Kuklaçılıq sənətinin
unudulmaz korifeyi - Solmaz Musayeva
Uşaqları güldürmək, təəccübləndirmək
nə qədər zövqlü olsa da, bir o qədər
çətin və məsuliyyətlidir. Çünki
həyat yolunun hələ ən başında, ilk pilləsində
olan uşaq bu dövrdə nələr görüb, nələr
əxz etsə, məhz onlar onun şəxsiyyətinin
formalaşmasında, gələcək həyatında
böyük təsirə malik olacaq.
Bu mənada övladlarımızın tərbiyəsinin,
dünyagörüşünün formalaşmasında
teatrlar, xüsusən, balaca tamaşaçılara xitab edən
Kukla teatrları önəmli rola malikdir.
Uşaq üçün işləmək, onları
güldürə bilmək, onların tərbiyəsində
rol sahibi olmaq isə fikrimcə, ən gözəl
duyğulardan biri olmalıdır. Yəqin buna görədir
ki, ömrünün böyük hissəsində bu
missiyanı daşıyan, "Mənim əsl
yaradıcılığım uşaqlara həsr olunub. Ömrüm boyu nə etmişəmsə, onlar
üçün etmişəm" - deyən mərhum rəssam
Solmaz Musayeva özünün ən xoşbəxt dəqiqələrini
də uşaqların gözlərinə baxıb,
duyğularını gördüyü anları hesab edirdi.
Azərbaycanın ilk qadın kukla rəssamı, Əməkdar
rəssam Solmaz Musayevadan gedir söhbət. Aprelin 10-da məhrum
sənətkarın 95 illiyi tamam olacaq. Xatirəsi
yaratdığı, dünyanın dörd bir yanında
özünə yer tutan kuklalarında, Azərbaycan incəsənətinin
tarixində və onu sevənlərin qəlbində yaşayan
Solmaz xanımı yubiley ərəfəsində bir daha minnətdarlıq
duyğusu ilə yad edirik.
Solmaz Musayeva 10 aprel 1928-ci ildə ziyalı ailəsində
anadan olub. Anası Balacaxanım müəllim idi, uzun müddət
məktəb direktoru işləyib. Atası
isə dramaturq Qurban Musayevdir. Atası və
əmisi Xalq yazıçısı Qılman İlkin sayəsində
Solmaz xanım gözünü ədəbi mühitə
açıb. Böyüdüyü ev
dövrün tanınmış
yazıçılarının, şairlərinin,
rejissorların, aktyorların, incəsənət
adamlarının görüş yeri olub. Məsələn,
ölməz dramaturq Hüseyn Cavid balaca
qızcığazı qucağına alıb, adının
Solmaz olduğunu öyrənəndə fikrə dalıb və
deyibmiş: "Eh, vaxt gələcək, elə
solacaqsan!"
Tez-tez atasının səhnələşdirilmiş əsərlərini
izləmək üçün teatra gedən Solmaz teatr
mühitində böyüsə də, özünün xatirələrində
deyir ki, onu daha çox teatrın sexi cəlb edirdi. O, ilk azərbaycanlı
qadın teatr rəssamlarından biri Bədurə
Əfqanlının işlərinin heyranı olub. Görünür, gələcək rəssam taleyi də
elə o zamanlardan müəyyənləşmişdi.
Təsadüfi
deyil ki, 1947-1952-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarlıq
fakültəsində oxuyub. 1953-55-ci illərdə təhsilini
Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq
Məktəbində - dekorativ-tətbiqi sənət fakültəsində
davam etdirib. Həmçinin, o, anasının
arzusu ilə Xarici Dillər İnstitutunda ingilis dili fakültəsini
bitirib.
İngilis dili biliyi sonralar onun çox köməyinə
çatır.
O, festivallarda tərcüməçiyə ehtiyac duymaz,
özü ingiliscə səlis danışarmış. Eləcə də tamaşaları özü sinxron
tərcümə edərmiş.
1965-ci ildə
yenidən bərpa olunan A.Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrına dəvət alıb.
Burada əvvəlcə rəssam, sonra
quruluşçu rəssam kimi işləyib. Uzun illər teatrın baş rəssamı olub.
25 il ərzində 60 kukla tamaşasına
rəssam kimi quruluş verib. Həmin
tamaşalardan bir neçəsi SSRİ Mədəniyyət
Nazirliyinin I dərəcəli diplomuna layiq görülüb.
1978-ci ildə "Ole Lukoye" tamaşası
SSRİ üzrə "İlin ən yaxşı kukla
tamaşası" adlandırılıb.
1965-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvü olub. Mütəmadi olaraq
Respublika və Ümumittifaq sərgilərdə rəngkarlığa
və tətbiqi sənətə aid işləri nümayiş
etdirilib. Müxtəlif nəşriyyatlarla
əməkdaşlıq edib, bir sıra kitablara bədii tərtibat
verib.
Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı
olub. Rejissor
V.Behbudovla ərsəyə gətirdiyi 6 filmdən 2-si
mükafatlandırılıb: "İlham" filmi 1978-ci ildə
Özbəkistanda Ümumittifaq kino festivalının I dərəcəli
diplomuna layiq görülüb, "Göyçək
Fatma" filmi isə Gürcüstan Rəssamlar
İttifaqının xüsusi diplomunu alıb.
1993-cü ildə Pakistanda tətbiqi sənət üzrə
Beynəlxalq müsabiqənin laureatlarından biri olub. 2006-cı ildə 8 mart Qadınlar bayramı
münasibətilə yaratdığı kompozisiya seçilərək
YUNESKO Baş qərargahında sərgilənib.
Azərbaycan Dövlət Kukla Teatrına yaxın
yeraltı keçidin divarlarını bəzəyən bir
neçə panno S.Musayevanın teatrda quruluş verdiyi
tamaşalardan ayrı-ayrı səhnəcikləri əks
etdirir.
2007-ci ildə
Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri
adına layiq görülüb.
2016-cı il
oktyabrın 21-də ağır xəstəlikdən sonra vəfat
edib.
lll
Solmaz
xanım yaratdığı kuklaların bu qədər
böyük uğurlar qazanmasının əsas səbəbini
sənətinə və uşaqlara olan sonsuz sevgisi ilə izah
edirdi: "Sənətimi hələ də çox sevirəm.
Həyatda heç bir kəsi sənətim qədər
sevməmişəm. Ona görə də
Allah mənə bu xoş günləri yaşadıb. Kuklalarım dünyanın dörd bir yerindəki
muzeylərdə, şəxsi kolleksiyalarda qorunur. Bu sənəti seçməklə yanaşı,
sevmək də çox vacibdir. İncəsənət
insandan səbir və dözüm istəyir".
Həmçinin, o, ruhuna yaxın olan, istedadına
inandığı, yaradıcılığını bəyəndiyi
rejissor Tamilla Məhərrəmova ilə birgə
çalışmasını da bu uğurların bir səbəbi
kimi göstərir. Rəssam 2003-cü ildə "Qobustan" jurnalına
verdiyi müsahibəsində deyir: "Obrazları yaratmaq əsərin
məzmunundan irəli gəlir. Bizim qəribə iş
üslubumuz vardı Tamilla xanımla. Bir
tamaşa o birinə bənzəməməlidir. Tamilla
xanımla ən əvvəl əsəri oxuyurduq, sonra
bir-birimizə sual verirdik: biz bu tamaşada uşaqlara nə
aşılamaq fikrindəyik, nə demək istəyirik və
demək istədiyimiz bu dəfə hansı formada
çatdıracağıq".
2017-ci ildə
lentə alınan "Yadigarlar" verilişində professor,
Əməkdar İncəsənət xadimi Məryəm
Əlizadə mərhum rəssam haqqında böyük
şövqlə danışır: "Solmaz xanım
çox parlaq sənətkar idi. O, olmasaydı, Azərbaycan
teatrının, incəsənətinin tarixində, xüsusən,
Kukla Teatrının tarixində çox boşluqlar olardı.
O, maska kuklalar yaratmırdı, kuklaları maskalıqdan
çıxarıb canlı insanlara çevirirdi.
Fikrimcə, teatrlar içərisində ən mürəkkəbi
Kukla Teatrıdır. Sənətkar üçün orada
işləmək çətindir. Bu teatra
gəlib-getdikcə uşağın təxəyyülü,
zövqü formalaşır, dünyası zənginləşir,
uşaqlar həyata ilk addımlarını atırlar. O
addımlar üçün ilk pillələri yaradanlar Solmaz
xanım kimi sənətkarlar olmalıdır ki, sonrakı pillələr
möhkəm təməl üzərində qurula bilsin. Uşağın psixologiyası necədir, ona nə
vermək, onu necə yönləndirmək lazımdır,
bütün bu incəlikləri Solmaz xanım yaxşı
bilirdi. Çox zəhmətsevər adam
idi, işləməkdən yorulmurdu.
L.Babinskaya
isə "İnkişaf pillələri" adlı məqaləsində
"Malçiş-Kibalçiş" və "Qaravəlli"
tamaşaları haqqında danışarkən Solmaz
Musayevanın işini belə qiymətləndirir: "Rəssam
Solmaz Musayeva ümumiləşdirilmiş, həyat təfsilatlarından
uzaq kuklalar yaratmağa meyl edir...
Rəssam S.Musayeva iri planda işləməyi sevir. "Qaravəlli"nin
böyük, statik maskaları özləri çox şeyi
aydınlaşdırır".
Əməkdar rəssamın ömrünü
bağladığı, "yenidən dünyaya gəlsəydim
yenə də böyük məmnuniyyətlə Kukla
Teatrını seçərdim. Ömrümün ən
gözəl zamanlarını, ən fəal dövrlərimi
Kukla Teatrında işləmişəm. Özü də
böyük həvəslə" - dediyi A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrında da onu sayğı və sevgi ilə yad edirlər.
Teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Rəşad Əhmədzadə S.Musayevanı
belə xatırlayır: "Solmaz xanım çox
istedadlı, peşəkar rəssam idi. Klassik
kuklaçılığı yaxşı bilirdi. Kuklanın imkanlarına dərindən bələd
idi. Səhnəni duyurdu və buna görə
də pyesi oxuyarkən rejissordan əvvəl artıq
kuklanın quruluşunu, formasını, hansı texnikada onun
hazırlanacağını bilirdi. Həmçinin,
Solmaz xanım Azərbaycan folkloruna da yaxşı bələd
idi. Hazırladığı bütün
tamaşalarda, eskizlərdə milli xüsusiyyətləri
saxlamağa çalışırdı".
Teatrın
aktrisası, uzun illər Solmaz xanımla çiyin-çiyinə
çalışmış Elmira Hüseynova deyir ki, o,
kuklaları hazırlayarkən həmişə bizimlə məsləhətləşir,
fikirlərimizi öyrənirdi: "Mən Kukla Teatrına gələndə
Solmaz xanım burada rəssam kimi çalışırdı.
Çox yaxşı insan, mülayim xanım
idi. Biz onunla uzun illər işləmişik.
Çox səfərlərdə, festivallarda
olmuşuq. Hindistana, Ərəbistana,
Gürcüstana birlikdə getmişik. Həmişə
bizə ana nəvazişi ilə yanaşardı. Peşəkar rəssam idi. İşini
çox yaxşı bacarırdı".
Əməkdar
artist Rəhman Rəhmanov da Solmaz xanımın
hazırladığı əksər tamaşalarda oynayıb:
"1970-ci illərdən Solmaz Musayeva ilə birgə işləmişik.
O, bizim baş rəssamımız olub. Çox
gözəl rəssam idi. Milli ornamentlərdən
yüksək səviyyədə istifadə edirdi. Onun rəssamı olduğu bir çox tamaşalarda
oynamışam. Bir insan kimi də Solmaz
xanım çox gözəl insan, əsl xanım-xatın,
kübar Azərbaycan qadını idi. Heç
zaman üzündən təbəssüm əskik olmazdı.
Həmişə ona müraciət edən hər
kəsi üzündəki gülüşlə
qarşılayardı. Bütün kollektiv
onu çox istəyirdi. Onunla bir çox
xarici səfərlərdə də birgə iştirak
etmişik. Onun Hindistana gedən iki
tamaşasında da mən rol almışam.
Ömrünün son dövrlərində də Kukla
Teatrına gələr, bizimlə görüşərdi. Allah ona rəhmət
eləsin!"
Solmaz Musayeva həm də gözəl həyat yoldaşı, qayğıkeş ana, sevimli nənə idi. Gəlini - musiqişünas Zümrüd Dadaşzadə onun haqqında böyük hörmət və sevgi ilə bəhs edərək deyir ki, Solmaz xanım sənətini nə qədər çox sevsə də, ailəsi də onunçün o qədər əziz idi. O, işi ilə ailə qayğılarını toqquşmağa icazə verməz, zamanını və enerjisini hamısı üçün elə bölərdi ki, biri digərinə heç zaman mane olmasın. Solmaz xanım 1992-ci ildə təqaüdə çıxandan sonra Azərbaycanın müxtəlif bölgələrinə aid milli geyimləri nümayiş etdirən suvenir gəlinciklərin hazırlanması ilə məşğul olub. Məlum münaqişədən sonra bu etnoqrafik kuklalarında daha çox Qarabağ, Şuşa xanımlarının geyimlərinə üstünlük verən sənətkar deyir ki, həmin kuklaları dünyanın dörd bir yanına göndərirdim. Qoy görsünlər ki, Qarabağ bizimdir və bizim olacaq. Hətta onun "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" əsəri YUNESKO-nun mənzil-qərargahında öz daimi yerini tutarkən heç kəs, heç müəllifin özü də bilmirdi ki, illər keçəcək bu əsər öz gerçəkliyini bu həyatda tapacaq, xalqımızın böyük zəfəri ilə yurdu, vətəni azad olunmuş şuşalı, qarabağlı xanımlara bütün bölgələrimizdən, hətta dünyanın hər yerindən insanlar "gözaydınlığı" verəcək və şuşalı, qarabağlı xanımlarımız onları öz vətənlərində-Qarabağdakı evlərində qonaq etmək üçün "qolları çırmayacaqlar"...
Əminəm ki, bu tarixi qələbəni
görməsə də, hər zaman qəlbində bu inamı
daşıyan və əsərlərində əks etdirən
Solmaz xanım da olduğu yerdə bu sevinci duyur və həm də
kuklalarının gerçəkləşən taleyinə
sevinir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 6 aprel.- S.10.