Arzular ömrü
uzadırmı?!
HAFİZ HACXALILIN KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Seyrək çap olunsa da oxucularının qəlbində çoxdan özünə yer tapmışlardandır Hafiz Hacxalıl (Təmirov). Zamanın dolaylarında heç vaxt sözlə, sözə çevrilən dərdləri ilə dostluğunda etibarsızlıq eləməyib. İndiyə kimi işıq üzü görən kitablarında toplanan şeirləri Hafizin sözün sədaqətlilərindən olduğunun sübutudur.
Ta dünyanın o başından,
İzimnən gələn dərdlərim,
- deyən şair çəkdiklərini özünə yaraşdırır. Nə sirri-xudadırsa dərd yaradıcı adamların az qala ilham mənbəyinə çevrilib. Sıravi bir adam tuş olduğu dərddən, dərdlərdən biryolluq qurtarmaq istəyir. Yaradıcı adam isə (indiki halda şair) çəkdikcə çəkir, ondan qurtulmaq haqqında düşünmür. Hafiz Hacxalılın bir ömür əzizləyə-əzizləyə çəkdiyi dərdlər misalı:
Dələr sinəmi, ha dələr,
Can üzülər, dada gələr.
Məni ölümnən hədələr,
Dərdimdən ölən dərdlərim.
"Arzu ömrü uzatmır" adlı kitabı, əslində Hafiz Hacxalıl poeziyası haqqında demək istədiklərimi üzə çıxarnaq üçün yaxşı bir bəhanə oldu. Onun "Elm və təhsil" nəşriyyatında çap olunan kitabında Vətən ətirli, sevgi ovsunlu şeirləri, vətəndaşlıq yanğısı ilə yazdığı publisistik yazıları və haqqında yazılanlar yer alıb. AYB üzvü Könül Səidin "Ondan şeir ətri gəlir" adlı önsözü kifayət edər ki, Hafiz Hacxalıl haqqında, onun poeziyası haqqında kifayət qədər bilgi alasan.
Əvvəlki kitablarında da Hafiz Hacxalıl gözəlim Vətəni sevə-sevə, ağrılarına yana-yana tərənnüm edib. Şair kiçikhəcmli bu kitabına Vətəni sığdıra bilib, özü də sevə-sevə. O, çiynində daşıdığı ulduzların, sözün, torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhid anasının qarşısında sayğı duruşunda dayanmağı bacarır. Çünki o, daşığı rütbənin, sözün, torpaq sevgisinin məsuliyyətini yaxşı bilir:
Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama!
Sən şəhid anasısan,
Gözünü sil, ağlama!
Bütün ölümsüzlükləri yaradan torpaq sevgisidir. O sevgi ki, otuz il bizdən aralı qalsa da, içimizdən ayrı qalmadı. O sevgi ki, uğrunda şəhidlik zirvəsinə ucaldı ərənlərimiz, Vətənə döndərdi qara torpağı. Şair-polisimiz isə torpağı belə əzizləyir:
Adına Vətən deyirik,
Bu qara gözlü torpağın.
Uğrunda can veririk,
Bu qara gözlü
torpağın.
Ana deyib ağlayırıq,
İtirsək yas saxlayırıq.
Öpürük, qucaqlayırıq,
Bu qara gözlü
torpağı.
İnternet resurslarında yayımlanan
gözəl şeirləri
ona yazdıran Ürəyi ilə gecə-gündüz "savaşda"dır
Hafiz. Elə hərdən onunla da təklikdə
söhbət etməyə
ehtiyac duyur:
Unut, özünü
unut.
Budu sonuncu umud.
Bərk yapış, əlimdən
tut.
Burdan qaçaq,
ürəyim.
Amma ürəklə
"savaşda" çəkiləm
ağrı-acı da gözəldir. Ürəyi
Hafiz Hacxalıla nələr
yazdırmır ki...
Bəlkə də peşmansan
yarandığına,
Mən dərman
tapmıram dərdinə,
ürək.
Qismətim belədir, ya yerdən çıxar,
Ya göydən
başıma dərd enər, ürək.
Götür get başını, çəkil küncə
sən.
Hələ döyünəcən mən
ölüncə sən.
Bax, həsrət qalmısan bir sevincə sən,
Mənim də dilimdə dərd dinər, ürək.
Dedim axı, "Arzu ömrü uzatmır"
kitabı əlimə
bəhanə kimi keçdi. Hərdən qeyri-ixtiyari mətbuatdan oxuduğum şeirlərinə
də müraciət etməli oluram onun:
Üzün şehə batmış
yaz çiçəyidir,
Nazınla oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış,
Sarısı, yaşılı, alı gözlərin.
Deyirlər, uzadır məhəbbət
ömrü,
Yarı yolda qoyur xəyanət
ömrü.
Allahın verdiyi əmanət ömrü.
Yarı sən alırsan, yarı gözlərin.
Bu bəndi nəyə görə xatırladım...
Kitabın adını
daşıyan misrası
var Hafiz Hacxalılın:
Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx
yaş dayanacaqdır,
Sonuncumu,
bilmirəm...
Hə, şair haqlı olaraq düşünür ki, "arzu ömrü uzatmır". Arzu məhəbbətlə yoğrulanda ömrü uzadır. İki müxtəlif zaman kəsiyində yazılan bu şeirlər arasında bir-birini tamamlayan əks gözəllik var. Elə bəlkə də arzuların ifadəçisi olan o gözlərin hökmüdür ki, şairin saçında dənə, ürəyində ağrıya çevrilib. Zamanın əlindən kim qaça bilir ki... Qaçmaq istəyəndə kiminsə saçında dən, kiminsə ürəyində həsrət pərvəriş tapır. Bunlar insanı var edən, yaşadan ağrılardır.
Şairin haqlı qənaətinə görə, ömrə gələnlər, ömürdən gedənlər iz qoyduğumuz yolların quluna çevrilməyə məhkumdur. Ona görə də üstündə dünyanı əriş-arğac elədiyimiz, taleyimizi tapdığımız, tapdıqlarımızı itirdiyimiz yollara hamı kimi şairin qəhrəmanı da alışmalıdır. İllər öncə yazdığı bir şeirdəki kimi:
Demə ürəyində, bəlkə gələcək,
Bir uzaq dənizdən yelkən gələcək.
Çağırsan sakitcə kölgəm gələcək.
Gəz, dolan beləcə alış yollara.
Hafiz Hacxalılın "Vətən müharibəsinin zəfəri", "Doğum günün mübarək, Ağdam" kimi publisistik yazılarında Vətən müharibəsində igidlik göstərən polis əməkdaşlarının şücaəti ustalıqla qələmə alınıb.
Kitabın "Dostlar yazır" bölməsində filologiya üzrə fəlsəfə doktoru Afət Abuşova-Viləşsoyun və Mahir Qabiloğlunun Hafiz haqqında yazdıqları yer alıb.
...Sevdiyim qələm
adamlarından kimisə mütaliə etmək istəyində
onların son yazılarını
axtarmıram, əlimə keçən ixtiyari
əsərini oxuyuram. Səbəbi odur ki, mən bu sevdiklərimin az və ya çox
yazdıqlarının fərqində olmuram.
Həmin anda mənə elə gəlir ki, bu adamlar
hər gün yazır, hər gün çap olunur və mən də onları hər gün oxuyuram: Hafiz Hacxalıl kimi...
Vasif
SÜLEYMAN
525-ci qəzet.- 2023.- 5 aprel.- S.12;16.