsan-Şair Kamalə xanım hər yazısında o igidlərlə, o ərənlərlə bərabər ölüb-dirildi sanki... Dirildi, amma canından can getdi, onların yaşadıqlarını anlatdıqca için-için yandı, bişdin, sacdakı qovurğa kimi qovruldu... Nakam talelərə vaysındı, öz içindən dilimlənən alovun qızmar istisində közə-kösövə döndü! Amma həm qürur duydu dərs dediyi, yetişdirdiyi dünənki uşaqların, balaca KİŞİlərin əfsanəvi qəhrəmanlıqları ilə...

Kamalə Abiyeva gerçəkdən dəyərli söz adamıdır: "Ucalıqda olanda, ucalıqdan baxanda geridə qalanlar necə kiçikmiş..."

Həmin kiçik görünənlərin yaratdıqları saysız problemləri gözardı edə bilmir Vətəndaş şair. Hər zaman bu problemləri yaşayan xalqının yanında olur, etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mediada işıqlandırır, xalqın birliyini pozmaq, ikitirəlik salmaq amacı ilə çabalayan sapı özümüzdən olanların cavabını da elə qılıncdan kəsərli sözü ilə verir... Biz çox vaxt o problemləri görürük, hətta hər gün o problemlərlə üz-üzəyik . Ancaq biz çox vaxt hələ onlar haqqında düşünürkən, artıq görürsən ki, Kamalə xanım məntiqli, sadə səmimi fikirləri ilə sanal dünyada fırtınalar qoparıb. Əsl aydın, əsl ziyalı məhz bu mövqedə dayanmalı, hər bir taleyüklü məsələnin həllinə çalışmalı, daim xalqının yanında olmalıdır.

Öz şeirində dediyin kimisən, əzizim Kamalə xanım: içində daim oyaq olan bir uşağın boylandığı saf, tərtəmiz İnsan-Qadın-Ana...

Hər şeydən ucadasan, qalan hər şey mükəmməl kişiliyinin-xarakterinin yanında çox kiçik görünür... Çünki o qədər təvazökarsan ki, böyüklüyündən xəbərin yox... Bu dünyanın bəxtəvər başına ki, ona Tanrım Sənin kimi bir naxış vurub: təkrarsız, bənzərsiz!.. Kamalə xanım böyük ürəkli Vətəndaş, elə böyük yazar, həm böyük İnsandır!

 

Bilirəm, internet var, mobil telefon, sms var,

 dəb deyil məktublar.

Amma sən mənə məktub yaz.

Bir vərəq gətir, qələm götür,

"əvvəla salam" yaz,

sonra yaz ki, necəsən.

bir az da yaz özündən, olub-bitəndən...

bilim, düz yan-yana necələri,

ürəyindən keçənləri

Necə açırsan səhəri,

bir gecələri yaz, gecələri...

 

"Amma sən mənə məktub yaz", - deyirsən bu şeirində... Mən Sənə məktub yazdım, Dəyərlim. Ancaq açıq məktub! Heç kəsə pislik arzulamayan, qarışqanı belə incitməyə qıymayan, düşündüyü kimi danışan, olduğu kimi görünən, göründüyü kimi olan Dostum, dərd ortağım, məni anlayıb duyanım - Kəmalə xanım!

İçindəki o ürkək, sadəlövh, saf qəlbli uşağı ahıllıq, kamillik çağınadək qoruyub saxlayan sevgili Kamaləm, ilk başdan qeyd elədiyim nüansa bir daha qayıtmaq istəyirəm: Əslində Sən ən yüksək fəxri adlara, dəyərə layiqsən, təmənnasızım...

Xalq üçün, Vətən müharibəsinin qəhrəmanları, şəhidlərimiz üçün yazdığın əsərlər, heç bir umacağın olmasa da, nə vaxtsa rəsmi şəkildə də dəyərini alacaq... Ancaq düşünürəm ki, bir könlü vaxtında tikmək gərək... Nə isə, biz çox vaxt insanlara sağlığında qiymət verməyi bacarmırıq...

Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram, Dəyərlim! Çünki yaşam boyu bir yazara yaradıcılıq zövqündən ali və gözəl duyğu yoxdur. Uca Tanrım bu zövqü Sənə çox görməsin!..

 

Esmira FUAD

525-ci qəzet.- 2023.- 4 aprel.- S.13.