Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində

VƏ YA AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ RƏHBƏRİNİN "NOVRUZ" GİZLİ İMZASI HAQQINDA QEYDLƏR

 

(Əvvəli ötən sayımızda)

Şeyxin yeddinci səhvini Pişəvəri Demokrat Firqəsində birliyin zəif olması ilə bağlayır. Demokratların bir hissəsi Bakı müsavatçılarına yaxın olan türkçülük tərəfdarları idilər. Pişəvəri özünə xas bolşevik məntiqi ilə yazır: "Şeyxin ətrafında olanların içərisində pantürkizm tərəfdarlarına da rast gəlirik. Mirzə Tağı xan Rüfət və "Təcəddüd" qəzetinin keçmiş baş redaktoru olan Mirzə Əbülfət xan Ələvi məşhur pantürkizm tərəfdarlarındandırlar ki, Şeyx onları səmimiyyətlə qarşılayıb hətta, firqə orqanı olan "Təcəddüd" qəzetini onların ixtiyarına vermişdi". Burada Pişəvəri, yəqin ki, öz sözünü yox, bolşevik generalların sözünü deyir. Bolşevizm ideologiyası üçün türkçülük bir saylı rəqibdi həmişə. O taydakı azərbaycanlı müxaliflərin əksər bir hissəsi bu gün də türkçülərdi. Ana dili türkcə olan xalq üçün bundan təbii bir şey ola bilməz. Amma Xiyabani parlaq azərbaycançı olsa da, bu məfkurəni İran vətənçiliyinə zidd saymırdı və qarşı qoymurdu. Bu baxımdan Şeyxlə böyük M. Ə Rəsulzadə arasında tam uyğunluq və eyniyyət var.

Bu uyğunluğun böyük siyasitarixi mənası var: müasirlikdemokratiya uğrunda mübarizə aparan Azərbaycan xalqının siyasi qurumları digər İran xalqları üçün, məsələn, kürdlər və digərləri üçün mübarizə qapısını bağlaya bilməzlər. Bu halda onları bizim düşmənimizə çevirmək çox asan olar. Pişəvərinin rəhbərlik etdiyi hərəkatda da İran xalqlarının birliyi şüarı vardı və bu, doğru idi. Bu baxımdan, Xiyabani və Pişəvəri hərəkatının məğlubiyyət səbəblərinə baxanda o zaman İranın asılı ölkə, yarımmüstəmləkə olduğunu xatırlamaq lazımdır. Xiyabaninin 1907-ci ildən başlanan siyasi mübarizələri İranı İngiltərə və Rusiya arasında təsir dairələrinə bölən təhqiramiz müqavilələrə etirazla bağlı olmuşdu. Son nəticədə Səttar xanın da, Şeyxin də, Pişəvərinin də məğlubiyyətinin əsas şərti İranda ağalıq edən xarici qüvvələr oldu. Moskva İrana dair ingilislər və ABŞ-la bağladığı gizli-açıq müqavilələrə görə Pişəvəri hərəkatını zorla dayandırdı, Tehrana tabe olmağa sürüklədi, onun rəhbərlərini Bakıya gətirib sürgünlərə yolladı.

71-ci sayda Azərbaycan və İran istiqlalı məsələsində Xiyabaninin mövqeyinin ən incə məqamlarına toxunan Pişəvəri, 77-ci sayda "Təcəddüd" qəzetinin mövqeyini təhlil edərkən yenə bu məsələyə qayıdaraq yazır: "Qəzetin 57-ci və 58-ci nömrələri redaktorsuz nəşr olubdur. Bu nömrələrdə "İran və Azərbaycan" ünvanlı məqalə çox oxunmalıdır. Bu məqalə, görünür, Şeyxin öz qələmi ilə yazılıbdır. Biz onun tərcüməsini gələcəkdə oxucularımızın nəzərinə yetirəcəyik".

Şeyx Azərbaycanın istiqlalını İranın istaqlalına zidd saymır, öz Muxtar dövlətini yalnız İran tərkibində başa düşür və hər hansı bir xarici dövlətin bu münasibətlərə müdaxiləsini istisna edirdi. Pişəvəri yazıda Şeyxdən bu misalı gətirir: "Mən Azərbaycanın səadətinə və azadlığına maraqlı olmaqla bərabər İranın istiqlalını möhtərəm sayıb qiyamın yalnız azərbaycanlı vasitəsi ilə bərpa olmağına əminəm və özgə dövlətin bu qiyamda nüfuzunu ciddi surətdə təkzib edirəm". Burada kəskinliklə qoyulan birinci fikir Şeyxin öz inqilabının İranın suverenliyinə qarşı olmadığını təsdiqləməkdir. İkinci fikir isə odur ki, İranın istiqlalı Xiyabani üçün toxunulmaz bir dəyərdir. Lakin Tehrandakı şah nökərləri Xiyabani qiyamını İran dövlətinin birliyinə qarşı qəsd kimi qələmə verdilər.

Pişəvəri bu məsələnin köklü əhəmiyyətini bilərək "Təcəddüd" qəzetinin siyasi mövqeyini aydınladanda yenidən bu məsələyə qayıdır. Sitat uzun olsa da Pişəvərinin sözlərini 13 dekabr 1945-ci il, 78-ci saydan olduğu kimi təqdim edirik:

"Şeyx 137-ci nömrədə qəzetin siyasi məsləkini belə şərh edir: "Təcəddüd" qəzeti ilk olaraq qüdrətli bir dövlətin vücuda gəlməsinə müvafiq olaraq bu yolda var qüvvəsi ilə mübarizə edəcəkdir. Lakin bunu qeyd etməliyəm ki, bu dövlət demokratik idarə üsuluna tabe olsa, "Təcəddüd" onu gücləndirəcək və demokratiyaya müxalif olan hər dövlətə müxalif olub heç bir qüvvə ilə müxalifətdən əl götürməyəcək.

"Təcəddüd" qəzeti elə bir zamanda nəşr olunur ki, dünyanın ən güclü dövlətləri də çətinliklərin qarşısında diz çöküb, özlərini itiriblər. Belə bir zamanda biz hər şeydən əvvəl təhlükəsizliyə diqqət yetirib İranda güclü təhlükəsizliyin yaranması üçün hər cür mübarizədən çəkinməyəcəyik.

Buna görə demək olar ki, "Təcəddüd" qəzeti dövlət hakimiyyətini müdafiə etməklə bərabər, xalqımız da qanunun icrasına diqqət edəcəkdir".

Şeyx öz məqaləsini "Yaşasın müstəqil İran" cümləsi ilə başa yetiribbununla qəzetin məramını qısaca şərh edib".

Sonuncu abzas Pişəvərinin Şeyx Məhəmməd Xiyabaninin həyatına və dövlətinə həsr olunmuş əsərinin həm də son cümləsidir. Burada həm də Pişəvərinin İran dövləti ilə kompromis ümidi var. Bu cümlə həm də Şeyxi xaincəsinə öldürənlərə tarixi bir ittiham idi. Amma Moskva 1946-ci ilin aprel-iyun aylarında Milli Hökumətin taleyinin "İran Konstitusiyası" çərçivəsində həllinə razılaşandan, Pişəvəri Şah rejimi ilə təslimçi "müqaviləyə" məcbur ediləndən sonra Pişəvəri anladı: İran dövlətinə qarşı demokratik illüziyalar səhvdir, hər iki inqilabçının çoxlu qanlarla tamamlanmış səhvidir. Pişəvəri öz müəllimi Şeyx Xiyabani haqda "Novruz" imzalı yazısını buna görə özüsenzuraya məruz qoymuşdu. Pişəvəri Tehranla kompromis barədə illüziyaları açıq rədd edən kimi Moskva ona əlavə "mühafizə" təyin etmişdi.

lll

Burada yenidən 71-ci saya qayıdıb deməliyik ki, "xarici dövlət" anlayışını ortaya gətirəndə Xiyabani öz dövlətini Osmanlı qoşunu ilə əl-ələ yaranan Azərbaycan Cümhuriyyətindən fərqləndirir və məsafə saxlamaq istəyirdi. O sayırdı ki, Azərbaycanın inqilabi təsirindən İranın demokratikləşməsi və yarım müstəmləkə vəziyyətindən çıxması üçün istifadə edilməlidir. Muxtariyyəti, torpaq islahatını, ana dilinin tətbiqini və federalizmibunun alətlərindən hesab edirdi. Düzgünsağlam bir mövqe idi. Təəssüf ki, İranın hakim sinifləri bu mövqeyi nəinki qəbul etməyə, heç anlamağa da hazır deyildilər. Ona görə düşmən adı ilə əslində səmimi bir İran vətənpərvərini öldürdülər, vəhşi qisasçılıq nümunələri göstərdilər. Şeyxin həqiqi siyasi varisi kimi Pişəvəri deyir: "Azərbaycan xalqı Xiyabani şəhid edilən zaman baş vermiş vəhşilikləri heç vaxt unutmayacaq və onların qisasını alacaqdır".

Pişəvəri "Təcəddüd" qəzetinin farsca çıxması ilə də daxilən razılaşmır, əslində bu barədə də Şeyxin səhvləri sırasında danışır. Bu barədə 72-ci sayda yazır: "Əgər qiyamdan qabaq Osmanilər Azərbaycana gəlməsəydilər və Azərbaycanda pantürkizmpanislamizm təbliğatını təqib etməsəydilər və "Azərbaycan" adlı türk dilində qəzet nəşr etməsəydilər, əlbəttə ki, Şeyx "Təcəddüd" qəzetini ana dilimizdə çap edərdi. Bu baxımdan ki, o zaman Azərbaycan dilində nəşr olunan sənədləri və qəzetləri pantürkizm siyasətinə bağlayırdılar, ona görə də Şeyx bu əsassız töhmətdən qaçmaq üçün naçar "Təcəddüd" qəzetini fars dilində çap edib".

Pişəvəri göstərmək istəyir ki, Şeyx özünü İran dövlətinə əks bir adam kimi görünməkdən belə çəkinirdi, ona görə öz dövlətinin ruporu olan qəzeti fars dilində buraxırdı. Amma hər şey Şeyxin İrana qarşı səmimiyyətinin əksinə oldu: onun qətlini təşkil edənlər özlərini İran dövlətinin xilaskarı kimi təqdim etdilər. Pişəvəri bu fikri bir neçə yazıda vurğulayır.

Həmin sayda "Novruz" imzası arxasında Pişəvəri özündən aşağıdakı sitatı gətirir: "Şeyxin nitqlərində də bəzi ifratlara rast gəlirik ki, bunlardan sitat gətirilməsi oxuyanı çaşdırır. Mən yenə də bu barədə cənab Pişəvərinin mövqeyi ilə razılaşıb onun yazdığını oxucularımızın nəzərinə çatdırıram:

"Biz onun (Şeyxin) nitqlərini və onun rəhbərliyi ilə nəşr olunan "Təcəddüd" qəzetini oxuduqda onu bir gün ciddi bir azərbaycanlı və heç bir çətinlikdən qorxmayan respublikaçı, hətta çox sol separatçı, ayrı bir gün güclü mərkəztələb, müdhiş məşrutəçi görüb təəccüb edirik".

 

(Ardı var)

Rəhim ƏLİYEV

525-ci qəzet.- 2023.- 7 aprel.- S.13.