Neçə qapı kilidli
neçə arzu itirdi
sənin getdiyin cığır.
Beynim Çernobıl şəhəri
-
illərcə yığılanlar
məmləkəti tərk
edir,
qaçıb aradan çıxır.
Gedirsənsə yaxşı yol,
arada bir yad elə bu
xaraba ölkəni,
daş dediyin ürəyim darıxanlar məskəni.
Bir kitab var rəfimdə
-
baxıb-baxıb oxumadan qoyduğum,
sən də onun kimisən -
yaşamağa qorxduğum.
"Sarı sim"i qırıldısa
kamanın,
çalacağın sevdiyim avaz deyil.
Səmada
göy qurşağı,
pəncərəmdə gün
doğub,
amma yaz o yaz deyil.
lll
Bilirsən də son vaxtlar
necə gəlir səhərim,
necə bitir gecələr,
necə olur şəhərim.
O dey, gəldi noyabr -
ah, mənim əkiztayım,
bağrıma qoy başını,
ah, mənim bəxtsiz ayım.
Xəzəl olmuş yarpaqlar,
düşür bir -bir gileyli.
Xəzəl olmuş ümidlər
eyni, onlar tək eyni.
Göy boydadır ümidlər,
yer yarılar, qorxuram.
Yeni suç, yeni günah
məni sarar, qorxuram.
İstəsəm unudaram,
amma necə? - de axır.
Yaddaşı da silərdim,
qana hopmusan axı,
qanı da yumaq olar,
hardasa lap dərində,
sümükdə, ilikdəsən.
Ya onu da çıxardım
ruhum tək bədəni də
sonra şikəst edəsən?
lll
Bir gecənin içində neçə arzu sökülür,
neçə xəyal
toxunur.
Yorğun
payız küləyi
gecələrin dərdinə
yenə lay-lay oxuyur.
Bir bu azğın darıxmaq, bir də qaranlıq gecə
yada salar ötüb keçən günləri,
Siqaret tüstüsündə duman-duman
yox olar
müqəddəs bildiklərim.
Topa-topa
ulduzları, qərib baxan ayı da
göy üzündən
qoparar.
Fikir səni burdan uzaq dünyaya,
tamam yad planetə çəkir aparar.
Minimalist filmlər, cild-cild
kitablar
daha hüzur gətirmir,
Ən sevdiyim mahnını
daha beynim götürmür.
Sükutun dərin anı
qələmini
buraxma, tök dərdini kağıza.
Hər il gəlib hüznlə
məni boşluğa
atan,
nə deyim....nə deyim bu
payıza.
lll
O şəhər də mənim idi,
o dəniz də,
yaşadığın o küçə
də.
Nə dəyişdi
bir gecədə?
Biz, biz olsaq bu dərd bizi tapardımı?
Xəzərə baxıb pıçıldayan
arzuları
qağayılar apardımı?
Səmaya bax,
pəmbə-pəmbə buludlar da siyah olur.
Göy düşsün başıma
mənim,
Mən bilmirdim
belə sevmək günah olur.
Qəza
idin həyatımda
Ölmədim ki...
Qurban olum yaşamaq da belə olmur.
Yordu, yordu bu yol
məni,
yenə yola sarılmışam.
Bəhanələr məndə qalsın,
səni deyib gəlmirəm ki,
o şəhərçün
o dənizçün
o küçəyçün
darıxmışam.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 7 aprel.- S.15.