Yaşamağa könüllü məhkum...
Mən özümü
indiki yaşıma hazır bilmirəm. Bəlkə də
layiq görmürəm.
Ya yaşımdan çox cavan hiss edirəm, ya da, əksinə,
çox qoca görünürəm.
Hər nədirsə,
zamanla aramızda dava gedir; o məni
israrla qabağa dartır, mən isə inadla keçmişə dartınıram. Bu qovğa içimdə bərk təlatümlərə
səbəb olub.
Ancaq insan var, Dispenzanın
ifadəsi ilə desəm, gələcəkdə
yaşayır. Bu gündən və dünəndən qopmadan.
Ona görə baxarsan ki, saç
ağarıb, sifət
qaralıb, diş tökülüb, bel bükülüb, gözündəki
nur da çəkilib
gedir, ancaq insan hələ gələcəklə əlləşir.
Həyat
eşqi bu olsa gərək. Cek Londonun qəhrəmanını
qoca canavarın ağzından qurtarıb ikinci ömür bağışlamış olan
həyat eşqi! Həyat da elə bəlkə
Ramiz Rövşənin
məşhur şeirində
dediyi o canavar ağzından, iynə ildızından, ilan boğazından keçib
yaşamağın adıdır?!
...Keçmişdən bizə
qalan, sadəcə, xatirələrdir. Gələcəkdən gözlədiyimiz isə əvvəlkindən də
yaxşı yaşanacaqlarmış. Hərçənd,
təbiətin qanunlarına
qarşı gedə bilmərik; iyirmi beş yaşlı
Zakir Fəxri ilə 75 yaşlı Zakir Fəxri arasında nə az, nə çox,
düz yarım əsr fərq var. Bir kamil insanın
ömrü qədər!
Ancaq bax, kişinin hələ də boy-buxunu uca, enerjisi
boldur. Üzündəki həmin işıq
da həminkidir. Səsi də həmişəki kimi gur çıxır.
Yaddaşı da yerində: özünün,
özgənin şeirlərini-sözlərini
əzbərdən deyir.
Qısası: şair
gəlib çatdığı
elə bu yetmiş beş
yaşında da təkcə müdrik ahılı deyil, həm də iyirmi beş yaşındakı cavan oğlanı və əlli yaşındakı
kamil şəxsiyyəti
yaşayır.
Adamlar var, yaşayıb yetkin olana qədər artıq bitkin hala düşür. Ya da baxarsan, orta yaşlara çathaçatda
kamil olacaqdı, di gəl elə
əvvəlki kimi cahil qalıb. İnsanın həyat maraqlarından, çevrəsindən, yaşam
motivindən də çox şey asılı olur. Andre Moruanın "Tanatos mehmanxanası" hekayəsinin
əvvəli xoşbəxt,
sonu bədbəxt qəhrəmanı Jan Monye
belə bir söz işlədib:
"...ölümdən qorxuram.
Amma həyatdan daha çox qorxuram".
Bizim qəhrəmanımız
isə nə ölümdən qorxdu, nə həyatdan. Çünki Ölümün də, Həyatın da hər üzünü gördü. Öz taleyində, doğmalarının,
dostlarının taleyində gördü.
Öz Ağdamında,
Qarabağında gördü.
Ancaq dizləri bükülmədi,
ümidi üzülmədi.
Həyatın onu durmadan, acımadan, yorulmadan yumruqladığı anlarında
belə qayıdıb
dedi: "Qalmaz belə, qalmaz dünya". Bir başqa şeirində də mənim az əvvəl
yazdıqlarımın "bədii notarial" təsdiqi var:
"Ölümü gördüm
deyəsən,
Görəsən olum haradır?"
Qardaş dərdinin, cavan oğul dağının gözlərinə çəkdiyi
kədərin qaranlığı
üzündəki təbəssümün
işığını uda
bilmədi. "Çiynimdə
tabut gəzirəm"
deyən şair itirdikləri əzizlərinin
ömrünü öz
ömründə yaşatmaq
üçün yaşadı.
Yazıçı Natiq Məmmədlinin
məşhur romanında
belə bir fikir var: "Hər insan bir dəfə ölür, ancaq hər gün yaşamağa məhkumdur".
Zakir Fəxri də Allahın hökm etdiyi bu "məhkumluğu" çəkir.
Soruşsanız: bundan
məmnundurmu, məyusdurmu?
Yəqin
hər iki hissi keçirir. Amma, məncə, yəqinsiz!
Zakir Fəxri şəxsi söhbətlərdə, dost məclislərində
çox uzun və həm də çox şövqlə danışır,
amma az
yazır. Belə sənətkarlar var: çox yaşayıb, az
yaradıb. Amma deyirsən: "Kişi yaradıb də!" Bax, Yusif Səmədoğlu başqa heç nə yazmasaydı belə, bir "Bayatı-Şiraz" hekayəsi
də bəs edirdi Yusif Səmədoğlu
olmağa. Zakir Fəxrinin
də elə şeirləri var ki, rəf-rəf külliyyatlara dəyər.
Çox
uzun illər öncə, necə deyərlər, "dünyanın
gözəl vaxtında"
Zakir Fəxri ilə bir yerdə
işləmişdik. Tərcümə
Mərkəzində. Mən
iş yerimi dəyişdim, "Azadlıq"
qəzetinə gəldim,
xeyli müddət onu görə bilmədim. Araya elə hadisələr, elə faciələr düşdü
ki... Çox əllər əlimizdən
qopub getdi.
Amma bir gün şairi Yasamalda yaşadığım
məhəllədəki çörək
dükanının yanında
gördüm. Daha bilmədim, orda
qalırdı, ya da elə təsadüfən
keçirmiş.
İl - 1994. Qış səhərinin şaxtalı sübh çağında Şair bir qıraqda dayanıb çörək növbəsindəki basabasa, vurhavura baxırdı. Gözlərində həmin tanış kədər, barmaqlarının arasında közərən siqaret...
Salamlaşdıq, görüşdük, gözləri doldu. Mənim standart: "Necəsiniz?" sualıma dükanın qarşısındakı izdihamı göstərib belə cavab verdi:
- Necə olacam, qağa?! Torpaq döyüşünü uduzub gəlib çörək davasına çıxmışıq.
Şükür, indi torpağı almışıq. Hamısını olmasa da. Otuz ildən sonra anladıq: torpağı geri almaq üçün irəli getmək lazımmış! Şükür! Hə, indi çörək növbəsi də yoxdu artıq. Ya şairin dediyi o çörək davasında qalib gəlmişik, ya da bir qarın çörəyə məğlub olmuşuq. Nə bilim... Sözdən çörəkpulu çıxarma illüziyasına qapılıb gedənlərin işi də lap çətindən çətin! "Həyat mübarizədir" cümləsini çox tez-tez qururuq. Bəzilərimiz də elə həyatımızı bu cümlənin üzərinə qururuq. Bəli, həyat - mübarizədir. Elə mübarizə də var, vurub olan-qalan həyatı da dağıdır.
Amma... Yenə də Zakir Fəxriyə şükür! Gözündəki o dərin kədərə qarşı üzündəki o şirin təbəssümə şükür! Gəlib çatdığı bu ahıl baharına şükür! Cek Londonun "qoca canavar"ı kimi arxasınca sürünən əcəlin acığına içində əzizlədiyi tükənməz həyat eşqinə şükür! Zakir Fəxri bu eşqə düşəli düz yetmiş beş il oldu. Bu yaşında da həyata, insanlara o eşqin gözündən baxır. Könül sevən isə göyçək olar!
...Bəlkə o soyuq fevral sabahında şair
elə o çörək növbələrindəki
döyüşə də gələcək torpaq
savaşının məşqi kimi
baxırmış! Həm də bu
qırğına elə dərin qüssəylə tamaşa edirdi və özünü o qədər
unutmuşdu ki, siqaret yana-yana gəlib
barmaqlarına çatanda diksindi,
fikirdən ayıldı və məni gördü...
Bahəddin HƏZİ
525-ci qəzet.- 2023.- 5 aprel.- S.12.