"Külək"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Ülkər xanımla rəssam Tofiq Cavadovun "Külək" əsərindən danışmışıq.

Tofiq Cavadov Azərbaycan təsviri sənətinə sərt üslubu gətirən neorealizim üslubunda işləyən ilk rəssam kimi xatırlanır. Yaradıcılığının əhəmiyyətli bir hissəsi Abşeron rəngkarlıq məktəbi ilə bağlı olan sənətkarın əsərlərində Abşeron yalnız yer adından motivdən yox, hər şeydən əvvəl ifadə tərzinin özünəməxsusluğundan ibarət idi. "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" kimi əsərləri bu baxımdan məşhurdur.

Tofiq Cavadovun müraciət etdiyi əsas mövzulardan biri neft sənaye mövzusu idi. Neft neftçi əməyinin tərənnümü Sovet hakim dairələrinin rəssamlardan gözlədiyi əsas təsvir obyektlərindən biri idi. Lakin Tofiq Cavadovun neftçiləri özündən əvvəlki əsərlərdəki neftçilərdən fərqlənirdilər - süni pafosdan sərt kanonlardan uzaq. Sərtlik yalnız onun neftçilərinin üz cizgilərində ifadələrində hiss olunurdu. Onların ağır əməyinin, zəhmətinin ifadəsi bütün çılpaqlığı ilə, olduğu kimi canlandırılırdı.

Bu məhsuldar yaradıcılıq yolu təəssüf ki, nakam yarımçıq sonlanır. Tofiq Cavadov 1963-cü ildə qatar relsləri arasında qalaraq faciəvi şəkildə dünyasını dəyişir.

- Qısa bir ömür - vur-tut 37 il...

- Bu 37 ilin təqribən 10 ili müstəqil yaradıcılıq dövrünü əhatə edirdi. Bu 10 ildə o, özündən əvvəlki nəslin etdiklərini kor-koranə təqlid etmir, hakim dairələrin diktəsinə boyun əymir, araşdırır, axtarırdı. Yaşasaydı, bu axtarışlar daha da yeni yaradıcı formalarda qarşımıza çıxar, Tofiq Cavadov çox ilklərə imza atardı.

- "Külək" sonuncu idi?

- Bəli, "Külək" rəssamın işlədiyi son əsərdir. Bu əsəri vəfat etdiyi il - 1963-cü ildə yaradır. Necə ki Tofiq bir külək kimi əsib keçdi incəsənətimizdən, qəza da bir külək kimi anidən əsib özü ilə apardı rəssamı. Bu əsəri Tofiqin şah əsəri adlandıranlar da var, nakam bitən ömrünə çəkdiyi rekviyem . Sanki rəssam bu tablonun onun son əsəri olacağını bilirdi. Əlbəttə, gələcəyi görmək müşkül məsələdir, amma bu bəlkə , yaradıcı ruhdan gələn instinktlə bağlı idi. Bu anda qardaşı Mircavadın illər əvvəl "Tramvay altında qalan adam" adlı bir tablo yaratdığı faktı yadıma düşdü. Bu da çox maraq doğuran faktdır. Hər iki qardaş özləri bilmədən bu faciəni hiss ediblər, elə bil.

- Rəssamın bədii axtarışlarının bir nəticəsi kimi "Külək" əsəri o dövr üçün yeni ruhda işlənmiş bir əsər idi.

- Tofiq bu dövrə qədər yeni ruhda yaratdığı bədii nümunələrlə tanınmağa layiq, "şah əsər" sayıla biləcək tablolar yaratmışdı. Amma "Külək" ilə yaradıcılığında zirvəyə çatmağa çalışdı. Heç şübhəsiz ki, hələ çox zirvələr fəth edəcəkdi. Amma olmadı. Yaxınları deyir ki, Tofiq Cavadov bu işi bitirdiyi zaman belə bir ifadə işlədib: ", bu küləkdir... Məni aparır". Mircavad Cavadov da bir gün təsadüfən emalatxanada bu əsəri görüb analarına deyib ki, "gör sənin oğlun çəkib? O, tablo yox, "Rekvyiem" yaradıb".

- Əsərin rəng koloriti necədir?

- İlk baxışdan rəsmin koloritində göy yaşıl tonların dominantlığını görə bilərik. Bundan əlavə, qara bozumtul rəng çalarları sərt xətləri kölgələri ön plana çəkir. Ümumilikdə isə tünd rəng qammaları ilə işlənən əsərdə bir drammatiklik var. Rəng həllinin bu cür ağırlığı ideya həllinə birbaşa xidmət edir. Ekspressivliyi ilə seçilən obraz təsvirlər kəskin, bir-birini tamamlayan rəng yaxıları ilə əks olunub. Rənglərlə riskli keçidlər etməyi sevən rəssam bu əsərində individual rəng qamması yarada bilib.

- Bəs kompozisiya haqqında deyə bilərsiniz?

- Əsərin kompozisiya quruluşu da diqqət çəkəndir. Baxdığımız zaman kubizm üslubunda işlənmiş əsərləri xatırladır. Obrazlar və təsvirlər sanki həndəsi formalarda sındırılıb və yenidən yığılıb. Biz pazl kimi parçalara ayrılmış bu hissələri tablonun bütün səthi boyu izləyə bilərik. Postimpressionist rəssamların, xüsusilə də Pol Sezan yaradıcılığına, onun formalaraperspektivaya olan yanaşması Tofiq Cavadovun ilham aldığı qaynaqlardan idi. Hər bir obyekti formalarla dərk edən rəssam burada da həmin "bədii oyuna" əl atıb.

Əsərin adını bilməsək, yenə bizdə orada bir külək olduğu hissi yaradardımı? Bəli. Burada Bakının sərt küləyinin inadı duyulur. Əsərdə yalnız üç qadın obrazından istifadə edilibbu qadınlar küləklə mübarizədədirlər. Ağac budaqlarından yapışaraq küləyə qarşı müqavimət göstərməyə çalışırlar, amma sərt Abşeron küləyi heç nəyə məhəl qoymadan var gücü ilə onların müqavimətini qırmağa çalışır. Eynən onun yaradıclığında olduğu kimi.

- Tablo hazırda harda saxlanılır?

- Əsər hazırda Müasir İncəsənət Muzeyindədir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Biz bu əsərdə sənətkarın yaradıcı bir anının səmimi əksini görə bilərik. Düşünürəm ki, incəsənətdə əsas məsələlərdən biri də elə bu səmimiliyi ifadə edə bilməkdir. İstər bədbin olsun, istərsə də nikbin, həqiqi hisslərlə, anın ovqatı ilə yaranan əsərlər izləyicidə daha doğma emosiyalar yaradır. Bu baxımdan "Külək" əsəri nəinki Tofiq Cavadov yaradıcılığı üçün, həm də Azərbaycan rəssamlığı üçün şah əsərlərdən biridir. Tabloda yalnız qadını obrazlarına yer verilib, kişi obrazına rast gəlinmir. Hekayəmizin nə zaman başlayıb, nə zaman bitdiyini bilməsək də, bu hekayə qadınla, ana bətnindən başlayır. Ana bətnindən gəlib ana torpağa qayıdırıq. Tofiq Cavadov isə bu qayıdış zamanının yetişdiyini artıq hiss edirdi. O, qadınla başlayan hekayəni qadınla da bitirdi.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 5 aprel.- S.15.