Yaxşılığa yamanlıq

hekayə

 

İşdən evə qayıdarkən Həsən Hüseyni gördü, bir neçə həftə bundan qabaq yaxşılıq etdiyi Hüseyni, redaksiyada əməkdaş olan Hüseyni. Bir-birindən hal-əhval tutdular, arvad-uşaqdan söz saldılar. Hüseyn dedi ki, bu yaxşılığın əvəzini çıxmaq istəyir. Həsən cavab verdi ki, ayıb sözdür, borcumuzdur. Hüseyn dedi ki, heç olmasa, gedək restoranda dəyirmi stol arxasında dərdləşək, ortada da təmiz Moskva arağı. Həsən cavab verdi ki, inciyər, məgər o, müəyyən təmənnaya görəmi yaxşılıq edib? Hüseyn gördü ki, bu söhbət uzun çəkəcək, şəhadət barmağını apardı gicgahına. Qaşlarını da çatdı. Kənardan diqqətlə fikir verən olsaydı, düşünərdi ki, bu dəqiqə qışqıracaq: "Evrika". Amma o dedi:

- Balam, mən hardan başlayıram, sən ordan bağlayırsan. Yaxşı, bir yadına sal görüm, ömründə şeirdən, hekayədən yazmısan?

Həsən bu gözlənilməz sual üzərində heç fıkirləşmədi də.

- Yox.

- Yəni ilk dəfə vurulanda, sevgilinə də şeir qoşmamısan?

- Yox. Amma başa düşmürəm, bu suallar nəyə gərək?

 

- İndi səni başa salaram. Özün bilirsən ki, mən xəcalətdə qalanlardan deyiləm. Get evdə bir şey haqqında cızma-qara elə. Mən də ağız-burnunu düzəldib verim qəzetimizə. Ürəyim sakit olsun ki, sənin xəcalətindən çıxdım.

- Bu mənim işim deyil.

- Niyə, yazanlar səndən artıq kişilərdir? Qoy balaların qəzetdə adını oxuyub fərəhlənsinlər.

Həsən fikirləşdi ki, kişi ağlabatan söz danışır. Nə vaxta qədər, yaxşı işçi sayılsa da, tanınmaz qalacaq? Qəlbində oyanan yeni həvəs onu dilləndirdi:

 

- Tutaq ki, səninlə razıyam. Bəs nədən yazım?

Hüseynin gözləri işıqlandı.

 

- Kefin nədən istəyir; məhəbbətdən, qonşundan, dostundan, nə bilim, işindən-gücündən. Amma neynəyirsən elə, tez elə. Mənim çiynimdən xəcalət yükünü götür.

Hüseyn Həsənə iş yerinin telefon nömrəsini verdi. Xudahafizləşib ayrıldılar, Həsən bir anın içərisində bütün varlığına hakim kəsilən yeni bir sevda ilə, Hüseyn ürəyində özünün çətin vəziyyətdən çıxmaq məharətinə təriflər söyləyə-söyləyə.

 

Həsən evdə tələsik şam etdi. Sonra arvadına dedi ki, müdir üçün təcili hesabat yazmalıdır, ona mane olmasınlar. Hətta ən çox istədiyi kiçik oğlu ilə oynamadan belə öz otağına keçdi. Yazı masasının arxasında əyləşib, qabağına bir dəstə kağız qoydu və başladı düşünməyə. O, mühəndis olsa da, mütaliəni çox sevirdi. İndiyədək müxtəlif kitablar oxumuşdu. Həsən yaxşı bilirdi ki, bədii əsərdə əsas məzmundur, sonra forma. Ona görə də əvvəlcə məzmun haqqında götür-qoy elədi. İki saat gərgin axtarışdan sonra gördü ki, bu çox da asan iş deyil. Yorulmuşdu. Başı da bir az ağrıyırdı.

Həsən siqaret çəkən deyildi. Amma hərdən bərk əsəbiləşəndə və ya bir qədər içəndə tüstülədərdi. İndi də damağına bir siqaret qoyub, başını açmaq üçün eyvana çıxanda tez arvadı yaxınlaşdı.

 

- Nə olub yenə?

- Heç nə. Bir az yorulmuşam.

 

Eyvanda sərin meh Həsənə ləzzət verdi. Hüseynin dediklərini yadına salmağa çalışdı: "Deməli, məhəbbət, qonşu, dost, iş". Birdən, elə bil, hər şey ona aydınlaşdı. Qəti şəkildə qərara aldı ki, məhəbbətdən, həm də öz məhəbbətindən yazmalıdır. Məzmun məsələsinin belə müvəffəqiyyətli həllindən ruhlanan Həsən qayıtdı otağına. İndi qalırdı forma. Əvvəlcə belə bir fikrə gəldi ki, gənc yazıçı olduğuna görə yeni forma tapmaq hələlik onun üçün çətin olar. Oxuduğu əsərləri xəyalından keçirəndə beynində bir ideya parladı. Həsənin məhəbbəti məktubsuz olmuşdu. O, arvadına bir neçə kəlmə belə öz sevgisindən yazmamışdı. Qəlbindən keçənləri cəsarətlə, tamamilə şifahi şəkildə izhar etmişdi. İndi əlinə imkan keçmişdi. Yaxşı olmazdımı, məhəbbətini məktub formasında öz oxucularına çatdırsın? Belə bir tapıntıdan sonra Həsən əllərini bir-birinə sürtdü: "Yox, bunu mütləq qeyd etmək lazımdır". Yavaşca qapını açıb boylandı. Yemək otağında heç kəs yox idi. Yəqin uşaqlar yatıb, arvad da mətbəxdədir. O, pəncələri üstə yavaş-yavaş bufetə yaxınlaşdı. Konyak süzüb qədəhi başına çəkmişdi ki, arvadı qapıda göründü:

 

- Ay kişi, bir de görüm, axı, nə olub? Bayaqdan ürəyim üstümdə durmur. Gah siqaret çəkirsən, gah xəlvəti konyak içirsən.

Həsən bilmədi, necə cavab versin. Tez üzünü ciddiləşdirib dilləndi:

- Sən də gərək hər işə qarışasan.

Sonra özünü incimiş kimi göstərib otağına keçdi. Daha əsərin adı üzərində düşünməyə onda hövsələ qalmamışdı. Şərti olaraq, iri hərflərlə yazdı: "Şanlı məktub". İndi başlamaq olardı. Həsən xəyalında arvadını gördüyü anı, onunla tanış olmağını, ilk görüşü canlandırmaqda çox da çətinlik çəkmədi. Məgər bütün bunları unutmaq olarmı? Arvadının proobrazını Gülnaz adlandırmağı qərara alıb əsərinin ilk cümlələrini vərəqdə qeyd etdi:             

 

"Əzizim Gülnaz! İlk andan mənim qəlbimin tellərini elə ehtizaza gətirmisən ki, sənədək belə hislər mənə yad idi".

Lakin bu başlanğıc Həsənin xoşuna gəlmədi. Kağızı ovcunda əzib, kənara tulladı. Tez də götürüb, stolun siyirtməsinə qoydu ki, arvadının gözündən uzaq olsun. Əsər çap olunanacan bir kəsin onun yazıçılığa girişməsindən xəbər tutmasını istəmirdi.

Həsən "Şanlı məktub"u yenidən başlayıb, düz bir səhifə öz ürək çırpıntılarını qələmə aldı. Axırda "sevgilisinə görüş təyin etmək" istəyirdi ki, arvadı qapını açdı:

- Kişi, daha bəsdir. Saat üçdən işləyir. Axı, sən səhər tezdən işə gedəcəksən.

Həsənin dişi bağırsağını kəssə də, arvadı ilə münasibətini gərginləşdirmək istəmədi. Yazılarını çantasına qoydu ki, səhər işdə vaxt tapıb davam etdirsin.

Həsən yatağına girdi. Amma yuxusu ərşə çəkilmişdi. Fikri qalmışdı "Şanlı məktub"un yanında. Gah o böyrü üstə çevrilirdi, gah bu böyrü. Hətta iş o yerə çatdı ki, arvadı stolüstü lampanı yandırıb, üzünü ona tutdu:

 

- Sən məni başa salacaqsan nə olub?

Cavab vermək məqamı deyildi. Həsən özünü yuxululuğa vurdu.

 

Səhər arvadı qaş-qabağını sallamışdı. Yemək vaxtı da bir kəlmə kəsmədi. Həsən istədi, onun könlünü alsın. Amma fikirləşdi ki, belə yaxşıdır. "Şanlı məktub"u qurtarınca artıq söz-söhbət ortaya çıxmaz.

İşdə fasiləyədək Həsən hövsələsini basıb, sənədlərlə məşğul oldu. Elə ki fasilə vaxtı yetişdi, həmişəki kimi bir qədər nahar edib, iş yoldaşları ilə şahmat oynamaq əvəzinə masasının arxasından tərpənmədi. Çantasından yarımçıq qalmış "Şanlı məktub"u çıxartdı. Bir o yana baxdı, bir bu yana. Arxayınçılıq olduğunu görüb, əsərini davam etdirməyə başladı. Onu yaradıcılıq aləmindən müdirinin gur səsi ayırdı.

 

- Ay Həsən, fasilə vaxtı da işdən əl çəkə bilmirsən?

Həsən çaşmış halda tez qarşısındakı kağızları yığışdırdı.

 

- Xeyr, bunlar başqa şeydir.

Müdir gülümsəyərək soruşdu:

 

- Bilmək olarmı, sənin kimi şahmat həvəskarını burda oturmağa məcbur edən nədir?

 

Həsən həyəcanlı səslə dilləndi:

- Bağışlayın, bunu sizə deyə bilməyəcəm.

 

Belə cavab gözləməyən müdir gözlərində şübhə onu süzdü və çiyinlərini çəkərək, otaqdan çıxdı.

 

Fasilədən sonra Həsən özünü tikan üstündə oturmuş kimi hiss edirdi. Fikrini cəmləşdirib, sənədləri sahmana salmaq indi onun üçün ən çətin bir məsələyə çevrilmişdi. Rəqəmlər, elə bil, gözünün qabağında qarışırdı bir-birinə. Tez-tez saatına baxır, az qala dəqiqələri də sayırdı. Axırı ki, iş vaxtı başa çatdı. Həsən əzab -əziyyətdən qurtulmuş bir adam kimi asudəliklə sinədolusu nəfəs aldı.

İndi yenə yazıb-yaratmaq olardı. Amma evdə bu dəfə də öz otağından bayıra çıxmasa, yəqin arvadı ilə bərk sözləşməli olacaqdı. Hələ qonaq da gəlsə, lap pis. Həsən yaxınlıqdakı kitabxanaya getməyi qərara aldı. Evə zəng vurmaq istədi. Sonra bu fıkrindən daşındı. Arvadı tutacaqdı onu sorğu-suala. Əlini yelləyib kitabxanaya üz tutdu. Bir neçə saat gərgin işləyib, yazdıqlarını təkrar-təkrar oxudu. İndiyədək gizli qalmış və təsadüf nəticəsində üzə çıxmış istedadına özü də heyran qalmışdı.

Kitabxanadan çıxanda artıq saat doqquz olmuşdu. Tez taksi tutub, evə gəldi. Gözlədiyinin əksinə olaraq, arvadı ondan heç nə soruşmadı. Dinməz-söyləməz yemək gətirdi. Girəvə yeri idi. Həsən tələsik şam edib, otağına girdi.

Beləliklə o, bir neçə gün "Şanlı məktub"lar silsiləsini axşamlar gah kitabxanada, gah da evdə, gündüz isə işdə fasilə vaxtı yazmaqda idi. Lakin yaradıcılığının bu ilk çağlarından Həsən bəzi çətinliklərlə rastlaşmalı olmuşdu. Evdə arvadı üzünə baxmırdı. İşdə isə hər dəfə əsəri ilə məşğul olanda haradansa müdirin şübhəli baxışlarını hiss edirdi və başını qaldıranda onu otağında görürdü. Elə bil müdir Həsəni güdürdü.

Həmin gün işdə müdir onu yanına çağırtdırdı. Fasiləyə beş dəqiqə qaldığından dilxor oldu. Həsən kabinetə girəndə müdir çox tutqun görünürdü. Onun salamına ağızucu cavab verib, əli ilə yer göstərdi. Başını qaldırmadan aram-aram dilləndi:

- Həsən, bilirsən ki, mən həmişə səni yaxşı mühəndis kimi tərifləmişəm. Amma son hadisələr sənin barədə fıkrimi alt-üst etdi.

Həsən təəccüblə soruşdu:

- Nə olub ki?

Müdir qarşısındakı sənədləri ona uzatdı.

- Əvvəlcə bu kağızlara diqqətlə bax.

Bunlar Həsənin tərtib etdiyi sənədlər idi. Altından qırmızı xətt çəkilmiş rəqəmləri gördükdə onu dəhşət bürüdü. Hesablamaların əksəriyyəti səhv aparılmışdı.

Müdir sözünə davam etdi:

- Özün görürsən ki, fabrikimizin göstəricilərinin çoxu bilərəkdən aşağı salınıb.

Həsən onun sözünü kəsdi.

- Yoldaş müdir, bunlar bilərəkdən olmayıb, yalnız səhv gedib.

- Bu qədər səhv olmaz. Fabrikimizə komissiyaların dalbadal gəlməsinə səbəb olan anonimlərdə yazılanlarla sənin səhvlərin arasında müəyyən uyğunluq var. Özüm yoxlamışam.

Həsən çaşıb qalmışdı.

- Bununla nə demək istəyirsiniz?

Müdir müttəhim üçün hökm oxuyan hakim sayağı ayağa qalxıb dedi:

- Son vaxtlar fasilə zamanı sənin xəlvəti məşğuliyyətinin dəfələrlə şahidi olandan sonra mən qəti qərara gəlmişəm ki, fabrikdən yazılan anonimlərin müəllifi sənsən.

Həsən ilan çalmış kimi yerindən dik atıldı.

- Heç kim sizə ixtiyar verməyib ki, sübutsuz-filansız işçilərinizə böhtan atasınız.

Bu sözlər müdiri daha da qızışdırdı.

- Sübutlardan biri qarşındakı sənədlərdir, ikincisi isə çantandakı məktublar, əgər onları hələ poçta salmamısansa.

Həsən bir qədər tutuldu. Lakin tərəddüd məqamı deyildi. Dinməz kabinetdən çıxdı, tez də çanta ilə qayıtdı. Sonra onu açıb "Şanlı məktub"u çıxartdı. Müdirin bir neçə addımlığında dayanıb, onları göstərdi.

- Deyin görüm, həmin kağızlardırmı?

Müdir uzaqdan onları tanıdı.

- Bəli.     

 

Həsən həyəcan içərisində yazılarını ona uzatdı. Müdir onlara baxanda qaşları çatıldı. Sonra üzünün tutqunluğu təbəssümlə əvəz olundu. Birdən qəhqəhə çəkib gülməyə başladı. Axırda birtəhər özünü ələ alıb, Həsənə yaxınlaşdı.

 

- Bura bax, deyəsən, yaman vurulmusan, axı.

- Xeyr, yenə səhv edirsiniz. Bunlar hekayədir.

 

Amma müdirin onun sözlərinə inanmadığını görüb, Həsən əlacsız bütün əhvalatı olduğu kimi danışdı. Nəhayət, müdir gülümsəyə-gülümsəyə dedi:

- Səni anonimçi bildiyimə görə səhv etsəm də, hər halda sənədlərdən ötrü yağlı bir töhmətə layiqsən. Ancaq neyləmək olar? Sən mənim ən yaxşı işçilərimdənsən. İndi keçirəm taqsırından. Birinci və axırıncı dəfə olsun.

Bərk əsəbiləşdiyindən Həsən bir neçə saat özünə gələ bilmədi. Fəqət iş qurtaranda yenidən qəlbində oyanan yaradıcılıq ehtirası müdirlə olan söhbəti ona unutdurdu.

Yol uzunu "Şanlı məktub"un ardını düşünə-düşünə Həsən nə vaxt evə çatdığını hiss etmədi. Qapının zəngini basdı. Açan olmadı. Düşündü ki, yəqin arvadı mağazaya gedib. Öz açarı ilə qapını açdı. İçəri girəndə gözlərinə paltarasana sancılmış iri kağız sataşdı. Arvadının xəttini tanıdı: "Həsən! Yazı masasının siyirtməsindən sevgilin Gülnaz xanıma yazdığın "Şanlı məktub"un qaralamasını tapdım. İndi anladım ki, sənin son vaxtlar evdəki hərəkətlərinin, tez-tez gec qayıtmağının səbəbi nədir. Mən uşaqları da götürüb atamgilə getdim. Məhkəmədə görüşərik. Dalımca gəlmə". Həsən bilmədi nə etsin. Stul çəkib oturdu. Başında bütün fıkirlər qarışmışdı bir-birinə. Nəhayət, yavaş-yavaş qalxdı. Çantasını açıb, "Şanlı məktub"ları çıxartdı. Əli əsə-əsə cırıb tökdü yerə. Sonra ucadan dedi: - "Qurtardı! İndi gedim arvadımın dalınca".

 

 

Elxan ƏZİZOV

Əməkdar müəllim, professor

525-ci qəzet.- 2023.- 6 aprel.- S.14.