"Mənim xasiyyətimdə bir yerdə dayanmaq yoxdur"

XALQ ARTİSTİ FİDAN HACIYEVA-NEYLOR: "HƏMİŞƏ VƏTƏNİMƏ BAŞUCALIĞI GƏTİRMƏK İSTƏMİŞƏM, VƏTƏNİMİ HƏMİŞƏ SEVİNDİRMƏYƏ ÇALIŞMIŞAM"

 

Həyatda yeksənəqliyi sevmədiyimdən, peşə fəaliyyətimdə də buna sadiq qalmışam. İstər seçdiyim mövzular, istərsə üz tutduğum müsahiblərin fərqliliyi mənə daha vacib olub. Və bir də zamanında üzdə olub sonralar bir köşəyə çəkilənləri axtarıb-aramağı çox sevmişəm, lakin nədənsə son vaxtlar bunu unutmuş kimiyəm. Amma yaddaşı təzələmək gərək. Yazılarımın daimi oxucularından dəfələrlə: "Müsahibələrində mədəniyyət və incəsənət sahəsinə xidmət edənlərə daha çox üz tutursan" deyənlər olub. Bu fikirlə qismən razıyam. Uzaq keçmişdə belə bir deyim oxumuşdum: "Bir milləti yer üzündən silmək üçün onun dilini, dinini və bir də mədəniyyətini əlindən alırlar". Çox maraqlı bir  fikir kimi qalıb yadımda o vaxtdan. Yəqin ki, tarixən nə qədər xalqlar, nə qədər millətlər bunun qurbanı olub, sadəcə biz bilmirik. Xoş halımıza ki, bir millət, bir xalq olaraq sorağımız neçə minilliklərdən üzü bəri hələ də gəlməkdədir və gələcək də, çünki mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi, nadir mədəniyyətimizi qoruyub-saxlamağı bacarmışıq. Və biz də öz növbəmizdə bu sahəyə vicdanla xidmət edənlərə borcluyuq.  Çünki bir millət olaraq bizi dünyaya tanıtdıranlar arasında onların xidməti böyükdür..

Bugünkü müsahibim  yenə də incəsənət dünyasından olsa da, mənim üçün bir qədər fərqlidir. İki sahə var ki, incəsənətdə daha ciddidir - muğam və opera. Və indiyə qədər opera sahəsinin peşəkarı ilə həmsöhbət olmağa çox çalışsam da, qəribə səbəblər üzündən alınmayıb. Yəqin ona görə ki, müsahibə öz dəqiq ünvanını gözləyirmiş. Onunla zəngləşəndə böyük məmnuniyyətlə razılığını bildirdi və bir neçə gündən sonra adını daşıyan musiqi məktəbində hər tərəfini incəsənət bürümüş otağında qarşılıqlı oturub söhbətə başladıq. Qəzetimizin qonağı isə Xalq artisti, opera müğənnisi, milli səhnəmizdə "Karmen"in ilk ifaçısı Fatma Muxtarovadan sonra Azərbaycan operasının ikinci "Karmen"i, özünün təsis etdiyi və adını daşıdığı Vokal Musiqi Məktəbinin rəhbəri Fidan Hacıyeva-Neylordur.  

- Narahat dünyada yürümək çox da asan deyil...

 -  Hər şeyə rəğmən, əgər həyat davam edirsə, qarşıda hələ yollar görünürsə və ən əsas buna imkan, şərait varsa, hər kəs öz işini görməlidir. Bizi yaradan Tanrı hərəmizin üzərinə daşıya biləcəyimiz və bacardığımız bir öhdəliklər qoyub. Dünya narahat olsa da, mənə ayrılan yolun yolçusuyam, sənətimlə məşğulam  zamanında öyrəndiklərimi gələcək nəslin də öyrənməsi uğrunda canla-başla çalışıram.

 - Hamının həyatının bir başlanğıcı var...

 - Məxməri mövsüm adlanan sentyabr ayında Bakıda anadan olmuşam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini bitirsəm də, indiki Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil oldum, çünki artıq səs imkanlarım özünü biruzə vermişdi. Fakültətiv olaraq fortepiano ilə də məşğul olmuşam. Professor Hüseyn Əliyevdən dərs aldığım üçün mən  çox  şanslı tələbə oldum. Uzun illər Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərən, tenor səsli bir sənərkar, Fatma Muxtarova kimi  sənətkarla tərəf müqabili, "Koroğlu", "Otello", "Bohema", "Aleko", "Toska" kimi operalarda baş rolların ifaçısı olan müəllimim  sənətə gələn  yolumun başlanğıcından qolumdan tutaraq professional səhnəyə qədər əlimi buraxmadı. Artıq 19 yaşında Opera və Balet Teatrının solisti idim. Böyük bir müsabiqə var idi və orada dahi Üzeyir bəyin "Sevgili canan" romansını və fransız bəstəkarı Sen-Sansın "Samson və Dalila" operasından Dalilanın ariyası kimi çətin bir parşanı  oxuyaraq müsabiqədən keçməyə müvəffəq oldum. Və beləcə, özümü çox rahat hiss etdiyim opera səhnəsində fəaliyyətə başladım ki, o, bu günə qədər davam edir. Fəaliyyətim dövlət tərəfindən həmişə dəyərləndirilib. 2006-cı ildə Respublikanın Əməkdar artisti adına layiq gərüldüm. 2015-ci ildə  8 Mart Qadınlar Bayramında ölkə prezidenti mənə Xalq artisti fəxri adını verməklə böyük hədiyyə etdi ki, bunun mənim üçün əvəzi yoxdur.

- Göz açdığınız Hacıyevlər ailəsindən danışaq...

- Musiqiçi ailəsində böyüməmişəm.  Atam Hacıağa Hacıyev özü mühəndis olsa da, tarda və fortepianoda gözəl ifa edirdi, yüksək musiqi duyumu vardı. Evimizdə həmişə muğam səslənib. Anam Simuzər xanımın da gözəl muğam səsi vardı. Qonaqlarımız olanda atamın müşayiətilə anam muğam ifa edərdi. Mən bütün bunların iştirakçısı olaraq böyümüşəm. Artıq beş yaşından musiqi ilə məşğul olmağa başladım, səs imkanlarımı da düşünürəm ki, anamdan əxz etmişəm. Təbii ki, bu da Tanrının qismətidir. Və Bülbül adına məktəbə daxil olmaqla həyatım sırf bu sahəyə bağlanmış oldu. Ailədə üç övladıq - iki bacı, bir qardaş. Lakin musiqi tək mənim həyatıma sirayət edə bilib. Bacım tibb, qardaşım isə hüquq sahəsini seçdi.

- Bəzən istedadları kəşf edənlər də olur...

- Bülbül adına məktəbdə bizə musiqi ədəbiyyatı fənni keçilirdi. "Koroğlu" operasından Nigarın ariyasını dinləyirdik. Partiyanı Firəngiz Əhmədova ifa edirdi. Ariya bitəndən sonra onu yamsılamağa başladım. Sinif qızlarımız dedi ki, Fidan, deyəsən sənin opera səsin var axı. Bundan sanki həvəsləndim və konservatoriyaya (o zaman Bakı Musiqi Akademiyası belə adlanırdı) gedib səsimi yoxlatdın. Nəticədə dedilər ki, bəli, gözəl opera səs imkanların var. Bunu biləndən sonra hazırlaşmağa başladım. Sonda isə fortepiano sinfini bitirsəm də, vokal ifaçılığını seçdim. Məktəbin son siniflərində hiss edirdim ki, musiqi aləti ilə dostlaşa bilmirəm, özümdə narahatlıq hiss edirdim. Səsim kəşf olunandan sonra isə mən sanki yerimi tapmış oldum və artıq ali təhsilimdə istiqamətimi dəyışdim. Və ilk dəfə səhnəyə çıxanda anladım ki, mənim yerim də, ünvanım da elə buradır. Amma bu yerdə heç vaxt söyləmədiyim  bir məqamı ilk olaraq sizə açıqlayacam. Vokal şöbəsinə qəbul olunmağım da səbəbsiz ötüşməyib. Musiqi Akademiyasının həm piano ifaçılığı,  həm də vokal şöbəsinə sənəd vermişdim. İlk olaraq vokal imtahanı oldu və mən çox yüksək göstərici qazandım. Bəlli bir səbəb üzündən ifaçılıq imtahanı çox uzandı və gecə saat 22:30-da başladı. Mən artıq çox yorğun olduğumdan pianodakı  ifamın qiyməti aşağı yazıldı. Düşünürəm ki, burada da çox inandığım qismət özünü göstərdi və əsas olaraq vokal  şöbəsinə daxil oldum.

- Onda sözü verək səhnəyə ilk gələn Fidana...

- Cuzeppe Verdinin "Traviata" operasında çox kiçik bir rol almışdım - hersoqinya obrazı. Səhnəyə çıxıb bir-iki replika deməli idim. Çıxdım və dedim.  Bu rol mənim səhnə ilə tanışlığım olub. Həmin vaxt həm qastrola gələnləri, həm öz sənətkarlarımızı səhnədə və pərdə arxasında gördüm. İnsanların obraza daxil olub onları necə canlandırdığını görəndə elə valeh olmuşdum ki, özümə gələ bilmirdim. Adi bir insanın birdən-birə tam fərqli şəkildə görünməsi mənim üçün heyrət dolu bir təəccüb idi.. Və bundan sonra gəldiyim sahədə daima axtarışda oldum. İlklərdən danışırıqsa, bunu da vurğulamalıyam. Operada ilk ifam "Koroğlu" operasında xanəndə qızın partiyası olub. Daha sonra müəllimim professor Hüseyn Əliyevin quruluşunda "Karmen" operasında qəhrəmanın rəfiqəsi olan Mersedes obrazını ifa etdim. Artıq 21 yaşında səhnəyə Karmen kimi çıxdım.

 

 

 

-Sizi ilk məhz bu obraz ilə tanımışam. Fidan Hacıyeva və Karmen...

- Karmen mənə böyük uğurlar gətirdi. O dərəcədə uğur gətirdi ki, Azərbaycanın Karmeni adını belə qazandım. Karmen güclü xasiyyətə malik, hamını ələ almağı bacaran, istədiyini edən  bütün bunlara nail ola bilən bir ispan xanımıdır və düşünürəm ki, onu yaradıcılığımın vizit kartı adlandırmaq olar. Bu obrazı istər ölkəmdə, ixtər xaricdə o qədər yaratmışam ki, hərdən Karmeni "özəlləşdirdiyimi" düşünürəm.

- Uğur özü insanı tapa bilər və əksinə, onun ardınca yürümək də olar...

- Dediklərim qeyri-təvazökarlıq kimi səslənməsin, mən hədsiz çalışqan biriyəm. Fərqliliyi, rəngarəngliyi çox sevirəm, mənim xasiyyətimdə bir yerdə dayanmaq yoxdur. Bir də paylaşmağı hədsiz sevirəm. Mən vokal məktəbini məhz bu səbəbdən açmaq istədim ki, bildiklərimi öyrədim. Xalqımızın istedadlı uşaqları çoxdur. Zamanında öyrənib bildiklərimi özümdə saxlamaq istəmədim. İstədim ki, opera, klassik sənət çox irəli getsin. Onları tək yetişdirməklə kifayətlənmirəm, mədəniyyətimizin, musiqimizin dünyada təbliğ olunmasında da çox maraqlıyam. Sənətim kimi pedaqoji fəaliyyətim də mənim üçün çox vacibdir. Artıq Milli Konservatoriyada da dərs deyirəm. Çox istəyirəm ki, gənclərimiz hansı sahədə olur-olsun, mədəniyyətininin, musiqisinin dəyərini bilsin, məlumatlı olsun. Vacib deyil sırf musiqi ilə məşğul olmaq. Buna hamının imkanı yoxdur, bilirəm. Lakin gənclər arasında, ali məktəblərdə bunun təbliğatı geniş olmalıdır. İstənilən zaman istənilən yerdə ustad dərsləri keçməyə hazıram və inanıram ki, mənim kimi çox tanınmış sənətkarlarımız da. Təki gənclərimiz sosial şəbəkələrdə zövqləri korlayan, mənasız musiqidən uzaq olsun. Onlara dəstək olaq ki, düzgün yolda azmasınlar, çünki onlar Vətənimin övladlarıdır. Vətənimin adı isə mənim üçün hər şeydən yüksəkdir.

- Sevdiyiniz Vətəndə yaşadığımız 44 gün...

- İllərdir ki, Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının hərbi-nümunəvi ansamblının rəisiyəm, kapitan rütbəsi daşıyıram. O üzdən Vətənin keşiyində dayanan əsgərlərin fəaliyyətimdə xüsusi yeri var. Və müharibə başlayanda, lazım olsaydı, mən döyüşməyə də gedərdim. Mən inanıram ki, buna hamı hazır idi. Müharibədən sonra Ali Baş Komandan və ölkənin Birinci vitse-prezidenti Xudafərin körpüsünə gedəndən bir ay sonra biz bir neçə sənətkar ora getdik. Dövlət Televiziyasının layihəsi idi. Mənim "Vətəndir" adlı bir əsərim var, onu məhz orda çəkmək nəzərdə tutulmuşdu. Onda hələ quruculuq işləri başlamamışdı, hər tərəf mina sahələri idi. Biz körpüyə silahlı əsgərlərimizin nəzarəti altında gedirdik. Körpünün o tayında da silahlı əsgərlər vardı. Və biz əsəri ifa edəndə mən o dağıntılara baxa-baxa sanırdım ki, bu yolda şəhid olan əsgərlərimizin döyüşünü görürəm. Bunun nə qədər qürurverici bir hiss olduğunu ifadə etməkdə çox acizəm, baxmayaraq ki, şəhid acısı ağırdan da ağırdır. Artıq 2 ildən artıq bir vaxt keçib və hər dəfə əsgərlərimizin qarşısına konsert proqramları ilə çıxanda, mənə elə gəlir səmadan da bizi izləyən gözlər var...

- Vətənə çox bağlı Fidan Hacıyeva-Neylor...

 - Bayaq da vurğuladım ki, mən qismətə çox inanıram. Yoldaşım Azərbaycanı çox sevir, mənim Vətənimdə yaşayıb övladlarımızı böyüdürük. Hər üçü təmiz və səlis Azərbaycan dilində danışır, hətta görüb eşidənlər təəccüb edir. Qızım İngiltərədə diplomatiya sahəsində təhsil alır, böyük oğlum Bakıda oxuyur. Amma on yaşlı kiçik oğlum musiqiçi olmaq istəyir.

- Deməli, ailədə bir musiqiçi də böyüyür.

- Özü də həvəslə böyüyür. Öz məktəbimizdə oxuyur, fortepiano, gitara, skripkada gözəl ifa edir. Bu yaxınlarda bir yeniliyimiz olacaq, bunu da ilk sizə deyirəm. Vahid Əzizin Ulu öndərə həsr etdiyi şeir var. Evdə şeiri oxuya-oxuya deyirdim ki, görəsən bu mahnını mənim üçün kim yazacaq. Elə yoldaşımla bu haqda danışırdıq ki, oğlumun piano arxasına keçib nəsə ifa etdiyini eşitdim. Yaxınlaşıb soruşdum ki, bu nə musiqidi belə? Cavab verdi ki, bir bu musiqiyə qulaq as. Şeirə baxanda gördüm ki, nəsə uyğunluq var. Bir neçə dəfə musiqini ona çaldırdım. Düşündüm ki, bəlkə bir ana olaraq mənə elə gəlir. Məktəbə gəlib musiqini səsləndirdik və dinləyənlər bir ağızdan mənim yanılmadığımı söylədi. Mahnı artıq hazırdır. Onu  məktəbimizin xoru ilə birlikdə ifa edəcəyəm. Və bu bizim Ulu öndərin 100 illiyinə olan hədiyyəmizdir.

- Ailədə Azərbaycan abu-havası...

- Anam Simuzər xanım olan yerdə abu-hava dəyişə bilməz. Zamanında bizi yetişdirən anamın övladlarımın tərbiyəsində, qayğısında zəhməti əvəzsizdir. Mən milli-mənəvi dəyərlərə çox bağlı bir insanam və uşaqların yetişməsində boşluğun yaranmasın imkan verməmişəm. İşimi həmişə elə qururam ki, onlar dərsdən gələndə evdə olum. Təbii ki, tədbirlər, səfərlər, tamaşalar olanda onlara nəzarət anamın öhdəsindədir.

- Bir az da sualsız danışın...

- Çox maraqlı yanaşma oldu. Əslində bayaqdan özlüyümdə düşünürdüm ki, maraqlı suallar verirsiniz və cavabları tapmaq  xeyli  düşündürür. İndi ki belə dediniz, yaxşı, sualsız danışım bir az. Həmişə Vətənimə başucalığı gətirmək istəmişəm. Ölkəmi harada təmsil etmişəmsə, Vətənimi həmişə sevindirmək uğruna çalışmışam və buna nail olmuşam. Xalqın sevgisini qazanmaq üçün çox çətinliklərə qatlaşmışam, çünki bu sevginin əvəzi yoxdur. Həyatda daha çox qazanmışam, itirdiyim həmişə yeri görünən atam olub. Çox istərdim yenə də yanımda olsun. Tamaşa olan günlərdə həmişə çay dəmləyib məni gözləyərdi. Bunu bildiyimdən tamaşadan sonra evə çatmağa çox tələsərdim. Çay içə-içə uzun-uzadı söhbət edərdik. Bu boşluq təəssüf ki, elə olduğu kimi də qalacaq. Həyatda bir kərə heyfsilənmişəm, özü də mənə ağrı verəcək qədər. Bir adama etdiyim yaxşılığın müqabilində depressiyaya düşəcək qədər əzab yaşadım. Düzdür, deyirlər zaman ən yaxşı məlhəmdir, amma mən o yaşadığımı hələ də unutmamışam. Arzularım çoxdur, etmək istədiklərimin hamısına çatmağa tələsirəm və bir də qadınları həmişə üzügülər görmək istəyirəm.

- Çünki sürüklənən bəşəriyyət qadınla yüksələcək...

- Adında ana adı daşıyan bir varlığın üzü niyə də gülməsin? Qadın hər şeyin ən gözəlinə layiqdir. Unutmaq olmaz ki, bu gün Vətən uğruna canını fəda edən şəhidlərimizi, əlil qalan qazilərimizi yetişdirən qadındır.

- Söhbətimizin nöqtəsini bizə olan münasibətinizlə qoyaq...

 - Əvvəla qəzetinizə təşəkkür edirəm ki, mənə vaxt ayırmısız. Mən mətbuatla dostam və həmişə də sizlərdən razıyam. Fəaliyyət olan yerdə kəm-kəsir mütləq olmalıdır. Amma hələ mətbuatı ayaqda saxlamağa gücü yetənlər var və buna sevinmək, inanmaq və dəstək olmaq lazımdır. Həmişə var olun.

SÖZARDI: Yazının əvvəlində yazmışdım: "İndiyə qədər opera sahəsinin peşəkarı ilə həmsöhbət olmağa çox çalışsam da, qəribə səbəblər üzündən alınmayıb. Yəqin ona görə ki, müsahibə dəqiq ünvanını gözləyirmiş". O ünvana axır ki, çatdım, amma bir az gec. Gecikməyə isə dəydi...

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 8 aprel.- S.18;19.