Ögey tale  

 

 

Bizim yaşadığımız "Jildom" deyilən birmərtəbəli kommunal bina qış klubuyla Sərhədçilər şəhərciyinin arasındaydı. Sudanyanıq üç-dörd ağacdan savayı bir yaşıllığı olmayan həyət bu uzunsov binanın boyuna biçilmişdi elə bil. Axşamlar uzaqda -  Araz boyunda qatarların işıqları sayrışır, axıb gözdən itirdi. Bilirdik ki, o qatarlar insanları hardasa uzaqdakı şəhərə aparıb-gətirir.

Günlərin birində qonşumuz Sədrəddin dayı ezamiyyətdən qayıdanda tək gəlmədi, şəhərdə evləndiyi Nubar adlı yanıuşaqlı bir qadın gətirdi. Yad gəlinin gəlişiylə həyətin ab-havası da dəyişdi.

Arvadlar bir yerə yığışıb xısınlaşırdılar: kimi Sədrəddin dayını qınayır, kimi isə ona haqq qazandırırdı ki, düz iş tutub, oğlu Adilə analıq eləyən lazımdı.

Gözəl xala başını bulayıb, dedi:

- O arvaddan mənim gözüm su içmir, ögey anaların yaxşısını görməmişəm.

Bu sözlərdən ürpəndim, bildim ki, Sədrəddin dayı o şəhərli qadını Adilə ögey ana gətirib və analığının yanında gətirdiyi balaca qız da onun ögey bacısıdır.

Adil məndən bir yaş böyük idi, beşinci sinifdə oxuyurdu. Anasını körpə ikən itirmişdi. Nubar xalanın gəlişindən sonra elə dəyişmişdi, onu tanımaq olmurdu, evdən bayıra çıxmır, uşaqlardan, tay-tuşlarından gen gəzirdi.

Nubar xala indiyəcən eşitmədiyimiz bir şivədə danışırdı.  Qonum-qonşuya qaynayıb-qarışmırdı, elə həyətin qadınları da ona üz göstərmir, yaxınlıq vermirdilər. Çənəsində ziyilə oxşayan iri xal vardı. Mənə elə gəlirdi o qadını çoxdan, hələ bizim həyətə gəlməmişdən tanıyırdım, nənəmin danışdığı nağıllarda görmüşdüm. Nağıllardakı ögey analar da belə qanısoyuq, deyingən, acıqlıdılar, hamısının da çənəsində xal olur. Elə bilirdim Sədrəddin dayı Nubar xalanı şəhərdən yox, hansısa nağıldan götürüb gəlib, bir qədər yaşayıb yenə qayıdıb gedəcək öz nağılına.

Ögey ananın ögey səsi həyəti başına götürürdü. Günaxşamacan Adilə qışqırır, ona odun yardırır, su daşıtdırırdı, cini tutanda isə salırdı çubuğun altına. Adil ağrılara dözür, cınqırını da çıxarmırdı. Onun halına ögey bacısı ağrınıb ağlayırdı.

Adilə ürəyimiz yanırdı, yamanca sınıxmışdı. Qayğılı olsa da, dərslərini yenə əvvəlki təki çatdırır, yaxşı oxuyurdu.

Həyətimizin ögey anasının dalınca da rayona "Ögey ana" filmi gəldi. Yenicə çəkilmişdi. Elə bilirdim bu filmi Adilin analığı Nubar xaladan çəkiblər.

Klub ağzınacan doluydu. Gözüm Adili gəzdi. Səhnəyə qalxan taxta artırmanın yanında, yerdən oturmuşdu. Gahdan çönüb arxaya boylanır, işıqların sönməyini, filmin başlamağını səbirsizliklə gözləyirdi. Bu kino hamıdan əfzəl Adilə gərək idi, onun kinosuydu...

Zalda hərdən hıçqırıq səsi eşidilirdi: uşaqlar bir yana, böyüklər də göz yaşını saxlaya bilmirdilər. Nəzərimi ekrandan ayırmasam da, bir gözüm Adildəydi. Yarıqaranlıqda yaxşı seçmirdim, ancaq arabir əlini gözünə aparmağından onun da ağladığını bilirdim. Film indiyədək baxdıqlarımızdan seçilirdi. Elə bil bu gördüyüm kino deyil və səhnənin ortasından asılmış iri bəyaz pərdə də ekran yox, dünyaya açılan geniş bir pəncərədir və mən bu pəncərədən boylanıb həyata baxıram.

Ekranda "Filmin sonu" yazılmağıyla zalın boşalmağı bir oldu. Ayaqlarımı sürüyüb qapının ağzında ləngidim. Adil hələ də oturduğu yerdə səssiz-səmirsiz qalmışdı, gözlərini boş ekrandan çəkmirdi. Onnan ötrü kino bitməmişdi, filmin çəkilməmiş ardını seyr edirdi sanki.

Klubun qabağında "Jildom" uşaqlarından savayı heç kim qalmamışdı. Biz isə evə tələsmirdik, filmin təsirindən hələ də ayrıla bilmirdik. Mən özlüyümdə fikirləşir, Sədrəddin dayını qınayırdım ki, axı niyə o, şəhərdən kinodakı mehriban, qayğıkeş Dilarə xalanı yox, ətiacı Nubar xalanı gətirib. Əgər Dilarə xala Adilin ögey anası olsaydı, onun qayğısına qalar, axşamlar üstünü örtər, laylay deyərdi, kinodakı kimi...

Dinib-danışan yox idi, elə bil həmişə klubun qabağındakı meydançada hay-küylə oynayıb əylənən uşaqlar deyildik.

Üzücü ünsüzlüyü, uzundraz Nağının səsi pozdu:

- Ha-ha-haa!.. Sən bunlara bax ey!.. Gözlərinin qorasını sıxırlar! - tənə elədi. Ağzını qoymuşdu Allah yoluna: - Kinodu da, artistlər oynuyur. Həyatda həbelə dəyil ha!.. Həbelə olsaydı, dədəmə deyərdim Bakıya otçota gedəndə kinodakı kimi bir Dilara xala gətirərdi, doğma anam məni tənbeh eləyəndə qaçardım analığımın yanına. Doğruçu ögey ana Nübar xaladı e, Adilin belində odun sındırır.

Adil gözümə dəymədi. Klubun kəllayısına sarı hərləndim. O, kinomexanik köşkünə qalxan daş artırmanın altında dayanmışdı. Əlində anasının kiçik şəklini tutmuşdu. Çiyinləri titrəyir, hıçqırıb ağlayırdı: "Anacan! Ana!... Ürpəndim, içimdən soyuq bir gizilti keçdi, sanki ekrandakı filmin ardı həyatda davam eləyirdi.

O filmdən sonra bizim Adilə münasibətimiz lap dəyişdi. Elə böyüklər də onu digər uşaqlardan seçirdilər. Adil isə bu qayğıkeşlikdən sıxılır, istəmirdi ki, onu tay-tuşlarından seçib ayırsınlar. İnsanların mərhəməti anasızlığını bir daha onun yadına salırdı.

Uzundraz Nağıya da həyət uşaqlarının münasibəti dəyişmişdi. Hamı bir girəvə gəzirdi ki, bu bivec oğlanla dalaşsın. Kinoda anasının ögeyliyini İsmayılın üzünə vuran, ona tənə eləyən hozu-hozaki Səmədin acığını həyatda Nağıdan çıxmaq istəyirdik. Harfa danışığı, sur-suyumu, köntöy davranışıyla Nağı bizə bivec Səmədi xatırladırdı. Filmdəki İsmayılı nə qədər sevirdiksə, Səmədə bir o qədər kin bəsləyir, nifrət eləyirdik...

O vaxtdan iyirmi ilə yaxın bir müddət keçmişdi. Azərbaycan beynəlxalq radiosunda işləyirdim. Bir dəfə təsadüfən söhbət zamanı bildim ki, "Ögey ana" filmindəki Səməd rolunu oynayan iş yoldaşım Fərhad Bakıxanovdur. Bir yerdə çalışsaq da, bundan xəbərim olmamışdı, heç onun özü də bu barədə söhbət açmamışdı. Dedim Fərhad, altmışıncı illərin uşaqları hələ də səni axtarırlar, onların qəlbində necə kin-küdurət oyatmısansa, yaddan çıxartmırlar. Elə biri mən özüm... Fərhad güldü, dedi "Ögey ana"dan sonra məktəbdə, həyətimizdə mənimlə dalaşmağa hamı bir bəhanə axtarırdı. Məni öz adımla yox, Səməd çağırırdılar, bu da xoşuma getmirdi. Odur ki, kinoda çəkildiyimi gizlədirdim.

Ötən illəri xatırladı. Dedi "Ögey ana" İsmayıllı rayonun Qalacıq kəndində çəkilib. Filmdə uşaq rolları çox idi. Hamımımız da ilk dəfəydi kamera qarşısında dururduq. Qırxıncı illərin uşaqlarıydıq. Mən 1945, Ceyhun Mirzəyev 46, Jəmiləni oynayan Sevinc isə 47 təvəllüd idi. Çəkilişdə bəzən müəyyən çətinliklər yaransa da, recissor Həbib İsmayılov uşaqlarların dilini tapa bilmişdi və hər kəs də öz rolunun öhdəsindən gəlirdi. Nəcibə Məlikova oğlu Saqibi də özüylə götürmüşdü və o vaxtdan da dostluğumuz başladı. Nəcibə xanım bizi Saqibdən ayırmırdı, çəkiliş meydanından kənarda da qayğımıza qalır, bizə analıq eləyirdi. Xasiyyətcə mülayim, xeyirxah qadın idi. Uşaqlı-böyüklü hamı xatirini istəyirdi. Kənd camaatı da ona vurulmuşdu. Xətrini əziz tuturdular. Yaşlı bir qadın nəvəsinin əlindən yapışıb çəkiliş meydanına gətirmişdi ki, Nəcibə xanım onu müayinə eləsin. Qarını inandıra bilmirdilər ki, Nəcibə xanım həkim deyil, aktrisadır.

- Həyatın qəribəlikləri çoxdur, - Fərhad sözünə davam elədi. - Çoxları bilmir ki, o filmdə Nəcibə xanım həm də öz həyatını oynayıb. Ailə quranda həyat yoldaşının əvvəlki arvadından Fuad adlı oğlu vardı. (Fuad Əsədov. AFFA-nın Baş katibi olub). Nəcibə xanım ona əsl ana qayğısı göstərmiş, onu Saqibdən seçməmişdi. Bəlkə də buna görə kinodakı rolu dolğun və gözəl alınmışdı. Ceyhun Mirzəyev də rolun öhdəsindən yaxşı gəlmişdi və elə bilirəm filmin uğurunun əsasında hər şeydən əvvəl onların bənzərsiz ekran dueti durur. Ceyhun elə bil neçə ilin aktyoru idi. Sovet kinoşünasları, tənqidçiləri onun oyununa yüksək qiymət verdilər, haqqında yazdılar. Təsadüfü deyil ki, iki il sonra Tofiq Tağızadə onu Nodar Şaşıqoğlu və Tamilla Ağamirova kimi tanınmış aktyorlarla "Mateo Falkone" filmində çəkdi.

Fərhadın niyə aktyorluq sənətinə getmədiyi ilə maraqlandım. Dedi inanmıram ki, kinomuz mənim simamda nəsə itirib. O,   uşaqlardan yalnız Ceyhun Mirzəyev kino sənətini seçdi. Cəmiləni oynayan Sevinc Axundova musiqi müəllimi oldu. Dadaş rolunda çəkilən Ceyhun Şərifov Xalq artistləri Ələsgər Şərifov və Məhluqə Sadıqovanın övladıydı, amma o da aktyorluğa getmədi, uzun illər Az TV-də idman şərhçisi işlədi. Saqiblə mən isə orta məkğəbi bitirib universitetin Şərqşünaslıq fakultəsinə, fars dili bölməsinə qəbul olduq. 

Biləndə ki, Fərhadın həyat yoldaşı, həm də məktəbyaşlı uşaqları atalarının aktyorluğundan xəbərsizdirlər, onu qınadım. Dedim burda nə var axı? Əksinə, övladların səninlə fəxr edəcəklər. Proqramda oxudum, bu axşam televiziyada "Ögey ana"nı göstərəcəklər, oturub baxanda uşaqlarına danışarsan, yerinə düşər, onlardan ötrü sürpriz olar.

Ertəsi gün maraqlandım. Fərhad dedi işdən çıxanda Nodar Şaşıqoğluyla rastlaşdım. Bakıya gəlmişdi. Yaxşıca pivələdik, söhbətləşdik. Evə gec gəldim. Mən kəndarda paltomu soyunanda gördüm uşaqlar "Ögey ana" filminə baxırlar. Kiçik oğlum böyüyə deyir ki, indi o əclaf Səmədi göstərəcəklər, əlimə düşsəydi, onun ağız-burnunu əzərdim. Zəhləm gedir o gicbəsərdən... Bundan sonra daha nə deyim? Bir onu dedim ki, ay uşaq, televizora baxanda sakit olun, hər sözü danışmayın.

Filmdəki Səməd obrazı epizodik olsa da, amma yaddaqalandır. Fərhad kiçik roluyla tamaşaçıların nifrətini qazana bilib. Bu isə uğur deməkdir. Həmişə belə olub: mənfi personajları oynayanların uğuru, qazancı tamaşaçı nifrətidir, əgər aktyor bu hissləri tamaşıçıda oyada bilibsə, deməli, rolun öhdəsindən gəlib...

Fərhadı tərcüməçi kimi Əfqanıstana göndərdilər. Sonra bir neçə il də İranda işlədi. O vədə münasibətimizdə sərinlik yaranmışdı və bunun səbəbini daha çox özümdə görürdüm. 

 

Doxsanıncı illərin əvvəliydi. Məni İrana xidməti ezamiyyətə göndərdilər. Astara keçid məntəqəsi indiki təki gedişli-gəlişli deyildi. O gün bu taydan o taya keçən tək mən idim. İran tərəfdən də bəri taya gələn bir nəfər idi. Neytral ərazidə, Astara çayı üzərindəki körpünün düz ortasında üzbəüz çıxdıq. Fərhad idi, Tehrandan gəlirdi. Kontraktı bitdiyindən geri qayıdırdı. Soruşdu sən ki, türk redaksiyasında işləyirdin, İrana xeyir ola? Dedim iki ildir Teleradio şirkətində Xarici əlaqələr şöbəsi açmışıq, o şöbəyə rəhbərlik edirəm. Sərhəddəki təsadüfü görüş münasibətimizdəki sərinliyi bir andaca sildi, sanki aramızda umu-küsü olmamışdı.

Bizim daha bir görüşümüz "Ögey ana"nın çəkildiyi Qalaçığa səfərlə nəticələndi. Dostumuz Rasim də bizimləydi. O kəndi görmək maraqlıydı, ələlxüsus Fərhaddan ötrü. Kəndə yaxınlaşanda görürdüm ki, həyəcanlanır. Dedi Qalacıq çox dəyişib tanımaq olmur. Dəyişməyən dağ çayının şırıltısıdı, o vaxtdan qulaqlarımda necə qalıbsa, elə də eşidirəm. Necə axırdısa yenə eləcə axır...

Kənd sakinləri başımıza yığışdılar. Fərhadı tanıyanlar da oldu, onunla xatirə şəkili çəkdirdilər. Xatirələr dilə gəldi. Fərhadın yaddan çıxartdıqları da vardı və unutduqdarını yaşıdları ona xatırlatdılar. Fərhad dedi o vaxtlar çayda çimmək şəhərdən gələn uşaqların hamısının arzusuydu, amma bizi yaxın buraxmırdılar ki, xəstələnərsiniz.

Hava çox isti olmasa da, Fərhad çaya girdi, dedi uşaqlıq arzuma qırx beş il sonra çatdım və bu həm də Jeyhunun, Saqibin arzusu idi. Ruhları şad olsun...

Qalacıq səfərindən bir xeyli keçmişdi. Fərhadla təsadüfən şəhərdə rastlaşdıq. Rasimə zəng elədik, o da gəldi. Fərhad söhbətə muştuluq xəbərlə başladı, dedi birotaqlı mənzil alıb, təmir elətdirib, - Yevroremont. Bir qalıb köçməyi. Sevindik, onu təbrik etdik. Üz vurduq ki, evgördüsünə getməliyik, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdı. Rasimlə himləşdik ki, yolüstü bir hədiyyə götürərik. Fərhad əvvəl maşını Yasamal qəbiristanlığına sürdü, ailə məzarlığı oradaydı. Gül də götürdük. Qırmızı qərənfilləri dəstələrə ayırıb, valideynlərinin məzarına, bir cütünü isə təzə bir qəbirə qoydu. Heyrətdən donub yerimdə qaldım. Rasimin də halı özündə deyildi, dili söz tutmurdu danışsın. Təzə qəbirin başdaşındakı şəkildən dostumuzun gülümsər sifəti bizə baxırdı. Şəklin altında yazılmışdı: "Bakıxanov Fərhad Üseyn oğlu. 01-01-1945. Mənalı-mənalı qımışmağından məsələnin nə yerdə olduğunu indi anladıq. Birotaqlı mənzil o öz məzarına deyirmiş. Dedi dünyaya etibar yoxdu, ölüm-itim dünyasıdı. Özümdən sonra uşaqlar qayğı çəkməsin deyə bu işi tutdum...

Kefimizin korlandığını görüb, könlümüzü almaq istədi, dedi burdan gedirik Zelyonnı trestə, Müstəcəbin kababxanasına, "təzə mənzili" qeyd etməliyik. Mən boyun qaçırdım, Rasim də bir bəhanə tapıb, dəvətdən yayındı...

Novruzda anamın Yasamal qəbiristanlığındakı məzarını ziyarət elədim. Nədənsə Fərhadın "birotaqlı mənzil" söhbəti yadıma düşdü. Elə bil nəsə bir qüvvə məni o səmtə çəkdi. Gözlərimə inanmadım. Dostumun sağlığında özünə qoyduğu başdaşındakı tarixə əlavə edilmişdi - 24.01. 2022.

"Ögey ana" filmi bu gün də televiziya kanallarında göstərilir və maraqla baxılır. Nəsillər dəyişir, bu ekran əsərinə olan sevgi, maraq isə dəyişmir. Hər dəfə o filmə baxanda istər-istəməz xəyal məni qayğısız uşaqlıq çağlarıma qaytarır, "Jildom" dediyimiz kommunal bina gözümün qabağına gəlir. Adili, onun analığı Nubar xalanı, Sədrəddin dayını, köntöy Nağını, xatırlayıram. Qonşumuz Gözəl xalanın sözləri qulaqlarımda səslənir: "Allah heç bir uşağa ögey ana nəsib eləməsin..."

 

Kamil Əfsəroğlu

525-ci qəzet.- 2023.- 8 aprel.- S.16;19.