Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən çərşənbə sayımızda)
Eloiza, özünü dərin
kök salmış ehtirasın biabırçı
qalıqlarından azad et. Yadda
saxla ki, Allahdan başqa hansısa digər biri barədə ən
kiçik düşüncə belə, zinakarlıqdır.
Mən xaç altında deyil, məhəbbət
altında itaətdə idim. Mənə
yazığın gəlsin və özünü də azad et. Allahdan qorx, bununla öz zəifliklərindən
azad ola bilərsən. Onu
sev, bununla sən ləyaqətlərində irəliləyə
bilərsən.
Dini cəmiyyətin başında qul olma və digər
kraliçalar üzərində idarəetmə hüququna
malik olanda, birinci növbədə özünü idarə
etməyi öyrən. Ən azı, sən öz hisslərinin
üsyanına görə utan. Dünyada əbəs yerə
keçirdiyin həyatının bütün anlarına və
həzzə görə tövbə et,
onları məndən də tələb et.
Mən həqiqətən sənin müəllimin idim,
lakin bu, təkcə günahı öyrətmək idi. Sən məni
atan adlandırırsan. Əvvəllər
bu titula mənim hansısa bir iddiam var idi. Nəyinsə
qarşısını aldığıma görə buna layiq
idim. Mən sənin qardaşın idim,
lakin bu günaha bənzərlik idi və bu ehtiramı mənə
gətirdi. Mən sənin ərin
adlanıram, lakin bu, ictimai mərəkədən sonra oldu.
Əgər sən məktubunda məni şərəfləndirir
və öz ehtirasını tərifləyirsənsə,
onları qarala, at kənara və yerlərinə qatil, əclaf
və düşmən sözlərini qoy, çünki o, sənin
şərəfinə qarşı qəsd düzəltdi, sənin
sakitliyini pozdu və sənin günahsızlığına xəyanət
etdi. Qeyri-adi mərhəmət aktı ilə sən
xilas ola bilərsən.
Məhəbbət sözündən fərqli olaraq,
dünya sözünü tələffüz etmək min dəfə
asandır. Mən məhəbbət adlanan bu aldadıcı,
dinsiz sözə nifrət edirəm. Mən
o barədə daha düşünmürəm, lakin mənim sərgərdan
ürəyim hələ də əbədi olaraq səni
axtarır və səni itirməyimin ağrısı ilə
doludur. Sənin ürəyini ələ
keçirmək üçün son dünyəvi cəhdlərimi
xatırla. Mən nəzərdə
tutduqlarımı və səninlə olmağımı əzizləyirdim.
Elə adamlar vardır ki, onları Allah əzab verməklə
xilas edir. Qoy, sənin dualarının bəhrəsi mənim
xilasım olsun. Qoy, mən sənin göz
yaşlarına və sənin müqəddəslik nümunənə
borclu olum. Allah, mənim ürəyim Sənin
yaratdığının məhəbbəti ilə doludur.
Sənin əlin, bu lazım olanda, Səndən
başqa, məndən bütün məhəbbətləri boşalda
bilər. Eloizanı sevmək, əslində,
onu tərk etməkdir. Mən bu qərara gəlmişəm,
bu məktub mənim son səhvim olacaqdır. Əlvida. Əgər mən
burada ölsəm, göstəriş verəcəyəm ki, mənim
cəsədim Parakletdəki evə (Eloizanın olduğu yeri nəzərdə
tutur - tərcüməçi) aparılsın. Sən məni bu vəziyyətdə görəcəksən,
səndən heç də göz yaşları tələb
etmirəm, çünki bu, artıq gec olacaqdır. Yaxşı olar ki, mənim üçün indi
ağlayasan və məni yandıran odu söndürəsən.
Mənim ölümüm sənə bəlağətlə
deyəcəkdir ki, sən bir kişini sevəndə, həqiqətən,
igid olmusan. Mən ümid edirəm ki, sənin
iradən bu öləri həyatı başa
çatdıranda qərara gələcəkdir ki, mənim
yanımda dəfn olunasan. Sənin soyuq
küllərin o vaxt heç nədən qorxmayacaqdır və
mənim sərdabəm isə daha zəngin, həm də məşhur
olacaqdır.
II məktub. Eloizadan Abelyara
Səndən aldığım məktubu səbirsizliklə
oxudum; bütün bədbəxtliklərimə baxmayaraq, mən
nəsə bir rahatlıq arqumentləri tapmağa heç də
ümid etmirdim. Lakin sevgililər özlərinə
işgəncə verəndə necə də səmimi olurlar.
Niyə sən Eloizanın adını
Abelyarınkından qabaqda qoyursan? Bu, yeganə
bir addır ki, - ata və ər adı - səbirsiz gözlərim
yalnız onu axtarır.
Bunları xoşbəxtliyimi viranəyə döndərən
qəddar taledən əvvəl sən mənə
ünvanlamamışdınmı? Mən görürəm
ki, sənin ürəyin məni tərk etmişdir. Sən məni tərk etmək qəddarlığına
maliksənmi? Bundan qorxu mənim ürəyimə
xəncər soxur. Qəddar Abelyar! Sən
mənim göz yaşlarımı dayandırmağa borclusan,
ancaq əksinə, sən onları sel kimi axmağa məcbur
edirsən.
Sənin ölümündən sonra mənim sənin
külünə qayğı göstərməyimi və ona
axırıncı borcumu verməyimi arzu edirsən. Heyif! Sən
bunu mənə necə yaza bildin?
Mənim qəflətən ölməyimdən qorxu sənin
əlindən qələmi salmayacaqmı? Mən
güman edirəm ki, bütün bu işgəncələri mənə
vermək istədiyini sən hiss etmirsənmi? Göylər
mənə nə qədər sərt olsa da, o qədər
laqeyd olmayacaqdır ki, mənə səndən bir an da olsun artıq yaşamağa icazə versin.
Abelyarsız yaşamaq dözülməyən
bir cəza olardı və mənim onunla birləşməyim
mənasında ölüm ən müstəsna xoşbəxtlik
olardı. Əgər Göylər mənim
davam edən harayımı eşitsə, sənin ömrün
xeyli uzanacaq və sən məni dəfn edəcəksən.
Ona görə də narahatlıq doğuran şeylər
barədə bir daha mənə yazma. Çünki biz artıq kifayət
dərəcədə səfil insanlarıq, bizim kədərlərimizin
az da olsa çoxalmasına
ehtiyacımız yoxdur. Bizim buradakı həyatımız
əriməkdə olan, yavaş-yavaş gedən
ölümdür, sən onu tələsdirəcəksənmi?
Biz gələcək qorxu üçün də
yeni səbəblər axtarmalıyıqmı? Seneka, öz hissləri ilə şərin gəlməsindən
məsafə saxlamaq üçün səbəbdən necə
qaçmaq və ölümdən əvvəl
ağrını qəbul etmək üçün həyatın
bütün sevinclərini necə itirməyin yollarını
göstərirdi.
Sənə görə mən yaşamağı qərara
almışam.
Əgər sən məni tərk etmək istəyirsənsə,
son ayrılmağımız barədə düşünəndə
səfil günlərə ehtiyac duymayacağam. Mən
bütün ölümcül zərbələri hiss edirəm.
Sən mənə özümü bütünlüklə
Allaha həsr etməyimi arzulayırsan, mən bunu necə edə
bilərəm ki, sən gecə və gündüz daim
ağlıma sahib olan təhlükələrlə məni
qorxudursan. Səni itirdikdən sonra mən nəyə ümid
edə bilərəm? Mən çətinlik
çəkmədən həyatın bütün məlahətlərindən
imtina etdim, təkcə məhəbbətimi və sənin
sağ-salamat olmağını eşitməyimi saxladım.
Mən özümü öyməyə cəsarət
etmirəm ki, səni nə vaxtsa görmək ümidi ilə
yaşayım.
Bu, mənim bədbəxtliklərimdən ən
böyüyüdür. Əgər sən
məni öldürməyi arzu etmirsənsə, mənim
yaralarım onda artıq digər başqa növlər
üçün heç bir yer qoymamışdır.
Əziz Abelyar, mənim ümidsizliyimə
yazığın gəlsin. Görən, belə səfil
olan başqa biri varmı? Sən məni
digər qadınlardan yuxarı qaldırdın, onlar sənin məhəbbətinə
görə mənə paxıllıq edirdilər. Mən öz xoşbəxtliyimin zirvəsində
şadlananda, yalnız daha dəhşətli qaydada
yıxılmalıydım, heç bir şey mənim həzlərimlə
müqayisə edilə bilməzdi və indi də mənim bədbəxtliyimə
bərabər olan heç nə yoxdur. Mənim
taleyim daim təhlükəli vəziyyətdə idi. O,
məni ən böyük xoş münasibətlə yükləmişdi
və həmin vaxt məni ən böyük qüssənin
içərisinə atdı. Mənə ayrıca əzab verdi, mənim sevinc xatirələrimi tale,
axını dayanmayan göz yaşları bulağında
itirdi. Malik olduğun sevgi mənim ən sevincli
hədiyyəm idi. Qısası, onun qəzəbi
bütünlüklə uğur qazandı və mən indiki kədərlərimin,
mənə valeh olmağının şirinliyinə mütənasib
olan bir acı olduğunu hiss etdim.
Biz özümüzə, təqsirkar bir məhəbbətin
sevincinə verəndə heç nə bizim həzlərimizə
mane olmurdu, lakin tezliklə bizim ehtirasımıza yenidən qəsd
edildi və o nikahdakı sığınacağa götürüldü. Və sənin
cəzan necə də bir barbarlıq idi. Gör,
qəddar əmimin bizim üzərimizdə necə bir
hüququ var imiş? Biz hətta mehrab
qarşısında bir-birimizə qovuşduq ki, bu, bizi
düşmənlərimizin hiddətindən qorusun. Əvəzində bizi ayırdılar. Sən mühazirələr oxumaqla məşğul
olanda, mən sənə qulaq asıb, monastıra getdim. Burada da bütün günümü sənin barəndə
fikirləşməkdə keçirdim. Bu birgə cəza
bizi haqlayanda və sən barbar adamın bütöv
qisasının obyektinə çevriləndə daha az təqsirkar idin. Mən bədbəxtəm,
səni məhv etdim və sənin bütün bədbəxtliklərinin
səbəbi oldum. Bizim cins tərəfindən hissi
oyadılan böyük adam
üçün bu, necə təhlükəlidir! Bizim bütün lətafətlərimizin əksinə,
o, elə bil ki, körpəliyindən həssas ürəyindən
yaralanmağa borclu imiş.
Mən uzun müddət bəzi şeylərə yaxın idim və belə qənaətə gəldim ki, ölüm gözəllikdən daha az təhlükəlidir. Bu, azadlığın gəmi qəzasıdır, məhvedici tələdir, ondan azad olmaq da qeyri-mümkündür. Bu, ilk kişini göylərin onu yerləşdirdiyi şərəfli mövqedən başı aşağı yuvarlayan qadın idi. Bu qadın onun xoşbəxtliyində iştirak etmək üçün yarandığı halda, onun məhvinin yeganə səbəbi oldu. Samsonun (Bibliyadakı həmin yəhudi qəhrəmanı filistimli qadın Dəliləyə sevgisinə görə məhv olmuşdu - tərcüməçi) şərəfi, onun ürəyi əgər Dəlilənin məlahətləri ilə sınağa çəkilməsəydi, necə də parlaq idi. Qadın onu filistimlilərin silahlarına qarşı silahsız etməklə, düşmənlərinə satdı. Qadının tərk-silah etdiyi bu adam orduların qalibi idi, lakin düşmənlərinin məkr körfəzcikləri onun könülünə soxuldu. Qadınlarla yaxınlıqdan şadlanmağı bacaran Solomon (İsrailin b.e.ə. X əsrdəki məşhur çarı, Yerusəlimdə dini ibadət üçün olan tarixi məbəd Solomon məbədi adını daşıyırdı, həm də yüzlərlə arvada və kənizlərə malik idi və onların dininə sitayiş etməyə başladı - tərcüməçi) Allahı sevindirməyi tərk etdi. O, özünün tikdirdiyi mehrablar qarşısında səcdə qılmağını atdı, bütlərə ətirli buxur yandırdı.
Eyni şeytan ruhu Eloizanı da Abelyarı məhv etmək üçün alətə çevirdi. Ancaq mən sənin bədbəxtliklərinin heç də könüllü olaraq səbəbi olmadım. Mən səni satmadım. Lakin mənim dəyişilməyən qalmağım və məhəbbətim səni məhv etdi. Əgər mən səni daim sevməklə cinayət işlətmişəmsə, mən buna görə tövbə edə bilmərəm. Mən sənin sevginə tezliklə əmin olduqda qorxumu azaltdım. Öz nəhayətsiz ehtiramıma səni inandırmaqdan başqa, mənim heç bir niyyətim yox idi. Özümü bütünlüklə məhəbbətimə qurban verdim. Əgər məni dayandırmağa qadir olan hansısa bir xəbərdarlıq olsaydı, bu, heç şübhəsiz, mənim məhəbbətim olardı.
Mənim hələ də sevinclə yada saldığım həmin həzlərin xatirəsini göz yaşlarım yuya bilsəydi, necə də xoşbəxt olardım. Ən azı, səni məhkum etməyə cəhd etsəm də, mən Allahın acığını soyuda bilmərəm.
Cinayəti söndürmək üçün cəzanı çəkmək kifayət deyildir. Biz gördüyümüz çox sayda adam öz səhvlərini etiraf etmişdir. Sonra isə yeni həzlər onları öz təsiri altına almışdır. Ürəyin tövbə etməsi dilin etiraflarını müşayiət etməyə borcludur, ancaq bu, çox nadir hallarda baş verir. Səni sevməklə çoxlu həzlər aldımsa, hiss edirəm ki, mən özümün əksinə tövbə edə bilmərəm. Sakit gecələrimdə mənim ürəyim ən böyük qayğıları dayandıran bir yuxuya dalmalı olduğu halda, mən öz ürəyimin illüziyalarından uzaqlaşa bilmirəm. Mən xəyal edirəm ki, hələ də əziz Abelyarımlayam. Mən onu görür, onunla danışır, onun cavablarını dinləyirəm. Mən sənin düşmənlərinə qarşı çıxıram, yazıq gələn şəkildə ağlayıram və bəzi anlarda, göz yaşları içərisində də oyanıram. Hətta müqəddəs yerlərdə, mehrab qarşısında da bizim məhəbbətimizi daşıyıram, şirnikləndirici həzlərə malik olduğumuza ağı deyirəm, onları itirdiklərimə görə ah çəkirəm. Mən ilk dəfə sənin öz ehtirasını bəyan etdiyin və ölənə qədər məni sevəcəyinə and içdiyin vaxtı və yeri xatırlayıram (çünki sevgililər heç nəyi unutmurlar). Sənin sözlərin, andların mənim ürəyimdə dərin şəkildə nəqş edilmişdir. Sənin adın hətta mənim dodaqlarımdadır. Sənin bədəninin cəzası könlünün məhvedici yaralarını sağaldır. Düşmən qisas aldı, müdrik həkim sənin həyatını xilas etmək üçün xeyli ağrı tətbiq etdi. Mən min dəfə səndən də yazıq vəziyyətdəyəm, çünki mübarizə aparmaq üçün min ehtirasa malikəm. Özümü müdafiə etməkdə isə böyük çətinliklərim var.
Mənim ehtiraslarım üsyandadır. Mən başqalarına başçılıq edirəm, lakin özümü idarə edə bilmirəm. Adamlar məni tərifə layiq qaydada mühakimə edirlər, lakin Allahın qarşısında təqsirim vardır. Onun hər şeyi görən gözlərindən heç nə gizli qalmır və onun gözləri hər şeyi yarıb keçməklə görür, ürəyin bütün sirlərindən agah olur. Mənim ürəyim insan məhəbbəti ilə doludur, rahibələri isə öyrədirəm ki, yalnız Allahı sevsinlər.
İki şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin olmayanlar təqsirkar olmalıdır və kim ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin ləyaqətdən təcrid olunurlar. Mənim düşüncəmin qarışıqlığında Allahı provokasiya etməkdən daha çox o adamı təhqir etməkdən qorxuram və Ona (Allaha - tərcüməçi) xoş olmaqdan daha çox sənə xoş olmaq istəyirəm. Mənə xoş gələn hər şeydən özümə xətər toxundururam. Mən özümü diri-diri basdırıram. Özümü göz yaşları ilə, kədərlərlə qidalandırıram. Mənim saxta möminliyim başqaları kimi, səni də uzun müddət aldatdı. Sən özünü inandırırdın ki, mən bütünlüklə öz borcuma həsr olunmuşam, ancaq mənim məhəbbətdən başqa bir işim yox idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 5 aprel.- S.14.