Vaqif Sultanlının "Budda heykəli"
Vaqif Sultanlının elmi əsərlərində adətən,
mühacirlərimizlə bağlı yeni və dəyərli
bilgilər olur. Ona görə də harada görsəm
acgözlüklə oxuyuram. Onun
naşirliyini də yüksək dəyərləndirirəm.
İndiyədək neçə-neçə
jurnal, məqalələr toplusu çap etdirib. Naşiri
olduğu jurnallara, toplulara məqalələri çox vaxt özü
sifariş verir. Çünki hər bir müəllifin
mövzu dairəsinə, yazı qabiliyyətinə bələddir.
İstədiyi məqaləni yazdırmaq isə
heç də asan olmur. Müəlliflə
dəfələrlə danışır, onu dilə tutur,
xahiş edir, təkrar-təkrar zəng vuraraq yazının nə
vəziyyətdə olduğu ilə maraqlanır, məsləhətlər
verir, bir sözlə müəllifin "nazını çəkməkdən"
bezmir.
Mənim nəzərimdə Vaqif Sultanlı bəxti gətirməyən
adamdır. Sovetlər Birliyində doğulmasaydı, ətrafına
vətənpərvər, millətsevər müəlliflər
toplayar, gözəl bir məktəb yaradardı. Heyf ki, nə sovet dövründə, nə də
ondan sonra Vaqif Sultanlının istədiklərini
reallaşdırmasına lazım gələn mühit
olmadı. Ona görə də zamanədən
çəkdiyi ağrı-acılarını bədii
yazılarına hopdurdu. Beləcə, bədii əsərlərində bir
ağırlıq yarandı. Bu hekayə,
povest və romanlarının dil, üslubunun
ağırlığı deyil, yazı ruhun
ağırlığıdır.
Bədii əsərlərindən dilinin
axıcılığı məni çəkib aparsa da, ruhu
məni əzir, həyatdan bezdirir. Bəzən elə olur
günlərlə əlimə qələm ala bilmirəm,
işə də biyara gedən kimi gedirəm,
dost-tanışdan uzaq gəzirəm. Özümü
toparlamağım çox çətin olur.
Yazıçı mürəkkəb süjet qurmur. İlk
baxışda dərin fəlsəfi, estetik bir fikir
aşılamağa çalışmır.
Hamımızın hər gün gördüyümüz hadisələri
qələmə alır. Oxucu ilk baxışda: "Burada nə
var, onu mən də yazaram. Mən də hər
gün onlarla belə hadisənin şahidi oluram", - deyə
bilir.
Demək başqadır, şahidi olduğun hadisələrin
içindən lazım olanını seçmək və qələmə
almaq başqa.
Vaqif Sultanlının bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə
çap olunmuş "Budda heykəli" hekayəsi dediklərimə
nümunə ola bilər. O,
yaşamının kiçik bir anını, təxminə
yarım saatda gördüklərini qələmə alıb.
Müəllifin
"universitetin girəcəyində tağlı qapı,
qarşı tərəfdə şüşəli kitabxana
binası ucaldılmış, metro xəttinin yeni girişi
açılmışdı" cümləsindən söhbətin
Azərbaycanın
ən elit universitetindən, Bakı Dövlət
Universitetindən getdiyi aydın olur. Bura toplumun
öndəgedən, sayılıb-seçilən professor və
dosentlərin, ölkəmizin sabahının taleyini həll edəcək
tələbələrin məkanıdır.
On il mühacir həyatı yaşayan müəllimin
20 il işlədiyi universitetə qayıdışını
belə təsvir edir: "Ölkəni tərk edəndə hər
kəsdən çox dərs dediyi tələbələrin
taleyinə ağrımışdı; ona ehtiyacı
olduqlarını bilirdi. Ancaq bəlli səbəblərdən
getməyə məcbur idi, daha dözüb gözləyə,
həyatını bundan artıq təhlükəyə ata
bilməzdi. Bununla belə, indi də hərdən
yollar ayrıcında vurnuxduğu o dönəmlər bəlkə,
tərəddüdlərini yenib vətəni tərk etməməyinin
mümkünlüyünü zehnindən keçirir,
atdığı addımın doğrumu, yanlışmı
olduğunu kəsdirə bilmirdi".
Vətən, millət sevgisini, seçdiyi peşəyə
ürəkdən bağlılığını
uzun-uzadı təsvir etmir. Qısa və yığcam iki
cümlə ilə vətəndən ayrılması
haqqında belə yazır: "Əslində, qürbət
ona ürək ağrısından savayı bir şey verməmişdi.
Bütün dərdlərini, əzablarını
özü ilə aparmış, bir gün olsun belə qoyub
getdiyi doğmalarının, yaxınlarının surəti
gözlərinin önündən çəkilib getməmişdi".
Azərbaycanın yaşlı nəsil oxucusu müəllifin
nə demək istədiyini, söhbət hansı dövrdən
getdiyini başa düşəcək. Bəs gənc nəsil
necə?
Bədii əsər bir bölgə, bir ölkə
üçün yazılmır. Dünyanın fərqli
ölkələrində yaşayan, fərqli dillərdə
danışan və fərqli inanclı insanlar oxuduğu əsəri
anlamaq istəyir. Müəllifin "Budda
heykəli" hekayəsindəki çox xəsisliklə
yazılmış bir-iki cümləni nəinki başqa bir
dilə çevrildikdə, hətta İranda yaşayan
soydaşılarımız belə oxuyanda bir şey anlaya bilməyəcəklər.
Anlamaq üçün oxucu gərək
dövrümüzün tarixini araşdırıcı kimi incələsin.
Yazıçının "bəlli səbəblərdən
getməyə məcbur idi, daha dözüb gözləyə,
həyatını bundan artıq təhlükəyə ata
bilməzdi" cümləsi yada Musanın İsrail
oğullarını azadlığa çxarmaq istədiyi 40
ildə başına gələnləri xatırladır.
Azərbaycanda Milli Azadlıq Hərəkatı
başlayanda milyonlarla insan ailəsinin boğazından kəsdiyi
yeməyi, ciblərinin son qəpiyini meydanlara toplaşanlara
göndərir, mitinqçilərin, xalq hərəkatının
fəallarının arxasında dururdular. Bu da hərəkatın
öndərlərini ruhlandırır, onları həbsdən,
ölümdən qorxmayan qəhrəmanlara çevirdi. Lakin bu çox da uzun sürmədi. Milli zəmində toqquşmanın
uzandığını, döyüşlərdə ölənlərin
çoxaldığını, maddi sıxıntıda
yaşadıqlarını görəndə onlar
keçmişə qayıtmaq istədilər. Çünki keçmişdə sərbəstlikləri,
azadlıqları olmasa da, başının üstündə
damları, yeməyə bir tikə çörəkləri,
pis-yaxşı işlər vardı. Buna
görə də onları azadlığa aparan liderləri
yarı yolda qoydular.
Xalqının azadlıq mübarizəsində
böyük uğur qazanacağına inanan təcrübəsiz
və fanat liderlər türk şairi Namiq Kamalın
gününə düşdülər. Namiq Kamal Osmanlıdakı
gerilikdə, xurafatdan cana doyaraq oğlunu
Avropaya göndərdi. İstədi oğlu orada
təhsil alıb vətəninə işıq-elm, mədəniyyət,
yenilik gətirsin. Oğlu isə vətənə
işıq gətirmək əvəzinə
xristianlığı qəbul edib keşiş oldu. Azərbaycanda həyatını vətən və
millət yolunda xərcləyən aydınlar müdafiə
olmadığından onların bir qismi həbsxanalara
salında, bir qismi mühacirətə getmək məcburiyyətində
qaldı, bir qismi qınına çəkilib
başını salamat saxlamağa, ailəsini
dolandırmağa, bir tikə çörək qazanmağa
çalışdı.
On ildə universitetdə baş verən dəyişikliyə
oxucunu "Tağlı qapıdan adlayaraq universitetin
binasına girərkən alışmadığı kəsif
yemək iyi onu vurunca bir zamanlar kitab dükanı olan
böyük salonun kafeyə çevrildiyini gördü"
cümləsilə hazırlayır. Kəsif yemək iyi
sadəcə yeməkxanadan gəlmir. Hekayəni
oxuduqca görürsən ki, kəsif iy yalnız binanın
daşına, otaqlarına, otaqlardakı mebellərə deyil,
orada çalışan insanların ruhuna da hopub.
Universitetdən kəsif iy gəlməsəydi,
"müasir ədəbiyyatdan mühazirələr oxuyan, bir
zamanlar həyat eşqi ilə coşub-çağlayan, indi isə
həvəsi, ehtirası büsbütün sönmüş
kafedra müdiri tələbəlik illərində müəllimi
olmuş, universiteti bitirəndən sonra onun doktoranturada
saxlanılmasına səy göstərmiş" insanı
tez unutmazdı.
Yaşı təxminən qırxı keçən
kafedra müdirinin katibəyə "Qızım, mənə
bir stəkan ilıq su ver, dərmanımın vaxtı
keçir", "Səhərdən dilimə bir şey dəyməyib. Allah kəssin
belə günü, belə güzəranı..." deməsi
də oxucuya çox şey deyir.
Unversitetdə günündən-güzəranından gileyli yalnız kafedra müdiri deyil. "Müəllimlərindən biri, o zamanlar barışmaz müxalif mövqeyi ilə seçilən, indi isə yorğun, üzgün halda içəri girən xanım professor" da kafedra müdirindən fərqlənmir. Yazıçı kafedranın başqa müəllimləri haqqında yazır: "Tənəffüs olunca kafedraya dönən, əksəriyyəti qadın olan müəllimlərin bəziləri onu tanımadı, bəziləri isə tanışlıq verəndən sonra güclə xatırladı, xatırlayanlar da ağızucu hal-əhval tutmaqla kifayətləndi... Müəllimlərin çöhrəsində aşırı yorğunluq, həvəssizlik duyulurdu, sanki istəmədikləri bir işlə məşğul imişlər kimi, özləri də sezmədən eləcə vaxtın axışını izləyir, hər şeyin tez-tələsik bitməsini gözləyirdilər". Təkcə kafedrada işləyən professor-müəllim heyəti yorğun, həvəssiz deyil, dəhlizdən keçib gedən insanlarda da soyuq bir etinasızlıq var.
Bunun səbəbini yazıçı kafedra müdirinin dili ilə belə verir: "Tələbə küçədə gəzib-dolaşsa, daha çox bilik qazanar, nəinki bu divarların əsarətində..."
Bir zaman dərs dediyi universitetə gedən müəllim vətən üçün hər il minlərlə gənc kadr hazırlamalı olan təhsil ocağına gedərkən bir işıqlı sima görür. O da universitet divarlarından kənarda oturmuş, Budda heykəlinə oxşayan kor dilənçidir. Onu ayaq səslərindən tanıyan dilənçi deyir: "Ayaq səsləriniz kəsiləndən düz on il keçir, - dedi və dərindən köks ötürərək əlavə etdi, - Sizdən sonra çox sular axdı, çox yellər əsdi..."
1988-1989-cu illərə adamlar az qala evlərinin qapısını açıq qoyub mitinqlərə gedirdi. Adamlar arasında bir mehribanlıq, səmimiyyət yaramışdı. Cinayətkarlıq haqqındakı statistikaya görə həmin illərdə ev oğurluğu, cibgirlik yox dərəcəsinə gəlmişdi. "Newsweek" jurnalı 25 dekabr 1989-cu il sayının üz qabığında Bakının Azadlıq meydanında çəkilmiş milyonluq izdihamın şəklini vermiş, "Standing up for freedom People of the Year (Azadlıq uğrunda ayağa qalxmış ilin adamları" və "People of the Year" (İlin xalqı) yazmışdı. Bəs birdən nə bəla ilə üzləşdik ki, biz laqeyidləşdilər, yaxşılıqlar ortadan qalxdı, pisliklər meydan sulamağa başladı?
Müəllimin universitetə təxminən yarım saatlıq səfərini müəllif belə tamamlayır: "... geriyə çevrilib uzaq tələbəlik çağlarının həyəcanlarını yaşadığı, iyirmi ildən artıq müəllim kimi ömrünü əritdiyi, bir daha dönməyəcəyi ünvanı kədərlə süzdü və bu illər ərzində onu qara kölgə kimi izləyən, özü ilə qürbətə daşıdığı keçmişindən bir an erkən ayrılmaq inadı ilə addımlarını yeyinlətdi". Yazıçı keçmişdən bir an erkən ayrılmaq istəsə də, addımlarını yenilətsə də, zəmanəsindən, mühitdən qaçıb qurtara bilməyəcək. Sonrakı nəsr əsərlərində də bu hiss onu buraxmayacaq, özünün daşıdığı ağır yükü oxucularına da yükləyəcək.
Bax elə buna görədir ki, Vaqif
Sultanlının elmi əsərlərinin nəşrinin səbirsizliklə
gözlədiyim, çap olunan kimi əlimdə nə işim
varsa yarıda qoyub oxuduğum halda bədii əsərlərini
oxumaq istəmirəm. Amma bu müxtəlif bəhanələrlə
vaxtı uzatmaqdan başqa bir şey olmur. Aydınlada bilmədiyim
bir qüssə məni oxumağa məcbur edir. Oxuyandan sonra da
xeyli onun təsirindən çıxa bilmirəm.
Çünki özümün-özümə verdiyim: "Mən niyə bu zəmanədə
yaşadım?" sualına cavab tapa bilmirəm. İslam
inanclı olmasaydım, ruhun tənasühünə -
"reinkarnasiya"ya inansaydım, düşünərdim ki,
keçmişdə hansısa günahları etdiyimin cəzasını
çəkmək üçün bu zəmanədə
yaşamağa məcbur edilmişəm.
Əli ŞAMİL
525-ci qəzet.- 2023.- 6 aprel.- S.12.