Mələklərlə rəqs
Maestro
Niyazinin unudulmaz xatirəsinə
...Əvvəlcə göy guruldadı - elə bil səma
sahibi nəyəsə əsəbləşib möhkəm
hayqırdı... Ardınca şimşək çaxdı və elə
bir yağış başladı ki, maestro hələ belə
yağış görməmişdi...
Gecə
keçirdi...
Yağış qəribə bir ahənglə
şırıldayır və bu şırıltı gecənin
əsəblərinə biz kimi sancılıb onu dincəlməyə,
çimir eləməyə qoymurdu. Elə bil dünya nə əvvəli
olan, nə də sonu görünən bu şırıltı ilə
bir yerdə doğulmuşdu, bu şırıltı heç
vaxt kəsilməyəcəkdi.
Pəncərəyə
yaxınlaşıb onun bir tayını açdı və
bayaq küçədən səsi bir az
boğuq gələn şırıltı nəm qoxuyan hava ilə
bir yerdə dərhal otağa təşrif buyurdu, divarlara dəyib
sükutun fonunda səsini bir az qaldırdı və daha
aydın dildə öz sözsüz nəğməsini
oxumağa davam etdi.
Maestroya çoxdan "səslərin dilini bilən
sehrbaz" deyirdilər. Hərçənd bu boyda şişirtmə
heç də onun ürəyincə deyildi, yeri düşəndə
bunu gizlətmirdi də. Amma bir dəfə yaxın
dostlardan biri onun bu etirazını tutarlı dəlillə
boykot elədi: "Bura bax, əziz dost, sən dirijorluq edəndə
əllərinin, barmaqlarının qeyri-adi hərəkətləri
ilə zalda əyləşənləri lap
nağıllardakı kimi daşa döndərirsən. Hələ yaxşı ki, sənin üzünü
görmürlər. Yoxsa orkestri unudub
çalınan musiqini elə sənin üzündən,
gözlərindən, jestlərindən oxuyarlar. Bu, sehrbazlıq deyil, bəs nədir?"
Doğrudan
da, pultun arxasında dayanıb orkestri idarə edəndə o,
səslərlə dialoqa girməyi
bacarırdı - gah gözəl və ağıllı
səsləri havada tutub başlarını
sığallayır, cığal, sözəbaxmayan səslərə
barmaq silkələməyir, yeri gələndə onları cəzalandırıb
məclisdən qovur, gah da ram olmaq istəməyən
dikbaş səslərlə cəngə çıxır,
onlara düz yolu göstərirdi, hətta bəzən hirslə
hansınınsa "qulağından" tutub
qarşısına - partituranın üstünə
atırdı ki, dərsini versin. Belə anlarda o,
özünü yerdə - pultun arxasında yox, hardasa məchul
bir boşluqda hiss edirdi və o boşluqda həmin o jestləri
onun öz iradəsi, istəyi yox, hardansa gəlib vücuduna
dolan, ardınca da ruhuna hopan qeyri-adi bir qüvvə idarə
edirdi. Pultun arxasından düşəndən
sonra ondan soruşsaydılar ki, maestro, niyə filan yerdə məhz
filan jesti etdiniz, o, qətiyyən cavab verə bilməzdi,
çaşıb qalardı.
Açıq
pəncərədən çölə baxa-baxa,
yağışın nəğməsini dinləyə-dinləyə
qəfildən bu səslərlə də söhbət etməyə,
onların dil tapmağa, bu səslərin musiqi
obrazlarını əllərinin, barmaqlarının hərəkəti
ilə rəsm etməyə qeyri-adi bir istək duydu, hətta
hər səsə, hənirə qeyri-ixtiyari reaksiya verən
barmaqları öz-özünə açılıb yumuldu, qəribə
titrəyişlərlə havada qırıq-qırıq
qövs cızdı. Amma tez də anladı ki, o, heç vaxt
bu səslərin, bu şırıltının dilini öyrənə
bilməyəcək, yağışın nə dediyi təzə
açılan çiçəyin gülüşü, sevinci,
küləyin hirsli monoloqu, dalğaların rəqsi, ləpələrin
pıçıltısı və ən başlıcası,
sükutun səsi kimi bir sirr olaraq qalacaq, çünki bu səslər
hansısa naməlum bir məkandan gəlirdi, hansısa sehrli
bir qüvvə tərəfindən idarə olunurdu.
"Sükut
səssizlikdən yaranır, ancaq Sükutun səsindən
qulağım batır..."
Nə
vaxtsa oxuduğu bir şeirdən yaddaşına hopmuş bu
misraları xatırladı və məhz bu gecənin səssizliyində,
yağışın nəğməsini dinləyə-dinləyə
qəfildən kəşf etdi ki, bu dünya Tanrının yaratdığı "Həyat" adlı
bir simfoniyadır və bu simfoniyanı da idarə edən elə
onu yaradanın - yəni Tanrının özüdür.
Bəs ünlü bəstəçilərin zaman-zaman
yaratdıqları simfoniyalar? Əslində bu
simfoniyalar da heç o bəstəkarların öz
düşüncələrinin məhsulu deyil, - maestro fikirləşdi.
- Çünki onlar
ağlın, düşüncənin, təcrübədən
alınan biliyin yox, hisslərin, intuitiv yaşantıların
dedikləri idi. Maestronun buna tam əminliyi vardı,
"Rast"ı yazanda yaşadıqları bu əminliyə
tam zəmanət verirdi. Hisslərin,
duyğuların məzmununu isə sözlərlə, cümlələrlə
ifadə etmək mümkün deyildi. Bir
şey ki, şüurdan kənardadır, sən onun dediklərini
şüurun köməyi ilə necə ifadə edə bilərsən
axı? Deməli, dürlü-dürlü melodiyalar naməlum
bir məkandan - deyək ki, kosmosdan - gələn siqnallar,
kodlardır və fəzada dolaşan bu səs-kodları
yalnız Tanrının seçdiyi xüsusi adamlar
eşidirdilər - Tanrı onlara bu qabiliyyəti ona görə
verib ki, həmin səslərin
gözəlliyindən, bu melodiyalardakı ilahi harmoniyadan məhz
onların vasitəçiliyi ilə hamının xəbəri
olsun.
Yağış
indi daha şiddətlə yağırdı...
O, pəncərəni
örtdü, bilirdi ki, Həcər gec-tez otağın
havasındakı dəyişikliyi hiss edib yuxudan oyanacaq, onu
açıq pəncərənin qarşısında
görüb hirslənəcək, "Açıq pəncərənin
qarşısında dayanmaq sənin harana yaraşır, ay
Niyazi?" - deyib onu yaxşıca
danlayacaq. O isə bunu istəmirdi. İstəmirdi
ki, gecənin bu vədəsində Həcərin əhvalı
pozulsun, ərinin növbəti
şıltaqlığının mümkün fəsadları
barədə fikirləşə-fikirləşə gecəni
ayaq üstə yola salsın. Birgə
yaşadıqları bu uzun illər ərzində Həcərin
keçirdiyi sarsıntılar, həyəcanlar,
düşünülməmiş uşaq hərəkətləri
ilə onun başına açdığı oyunlar bəs
deyildimi?
Maestro pəncərənin
tərləmiş şüşəsini silib çölə
baxdı - yağış elektrik fənərinin
işığında boz rəngli qalın saplar kimi göydən
sallanıb gecənin bağrını sökməyində idi
və nədənsə bu dəfə yağışın
şırıltısı ona gecənin iniltisi, həmin o şırımların
söküb dağıtdığı
bağrından qopan ah-nalə təsiri
bağışladı və elə o andaca
yaddaşının ən mübhəm hücrələrindən
birinin qapısı taybatay açıldı...
Həcərlə qoşulub qaçandan sonra
rayonların birində uzaq bir qohumun kiçik daxmasına
sığındıqları vaxtlar idi. Bir gün bax
belə bir şıdırğı yağış evə
qayıdanda onu yolda yaxaladı - bir neçə saniyə ərzində
iliyinə qədər islandı. Özünü evə
çatdırıb içəri girəndə Həcər
onu görən kimi heyrətdən az qala
çığırdı - əynindəki nimdaş, toya da,
yasa da geyindiyi şalvar-pencəyi elə bil suya salıb
çıxarmışdılar - pencəyin qollarından, ətəyindən
su süzülürdü, ayağını yerə basanda
ayaqqabılardan çölə su
fışqırırdı. Həcər cəld irəli
atılıb əvvəlcə pencəyi, sonra onun
altındakı köynəyi dartıb onun əynindən, əyilib
üzüqara ayaqqabılarını ayağından
çıxartdı, ardınca deyəsən, artıq onun titrəməyə
başlayan vücudunu otağı 2 yerə bölən pərdənin
o tərəfinə itələdi ki, keçib
şalvarını da çıxartsın. Sonra köhnə dəmir
çarpayının üstündəki nimdaş qalın
adyalı götürüb pərdənin o tərəfinə
tolazlayaraq dedi: "Hələlik bürün buna, canın
qızsın". Cəld masanın
üstündəki neft plitəsini yandırdı.
Əyilib içləri su ilə dolu ayaqqabıları
götürəndə diksindi: "Səhər tezdən qəzeti
büküb bunların içinə qoymuşdum axı. Bəs hanı?"
Əyilib diqqətlə baxdı və
ayaqqabıların içində horraya oxşayan bozumtul
kütləni görəndə barmağını dişlədi
- qəzet parçaları üstdən Niyazinin
ayaqlarının, altdan isə bu vəfasız ayaqqabıların
altındakı deşiklərdən içəri dolan suyun təsirinə
dov gələ bilməmiş, əriyib suya
qarışmışdı.
...İçində
elə bil nə isə qırıldı, əlində
tutduğu ayaqqabılara baxa-baxa fikrə getdi:
"Yaxşı, mən indi neyləyim? Bu pencək-şalvarın,
ayaqqabıların quruyub əvvəlki görkəmi
almaları 2 saatın, 5 saatın işi deyil axı. İndi mən dəyişək paltarı,
ayaqqabını hardan tapım?"
Qəfildən arxa tərəfdən hənirti gəldi. Çevriləndə
gördü ki, adyala bürünmüş Niyazidir, pərdənin
bu tərəfinə keçib ona baxır və qəribə
burasındaydı ki, onun üzündə,
baxışlarında qayğıdan, qüssədən əsər-əlamət
belə yox idi, əksinə, gözləri gülürdü,
elə ilk görüşdən onun ağlını
başından alan, bu sivri burunlu, qartal baxışlı
oğlanı onun həyatının
bir parçasına çevirən həmin o uşaq təbəssümü
yenə gəlib qonmuşdu Niyazinin çöhrəsinə. Özü də o təbəssüm anbaan daha
mükəmməl bir şəkil alırdı.
Bir
müddət belə davam elədi, ta o vaxtacan ki, həmin təbəssüm
qeyri-adi bir işığa dönüb Həcərin
içini gəmirən o təlaşı, səksəkəni
bu komanın rütubəti, soyuğu ilə bir yerdə
sıxışdırıb harasa qovdu və elə həmin
andaca ikisinin də bir yerdə səs-səsə verib ürəkdən
gülməyi bir oldu.
"Darıxma,
Niyazi, bizdə məsəl var: Bir yandan bağlayan bir yandan
açar".
İndi -
aradan 50 il
keçəndən sonra özünün geniş, rahat mənzilində
pəncərə qarşısında dayanmış maestro həmin
o ağır, çətin günlərdə tez-tez ürəyində
təkrarladığı bu misraları xatırladı. Səməd
Vurğunun "Vaqif" dramından yadında
qalmışdı, sadəcə Vidadi sözünü Niyazi
ilə əvəz etmişdi...
Ötən
illər ərzində həmin o bir yandan bağlayan qüvvə
doğrudan da yavaş-yavaş bir yandan da açmağa
başladı - onu gördülər, qiymətləndirdilər,
sonra özünün ilk əsərlərindən birinin
ifası üçün dirijor tapılmayanda, öz əsərinə
özü dirijorluq etmək fikrinə düşdü və
elə ilk dəfə pult arxasına keçəndə məlum
oldu ki, Tanrı onu qeyri-adi bir qabiliyyətlə - səslərin
dediklərini duymaq, onları idarə etmək,
düz yola - harmoniya yoluna dəvət etmək istedadı ilə
mükafatlandırıb. Və o, xeyli vaxt bundan əvvəl -
onda cavan idi, içindəki enerji
aşıb-daşırdı, pultun arxasına keçəndə
özündə zirvədən enib yerə qonan qartal əzəməti,
gücü hiss edirdi - konsertlərin birində özündən
ixtiyarsız bir jest elədi, ilahi başlanğıcına qəti
şübhə eləmədiyi melodiyanı sanki əllərinə
götürüb üzünü göyə tutdu və hər
iki əlini yuxarı qaldırıb o melodiyanı səmaya -
sonsuzluğa göndərdi...
Həmin
jest təsadüfən lentə alınmışdı və
bir dəfə, səhv etmirdisə, Praqada qastrolda olanda vaxtilə
həmin kadrı görən bir musiqişünas ona
yaxınlaşıb demişdi: "Maestro, mən mələklərlə
dialoqa girib onlarla rəqs edən dirijoru axır ki,
gördüm. Sizin sehrli əlləriniz,
barmaqlarınız var. Siz təkrarsızsınız. Əhsən sizə!"
Maestronun heç yatsa yuxusuna da girməzdi ki,
qeyri-ixtiyari, içindən gələn inersiya ilə etdiyi bu
jest haqqında belə sözlər deyilə bilər.
...
Yağış dayanmaq bilmirdi..
Ürəyi siqaret istədi. Yazı
masasının üstündəki qutudan birini
götürdü, amma odlamadı. Bilirdi
ki, Həcər yuxuda da onun zəhrimar iyini hiss edib ayılacaq.
Sonra nələrin baş verə biləcəyini bir Həcər
bilirdi, bir də
özü.
Siqaret əlində yenə pəncərəyə
yaxınlaşdı, gözlərini çölə -
qaranlığa zillədi.
Maestronun
fikrincə, dünyada hər şeyin - axan suyun, susan daşın, əsən küləyin,
sevincin, kədərin, ən başlıcası isə
sükutun, səmanın, sonsuzluğun da öz musiqi obrazı
vardı. Bu dünyada hər şey təsadüfi yox, əvvəlcədən müəyyən
olunmuş bir ahəngdə, tempdə baş verirdi və əslinə
qalanda həmin o çex musiqişünas düz deyirdi - əgər
sən həmin o ilahi səslərin tempini, ritmini idarə
edirsənsə, səmadan gələn o səslərin
nizamının pozulmasına imkan vermirsənsə, bu, elə
mələklərin səsi kimi doğulan melodiyalarla təmasda olmaq deyildisə,
bəs nə idi?
Çətini səmanın, sonsuzluğun musiqi
obrazını yaradan o səsləri göydən yerə endirib
hamının eşidə biləcəyi formaya salmaqdaydı. Üzeyir bəy, Qara, Fikrət bunu
hamıdan yaxşı bacardılar. Elə Arifin
özü də. Hələ 30 yaşı olanda onun
"Sehrli xalat" filminə yazdığı musiqini maestro təfsir
etmiş, ona nəfəs, can vermişdi. Yazılış başa çatandan
sonra üzünü Arifə tutub demişdi: "Bu nədir? Deyəsən, kosmosun musiqisini yaradırsan".
Arif cavab vermişdi ki, maestro, Ayın musiqi
obrazını verməyə çalışmışam.
"Sən
hamını qabaqlamısan, Arif. Təbrik
edirəm!" - deyə maestro cavan bəstəkarın
əlini sıxmışdı.
Çox yaxşı musiqi yazmışdı Arif o filmə. Sistemləşdirib
üzərində işləsəydi, gözəl bir simfoniya
alınardı. Maestro bir neçə dəfə
şəxsən özünə demişdi bunu. Amma Arif nəyə görəsə ciddiyə
almadı. Elə bil şeytan
çıxartdı onu yoldan. Heyif!
Müxtəlif
cildlərə girib insanları qıdıqlaya-qıdıqlaya
yoldan çıxardan, istəyinə çatanda bic-bic
gülüb göz vuran Şeytan!
Lənətə
gəlmiş bu şeytan kimi yoldan
çıxartmamışdı ki!
Və
çox təəssüf ki, istəyəndə adam cildinə girib şeytan xislətlilərin
sayı qədər çoxalan həmin şeytan onu da yoldan
çıxara bildi - onun yerdəki elçiləri tamam
başqa məqsədlə deyilmiş adi bir sözün
üstünə beşini də qoyub bu qulaqdan o qulağa
daşıdılar, vaxtilə aralarından su keçməyən
3 dostu bir-birindən küsdürdülər. Gücləri
çatmadı o elçiləri boğub məhv etməyə.
Əl-ələ verib birlikdə gedə bilmədilər
o elçilərin üstünə. Nə
mane oldu görəsən? Şəxsən
özü neçə dəfə Qaradan, Fikrətdən
söz gətirən çuğulçuları acılayıb
kabinetdən qovmuşdu. Hətta Qara Moskvada ölüm
yatağında olanda orkestri ilə Moskvaya düşəndən
az sonra mehmanxanadan ona məktub da göndərmişdi:
"Əzizim Qara, Moskvadayam. Sabah konsertlərimiz
başlayır. Hansı əsərini istəyirsən
de, repertuara salım. Bu, mənim
üçün şərəf olar".
Amma gec idi. Az sonra Qara 64 yaşında vəfat
etdi.
O, Qaranın həmin məktuba necə reaksiya verdiyini bilmədi və bilməyəcəkdi də. Heç vaxt bilməyəcəkdi ki, Qara o məktubu oxuyandan sonra heydən, gücdən düşmüş əlini qaldırıb gözlərində gilələnmiş o iki damla göz yaşını silə bilməmişdi və həmin iki damla göz yaşı yanaqlarına, ordan da aşağı süzülüb balıncı islatmışdı...
Amma bilirdi ki, ikinci Qara, ikinci Fikrət olmayacaq və ola da bilməz. Axı Qara da, Fikrət də Üzeyir bəy kimi seçilmişlərdən idi.
Seçilmişlər isə təkrarsız, bənzərsiz olurlar...
Maestronun da gözləri doldu və başımı qaldırıb iki damla göz yaşının arxasından çölə baxdı...
Yağış kəsmişdi...
Dan yeri sökülürdü...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2023.- 7 aprel.- S.10;11.