Balet səhnəmizin cığıraçan əfsanəsi  

 

 

Onun adını daşıyan qardaşı nəvəsi Qəmər Almaszadə deyir ki, Qəmər xanım bir şeyi istəyirdisə, o baş tutmalı idi... Elə bu cümlədən görünür, XX əsrin əvvəllərində Azərbaycan kimi bir ölkədə, ciddi, əsl müsəlman kişinin ailəsində dünyaya gələn bir qızın necə, hansı əzm iradə hesabına ölkənin ilk balerinası olması.

Sənət bir az da çətinliyi, fədakarlığı sevir bəlkə . Sən ona özündən nələrisə pay verməlisən ki, o da qarşılığında sənə istədiyini, hələ daha artığını da versin. Milli rəqslərimizin mahir ifaçısı, baletmeystr, pedaqoq ilk azərbaycanlı balerina Qəmər Almaszadə Azərbaycan incəsənət tarixinin bu cür fədakar, cəsur qadınlarından biridir. O, bu uğurda hətta canını belə təhlükəyə atıb, çox sevdiyi atasına yalanlar demək məcburiyyətində qalıb. Yəqin buna görədir, bir əsrdən çox keçməsinə baxmayaraq, bu gün adı sevgi hörmətlə anılır.

 

lll

 

Qəmər Almaszadə 1915-ci il martın 10-da çəkməçi, ayaqqabı mağazasının sahibi Hacı Ağa tatar qızı həkim Mariyanın (Məryəm) ailəsində anadan olub.

Uşaq ikən, baletlə məşğul olan Şura adlı qonşu qızı sayəsində rəqsə, balet sənətinə böyük marağı yaranan Qəmər qarşıda onu gözləyən çətinlikləri, məşəqqətləri nəzərə almadan, sadəcə daxili istəyi, sevgisi ilə başlamışdı rəqsə. Onu bu yolda tək dəstəkləyən insan isə anası idi.

"Hər şeyin "günahkar"ı anamdır!" deyən aktrisa xatirələrinin birində danışır: "Ta uşaqlıqdan musiqini eşidərək rəqs etməyə başlayırdım illər ötdükcə bu elə yaxşı alınırdı ki, anam atamdan xəlvətcə məni rəqs studiyasına göndərdi. Beləcə, biz bir neçə il atama "gəzməyə gedirik" deyərək, rəqs məktəbinə dərslərə gedirdik. Bütün bunlar böyük məhəbbət bəslədiyim atamdan gizlicə baş verirdi. Mömin müsəlman Hacı Ağa doğma qızını həddən artıq yüngül, hətta açıq-saçıq balet kostyumu geyinmiş səhnədə heç təsəvvür edə bilməzdi. Bu olduqca uzun müddət davam etdi. Lakin zamanla atama, hətta kənar şəxslər, sadəcə tanışlar xəbərdar etməyi unutduğumuz qonşular, ya da sadəcə özlərini saxlaya bilməyənlər təbriklərlə yaxınlaşmağa başladılar. O, təbrikləri sevinclə qarşıladığını göstərirdi, amma hiddətlənirdi, qəzəblənirdi, anamla qızğın mübahisələr salırdı".

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirir 1930-cu ildə həmin teatrda işə başlayır. Qəmər Almaszadə səhnəyə ilk dəfə 1931-ci ildə Qlierin "Qırmızı lalə" baletindəki Tao Xoa partiyası ilə çıxıb müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı ilə bağlayıb.

Şöhrət onu çox tez tapır. Sənətin olduğunu bilən, bunu dəyərləndirən hər kəs Qəmər Almaszadənin istedadının vurğununa çevrilir. Amma bu uğurun, bu sevginin görünməyən tərəfi vardı. Təəssüf ki, bir qadının səhnəyə çıxmasını, rəqs etməsini qəbul etməyən kütlə daha böyük idi onlar gün keçdikcə Qəmər üçün potensial təhlükəyə çevrilirdilər. Nəticədə bunu həzm edə bilməyən uzaq qohumlardan biri hətta ona silahla da hücum edir. Xoşbəxtlikdən güllə sadəcə onun ayaqqabısının dabanına dəyir.

Atası isə onun istedadının, peşəkarlığının canlı şahidi olandan sonra bunu qəbul etməli olur. Qəmər xanım həmin hadisəni belə nəql edirdi: "Bir gün çəkməçi Hacı Ağa heç vaxt getmədiyi teatra getməyə hazırlaşır, ən axırıncı sırada bilet alır. Bizim bilet yoxlayan qızlar bu haqda mənə deyəndə, qorxdum ki, o səhnəyə cumacaq dəhşətli qalmaqal yaradacaq. Amma yox, o, bütün tamaşaya baxdı. Qəhrəman Gülyanaq, daha doğrusu, mən qalanın başından dənizə atılanda, o elə hönkürüb ki, heç nədən xəbərsiz qonşularımız bunun səhnə oyunu olduğunu əmin edərək, onu sakitləşdirməyə başlayıblar. Bunu öyrənəndə, tamaşadan sonra evə getməyə qorxurdum. Amma yenə ayağımı evin kandarına qoyanda atam üstümə cumub məni qucaqladı: "Sən necə gözəl artistsən!"

Atasının izlədiyi əsər 1940-cı ildə həyat yoldaşı Əfrasiyab Bədəlbəylinin məhz onun üçün yazdığı balerinanın ilk professional çıxışını etdiyi "Qız qalası" baleti idi. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib.

O, uzun illər Opera Balet Teatrının baş baletmeysteri olub, Soltan Hacıbəyovun "Gülşən", R.Qlierin "Qırmızı lalə", P.İ. Çaykovskinin "Yatmış gözəl" digər baletləri səhnəyə qoymuşdu. "Qız qalası"nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri də Q.Almaszadə olub.

Balerina təkcə SSRİ-də deyil, həm də dünyanın müxtəlif ölkələrində tanınıb, seviliboralarda da rəqsin, baletin inkişafına mühüm töhfələr verib. O, öz truppası ilə Fransa, Hindistan Nepala qastrol edib. 1970-ci ildə İraqın Mədəniyyət Nazirliyinin dəvəti ilə Bağdada gedərək orada ilk peşəkar İraq xalq rəqsləri ansamblının əsasını qoyub. Ərəb dilini gözəl bilən balerina həmçinin, Nepalda da rəqsin, baletin inkişafına kömək etmişdi. Ona orada medal veriblər.

"Qoy tamaşaçılar məni cavan xatırlasınlar!" - deyən Qəmər hələ formada olmasına rəqs etməsinə baxmayaraq, balerina üçün ciddi yaş hesab edilən 35 yaşında ikən səhnədən gedib.

Azərbaycan səhnəsinin "şahzadəsi" adlandırılan Qəmər Almaszadənin sənəti, yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Ona ən böyük dəyəri də Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev veriblər. Prezident İlham Əliyev sənətkarın 90 illik yubileyində ünvanlandığı təbrik məktubunda onun yaratdığı obrazları "əsl sənət inciləri" və "Azərbaycan xoreoqrafiya sənətinin misilsiz nailiyyətləri" adlandırmaqla bərabər, balerinanın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsilə bağlı verdiyi Sərəncamla Azərbaycan sənətinə və sənətkarına verdiyi yüksək qiyməti bir daha nümayiş etdirmiş oldu.

Azərbaycanın ilk balerinası Qəmər xanım 7 aprel 2006-cı ildə vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub. Lakin heç şübhəsiz ki, vəfatından 17 il deyil, 17 əsr belə ötsə, keçdiyi həyat yolu, yaratdığı obrazlar Azərbaycan incəsənəti yaşadıqca Qəmər Almaszadə adını da yaşadacaq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 7 aprel.- S.11.