Şair ömründəki beşlərin
hikməti
YAXUD
QARDAŞXAN ƏZİZXANLININ ALTIDAN SONRAKI BEŞİ
Şair doğulmaq və olmaq, yaxud şairlik iddiasına
düşmək. Biri talenin qisməti, o biri zorla
şairlikdir. Birində təkcə
yazdıqlarınla deyil, düşüncəndə,
söz-söhbətində, təbiətlə ünsiyyətində,
bir sözlə, hər halı ilə şairsən. Hər sözün, aldığın nəfəs
belə şeirdir. Bu adın sənə
vedikləri ilə müqayisədə səndən
aldıqları saya gəlməz. Ən
böyük qazancın “fikrin, hissin, xəyalın”ın
yüksəldiyi, ruhunun pərvazlandığı anlarda qələmindən
süzülən sözlərin inci kimi
düzülüşü, yuxusuz gecələrdən, “dərdli
səhərlər”dən keçən
yaşantılardır. Belə anlarda sən
sözü, söz də səni göyün yeddinci qatına
ucaldır. Belə əbədiyyət
misallı anlarda Tanrı elçisi şairlər misra-misra
ilahiləşən sözlərin qanadında bir andaca yeddi
iqlimdən keçib, sirlər xəzinəsindən agah
olublar. Xəyyam, Nizami, Nəsimi, Füzuli, Aşıq
Ələsgər kimi yüksək məqama çatan
Seçilmişlər Tanrının lütfü ilə onun
mübhəm saxladığı sözün min bir
çalarına vaqif olublar. Söz də ona can verənləri
əbədi yaşadıb.
“İlhamdan
maya”sı olmayanların “yaratdıqları” da dərgilərə,
kitablara düşüb, mənasız mahnıların məzmunsuz
mətnlərinə çevrilib, oxucunun gözünü, dinləyənin
qulağını yağır etsə də, ədəbi tənqid
adına dəllallıq edənlərin
“çörək ağacı” olub, ancaq heç vəchlə
ürəklərə yol tapa, könüllərdə taxt qura
bilməyib. Bilməzdi də. Onlar
şöhrət dalınca atlı
düşsələr də, əbədi şöhrət,
xalqın sevgisi də təbii haqları olaraq birinciləri
tapıb.
Dediklərim kimlərəsə olanüstü
görünə bilər. Qoy olsun. Bir dəfə də layiq olanı, səhəri
şeirlə açılıb, gecəsi şeirlə bitən,
Füzuli demiş “söz qədrini artıran”ları biz də
bir yol qədərindən arıtq öyək. Ruhları göyün yeddinci qatında dolaşanlara
rəvac verməyimizdən yəqin şeirimiz, ədəbiyyatımız
qazanar.
Qardaşxan Əzizxanlı ilk beşlərini dünyaya
göz açdığı 1958-ci ilin 5 aprel günü
almışdı. 50-nin daxilindəki 9 beşsiz də ilk iki
“5” nəyəsə işarə idi. Hər
yaranışın yalnız Tanrıya bəlli sirləri var
ki, bir ömür boyunca açılmaya, sirr olaraq qala bilər.
Onun bu dünya ilə ilk təmas
gününün ovqatı necə olub, qismətinə
düşən Vətən – şəhər, kənd
adlı konkret məkan, ən nəhayət nəsil, ailə nə
ilə nəfəs alıb. Vətənlə
bağlı bir çox məqamlar tarixdən məlumdur.
SSRİ adlı ümumi “vətən” artıq 5-ci il idi ki (bu “5”-in ona da aidiyyəti olacaqdı),
qorxudan, xofdan qurtarmağa, nəzarətli də olsa, bir az sərbəst
nəfəs almağa çalışırdı. Bu tərpəniş
bir az sonra 60-cılar adlanan nəslin
timsalında ədəbiyyatda, sənətin müxtəlif sahələrində
hiss olunacaq hərəkətliliyə rəvac verəcəkdi.
Həmin gün dünyaya, sadəcə, bir övlad
deyil, həm də bir şair gəlmişdi. Doğumundan 21 il əvvəl yaşanmış
qanlı-qadalı 37-ni onun qurbanları ilə bir yerdə
“keçməyi” tale qəniməti bilən bir şair. O,
“37-ni keçəndə” 1995-ci il idi. Bundan 75 sənə əvvəl Azərbaycanın ilk
Cümhuriyyəti Sovet Rusiyası, bolşevik hökuməti tərəfindən
süquta uğradılmış, qanlı repressiyalar
başladılmışdı. 1930-cu illərin
əvvəllərinə qədər davam edən ilk
dalğada Xalq Cümhuriyyətinin qurucuları, milli hakimiyyətin
hərbi-siyasi və digər sahələrinin təmsilçiləri,
siyasi partiya üzvləri hədəf seçilmişdilər.
Sonra sıra yaradıcı ziyalılara çatdı və 75
il sonra özünü “37-ci”lərin mənəvi
varisi, tale oxşarı hesab edən Qardaşxan:
“Davam edir 37”, 37 yaş yarımam.
İt ilində doğulmuşam, İt günündə
yaşayıram, yazacaqdı.
Yəqin rəqəmlərə fikir verdiniz. 75, 95. Ancaq bu şeirin yazıldığı tarixin daha bir
“5”-i vardı. Sovet İmperiyasının
dağılmasının, Azərbaycanın yeni Cümhuriyyətinin,
ilk müstəqil demokratik dövlətimizin varisinin
yaranışının 5-ci ili idi. Və daha neçə “5”. Bütün
ağrı-acılara, əvəzsiz itkilərə baxmayaraq, nəhayət
ümidin ağzına basılmış daşı bir kənara
atmaq mümkün olmuşdu. İmperiyanın
tökdüyü sonuncu qanın izləri Bakı küçələrindən
hələ tam silinməsə də, Ümid qanad
açmışdı və ilk uçuşdaca şair ruhuna
güc vermiş, ondan da güc almışdı.
Gəzir
bir şair ruhu qadağan saatı
doğma
göylərini paytaxtının...
Bir millətin
azadlığı onun uğuruna can verən şəhidlərin
ruhlarının ən böyük mükafatı oldu. İndi şair ruhu da azad Vətən göylərində
sərbəst idi.
Birinci haşiyə. Numerologiya elmində sərbəstlik
və hərəkət rəmzi olan "5"lər şair
dostumuzla da sirli tale yolçuları olub və olacaq. "5"in əsas xüsusiyyətləri dərk
etmək, inkişaf, dəyişməyə meyillilik,
qeyri-müəyyənlik və riskdir. O, həmçinin,
ən xoşbəxt, ən gözlənilməz və
yaradıcı rəqəm kimi qəbul edilir. Merkuri
planeti ilə bağlı olan "5" hakimiyyəti, sərvəti,
inancı ifadə edir. Bu rəqəm
Kainatın mövcudluğunun əsas hərəkətverici
qüvvəsi olan xaos və nizamın tərkib hissəsi, ən
yaradıcı 2 rəqəmdən biridir. İkinci
yaradıcı rəqəm "5"in tərsi, yəni
"2"-dir.
Qardaşxanın
əksər şeirlərində söz nüvəsinə
sıxılmış, az qala
çarmıxa çəkilmiş vəziyyətdədir. Öz şair əzabını söz
ağrısı çəkməkləmi yüngülləşdirir,
yoxsa, sözə yeni həyat vermək üçün
“sıxıb suyunu çıxarır”. Onun
şeirlərində sözlər elə gərilib ki,
yayından çıxsa nələr olacağını ancaq
Yaradan və yaradan bilir. Bu mənada,
Qardaşxanın sözə münasibəti ayrı bir
söhbətin mövzusudur. Sözə həssas
və qısqanc yanaşmasının nəticəsidir ki, onun
bir çox şeirləri dünyaya əzabla gəlir. Bildiyim qədər, bəzilərini o qədər
çək-çevir edir, əvvəlki mətndən nəsə
qaldığına sevinirsən. Bu
şeirlərin bir xüsusiyyəti də bəzən çətin
oxunmasıdır. Onlar yalnız hər misrası,
hətta söz-söz incələnməklə, fikir
qatları açıldıqdan sonra dilə yatımlı
olur. Nəsimi necə demişdi:
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.
Sözün həqiqi dəyərini bilənlər onun ən
dərin məna qatlarını və əsrarəngsizliyini
üzə çıxaranda belə sözün bakirəliyini
qorumağa çalışıblar. Tanrı da
dünyanı bir “Ol” sözü ilə yaradıb. Şairlərin yanaşması təsadüfidirmi?
Əsla deyil. Sözə
ehtiyatlı münasibətin kökündə həm də
yaradılışın əzəli kimi sirli olması
dayanmırmı? Azacıq
ehtiyatsızlıq ilahi düzənə xələl gətirəcək
qədər təhlükəlidirsə, onu ucaltmaq və onunla
ucalmaq yanğısı nə qədər böyük olsa da,
bu məqamdan qorxulmazmı?
Qardaşxanın sözə həssas, hətta ürkək
münasibətinin təməlində daha hansı mətləblər
dayanır? Bu ritorik sualın da cavabı onun şeirlərindədir.
Ancaq onları aşkara çıxarmaq elə də
asan deyil. Sələfləri kimi, o da Haqdan
gələn sözü şair təbi ilə cilalayıb
yenidən onun dərgahına yüksəltmək istəyindədir.
Əslində, böyük cəsarət və
hünər tələb edən iddiadır. Min şairdən
birinə nəsib olan bu mərtəbəyə çatmaq
üçün gərək sözün min bir
çalarına bələd ola, qəvvastək
dəryanın ən dərin qatlarından inci
çıxarmağı bacarasan. Onda haqqın var deyəsən:
“Zərrə
mənəm, günəş mənəm...
Surəti gör bəyan ilə, çünki bəyanə
sığmazam”.
Yaxşı
ki, incə müşahidə və iztirablı
axtarışların sonucu olan orijinal və təsirli deyimlər
az deyil.
Alaqaranlıqda
ağ çiçək sanıb qonur bal
arısı axşam şehinə.
Başımı
çiyninə qoyuram,
ruhum
batır saçlarının çiçək tozuna.
Yaxud:
Uçulur
gecə sökülən dan yerindən,
uçunur toran üfüq boyunca.
Və
yaxud:
Gül
üzünə gözlərim
Gün uzunu yol çəkir.
Qardaşxanın duaları da şeirlə
başlayır, onunla da bitir. Bu dualar dünyanı
yoxdan var edən Yaradana, onun bəxş etdiyi gözəlliklərə,
ən ülvi duyğulara ünvanlanıb. Məqsədsə
dünyamızı bugünkündən az
da olsa yaxşılaşdırmaq, saflaşdırmaq, aydın
səmalı, daha bəşəri, daha yaşanılası
etməkdir. Şairin eyni ünvana və eyni
ümidlə hələ neçə dua yollayacağı
şübhəsizdir. Çünki hələ
nə dünyamız, nə də insanlıq rahatdır.
Buna görə də ömrü-günü sözə
bağlı olanlar, ona dəyər verənlər başqa
cür edə bilməzlər. Ümidə
sarı boylanan diləkləri sözün əbədi
möcüzəsi və içdən gələn minnətdarlıqla
Yaradana çatdırmaq arzusu həmişə üstün gələcək.
Tanrının yüksək məqama layiq bildiyi
şairlərin əbədi missiyası da budur, dünyanın
xilası. Ona görə şair olmaq həm
də böyük məsuliyyətdir.
Yaratdığı canım ölməz, ömrü
şeirə bağışlayar.
Div şüşədə qoyan kimi, qoydum canı
şeirdə mən.
Bundan o yanası yoxdur. Sözün bitdiyi və
ümid edək ki, həm də yeni yaranışın
müjdə məqamıdır.
İkinci haşiyə. “Çaylar qaranlıqda bəyaz
küçələr,
Dağlar çox qəribə olur gecələr.”
Musa Yaqub şeirlərində Azərbaycan təbiətinin
canlı və bənzərsiz tablolarını
yaradırdı. Bu təkrarsız nümunələri
oxuyanda gözlərinin önündə Azərbaycanın
“süsən-sünbüllü dağlar”ı, yaşıl
meşələri, ucsuz çöllərinin laləsi, kol
dibindən boylanan bənövşəsi göz önündə
canlanır, sanki qayasında qartal qıyını,
daşında kəkliyin ötməsini, düzündə
ürkən ceyranın ayaq səsini eşidirsən.
Ustaddan təsirlənən
Qardaşxan da:
Qəribə
görünür dağ meşələri,
Yaxını
yamyaşıl, uzağı gömgöy,
misraları ilə aydın təsəvvür olunan, canlı bir bir
tablo yaradır.Yaxud:
Yağış
başlayanda, soyuq düşəndəBənövşə halıma yandı qonşular.
Təbiət gözəllikləri ilə
duyğularımıza misra-misra sığal çəkən
neçə başqa şeir.Bir də sevgi dolu günlərin
incə, təbiətlə həmahəng və o qədər
də dəqiq, qəlb titrədən mənzərəsi.
Şair qardaşımız 6 onluğun dörddən
çoxunu söz işığına bələdi, şeir
atəşində şam kimi əritdi. Neçə kitablıq
söz deyib (qalın kitablar yazmasa da), neçə qaları əsər
yazıb, ancaq “6”-dan sonrakı “5”-i başa vurmaq ərəfəsində
özünə hesabat verəndə:
“Güclü yaşantılar, dərin səmimiyyət
vardı içimizdə. Sonradan o əzəlki hisslərimiz
korşaldı, ya necə, bilmirəm... Hər halda sonrakı
illərdə əvvəlki sevgilər yaşanmadı.
Möcüzə də olmadı”, yazdı. Bəs bunlar nədir.
Ritorik
olduğundan, sual işarəsi də qoymuram.
"Dünya haçan azad olar?" - dedin,
Bilmirəm,
ana... Ancaq biz azad olacağıq dünyadan!
Yaxud:
Mən ocaq dünyadan qalxan tüstüyəm,
Anadan olandan səfər üstəyəm.
Nə verdim dünyaya, nə də istəyəm
Hər səhər beləcə, hər axşam belə.
Və neçə-neçə başqa poetik nümunələr necə yaranıb, kimin qələmindən çıxıb? Yarım əsr üçün az ola bilər, ancaq bəzən bir uğurlu deyim, sözün öz məqamına ucaltmaq üçün yüz yol ölüb-dirilməyə nə deyirsən. Azmı olub. Yenə sual işarəsiz.
Üçüncü haşiyə. Onun yaradıcılığı haqqında bugünədək yazılanların və deyilənlərin ən dəqiqini elə özü yazıb. “Ədəbiyyat” qəzetinin 2023-cü il 4 fevral sayında “Möcüzə olmadı – Vətənə qurban getmədin, sənətə qurban get.” başlıqlı yazısında özü də daxil mənsub olduğu ədəbi nəsli insafsızcasına "İtirilmiş nəsil" adlandırır. Nə qədər haqlı olduğu ciddi suallar doğuran bu qənaətin ardınca “Qarabağ hadisələri bütün həyat axarını dəyişdi...”, yazır.
Sonrakı etiraflar da özünüqınama, həm də yanğılı bir təəssüfdür: “yazara zəngin material verən hadisələrlə iç-içə oldum, sıradan olmayan bir həyat yaşadım. Ortada isə bir şey yoxdur”. Niyə? Çünki: “Əli Kərimin, Musa Yaqubun, Ramiz Rövşənin bir şeirini yazammadım”.
Səmimi etirafdır deyə, ilk baxışda şübhə də doğurmur. Əslində, axı, niyə kimlərəsə, – böyük istedad sahibi olduqları şübhəsiz olsa belə, – bənzəməlisən? Ən doğrusu, özün olmaq, öz yolunu tapmaq deyilmi?Yenə ritorik sual, ancaq bu dəfə sual işarəsi ilə.Yaxşı ki, ardınca: “deyilməsi mümkün olan ədəbi forma”da “deyilməsi mümkün olmayan söz” demək istədin və dedin”, yazır.
Deyilənlərə nəsə əlavə
etmirəm. Ən azı ona görə ki, son şeirlərində
ötənlərdə az rastlanan bir sürəklilik var. Bu,
şairin yaradıcılığında yeni yüksəlişin
müjdəsidir. O gün gəlib, o məqam yetişib,
şair özündən belə gizlətdiyi sözləri
artıq deməyə bilmir. Elə “6”dan sonra başlanan “5” də
həmişə arzulanan və gözlənilənin yeni və
fərqli başlanğıca işarədir. Bu
işıqlı Ümidin doğrulması duası ilə.
Lətif
BABAYEV
Tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 7 aprel.- S.12.