Mötəbər
ziyarət
"Qoyun cibinizə, azərbaycanlılardan pul
götürmürük".
İsrar etməyin mənasız olduğunu başa
düşüb pulu yenidən çantaya qoyuram.
Mirzə
Fətəli Axundzadənin Tiflisdəki ev-muzeyindəyəm -
Mirzə Fətəli Axundzadə adına
Azərbaycan Mədəniyyət Muzeyində.
Nəzarətçi ilə qısa dialoqdan sonra
yuxarı qalxıram. Bu gün iş günü olmadığından muzey bələdçiləri
yoxdur. Deməli, buraları tək gəzməli
olacağam. Olsun, neynək?
Vaxt itirmədən
Axundzadənin iş otağına keçirəm. Yazıçıların
iş otağı, xüsusilə də
iş masası həmişə mənə mistik
görünüb. Düşünəndə ki,
yazıçının ixtiyari bir qəhrəmanı bu masada doğulub, taleyi və ya ölümü
bu masada yazılıb, o zaman sıradan taxta parçasına
belə başqa gözlə baxa bilirsən. Ancaq burda təkcə
iş masası yox, elə hər şey mənim
üçün böyük məna kəsb edir. Axı bura
Mirzə Fətəli Axundzadənin iş otağıdır.
Otaqda yazı masasından savayı kitab dolabı, divar
saatı, çıraq və yazıçının digər
şəxsi əşyaları var.
Muzeylərdə
çox vaxt çıxışda qoyulan qeyd kitabı burada
yazıçının iş masasının üzərinə
qoyulub. Mən də o kitaba ürək sözlərimi
yazıram. Daha sonra muzeyin digər eksponatları ilə tanış oluram.
Yazıçı bu evi 1834-cü ildə satın
alıb və ömrünün sonuna qədər burada
yaşayıb.
1983-cü ildən etibarən Axundzadənin ev
muzeyinə çevrilən binada 2013-cü ildə Azərbaycan
Respublikasının vəsaiti hesabına əsaslı təmir
və yenidənqurma işləri aparılıb.
İnzibati binada incəsənət qalereyası və
"Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə
M.F.Axundzadənin mumdan hazırlanmış heykəli də
qoyulub.
Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Əsas zalda
yazıçının həyat və
yaradıcılığına dair sənədlər, əlyazmalar,
medallar, kitablar, ev əşyaları,
fotolar var.
Axundzadənin qızı Nisə xanımın tikiş
maşını da burada qorunub saxlanır. Nisə
xanımdan söz düşmüşkən, Mirzə Fətəlinin
Hacı Ələsgərin qızı Tubu xanımla
nikahından 13 övladı olub. Amma
onlardan yalnız ikisi - oğlu Rəşidbəy və
qızı Nisə xanım uzun müddət yaşayıb,
qalanları erkən yaşlarında dünyalarını dəyişib.
Deyilənə görə, yazıçının digər
nikahdan olan qızı Seyrəbəyim Qacar şahzadələrindən
Bəhmən Mirzənin oğlu Xanbaba xanın arvadı
imiş. Evlənəndən
altı il sonra Seyrəbəyim vəfat
edir, iki uşağı yetim qalır. Bu hadisədən bərk
sarsılan Axundzadə yetim qalan körpə nəvələri
anasızlığı hiss etməsin deyə ikinci
qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bu izdivacda Xanbabanın yüksək əxlaqi-keyfiyyətlərə
malik olmasının da böyük rol oynadığı
deyilir.
O möhtəşəm
afişa...
Bu
afişaya görə, sizə nə qədər minnətdarıq,
böyük adam...
Daha sonra fotolara göz gəzdirirəm. Mirzə Şəfi
Vazehin, Qasım bəy Zakirin, Həsən bəy Zərdabinin,
Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəyovun
şəkilləri divardan asılıb.
"Ədəbiyyatsevərlər görkəmli dramaturq
Axundzadə ilə vidalaşır".
Yazıçının məzarı başında
çəkilən şəkillər bu başlıq
altında sıralanır.
Bəs yaxşı, Mirzə Fətəlinin meyitinin
üç gün ortalıqda qalması necə? O iddia düzdürsə, bəs
bu şəkillər nədir? Ağlabatan
cavabım yoxdur. Qədir-qiyməti
yalnız itirəndən sonra bilmək insanın, insanların
çoxdankı vərdişidir axı.
Onu da deyək ki, otağın bir hissəsi evin real fotosu
əsasında hazırlanıb. Həmin fotoya baxanda ən
xırda detallara qədər bənzərlik görmək
mümkündür.
Muzeyi gəzməyə davam edirəm. Otaqlardan biri
Azərbaycan mədəniyyətinə, o biri isə Azərbaycan
və Gürcüstan dostluğuna həsr olunmuş
ekspozisiyalardan ibarətdir.
Ümumi
zalda Azərbaycan mədəniyyətinə dair xeyli eksponat
var. Əvvəlcə bu eksponatların bir ev muzeyi
üçün çox olduğunu düşünsəm də,
sonradan muzeyin şəhər mərkəzində yerləşməsini,
turistlər üçün əlçatanlığını
və əhəmiyyətini nəzərə alaraq bu
detalların mədəniyyətimizin təbliğinə
hesablandığı qənaətinə gəlirəm.
Muzeyi gəzib-bitirdikdən sonra birinci mərtəbəyə
enirəm. Bayaqdan bəri nəzarətçinin yanında
dayanan cavan oğlan söhbət əsnasında azərbaycanlı
olduğunu, özünün də bir vaxtlar burada işlədiyini
və məni maraqlandıracaq suallara cavab verə biləcəyini
deyir. Onunla turistlərdən tutmuş
eksponatlara qədər bir xeyli söhbət edirik. Qəfildən telefonuna gələn mesaj isə
oğlanın üzündə təbəssüm yaradır.
Bir neçə dəqiqədən sonra o, üzrxahlıqla
bayaq dediyi "Sizə digər muzeylərin yerini göstərərəm"
sözünü geri götürür:
- Sizə
çox kömək etmək istəyərdim, ancaq təəssüf
ki, məni çağırırlar, təcili getməliyəm.
- Qız
gözləyir?
- Hə,
- gülümsüyərək cavab verir - Gərək dediyi
vaxtda orada olam, yoxsa inciyir.
-
Çox sevirsən onu?
-
Özü də necə. Görəndə
ayaqlarım yerdən üzülür. Bu
yay elçi göndərəcəyəm. Əslində, deyirlər ki, 22 yaş evlənmək
üçün tezdir mənə. - qəfildən
ciddi görkəm alaraq - Niyə elə baxırsan? Olmaya sən də qınayırsan məni?
- Yox, mən
sənə həsəd aparıram. Həsəd
aparıram ki, sən ayağını yerdən üzən
adamı belə tez tapmısan. Heç kimə
fikir vermə. Əgər ürəyin bu
qız o qızdır deyirsə, evlən getsin. Nəysə, fəlsəfə vaxtı deyil,
qızı gözlətmə.
Muzeydəkilərlə sağollaşıb, yola düzəlirəm. Binadan bir qədər
uzaqlaşdıqdan sonra dönüb bir daha tərk etdiyim
ünvana baxıram. Gözlərim eyvana
sataşır. Yadıma Mirzə Fətəlinin
yanında aşpaz işləyən Nəcəfin oğlu
Qafarın xatirələrindən oxuduğum bir əhvalat
düşür:
" Atam
deyir ki, bir gün Mirzənin arvadı Tubu xanım
yayqabağı ev tökmüşdü. Mən
də mətbəxdə bişmiş hazırlayırdım.
Mirzə də balkonda gəzirdi. Həyətə bir qoca dilənçi gəlir.
Dilənçi Mirzəni balkonda görüb ona
müraciət edərək, yalvarıb ondan sədəqə
istəyir. Mirzənin bu dilənçiyə
çox yazığı gəlir. Balkon məhəccərinə
salınmış xalçanı itələyib həyətə
salır və dilənçiyə deyir ki, tez get ki, Tubu
xanım görməsin".
Tubu
xanım hadisədən xəbər tutanda isə Mirzə belə
cavab verir:
"Sözün doğrusu, qoca kişinin dilənçiliyinə
və qocalığına yazığım gəldi. Fikirləşdim
ki, bu qoca kişiyə nə verim ki, onun dərdinə bir əlac
olsun. Gördüm ki, balkonda məhəccərə
salınmış xalçadan məsləhətlisi yoxdur.
Öz-özümə fikirləşdim ki, bizdə
bir neçəsi var, bəlkə bu qocanın altına
salmağa parçası da yoxdur. Xalçanı
verdim ki, aparıb altına salar və hər durub-oturanda məni
yad eləyər".
Əziz Axundzadə, bilmirəm, o dilənçi sizi nə
vaxtsa yad edib, ya yox. Amma əmin olun, bu gün sizi anlayan, sizin
yolunuzu tutan minlərlə, onminlərlə insan var və onlar
daim sizi yad edirlər və bundan sonra da edəcəklər.
Hər
şeyə görə çox sağ olun, böyük insan!..
lll
Marta bax, istiyə bax. Bir yandan da
çantamın ağırlığı. Üstəlik də hələ nə qədər
yolum var. Bilsəydim, yolum belə uzun olacaq, çantamı evdə
qoyub çıxardım. Mən bilmirdim,
amma siz Axundzadənin məzarını ziyarət etmək istəsəniz,
xatirinizdə olsun ki, məzar Botanika bağının lap
içərisindədir və oraya qədər piyada xeyli
yolunuz var.
Çantanı
götürə-qoya, yavaş-yavaş, üzüyuxarı
addımlayırdım ki, qarşımda ortayaşlı bir kişi peyda oldu. Ədəb-ərkanla
salamlaşandan sonra mənə kömək lazım
olub-olmadığını soruşdu. O, sualını
bitirməmiş çantamı ona uzatdım. Yolboyu
davam edən söhbətimizdə adının Georgi,
özünün isə milliyyətcə gürcü
olduğunu və burada işlədiyini öyrənirəm.
Bir qədər
dincəldikdən sonra israrla çantamı geri istəsəm
də, Georgi qaytarmır:
-
Bilirsiniz, mənim oğlum indi Balakəndə yaşayır. Bir müddətdir ki, orada işləyir. İndi sizə kömək edəndə mənə
elə gəlir ki, sanki onun üçün nəsə edirəm.
Elə bilirəm, nə vaxtsa mənim oğlumun da çiynində
belə ağır çanta olsa, sizinkilərdən kimsə
ona kömək edəcək...
lll
Bu da
Axundzadənin məzarı...
Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən
olan Mirzə Məhəmmədtağı Şəkidəki
ticarətində çətinlik yarandığı zaman həyat
yoldaşı Nanə xanımı və iki yaşlı Fətəlini
götürüb Xamnəyə qayıdır. Burada Nanə
xanım ərinin birinci arvadı ilə yola gedə bilmir.
Məsələni belə görən ata qərara
alır ki, uşağı anasından alsın.
Nisə
xanımın dilindən bu əhvalat belə nəql edilir:
"O gün Mirzə Fətəli bərk yuxuda imiş və anasının ondan ayrılacağını bilmirmiş, lakin bütün ev adamları Nanə xanımı yola salmaq ilə məşğul ikən, on yaşlı ögey bacısı Mirzə Fətəlinin yanına gəlib, nə yatmısan, dur ayağa, indicə anan gedər, sonra həmişəlik onun üzünə həsrət qalarsan" deyə onu oyatmışdı. Körpə Mirzə Fətəli ağlayaraq həyətə atılıb dəvəyə minmək üzrə olan anasının ətəyindən yapışıb bağırmağa başlamış. Atası rəhmə gəlib uşağı anasına bağışlamışdı. Mirzə Fətəli hər dəfə bu vəqəni xatırlarkən, öz bacısının bu yaxşılığını hörmətlə qeyd edər və ona borclu olduğunu söylərmiş, çünki onun insan olmasına o qız səbəb olmuşdu, əgər İranda atasının yanında qalsaydı, heç bir tərbiyə və təhsil ala bilməyəcəkdi".
Bəs, görəsən, Vazehi tanımasaydı, nə olacaqdı? Məzarlıqda yanaşı uyuyan müəllim-tələbəni görəndə ağlıma ilk bu sual gəlir.
Bir müəllimin insan həyatındakı önəmini anlamaq üçün Mirzə Şəfi Vazehin Fətəliyə münasibətini, bir tələbənin öz müəlliminə sədaqətini görmək üçün isə Fətəlinin Vazehə münasibətinə baxmaq kifayət edir. Sizcə də, müəlliminin yanında dəfn olunmaq arzusu müdhiş deyilmi?
Məzarların yanında bir xeyli otururam. Getmək vaxtı gələndə sanki ziyarətimində nəyinsə natamam qaldığını hiss edirəm. Əllərimi açıb hələ yeniyetmə vaxtımda Qurandan əzbərlədiyim bir neçə surəni onların ruhuna oxuyuram. Bütün dinləri puç və əfsanə sayan Axundzadənin məzarı önündə Quran oxumaq bəlkə də, kimlər üçünsə qəribə görünə bilər. Fəqət mən o dünyaya olan inancımı hələ tam itirməmişəm. Bu inanca xatir əlimdən gələn yeganə iş isə Onun ruhuna dualar oxumaq olur...
Aytac
SAHƏD
525-ci qəzet.- 2023.- 8 aprel.- S.14.