"Mən, sən, o və telefon": yeni təqdimat, fərqli təəssürat

 

 

Köhnənin teatralı olsam da, indi repertuarları elə də izləmirəm. Vaxtaşırı teatrda oluram, o da işdən dəvətnamə veriləndə... Bilmirəm necə oldusa, Rus Dram Teatrında Anarın "Mən, sən, o və telefon" əsərinin tamaşaya qoyulması xəbərinə rast gəldim. Artıq yarım il idi ki, oynanılırdı. Sevdiyim bu hekayənin həm 70-ci illərdə (deyəsən Yeni il qabağı idi) tele-tamaşasına, həm də "Mosfilm" kinostudiyasında çəkilmiş ekran variantına baxmışdım. Hələ hekayəni təkrar-təkrar mütaliə etməyimi demirəm. Ona görə düşünmədən bilet aldım. Görəsən, bu günün estetikasına cavab verirmi? Maraqlı gəldi.

"Mən, sən, o və telefon"... Elə bilirəm, hörmətli yazıçımızın uzaq 67-ci ildə yazdığı bu eleqant retro hekayədən xəbəri olmayan yoxdur. Heç olmasa, adından dolayı. İçindən məlumatsız azlıq da cəlbedici adını eşidib. Uşaqları gəzməyə aparanda şəkillərini çəkirəm, kadr kadr arxasınca. Axırda biri dözə bilməyib dedi: Mən, sən, o və telefon...

Mən bu hekayəni ilk tanışlığımda necə sevmişdimsə, indi də elə sevirəm. Hər oxuduğumda da ilk oxuduğum zövqü alıram. İnsanları həssaslığa, dinləməyə, münasibət qurmağa çağırır. Hər şey məsum bir zarafatdan başlanır. Mədinə gecənin bir aləmi ona zəng vuran naməlum kişi səsinin qulağına dəstəyi çırpmır. Səbrlə qulaq asır, başa düşməyə çalışır, həlim-həlim təskinlik verir. Bəlkə də, səsinin ziyalılığından kimliyini, situasiyadan dolayı "yol azdığını" anlayır.

Və birdən əsərə o - fabula daxil olur. Belə bir alleqoriya da var... "Yazı əsnasında birdən yazıçı diksinir: - Sən kimsən? - Mənəm, fabulayam, adımdan qorxma. Köməyə gəlmişəm". Və situasiyanı nəzarətə götürüb hadisələri bildiyi ardıcıllıqla davam etdirir...

Əsərin əsas fiqurantı telefondur. Səhnənin ortasında qoyulmuş avtomat telefon. Sözügedən zamanda ev telefonu çox az adamın evində olardı. Telefon prestij, status, firavanlıq, vəzifə əlaməti sayılırdı. İnsanlar illərlə telefon növbəsində dayanırdılar. Mənzil, avtomobil növbəsində duran kimi... Telefonun şəninə şeirlər, mahnılar, əsərlər, filmlər bağlanardı. "Telefonçu qız", "Nofolet haradadır?" filmləri, Poladın "Pozvoni"si, "Qaya"nın "Telefon avtomatlar"ı... Kim deyərdi ki, vaxtilə hər ailənin həsrətində olduğu telefon bu gün evlərdə artıq, lazımsız bir şeyə çevriləcək, aylarla yada düşməyəcək, dəstəyi qaldırılmayacaq. Susacaq. Hekayənin sonunda susduğu kimi. Bu gün telefon məişətimizdə tamam başqa əhəmiyyət kəsb edir və həyatımızın vazkeçilməzidir. Amma tamam başqa statusda... Nə ev telefonu, nə avtomat, nə şəhərlərarası, nə taksafon kimi... Telefon mobil olaraq ikinci dəfə dünyaya gəldi. Əsrimiz mobil əsridir. Hər gün 8 milyard adam gözünü telefonla açır, telefonla bağlayır. Öz şəxsi telefonu ilə. Nə qədər ki, telefonlar şəbəkəyə bağlı idi, insanlar azad idi. İndi daha əli nəbzin üzərində saxlamaq mümkün deyil. Ağıllı telefonların sayəsində insanları izləmək də asanlaşıb, azadlıq da məhdudlaşıb. Telefon həm cib dəftəridir, həm zəngli saat, radio, televizor, maqnitafon, təqvim, alış-veriş, həm də oyuncaq. Eyni zamanda kitab, periodika, kalkulyator, ensiklopediya, poçt, dost-rəfiqə, sirdaş. Sirr dağarcığı. Bəzi iş adamları sirrlərlə, kompromatlarla dolu telefonlarını onlar olmayanda yad əllərə düşməsin deyə, etibarlı dostlarına vəsiyyət edirlər, bu vəsiyyəti sənədləşdirirlər də...

Mən bu hekayəni əzbər bilirdim. Mövzunu da, qəhrəmanları da tam real hesab edirəm. Yəni, həyatda belə əhvalat ola bilər və olur. Şəxsən mənim bacım 30 ilə yaxın ailəli olduğu həyat yoldaşı ilə 80-lərdə elə telefonla tanış olub. Gələcək kürəkənimiz bizimlə "həmblokirovka" idi. Bizim nömrə 22 idi, onlarınkı 23 (Bu müddət ərzində evimiz də, nömrələrimiz də dəfələrlə dəyişib. Amma nömrə yadımdadır. "Ölməyib"miş). Elçi gələndə də qeyri-ciddi təsir bağışlayar deyə, bacımla onun telefonla tanış olduqlarını böyüklərdən gizlətdik. Sovet mentaliteti. O vaxt belə mövzular çox aktual idi, təsadüfi tanışlıqla başlayan sevgi macərası...

Mədinə tam bir introvertdir. Romantik yaşayır. Gecədən keçənə qədər radio dinləyir, bütün radiostansiyaların proqramını bilir, təyyarə səsi gələndə nəfəsini çəkib qulaq kəsilir, qonşusu pianinoda qamma çalır... Rüstəm onun həyatına qəfil qalxan külək kimi daxil olur. Amma alışdığı komfort zonasını pozmur, əksinə, gecə müsahibini öz dünyasına aparır, ona "xoş və çətin ağrıyla da olsa, qadınlığını qaytarır".

Telefon bir obraz kimi "Mən, sən, o..."dan qabaq yazıçının "Ağ liman" povestində görünür. Səftər dayı öz aparatından öz nömrəsinə zəng vurur. Kəsik siqnalları dinlədikdən sonra "məşğuldur, danışır", - deyə avantürasına yekun vurur. O da, Mədinə, Rüstəm kimi təklikdən əziyyət çəkirdi.

Ramiz Həsənoğlunun səhnələşdirdiyi tamaşanı vaxtı ilə çox bəyəndiyim də yadımdadır. Romantik adı da var idi: "Telefon gecələri"... Tele-duet də demək olardı. Seymuru Həsən Əbluc, Mədinəni Əminə Yusifqızı canlandırırdı. Heyf o tamaşadan. Heyf niyə deyirəm, çünki itib. İnanmaq çətin olsa da, belədir. İnsan faktorumu, ehtiyatsızlıq ya səliqəsizlikmi, nə isə, son peşimançılıq fayda verməz. Elə bil Anar bu əsəri onlar üçün yazmışdı. Onlar da bu obrazlara çox yaraşırdılar.

Tamaşa vaxtı zal, demək olar ki, dolu idi. Sıra "qonşularım" slavyan tipi gənc oğlanla qız idi. Çox mehriban oturmuşdular, barmaqları iç-içə. Bir az söhbət etdik. Birinci dəfə idi Bakıda idilər. Tanış təriflər... Özü də bayram günləri. (Novruz tətilləri idi). Ağızları dada gəlmişdi. Mən də onlara əsər, müəllifi barədə məlumat verdim. Tamaşa başlamamışdan pərdə açıq idi. Dekorosiya bir az köhnə təsir bağışlayırdı. Retro, nostalji yox, məhz nimdaş ... Yəqin rejissor belə görürdü. Səhnə fırlanmayacaqdı. Nə var, ortada idi... Səhnənin bir tərəfi mənzil, bir tərəfi küçə kimi düzəldilmişdi. Sağ tərəf - bildiyimiz interyer; pianino, kreslo, torşer, "Nerinqa"... Küçədə qoşalampalı fonarın altında telefon budkası. Tamaşa başlanmamışdan, hansı ki, hələ hamı yerini tutmamışdı, üçüncü zəng çalınmamışdı, baş qəhrəman gəlib telefon budkasına daxil oldu. Başladı bir-birinin ardınca siqaret çəkməyə. Yanımdakı qızla təəccüblə bir-birimizə baxanda sevgilisi "diqqət çəkir, tamaşaçını baş verəcəklərə hazırlayır", - deyə öz fikrini bildirdi. Ağlıma batdı. Xoşuma da gəldi. Belə orijinal priyomları sevirəm. Azərbaycan Milli Dram Teatrında da - "Hamlet" tamaşasında - belə maraqlı tapıntı var idi... Kral və kraliça "Siçan tələsi" epizoduna tamaşaçı lojasında oturub baxırdılar...

Bu müasir "... telefon" idi. Qəhrəmanlar da bir epoxadan başqa bir epoxaya transfer olunmuşdular. Tamaşada əsasən, gənclər məşğul olduğundan çox şən, emosional bir iş alınmışdı. Rus dilində baxdığımdan sanki əsər tanış da gəlmirdi. Həqiqi bir maraqla sonluğu gözləyirdim. 60-cı illərin geyimlərində bir dəstə gənc deyə-gülə səhnənin bir başından daxil olub, o biri başından çıxır. Lakin quruluş lirik ab-havadan da məhrum deyil. Motor uğultusundan Mədinə qulaqlarını tutur, təyyarənin küləyi Seymurla Mədinəni telefon budkasına itələyir, səhnənin yerindəki yarpaqlar havada fırlanır, işıqlar sönür...

Tamaşanın rejissoru Peterburqdan dəvət edilmiş həmyerlimiz Ə.Ələkbərov idi. Rusiyada təhsil alıb işləməsinə, tamaşanın da Rus Dram Teatrında qoyulmasına baxmayaraq, tam milli bir səhnə təzahürü idi. Daha doğrusu, mən bu teatrda bu qədər Azərbaycan yönümlü tamaşa görməmişdim. Azərbaycan dilində replikalar, musiqi parçaları, tar çox xoş təsir bağışlayırdı. O qədər ki, deyilənləri yuxarıda qeyd etdiyim qonaqlara tərcümə də etməli oldum. Musiqi bu quruluşunun vizit kartıdır. "Hər axşam saat 11-də" filmində də musiqi müşayiəti film boyu gedirdi. Amma R.Həsənoğlunun traktovkasında musiqi fonu xatırlamıram... Qəribə də olsa, bu əsəri məhəbbət üçbucağı adlandırırlar. İki bucaq eyni adam olsa da. Birdən fərqinə vardım ki, əsəri də elə üçbucaqlı kimi təhlil edirəm. Üç yanaşma. Üç baxış bucağı. Üç görüntü. Tele-tamaşa çox saf təsir bağışlayırdı. Sovet əxlaqına xas mənəviyyat, davranış, etik normalar. Dialoqlardakı intim çalarlar, səs tembri, mükəmməl diksiya, aktyorların peşəkarlığı tamaşanı gözəlləşdirirdi. Filmdə motivlər Anarın olsa da, ruhu bizim deyildi. Final bir qədər dəyişdirilmişdi. Ayrılıqda götürəndə yaxşı film idi, baxılırdı. Amma bizim deyildi. Ləngliyi, uzun pauzaları ilə bir az fransız filmlərini xatırladırdı. Məsələn, "Kişi və qadın"ı. Hekayədəki şuxluqdan əsər-əlamət yox idi. Millilikdən çıxmışdı. Amma atmosfer, yüksək əxlaqilik saxlanılmışdı. Mənə elə gəlir ki, bu əsəri ən yaxşı Anarın özü ekranlaşdırardı.

Səs obraz ola bilərmi? Bilər. Və o səs gecədən gecəyə, söhbətə uyğun dəyişir. Bəzən yuxulu, bəzən yorğun, təəccüblü, bəzən soyuq, akademik, eləcə də, "pul kimi cingiltili" olur. "Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu təklikdən şikayət edir. O, sərt və kəskin danışmağı bacarırdı ". Lakin Rüstəmi tanıyandan sonra arxayınlaşır, səsinin "metalını" götürür. Səs - insanın özüdür, ikinci üzüdür. Kimə görə səsin rəngi olur, kimə görə qoxusu. Səs də qavramağın, dərkin bir yoludur. Rüstəm Mədinənin səsini yuxuda gördüyünü deyir. Bu - bir ədəbi priyomdumu, ya doğrudan olan şeydir (yuxudur da, azaddır, nə istəyir edir, kimi, nəyi istəyir görür, hara istəyir uçur), dəqiq biləmədim.

Seymur Mədinənin kim olduğunu postfaktum bilsə də, müəllif Seymurla Rüstəmin eyni adam olduğunu sona qədər Mədinədən gizli saxlayır. Hekayənin əsas intriqası da budur.

Rus Dram Teatrında quruluş verilən "Mən, sən, o və telefon" tamaşası cəmi bir saat müddətində seyrçini uzaqda qalmasına baxmayaraq, hələ də görünən ötənlərə aparır. Keçmişlə bağlı böyük nostaljim olmasa da, kiminsə dediyi, yaddaşımın bir küncündə ilişib qalan frazanı xatırladım: "SSRİ son sovet adamı dünyadan köçəndə dağılacaq"...

 

Dilarə ADİLGİL

525-ci qəzet.- 2023.- 6 aprel.- S.11.