Müdrikliyin zirvəsində

 Mövlud Süleymanlı-80

 

Azərbaycan Xalq yazıçısı, nasir, publisist, ssenarist, Əməkdar İncəsənət xadimi Mövlud Süleymanlı müasir ədəbiyyat və mədəniyyətimizdə məxsusi yerə malikdir. Yazıçının bugünlərdə 80 yaşı tamamdır bu rəqəm onun yüzlərlə pərəstişkarının, minlərlə oxucusunun, ədəbi-mədəni ictimaiyyətin yadına Mövlud Süleymanlının Azərbaycan ədəbiyyatı, xüsusən nəsrində, Azərbaycan dilinin inkişafında, kino sənətində, uzun illər çalışdığı radio sahəsində xidmətlərini salır.

Mövlud Süleymanlı ədəbiyyata 1960-cı illərdə şeirlə gəlsə , 1970-ci illərdə böyük istedada malik, özünəxas üslubu yaradıcı dünyası olan nasir kimi məşhurlaşmışdır. Azərbaycan şeiri Mövlud Süleymanlı imzasını qazanmaması ilə bəlkə çox şey itirmədi, amma müasir nəsrimiz bu imza ilə bütöv bir yaradıcılıq aləmi - fərqli  hekayələr, povestlər, təkrarsız romanlar qazandı. "Ayın aydınlığında" (1979) hekayələr toplusu, "Şanapipik", "Şeytan", "Dəyirman", "Duzsuzluq", "Yel Əhmədin bəyliyi", "Teymurlar" povestləri, "Köç", "Ceviz qurdu", "Səs", "Erməni adındakı hərflər" romanları, "And olsun əsrə" kitabı "Yer üzünə məktub" esseist-publisist düşüncələr sırası yarım əsr ərzində özünə böyük sevgi neçə nəsil oxucu kütləsi qazandırmış əsərlərdir.

Başlıcası, Mövlud Süleymanlı həmişə prinsipial mövqeyi öz yazıçı həqiqəti olan imza sahibi kimi tanınmışdır. Bu, onun müxtəlif dövrlərdə, fərqli ictimai quruluşlarda zamanla dialoqunda, aktual problematik mövzulara müraciətində bariz görünür. Mövlud Süleymanlı yaradıcılığının tədqiqatçısı kimi, "1960-1980-ci illər Azərbaycan nəsrində psixologizm" monoqrafiyasında bu baxımdan yazıçının yaradıcılığını üç mərhələyə bölmüş, hər mərhələdə daha da zənginləşən, yazıçı qələminin potensial gücünü nümayiş etdirən nəsr dünyasını təqdim şərh etməyə çalışmışam. 2004-cü ildə çap etdirdiyim həmin monoqrafiyadan sonra Mövlud Süleymanlının müstəqillik dövrü yaradıcılığının yeni özəllikləri "Erməni adındakı hərflər" (2006) romanında, "And olsun əsrə" (2012) kitabında bir daha üzə çıxdı, yazıçı qələminin heç zaman susmadığı, daha da müdrikləşdiyi, fəlsəfi dərinlik qazandığı təsdiqləndi.

Mövlud Süleymanlının yaradıcılığının 1960-1970-ci illəri əhatə edən birinci mərhələsi şeirləri, "Bir ünvan" adlı şeir kitabı (1970), "Qar", "Yanğın", "Ayın aydınlığında" s. hekayələri, eyni adlı kitabı, "Şanapipik", "Şeytan", "Dəyirman" , "Duzsuzluq" povestləri ilə təmsil olunur. Özünəxas istedadını büruzə verən bu əsərlərdə yazıçı kəskin sosial mövzulara toxunur, ictimai ziddiyyətlərlə müşaiyət olunan, eybəcərləşən, mənəvi deqradasiyaya uğrayan sovet cəmiyyətinin çürüməsini təsvir ifşa edir. Bu mərhələdə yazıçının qəhrəmanları əsasən mühitin eybəcərliklərindən əziyyət çəkən işıqlı insanlardır.

Mövlud Süleymanlının sosial quruluşla milli varlıq arasında ziddiyyətlərin anatomiyasını açan zirvə  əsəri "Dəyirman" (1979) povestidir. "Dəyirman" povesti  milli-mənəvi dəyərlərlə ictimai quruluşun tərs-mütənasibliyini üzə çıxarmaqla kəskin rezonans doğurdu, nəinki rejimi, hətta sovet ideologiyasının təsiri altında olan bir sıra yaşlı sosrealist yazıçıları da qıcıqlandırdı. Ədəbi mühitdə etirazla qarşılanan əsərin ictimai müzakirəsi zamanı mütərəqqi yazıçılar Mövlud Süleymanlının müdafiəsinə durdular. Buna görə "Dəyirman" yalnız Mövlud Süleymanlının yaradıcılığında deyil, bütünlükdə 1960-1980-ci illər üçün mərhələvi əsər hesab olunur. Yalnız Ümummilli lider Heydər Əliyevin himayəsi nəticəsində yazıçı təqiblərdən qurtula bilmiş, yaradıcılığını davam etdirmişdir. M.Süleymanlı "Qırx ilin yeddi görüşü" memuarında bu barədə yazır: "Beləcə Heydər Əliyev məni sözün əsl mənasında qaragüruhun əlindən aldı. Mən nihilist tənqidin dəmir caynaqlarından qurtulub bir-birinin ardınca romanlarımı yazdım. Bacardığım qədər sağlam, təmiz, halal sözümü dedim. Bütün bunlara görə ən əsası yurdumuz Azərbaycanı yenidən tikib yaratdığına, Azərbaycan xalqını əsl oğul istəyi ilə sevdiyinə, dünyanın ən uca kürsülərində Azərbaycan adını sevə-sevə çəkdiyinə görə Heydər Əliyevə minnətdaram" (Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü // Tənqid.net jurnalı, ¹ 10, 24-35; s. 35)

Təsadüfi deyil ki, yaradıcılığının ikinci mərhələsində Mövlud Süleymanlının əsərlərində repressiya mövzusu qabarıq xətlə keçir. "Ceviz qurdu", "Səs", "Günah duası" romanlarında, "Satqın" hekayəsində yazıçı simvollarla, alleqorik tərzdə, eyni zamanda birbaşa qəhrəmanlarla rejimin toqquşmalarında yetmiş il ərzində milli insanın acı taleyini, özgələşməyə məcbur edilən milli cəmiyyətin mənən aşınmasını, millətin soykökündən, əcdad kultundan, adət-ənənə dəyərlərdən uzaq düşməsini əks etdirir. Bu dövr yaradıcılığı üçün Mövlud Süleymanlını sosial təzyiqlərdən çox milli varlığın özünün təhlili, milli insanın milli cəmiyyətin psixologiyası, xarakteri, ətraf mühitə münasibəti düşündürür. Yazıçının yaradıcılığında mifologizmə, qədim türk mifologiyasına, arxetiplərə müraciət bu zaman güclənir son dərəcə orijinal nəsr üslubunu formalaşdırır. Bu baxımdan tədqiqatçılar Mövlud Süleymanlının yardıcılıq üslubunu magik realizmə aid edirlər. "Şeytan", "Yel Əhmədin bəyliyi", "Köç" əsərləri xüsusən bu üslubun aparıcı olduğu əsərlərdir.

"Köç"  (1983) romanında yazıçı  Azərbaycan xalqının formalaşması, tarixi taleyi tərcümeyi-halını mifoloji qədimlikdən sovet repressiyalarına qədər izləməklə milli toplumun bioqrafiyasını modelləşdirməyə çalışır. Böyük coşqu ilə qarşılanan roman M.Süleymanlının yaradıcılığının ikinci mərhələsinin zirvə əsəri kimi qəbul olunur.

Müstəqillik illərində bütün xalqımızın həyatında olduğu kimi, Mövlud Süleymanlı üçün ən vacib problem millətin istiqlalına, azadlığına, dövlətçiliyinə qarşı yönəldilmiş Qarabağ müharibəsi olur. Əslən Qərbi Azərbaycandan olan yazıçı erməni xislətini, xarakterini cəmiyyətini yaxşı tanıyır. Münaqişənin başlanmasını yığcam süjetlərlə "Ağacan", "İt dərsi" hekayələrində əks etdirməklə, dərin analizini böyük uğurla "Erməni adındakı hərflər" romanında verir. Yazıçı romanda heç zaman dəyişməyən erməni xislətini açmaqla, eyni zamanda, I Qarabağ müharibəsində döyüşü uduzmağımızın səbəbini təkcə düşmənin qurnazlığında görmür. Əsas səbəbkarlardan biri sovet rejimidir, yetmiş il ərzində ermənilərə meydan verdikləri halda azərbaycanlıları repressiyaya, deportasiyaya uğratmış, milli özünüdərkin qabağını almağa çalışmışdır. Müəllif romanda "sapı özümüzdən olan baltalar"ı da günahlandırır. Vaxtında milli soykökünün, millət tarixinin öyrənilməməsi yalnız özünü düşünən, qınında gizlənən ziyalıların günahıdır. Bununla belə, romanda milli münaqişə türk xarakterinin ucalığı, humanizminin erməni xislətinə qalib gəlməsi ilə başa çatır. 2006-cı ildə qələmə alınsa da Mövlud Süleymanlı, bütün digər yazıçılarımız kimi, ermənilərin başlatdığı, böyük vəhşiliklər törətdiyi, işğalçı, ədalətsiz müharibədə məğlub olacaqlarına, Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm qələbəsinə əvvəlcədən inanır. Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanı bu gün Qərbi Zəngəzur torpaqlarına qayıdış zəngi çalınan bir vaxtda ən aktual bədii-sənədli əsər kimi səslənir.

Mövlud Süleymanlının son dərəcə xalq təfəkkürü, folklor motivləri dili üzərində köklənmiş yazıçı üslubu yazıçının xalq həyatını, milli xarakter, adət-ənənə etnoqrafiyanı dərindən bilməsi ilə bağlıdır. Azərbaycan radiosunda çalışdığı illərdə bu xəzinəni yaradıcısı olduğu "Bulaq" verilişində üzə çıxarması və uzun illər təbliğ etməsi, tamaşaçılar tərəfindən çox sevilən "Bəyin oğurlanması" filmindən göründüyü kimi xalq adət-ənənələrinə dərindən bələdliyi və bunu təcəssüm etdirməsi Mövlud Süleymanlının heç zaman bu irsi tərk etmədiyini göstərir. "And olsun əsrə" (2012) kitabına daxil olan "Yer üzünə məktub" əsəri, müəllifin özünün janr verdiyi kimi "tarixi-fəlsəfi-etnoqrafik yaşantılar"dan ibarətdir. Yazıçı bütün ömrü boyu xalq, millət, insan və bəşəriyyət haqqında düşündüklərini həyatının, bioqrafiyasının fonunda təqdim etməklə sanki zamanla, müasirləri ilə, əsrdaşları ilə daloqa girir, onlara həqiqətlərini ehtiva edən məktub ünvanlayır. Bütün reallıqları  birgə, nikbin ruhda olan bu məktub Mövlud Süleymanlının çağdaşlarına işıqlı tövsiyələridir. Əsərə daxil olan "Qırx ilin yeddi görüşü"ndə yazıçı Ulu öndər Heydər Əliyevlə görüşlərin fonunda millət rəhbərinin təkrarsız obrazını yaratmağa nail olur.

Azərbaycan xalqı, Azərbaycan dövləti Mövlud Süleymanlının yaradıcılığını yüksək qiymətləndirmiş, Xalq yazıçısı (2006), Əməkdar incəsənət xadimi (2003) adlarına layiq görmüş, yazıçı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni (2018) ilə təltif olunmuşdur.

80 yaşlı yazıçını bugün də əldə qələm, yaradıcılıq missiyasına sadiqliklə fəaliyyətdə görmək yüzlərlə pərəstişkarı kimi məni də sevindirir. Son illərdə işıq üzü görmüş "Ömürdən qıraqda"  povestində ("Azərbaycan", 2021, ¹ 9) Mövlud Süleymanlının müasirlərimizin, insan xarakterinin dərinliklərinə enməsi yazıçının zamanla yaşadığını, çağdaşlıqla ayaqlaşdığını bir daha göstərir. Yazıçı ömrünün zamanı tükənməz və əbədidir. Mövlud Süleymanlının zəngin yaradıcılığı bu həqiqətin əyani təsdiqidir.

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

525-ci qəzet.- 2023.- 4 aprel.- S.12.