Epos qəhrəmanlarında qeyri-səlislik

 (Üçüncü yazı)

 

 

Atım dəli, özüm dəli

Koroğlunun dilindən söylənən bu sözlər başlığa ona görə çıxarılıb ki, dəlisovluq motivinin "Koroğlu"da daha geniş yer tutmasına, "Dədə Qorqud"la müqayisədə bu dastanın qeyri-səlis məntiq üçün daha çox zəmin yaratmasına işarə edilsin. Əvvəlcə dəlisovluğun, dəli igidliyin "Koroğlu"dakı miqyası barədə ümumi təsəvvür yaratmaq istəsək, xatırlatmalıyıq ki, özü ən böyük dəli, atı ən dəlisov at olan Koroğlunun bütün silahdaşları istisnasız olaraq "dəli" adlanırlar. Koroğluya və dəlilərə rəğbət bəsləyən və onlarla birbaşa ünsiyyətdə olan aşıqlar "dəli" mənasını verən  "cünün" və "abdal" adları daşıyırlar - Aşıq Cünün, Abdal Aşıq. İkinci ada dastanın Paris nüsxəsində rast gəlirik. Paris nüsxəsindən o da məlum olur ki, Çəmlibelin (Çənlibelin) yeddi-səkkiz ağaclığındakı qoruq da "dəli" adını daşıyır - Dəlibaba qoruğu. Koroğlunun özünü və silahdaşlarını əhatə edən dəlisovluqda "Dədə Qorqud" igidlərinin dəlisovluğu ilə səsləşən və səsləşməyən cəhətlər var. Səsləşən cəhətlərin ən səciyyəvilərindən biri atılacaq addımların, görüləcək işlərin gözlənilməz olmasıdır. Dəlidəki gözlənilməzlikdən bəhs edərkən Y.Lotman bu obrazı axmaq obrazı ilə tutuşdurur. Onun fikrincə, axmağın hərəkətlərini qabaqcadan az-çox müəyyənləşdirmək olur, amma dəlinin nə edəcəyini qabaqcadan bilmək mümkün deyil. Tərsinə iş tutmağın axmaq üçün səciyyəvi cəhət olduğunu nəzərə alıb təxmin edirik ki, axmaq toyda ağlayacaq, yasda güləcək, "gəl" deyəndə gedəcək, "get" deyəndə gələcək. Dəlinin isə toyda və yasda necə davranacağını, "gəl" deyəndə gəlib-gəlməyəcəyini, "get" deyəndə hansı hoqqa çıxaracağını qabaqcadan söyləmək müşkül işdir. Belə bir meyarla yanaşdıqda Koroğluda və onun dəlilərində "Dədə Qorqud"dakı dəli igidlərdə gördüyümüz və görmədiyimiz natarazlıq əlamətlərinə, yəni davranışca mövcud tarazılığı pozma hallarına rast gəlirik. Tarazlığı pozan Koroğlu dəlilərindən birincisi Dəli Həsəndir. Dəli Həsən qorxu-hürkü bilmədən Dəli Domrul kimi yol kəsir, gəlib-gedəndən  bac-xərac alır. Mərhum ədəbiyyatşünas Kamran Əliyevin sözləri ilə desək: "Sanki o, quru çay üstündən körpü salıb, körpüdən keçəndən otuz üç axça, keçməyəndən qırx axça olan Dəli Domrulun süd qardaşıdır". Amma bu "süd qardaşları"nın ətraf mühitə münasibətində xeyli fərq var. Dəli Domrul nə qədər ipə-sapa yatmasa da, düşmənə qarşı vuruşan adlı-sanlı igidlər arasında onun adına rast gəlməsək də, hər halda Oğuz eli adlanan bir dövlətin təbəəsidir.  Koroğluya rast gəlib, onunla həmrəy və arxadaş olan Dəli Həsənsə dövlət-filan tanımır. Koroğlunun başçılığı ilə dəlilərin Çənlibel adlı xüsusi bir məkanda məskən salmağı mövcud siyasi quruma asi olmağın, həmin qurumdan həm fiziki, həm də mənəvi cəhətdən kənara çıxmağın göstəricisidir. Siyasi çərçivəyə sığmayan adamların müxtəlif situasiyalarda başqalarından fərqli şəkildə davranması, gözlənilməz hərəkətlərə yol verməsi, necə deyərlər, daha çox gözləniləndir.

Həm Koroğlu, həm də dəlilərinin atdığı ağlasığmaz addımların kökündə hədsiz dərəcədə qaynar təbiətli olmaq durur. Köməyə gələn Telli xanımı bir mağaraya salıb, mağaranın ağzına yekə bir daş yumbaladan və döyüşə təkbaşına atılan Dəmirçioğlunun həmin məqamdakı ruhi vəziyyəti onun dediyi sözlərdə belə ifadə olunur:

 

Çay kimi coşmuşam, daha sönmərəm,

Əsgər nədi, qoşun nədi qanmaram.

 

Çay kimi coşub-daşmaq, əsgər nədir, qoşun nədir qanmamaq dəli döyüşkənliyin ifadəsidir. Koroğlu və onun silahdaşlarının dəli döyüşkənliyinə, ümumiyyətlə, coşqun təbiətli olmasına dastanda tez-tez işarə edilir və bu məqsədlə xüsusi təşbehlər, metaforalar işlədilir. Koroğlunun son dərəcə cəld və çevik olmasını bildirərkən dastançı onu qızılquşa, tərlana, leyə, yayından çıxmış oxa və s. bənzədir. Koroğlunun qaynarlığını bildirərkən dastançı onu od-alovla müqayisə edir. Qızılquş, tərlan, ley kimi şığıyıb, düşmən üstünə od ələyən dəli igidin yalnız döyüşdəki yox, həm də adi şəraitdəki hərəkətləri qeyri-adiliyi ilə seçilir. Döyüşdə: "Əsgər nədi, qoşun nədi qanmaram", - deyən Koroğlu dəlisinin dükan-bazardakı davranışından da "qəssab nədi, sazbənd nədi qanmaram" mənası hasil olur. Ətrafdakıların gözündə Koroğlu və Koroğlu dəlisi natarazın natarazıdır.

Bu natarazlıq, yəni tarazlığın, vərdiş edilmiş ölçülərin pozulması zahiri görkəmdən başlayır. Koroğlunun zahiri görkəmini öz dinləyicisinə dastançı belə çatdırır: "Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi... Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi". Koroğlunun canlı-cüssəli olduğunu ifadə etmək üçün dastançı bu yerdə onu, tutalım, dağa da bənzədə bilərdi. Koroğlunun dağ yox, kəllə müqayisə olunması baməzə deyim tərzinin göstəricisidir. Koroğlu ilə bağlı bu cür deyim tərzi dastanda diqqəti cəlb edəcək dərəcədədir. "Həmzənin Qıratı aparması" qolunda Qırat - Koroğlu münasibəti məzəli şəkildə ana-bala münasibətinə bənzədilir: "Qırat burnunu Koroğlunun qoynuna, qoltuğuna soxub elə iyləyirdi ki, elə bil inək balasını iyləyir". Dastanın Paris nüsxəsində Pərizad xanımın kənizlərinin Koroğlunu əzişdirməsi epizodunda isə Koroğlu camışla müqayisə olunur: "Kənizlər Koroğlunu yumruq, pampaça altına salıb əməlli-başlı əzişdirdilər. Elə bil yuxuya getmiş bir camışı yuxudan oyadırdılar". Eyvazı Toqata - durna dalınca göndərən Koroğlunun narahatlığını və nigarançılığını ifadə etdiyi məqamda da dastançı baməzə danışığından qalmır - Koroğlunun dilindən bir neçə bənd şeir dedikdən sonra belə bir cümlə işlədir: "Koroğlu bu sözləri oxuyanda nər dəvə kimi ağzından köpük tökülürdü". Dastançının təhkiyəsində tez-tez özünü göstərən komik deyim tərzinin əsasında, hər şeydən qabaq, baş qəhrəmanın zarafatla qırılmaz bağlılığı durur. Baş qəhrəmanın təbiətindəki zarafatcıllıq, oyunbazlıq dastançının baməzə şəkildə danışmasına, baş qəhrəmanın portretinə komik cizgilər artırmasına əsas verir: "Oğlan Koroğlunu başdan-ayağa kimi süzüb gördü ki, başı günbəzə bənzəyir, bığları qulaqlarının dalına çatır, saqqalı isə göbəyinə qədər uzanıb". Zarafatın dastanda səciyyəvi bir cəhət olduğunu silahdaşlarının Koroğluya ərkyana  münasibətindən  görmək olur. Silahdaşları içində  Koroğluya ən çox ərk eləyən  Nigar xanımdır. Nigar xanım ilk görüşdəncə Koroğlu ilə  məzələnməyə başlayır: "Ey Koroğlu, bir şərtim var, atam... sənin əyninə bir köynək tikdiribdi. O köynəyi gətirdəcəyəm, əyninə uzun gəlsə, ayaqlarının altına nal çaldıracağam; əgər əyninə qısa  gəlsə, ayaqlarını kəsdirəcəyəm; dar olsa, qarnını cırdıracağam; gen olsa, sinənə mıx çaldıracağam". Dastanın Paris nüsxəsindən götürdüyüm bu parça məzmun və mahiyyətcə M.H.Təhmasib nəşrindəki Nigar - Koroğlu zarafatlaşmalarından çox da fərqlənmir.

 Faktlar göstərir ki, dastanın Paris nüsxəsində təhkiyə şux notlar üstündə daha çox köklənir. Bunun başlıca səbəbi odur ki, Paris nüsxəsini danışan aşıq təhkiyə daxilində özünü çox sərbəst aparır, qınanacağını və tənbeh olunacağını ağlına gətirmədən Koroğluya da sərbəstlik verir. Belə sərbəstliyin nəticəsidir ki, Paris nüsxəsində Koroğlunun şorgözlük etdiyinin, kəlməbaşı söyüş söydüyünün, bəzən namərdliyə yol verdiyinin (məsələn, günahsız bəzirganı arxadan vurub öldürdüyünün), dəliləri incidib küsdürdüyünün, bir sözlə, M.H.Təhmasib nəşrində görmədiyimiz "yaramaz" hərəkətlərə "qol qoyduğunun" şahidi oluruq. M.H.Təhmasib nəşrində Koroğlu ilə dəlilər arasında yalnız bir dəfə - Keçəl Həmzə Qıratı aparan vaxt inciklik baş verir. Nigar xanımın işə qarışıb, Koroğlunu tənbeh etməyi ilə həmin inciklik dərhal aradan götürülür. Paris nüsxəsində isə Koroğlunun günahı ucbatından Koroğlu ilə dəlilər arasında yaranan inciklik düşmənçilik səviyyəsinə qalxır. İçki məclisində Koroğlu heyvərə qonağı müdafiə edib Eyvazı narazı saldıqda Eyvaz Bolu bəylə birləşib Koroğlunun üstünə qoşun çəkir. Yaxud Eyvazla Dəmirçioğlunun şərab havasına sözləşdiyini eşidən Koroğlunun Eyvaza tərəf çıxması Dəmirçioğlunu hiddətləndirir və o, Mustafa bəy Qacara (Giziroğlu Mustafa bəyə) pənah aparıb, Koroğludan qisas almaq fikrinə düşür. M.H.Təhmasib nəşrində hər hansı çətin tapşırıq dalınca Çənlibeldən kimin gedəcəyi üstündə dəlilər bəhsə girirlər. Biri deyir, mən getmək istəyirəm, o biri deyir, yox, mən getsəm yaxşıdır. Paris nüsxəsində isə səfərdən boyun qaçırmağın məzəli səhnəsi ilə qarşılaşırıq. Çənlibeldə qonaq olan Giziroğlu Mustafa bəy durna kababı istəyəndə və Toqat kənarında durna ovlamaq məsələsi ortaya çıxanda belə bir mənzərə yaranır: "Mustafa bəy bu sözü kef havasına dedi, yoxsa durna əti camış ətinin dadını verir. Koroğlu Eyvazdan bir piyalə şərab alıb, üzünü dəlilərə tutub dedi: "Bir cavan istərəm bu piyaləni mənim əlimdən alıb içə, Həsən paşanın bağından bir neçə kabablıq durna vurub gətirə, kabab çəkib yeyək. Mustafa bəy qonaqdı, könlü durna kababı istəyir, onun xətrinə dəymək olmaz". Dəlilər hamısı başlarını aşağı salıb dinməz-söyləməz dayandılar". Düzdür, son nəticədə Eyvaz, Dəmirçioğlu, Küyümçüoğlu və Bəlli Əhməd yaraqlanıb durna dalınca Toqata yola düşəsi olurlar. Amma bu getmək heç də M.H.Təhmasib nəşrindəki getməkdən deyil. M.H.Təhmasib nəşrində dəlilər durna dalınca, necə deyərlər, uça-uça gedirlər. Paris nüsxəsində Eyvaz "kefləndiyi üçün bu işi boynuna götürür", o biri dəlilərsə bu işə Koroğlunun qorxusundan razılıq verirlər. Yaxud Ərəb Reyhanla döyüşmək məsələsi ortaya çıxanda dəlilərdən biri: "Naxoşam", başqa biri isə: "Ürəyimdə tikə qalıb", - deyə bəhanə gətirir və döyüşdən boyun qaçırır. Koroğlunun dəlilərlə toqquşması, dəlilərin hərdən qorxaqlığa yol verməsi kimi əhvalatlar ifrat ideallaşdırmanın qarşısını alır.

Söyləyici sərbəstliyi dastanın Tiflis nüsxəsi üçün də az-çox səciyyəvidir. Həmin nüsxədəki söyləyici sərbəstliyini göstərən əlamətlərdən biri Koroğlunun çoxarvadlı-lığından geniş bəhs edilməsidir: Nigar xanımdan sonra Koroğlu Əsmər xanımı, Ceyran xanımı, Səadət-Bəyim xanımı, Leyli xanımı, Dona xanımı, Xumar xanımı, Şahsənəm xanımı, Xurşid xanımı Çamlıbelə gətirir və o xanımların hər biri ilə vüsala qovuşur.

Dastanın hansısa nüsxəsində geniş yer tutan bir motivlə başqa nüsxələrdə də az-çox qarşılaşacağımız ehtimal olunan bir haldır. Ehtimal özünü doğruldur: doğrudan da, çoxarvadlılıq motivinə dastanın Paris nüsxəsində də rast gəlirik: Nigar xanımdan sonra Koroğlu Çənlibelə Qars hakimi Əhməd paşanın bacısı Pərizad xanımı da gətirir və toy tədarükü görüb onunla evlənir.

Bəs həmin motiv baxımından yanaşdıqda H.Əlizadə və M.H.Təhmasib nəşrlərində hansı vəziyyətlə qarşılaşırıq? Həmin nəşrlərdə məlum "Dərbənd səfəri"ndən başqa, hansısa qolda Koroğlunun Nigardan əvvəl, yaxud sonra bir xanımla evlənməsindən söhbət açılırmı? Çoxarvadlılığın sovet əxlaq kodeksinə zidd olduğunu nəzərə alan söylə-yicilər və tərtibçilər bu məsələni eposun ifa və nəşr olunmasında necə yoluna qoya bilirlər? Suala cavab vermək üçün H.Əlizadə nəşrindən "Koroğlunun Rum səfəri"nə nəzər salmaq daha çox yerinə düşür. Rum paşasının qızı Məhbub xanım Aşıq Cünunla Çənlibelə - Koroğluya xəbər göndərir: "İyitsə, gəlsin məni aparsın". Bu sözdən sonra, məntiqə görə, Koroğlu Ruma səfər etməli, nəyin bahasına olursa-olsun, Məhbub xanımı Çəmlibelə (Çənlibelə) gətirməlidir. Belə də olur. Koroğlu Məhbub xanımı, Bəlli Əhməd də Məhbub xanımın əmisi qızı Şirin xanımı Rumdan Çənlibelə gətirir (2, 128) və bununla da qol başa çatır. Amma Koroğlunun Çənlibelə gətirilən Məhbub xanımla evlənib-evlənməməsindən bir kəlmə belə danışılmır. Hadisələrin gedişatından çıxan məntiqi nəticə budur ki, Koroğlu ona eşq elan edən Məhbub xanımı Çəmlibelə (Çənlibelə) gətirirsə, demək, sonda Məhbub xanımla evlənməlidir. Amma sovet əxlaq kodeksinə əməl etməli olan tərtibçi məntiqin dediyini kitaba gətirməkdən çəkinir və Koroğlunu qadına münasibətdə mümkün qədər müsbət yöndən təqdim etməyə çalışır. Koroğlunu təkarvadlı kimi göstərmək, tərtibçinin nəzərində, onu müsbət yöndən tanıtmaq deməkdir. Bu məntiqlə yanaşdıqda dastanın Tiflis və Paris nüsxələrində Koroğlunun çoxarvadlılığını müsbətdən mənfiyə doğru yuvarlanma faktı kimi qiymətləndirmək lazım gəlir. Doğrudan da, bu gün sosial şəbəkələrdə Koroğlu ilə bağlı tənqidi fikirlərin bir qismi çoxarvadlılıq məsələsi üzərində qurulur: "O necə qəhrəmandır ki, onun-bunun qızını qaçırıb, gündə bir arvad alır?!" Koroğlunun çoxarvadlılığına, eləcə də bu qəhrəmanın mübahisə doğuran digər cəhətlərinə aydınlıq gətirmək üçün qeyri-səlis məntiqdəki epistomoloji yanaşmanın imkanlarından yararlana bilərik. K.Abdulla və R.Əliyev "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabında yazırlar: "Epistomoloji yanaşma dedikdə əsas məqsəd odur ki, müəllifin demək istəmədiyi, gizlətdiyi informasiyanı mətnin gizlinindən çıxarmaq və onu dəyərləndirmək mümkün olsun". Əlbəttə, "Koroğlu" şifahi sənət nümunəsi olduğuna görə bu dastandan söhbət açarkən müəllif yox, söyləyici anlayışından bəhs etmək lazım gəlir. Lazım gəlir ki, əvvəlcə söyləyicinin gizlin saxladığı yox, açıq şəkildə çatdırdığı "informasiya"da qeyri-səlisliyin nədən ibarət olduğunu xatırladaq. Və qeyd edək ki, uca boy, enli kürəklər normal bahadır görkəmindən xəbər verirsə, süysünün kəl süysününə, bığların kəl buynuzuna bənzəməsi, saqqalın göbəyə qədər enməsi artıq nataraz adam görkəmindən xəbər verir. Tarazlıqdan natarazlığa tərəf yuvarlanma, bu iki qütb arasında lap yaxşı, yaxşı, yaxşıtəhər; pistəhər, pis, lap pis kimi çoxluqların əmələ gəlməsi qəhrəmanın atdığı addımlarda daha qabarıq ifadəsini tapır. Kəlməbaşı söyüş söyməsi, yerli-yersiz dəliləri incidib küsdürməsi, günahsız bəzirganı arxadan vurub öldürməklə namərdliyə yol verməsi, bir neçə arvad alması Koroğlu davranışının bahadırlıqdan natarazlığa, natarazlıqdan yaramazlığa doğru yön almasının yarıciddi-yarıkomik ifadəsidir. Komiklik təhkiyəni şux notlar üstündə quran söyləyiciyə imkan verir ki, Koroğlunun təqdim edilməsində yaxşı və pis, taraz və nataraz, nümunəvi və yaramaz sərhədlərini daha rahat poza bilsin, qütblər arasında məna çoxluqlarına daha sərbəst meydan verə bilsin.

Koroğlunun davranışı ilə bağlı məna çoxluqlarını epistomoloji baxımından qiymətləndirmək istəsək, mətnin alt qatında gizlənən mifoloji elementlərə diqqət yetirməli, mübahisəli məsələləri bu yolla aydınlaşdırmalıyıq. Məsələn, nəzərə almalıyıq ki, qızqaçırma arxaik mifoloji motivlərdəndir. Həm Şərq, həm Qərb folkloru üçün səciyyəvi olan bu motivin sehrli nağıllarda semantikası nədirsə, qəhrəmanlıq dastanlarında da semantikası odur. Sehrli nağılların qəhrəmanları gözəl qızları əjdaha ağzından və ya div əlindən qurtardıqları kimi, dastan qəhrəmanları da gözəl qızları əzazil hökmdarların cansıxıcı saraylarından xilas edirlər. Hər iki halda qızqaçırma sözün hərfi və məcazi mənasında ölümdən qurtarma semantikası daşıyır. Gözəllərin Koroğluya "əgər igid sənsə, gəl apar məni" məzmununda məktub yazıb yollaması xatırlatdığım semantik mənanı təsdiq edir. Epistomoloji yanaşma ilə mətnin alt qatındakı gizlinləri üzə çıxarmaq Koroğlunun çoxarvadlılığı barədəki ittihamların az-çox qarşısını alır və həmin obrazda gördüyümüz çoxmənalılıq təsəvvürümüzdə öz miqyasını daha da genişləndirir.

Epistomoloji yanaşma çox yeməyə münasibətdə də karımıza gəlir. Bəli, Koroğlunun çox yeməyindən dastanda neçə yerdə bəhs olunur və həmin məqamların, demək olar ki, hamısında gülüş bu və ya digər dərəcədə özünü büruzə verir. Qıratı əldən verib, kor-peşman dəyirmanın qabağında oturduğu vaxt Koroğlunun ən qəmli çağlarından biridir. Yemək səhnəsinin təsviri hətta belə məqamda da şuxluğun, zövqü səfanın ifadəsinə çevrilir. Koroğlu öküzlə dəyirmana dən gətirən bir kişinin iki çuval arpasını Düratın qabağına qoyur, iki çuval buğdanı isə əlbəəl üyüdüb xamır qatır, ocaq çatıb çörək bişirir. Öküzün də birini kəsir, kabab çəkib yeyir və toqqanın altını bərkidir. Dəyirman əhvalatından da göründüyü kimi, M.H.Təhmasib nəşrində Koroğlunun yeyib-içməyi ən çox yad məkanla bağlı olaraq nəzər-diqqətə çatdırılır. Toqatda bir qarıya qonaq olan Koroğlu on adamın yeməyini hazırlatdırır. Koroğlu, evində qonaq olduğu qarını da yeməyə çağırır. Qarının qətiyyən ağlına gəlmir ki, bir adam on adama hazırlanmış plovu bir oturuma yeyib qurtara bilər: "Koroğlu ilişdi plova. Birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü... Qarı gördü bu, bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq". Qarının Koroğluya yemək hazırlaması əhvalatı Paris nüsxəsində daha mübaliğəli şəkildədir. Burada qarı Koroğluya on iki adamın yeməyini hazırlayır. Bu qədər yeməyi Koroğlu elə iştahla yeyir ki, qarının dəri süfrəsini də yemək qarışıq içəri ötürür. M.H.Təhmasib nəşrindəki aşpazxana səhnəsi də kifayət qədər komik şişirtmə üzərində qurulub. Hasan paşanın buyruğuyla aşpaz aşıq - Koroğluya yemək verməlidir. Koroğlu aşpazın ortalığa qoyduğu bir sini plovu kənara itələyib qazanlardan birini qabağına çəkir. Neçə qazanın plovunu, neçə tuluğun şərabını boşaldandan sonra Koroğlu "doydum" deyib ayağa qalxır.

M.H.Təhmasib nəşrində Koroğlunun daha çox yad yerdə yeyib-içməyi ön plana çəkilirsə, Paris nüsxəsində Çənlibel ziyafətlərinin də təsvirinə xüsusi diqqət yetirilir. Amma bu da var ki, Çənlibel ziyafətlərində hansısa kənar adam qonaq kimi iştirak edir və Koroğlunun heyrətamiz dərəcədə çox yeyib-içməyi həmin kənar adamın gözü qarşısında baş verir. Paris nüsxəsinin doqquzuncu məclisində Giziroğlu Mustafa bəyin, onuncu məclisində isə Nəzər Cəlalının Çənlibeldə Koroğluya qonaq olmağından söhbət açılır. Giziroğlu Mustafa bəyin şərəfinə düzəldilmiş qonaqlıqda Koroğlu o qədər şərab içir ki, məstlikdən ancaq üç gün sonra ayılır. Nəzər Cəlalı on iki min atlısı ilə nə az, nə çox - düz qırx gün Koroğluya qonaq olur. Bu əhvalatın təsvirində dastançı məzəli dillə bir tərəfdən Koroğlunun qonaqpərvərliyini göstərmək istəyirsə, ikinci tərəfdən Koroğlunun qırx gün, qırx gecə yeyib-içməkdən usanmadığını, böyük həvəs və şövqlə yeni-yeni yeməklər sifariş verdiyini göstərmək istəyir. Çənlibel ziyafətlərində yeyib-içməyin dərəcəsini göstərmək üçün dastançı eyni detaldan təkrar-təkrar istifadə edir - Koroğlu və onun qonaqları o qədər yeyib-içirlər ki, Çənlibelin bitib-tükənməyən azuqəsi qurtarır və Koroğlu öz dəlilərini azuqə dalınca göndərməli olur.

Gülüşlə müşayiət olunan yeyib-içmək epizodlarının dastanda məişət səhnələri kimi təqdim edildiyi danılmazdır. Belə səhnələr baş qəhrəmanın ideallaşdırılması ilə necə uyğunlaşdırılır? Axı Qoşabulaq suyundan içib qeyri-adi bir adama çevrilən Koroğlu bir epos qəhrəmanı kimi kifayət qədər öyülüb göylərə qaldırılır. Göylərə qaldırılmış qəhrəmanın məişət səviyyəsinə enib yeyib-içmək məclislərinə rəvac verməsi nə dərəcədə məqsədəuyğundur? Məsələ burasındadır ki, göydən yerə, yuxarıdan aşağıya, idealdan reala, yaxşıdan pisə doğru dəyişib müxtəlif məna çalarları yaratma "Dədə Qorqud" qəhrəmanları ilə müqayisədə Koroğluya daha çox aiddir. Hədsiz miqdarda yeyib-içmək Koroğlu obrazında qeyri-səlis məna çoxluqları yaradan addımlar sırasındadır. "Koroğlu"nu canlı ifadan dinləyən və yaxud kitabdan oxuyan çağdaş insanımız dastandakı aşırı miqdar və miqyasda yeyib-içməyi əks etdirən epizodlara istər-istəməz komik qarınqululuq səhnələri kimi baxmalı olur. Çünki bu cür bədii səhnələrlə o (dinləyici və ya oxucu) realist ədəbiyyatda tez-tez qarşılaşıb və həmin səhnələrin, əsasən, tənqidi yöndə təqdim edilməsinin şahidi olub. Bu o deməkdir ki, çağdaş dinləyici və ya oxucuda qabaqcadan formalaşmış təsəvvür epos qəhrəmanının məişətdaxili davranışlarının qiymətləndirilməsində əsaslı rol oynayır. Nəticədə Koroğlunun hədsiz yeyib-içməyi dinləyici və oxucu təsəvvüründə qütblərarası məna çoxluqları yaradır: lap yuxarı, yuxarı, bir az yuxarı; bir az aşağı, aşağı, lap aşağı. Tutalım, Qoşabulaq suyundan içib qeyri-adi şücaət sahibinə çevrilən Koroğlunun qeyri-adi mənşəli Qırata minib, qeyri-adi mənşəli Misri qılıncla müxənnətlərə qarşı təkbaşına vuruşması dinləyici və oxucu təsəvvüründə lap yuxarıda dayanmağın göstəricisidirsə, Koroğlunun bir oturuma neçə qazan aş yeməsi və neçə tuluq şərab içməsi dinləyici və oxucu təsəvvüründə bir az aşağı, aşağı, lap aşağı kimi müxtəlif nöqtələrdə dayanmağın göstəricisidir.

Epistomoloji yanaşmada isə meyar az-çox dəyişir. Başqa mübahisəli hallarda olduğu kimi, çox yeyib-içmək epizodlarının da alt qatında mifoloji düşüncədən irəli gələn məna və mətləb gizlənir. Məlum olur ki, çox yemək, mifoloji düşüncəyə görə, insan qüdrətinin bir əlamətidir və Koroğlunun aşırı miqdar və miqyasda yeyib-içməyini bu baxımdan da dəyərləndirmək mümkün və zəruridir.

 

Muxtar KAZIMOĞLU

525-ci qəzet.- 2023.- 8 aprel.- S.20-21.