SNAYPERİN
AÇILMAYAN GÜLLƏSİ
O gündən
bu gün görünmürdü. Bu gündən o günə
baxaraq danışmaq nə asan!
O
burulğanlı günlərin içində yaşamaq,
haçansa gələcək xoşbəxt, uğurlu, qalibiyyətli
günlərin mütləq bir gün yetişəcəyinə
ümid bəsləmək, inanmaq çətindən-çətin
idi.
Qat-qat çətin olansa, hər çiyinin
daşıya bilməyəcəyi ağır yüksə bu
idi ki, o, başqaları kimi sadəcə arzulaya, ümid edə
bilməzdi.
Onun özü ümid yeri idi.
Arzulanan, ümid bəslənən günləri gətirmək
onun qismətində idi.
Onu Tale və
Tarix bu ali vəzifəni yerinə yetirməkçün
seçmişdi.
...Bu cinayət
işi 1993-cü il oktyabrın 1-də
açılıb.
4 ay idi ki, Heydər Əliyev təzədən Bakıya
qayıtmışdı. Hələ ki Naxçıvandan paytaxta bu
gəlişin əsl böyük qayıdış
olacağını, Azərbaycanın taleyində hansı həlledici
rol oynayacağını kimsə bilə bilməzdi. Hər halda ən azı çoxluq təşkil edən
2 təbəqə vardı ki, onların bu qayıdışa
baxışları fərqli idi. Son illərin
cəmiyyət çalxantılarından, üzücü
namüəyyənlikdən, getdikcə bütün bəd təzahürləriylə
gah ordan, gah burdan pırtlayıb çıxan dərəbəylikdən,
güzəran sıxıntılarından bezmiş sadə
insanlar ümidlə baxırdılar ki, etsə-etsə,
yaxşılığa doğru nələrisə tək o edə
bilər. Digər tərəf isə yaşlı,
onların nəzərincə, xəstə, üzgün liderin
daha əvvəlki təpərdə olmaması, nəyisə
köklü şəkildə dəyişə biləcəyinə
az inansalar da, hər halda tərəddüd
içərisindəydilər, daxillərində gizli bir qorxu
da vardı ki, usta adamdır, birdən ayaq üstə tam
qalxdı, oldu külli-ixtiyar sahibi, onda bizə divan tutar, tərpənmək,
nəsə etmək lazımdır.
Bu cinayət işi təxirə salmadan - elə
ağır cinayətin törədilməsinə cəhd edilən
gün açılmışdı.
Hadisə
baş vermişdi sentyabrın 30-dan oktyabrın 1-nə
keçən gecə, saat o 2:30-da.
(Və həmin gün də səbəbsiz seçilməyibmiş. Düz 2
gün sonra - oktyabrın 3-də Azərbaycanda Prezident
seçkiləri idi. Təsəvvür
edirsinizmi, əgər belə bir məsul, taleyüklü
gün ərəfəsində o cür dəhşətli
hadisə baş versəydi, nə qatışıqlıqlar
düşə bilərdi? Bu cinayət
işinin 3 qalın cildə sığan materiallarını
oxumuşam. Bir şübhə məni
heç tərk etmir ki, bu cildlərdə görünməyən
bir qat hər halda var. Bu işdə adı keçənlər
aysberqin üst tərəfidir. Xüsusən, məhz belə
bir günün seçilməsi məndə o gümanı
qüvvətləndirir ki, bu hadisənin pərdə
arxasında görünməyən dirijoru, ayrıca Xüsusi
Xidmət də mütləq olub).
Teleradio şirkətini
mühafizə edən polis işçiləri idarənin həyətində,
yuxarı hissədəki arxa qapıdan idarənin
qarajının yerləşdiyi əraziyə daxil olmuş,
gendən şübhəli görünən bir nəfəri
saxlamışdılar və üstü silah-sursatlı bu
adamın xarici vətəndaş olduğunu müəyyənləşdirmişdilər.
O vaxtlar
şirkətin ərazisinin o hissəsi adətən, zülmətə
qərq olardı və giriş-çıxış
üçün də həmin darvazadan bir qayda olaraq işə
maşınla gedib-gələn əməkdaşlar istifadə
edərdilər. Odur ki, bu tutulan adamın
şirkətin ərazisinə məhz həmin dalda yerdən,
hasarı aşaraq daxil olması təəccüblü
deyildi. Təəccüblü olan bu idi ki,
üstündə əməlli-başlı bir cəbbəxana
daşıyan bu şəxs təkbaşına burada nə etmək
fikrindəymiş.
O, bir
snayper tüfəngi və həmin silah üçün 10
patron, bir Makarov tapançası və 16 əlavə güllə,
bir ədəd qumbara ilə yaraqlanmışdı.
Pasportuna
baxınca onun Türkiyə vətəndaşı Həsən
Toku olduğu müəyyənləşmiş və elə
ilk dindirmədəcə ələ keçirilmiş bu şəxs
etiraf etmişdi ki, tək deyil, 5 yoldaşı da var, məqsədləri
də Ali Sovetin sədri Heydər Əliyevə qarşı
sui-qəsdmiş. İstəyirmiş ki, şirkətin ərazisində
münasib mövqe tutsun və Heydər Əliyev Ali Sovetin
binasından çıxarkən dəqiq nişan
alaraq atəş açsın.
Səhərin açılmasını gözləmədən
elə gecəylə Daxili İşlər Nazirliyi İstintaq
idarəsinin müstəntiqi, polis mayoru Çingiz Əmirov bu
ağır cinayəti törətməyə cəhd etmiş
Həsən Tokunu dindirməyə başlamışdı. Çingiz məşhur
detektiv yazar, "Sahil əməliyyatı", "Brilyant məsələsi",
"Qara "Volqa" kimi zamanında əl-əl gəzmiş
kitabların müəllifi Cəmşid Əmirovun oğlu idi
və onun da oğluna mən Xəzər Universitetində dərs
demişdim, bu cinayətin bir çox təfərrüatları
barədə mənə 1990-cı illərdə
danışmışdı. Deyirdi ki, işdən
evə təzəcə gəlmişdim, heç
paltarımı dəyişməyə macal
tapmamışdım. Nazirlikdən zəng
vurdular ki, təcili gəl, mühüm məsələ var və
həmin gecəni oyaq keçirdim.
1969-cu il təvəllüdlü Həsən Toku
Ərzurumdan idi. Tələbə idi. Ərzurum Atatürk Universitetinin Fizika fakültəsinin
4-cü kursunda oxuyurdu. Deyirdi ki,
Ərzurumda "Boz qurd" cəmiyyətinin bir qolu olan
"Ülkü ocaqları" təşkilatının
üzvüdür (Cinayət işində bu təşkilat
birmənalı olaraq terrorçu qurum kimi təqdim edilir).
Azərbaycana necə gəlib çatmasının
tarixçəsini nəql eləyirdi.
Sən demə, 1992-ci ildə Ərzurum Universitetinin dəvəti
ilə Naxçıvan Universitetinin bir qrup tələbəsi
Türkiyəyə gəlibmiş. Həsən həmin gələnlərdən
biri - Naxçıvan Universitetində müəllim işləyən
Aydın Qasımovla tanış olur.
Ünvanlaşırlar, şərtləşirlər ki,
gələcəkdə o, yolu Türkiyəyə düşəndə
buna, bu, yolu Naxçıvana düşəndə ona xəbər
etsin.
Və həmin
görüşdən çox ötmür ki, 1993-cü il avqustun 11-də Həsən Toku avtobusla
Ərzurumdan Naxçıvana səfər edir. Bilirmiş ki,
ötən il tanış olduğu
Aydının evində telefon yoxdur. Ona görə
də Aydını Naxçıvanda yaşayan, Türkiyəyə
vaxtaşırı alver üçün səfər edən
köhnə tanışı Oqtay Daşoğuzun vasitəsilə
tapmağa cəhd edir. Oqtay onu aparır
Aydıngilə və Həsən gecəni əvvəlcə
yerləşmək istədiyi mehmanxanada yox, orada qonaq
qalır. Ertəsi gün birlikdə şəhərə
çıxırlar, günorta yeməkxanada nahar edirlər və
onlara təzə tanışlar qoşulur.
Yeyib-içdikləri vaxt Həsən deyir ki, bəs mən
ov həvəskarıyam, Ərzurumda tay-tuşlarla hərdən
ova gedirik, sərrast da atıcıyam.
Həsənin
yeni tanış olduğu Sahib də, Fazil də, elə
Aydının özü də Cəbhəçiydilər və
tarixdən, ədəbiyyatdan nə qədər
danışsalar, elə sadəcə nə qədər Allah-bəndə söhbəti etsələr də,
hər dəfə mətləb gəlib
çıxırdı siyasət üstünə, Azərbaycanın
Müstəqil Dövlətlər Birliyinə daxil
olub-olmaması, bunun nə qədər ziyanlı, nə qədər
xatasız ola biləcəyi ətrafında fikir
bölüşürmüşlər.
Növbəti görüşlərini təyin edirlər
Qızlar bulağı adlanan səmtdə, Heydər
Əliyevin hələ sovet dövründə, ikinci Sosialist
Əməyi Qəhrəmanının "Qızıl
Ulduz"unu aldığı vaxtda ucaldılmış
büstünün həndəvərindəki çayxanada.
Arada Sahib
əyilib Həsənin qulağına
pıçıldayır ki, əgər Azərbaycan MDB-yə
girməyə qərar versə, bu, heç yaxşı
olmayacaq. Nəyin bahasına olur-olsun bunun
qarşısını almaq lazımdır.
- Neyləmək
olar ki?
- Bir yekə
adamı aradan götürməklə buna əncam çəkmək
olar.
Həsən
müstəntiqə deyir ki, Sahib "yekə adam"
söyləyəndə elə bildim Surət Hüseynovu nəzərdə
tutur.
Ancaq Sahib
dəqiqləşdirir ki, yox, bu şəxs
Azərbaycan Ali Sovetinin Sədri Heydər Əliyevdir.
Həsən maraqlanır ki, yaxşı, bəs siz
özünüz bunu etməyə cəhd göstəribsinizmi?
Səfər cavab verir ki, Bakıda bunu etmək
üçün bir neçə dəfə yollar
axtarmışıq, ancaq səmərəsiz olub.
Bu yerdə,
Heydər Əliyevə qarşı sui-qəsddə ittiham edilən
"Həsən Toku və qeyrilərinin işi"ndən
bir anlıq ayrılaraq onu da düşünürəm ki,
gör o böyük şəxsiyyətin qayıdış
yolu nə qədər təhlükələrlə dolu
imiş.
Demək, hələ bu dəstənin öz etirafına
görə, başqa təşəbbüslər də
olubmuş.
Hələ
nə qədər başqa tanımadıqlarımızın
neçə qara niyyəti ola bilərdi!
Həsən Toku məsələsi həmin sui-qəsd
yetərincə ağıllı və incə işlənmədiyindən
təsadüfən üstü açılmış bir cinayətdir.
Əslində Teleşirkət, Ali Sovet tərəflərdə
1990-cı illərin əvvəllərindəki
ucqarlığı, xəlvətliyi, polis işçiləri
çox olsa da, mühafizə şəbəkəsinin
heç də ən yaxşı səviyyədə
qurulmadığını nəzərə alsaq, yüksək
peşəkarlıqla tədbir tökülərsə, hər
cür qanlı terror törətməyə əlverişli
imkan vardı.
Təsadüflər
də kömək edirmiş, Allah Özü də Heydər
Əliyevi qoruyurmuş...
Həsən
Tokudan soruşurlar ki, sən bu işdə bizimlə ola bilərsənmi?
Həsən razılığını da verir, hansı
silah-sursat lazım olması barədə kiçik bir
siyahı da tərtib edir.
Ertəsi gün Həsəni təzə dostları
aparırlar şəhərdən kənarda,
yaşayışın olmadığı ucqar bir yerdəki
köhnə kazarmaya. Özləri ilə götürdükləri
snayper tüfəngini verirlər Həsən Tokuya ki, burada məşq
eləsin, nişangahlara atəş açsın.
Elə
birinci dindirməsində Həsən Tokunun ona ilk dəfə
verilən snayper tüfənginə səsboğucu taxmaq olmasa
da, onun özünün silaha əl gəzdirib səsini
azaltmaq üçün bir üsul tapması
pıçıldayır ki, bu adam elə
yoldankeçən deyilmiş, qənaətbəxş peşəkarlığı
varmış.
7-8
güllə atır, baxırlar ki, hədəfi dübbədüz
nişan alıb vurmağı bacarır.
Qət edirlər ki, çox gözləməyin adı
yoxdur. Ertəsi gün gecə - sentyabrın 8-dən 9-una
keçəndə təyyarə ilə Naxçıvandan
Bakıya uçurlar.
Bakıda ilk işlərindən biri bu olur ki, Ali Sovet tərəfi,
Prezident iqamətgahının ətraflarını gəzib
dolaşırlar, məkanı öyrənirlər. Maşınla
gəzirlər, piyada var-gəl edirlər.
Dəstənin Həsən Tokuya bildirdiyi ilk plan bu
imiş ki, Heydər Əliyevi maşında, qumbaraatanla
vursunlar. Bunu da belə düşünürmüşlər
ki, Heydər Əliyev maşınla Ali Sovetin binasından
çıxanda "Moskva" hotelinin yanından, Mehdi
Hüseyn küçəsi ilə aşağı enəcək.
Teleteatrın binasının yanında,
işıqforda sağa dönəndə maşın sürəti
azaldır. Plana görə, bu zaman
qarşıdakı ağaclıqda gizlənən snayper
qumbaraatandan atəş açmalıymış. Qumbaraatanı da ona görə nəzərdə
tutublarmış ki, Ali Sovet Sədrini gəzdirən
maşının zirehli olduğunu bilirlərmiş.
Ancaq Həsən Toku bu variantla razılaşmır ki,
birinci, bu halda dərhal ələ keçmək
mümkündür. Digər tərəfdən də, o əsnada
günahsız adamlara da ziyan dəyə bilər. Daha münasib nöqtə seçmək
lazımdır.
Məkanı araşdırandan sonra silahları gətirməkçün
yenidən Naxçıvana qayıdırlar.
Bir neçə gün orada qalandan sonra sentyabrın 13-də
yenidən, artıq məqsədi həyata keçirməkçün
Bakıdaydılar.
Maraqlısı
budur ki, 2 xalçanın arasında 1 snayper tüfəngi, 1
avtomat, 1 tapança, 3 əl qumbarasını təyyarə ilə
gətirirlər, nə Naxçıvanda, nə Bakıda hava
limanında onların baqajını yoxlayan olmur.
Bu, sadəcə nəzarətsizlik məsələsi
deyil. Bu ona işarə edir ki, cinayətin qol-budağı
əslində daha genişmiş və istənilən ən
ağır cinayəti törətməkçün o
dövrdə respublikada necə "münbit" şərait
varmış.
Sui-qəsdi yerinə yetirməkçün məkan
seçimində çox çək-çevirdən sonra
Teleradio şirkətinin üzərində dayanırlar. 10-15 gün
gündüz, axşam, gecə bu tərəflərə gələrək
şəraiti xırdalıqlarınadək öyrənməyə
başlayırlar.
Artıq ələ
keçmiş Həsən Toku planın gedişini belə
açıqlayırdı: "Dönə-dönə
müşahidədən sonra məlum oldu ki, Heydər
Əliyevin işdən gedəndə
çıxdığı qapı Teleşirkətin həyətindəki
birmərtəbəli yarımçıq tikilinin
üstündən nişangaha yaxşı gəlir. Bunun da bir əmması vardı ki, bədən
nişangaha rahat gəlsə də, baş, sən deyən,
aydın görünmürdü. Ona
görə də qərara almışdım ki, bir yox, bir
neçə atəş açım. Sui-qəsd
baş tutsa, ya alınmasa, geriyə qaçmaq
üçün eyni planı hazırlamışdıq.
Mən hasardan tullanıb Əbilin 300-400 metr
aralıda saxladığı maşına oturmalı idim.
Mən, Fazil, Bayram, Əbil 200-300 metr gedəndən sonra
silahı atmalıydıq. Fazillə Bayram
maşından düşüb aralanmalı, mən isə
Əbil ilə şəhəri bir müddət gəzib-dolaşandan
sonra Nərimangilə getməliydik".
Sentyabrın 29-da gec yatırlar, son dəfə
bütün detalları müzakirə edirlər. Ertəsi
gün yuxudan da gec dururlar.
Silahları təmizləyib qaydaya salırlar.
Bəxtləri
gətirir - evdən çıxanda lift işləməsə
də, mərtəbələri enib maşına minənəcən
qonşulardan kimsə qarşılarına çıxmır.
Həsən Toku irəlicədən cızdıqları
əməliyyat layihəsinə uyğun olaraq gecə saat 1-i
keçəndə səssizcə divarı aşaraq
Teleşirkətin ərazisinə daxil olur.
Əbil maşınla çöldə - 300-400 metr
aralıda gözləməliymiş. Fazilsə keşikdə
dayanmalıymış ki, Həsən Toku Heydər Əliyevi
vurandan sonra səsə Teleşirkətin mühafizəçiləri,
ya digər polislər və qoruyucular hərəkətə gəlsələr,
onda bu adamları avtomatdan atəşə tutsun.
Həsən Toku cinayəti başa çatdıra bilməməsinin səbəbini belə izah edir ki, hasarı aşıb Teleşirkətin həyətinə daxil olandan sonra üstündən atəş açacağı binaya yaxınlaşıb, sonra küçəyə baxaraq onu gözləyəcək maşının danışılan yerdə dayanıb-dayanmadığını yoxlayıb. Görüb ki, maşın yoxdur, o biri yoldaşı da olmalı olduğu yerdə gözə dəymir. Deyir, 3 polis işçisi gendən mənə sarı gəlirdi. Məni görmürdülər. Çünki mən qaranlıqda, onlar işıqda idilər. Çətinlik çəkmədən onları vura bilərdim. Ancaq düşündüm ki, satılmışam, mənimlə gələnlər məni aldadıb, atıb gediblər, tək qalmışam. Lap tutalım bu polisləri vurdum, hara qaçacağam, necə qaçacağam. Ona görə gözlədim. Polislər məni yalnız lap yanıma çatanda gördülər. Əlimdəki tüfəngə çox heyrətləndilər. Və özüm onlara təslim oldum...
(Sonra bir-bir, həbs olunduqca həmin qəsddə iştirak edənlərin hərəsinin ayrı-ayrılıqda ifadələri alınacaq. Bəlli olacaq ki, əslində onların heç biri digərinə qarşı satqınlıq, ya xəyanət etməyib. Sadəcə, heyrətli bir təsadüflə onların heç biri irəlicədən dəqiqliyiylə danışılmış yerdə durmamışdılar. Ona görə də gendən baxışlarıyla bir-birlərini arayanda tapmamışdılar və əslində üçü də niyə belə olmasına görə bir-birindən şübhələnmişdi. Doğrudanmı təsadüf idi? Axı söyləyiblər ki, təsadüflər zərurətlərin üst-üstə düşməsidir. 3 nəfər arasında qabaqcadan şərtləşdirilmiş sinxronluğun bir neçə dəqiqə ətzində qəfilcə itməsi müdhiş bir qətlin qarşısını aldı və bu təsadüfdə söz yox ki, İlahinin iradəsi vardı).
Elə həmin gecə, artıq Həsən Tokunun göstərdiyi izlə onun cinayət ortağı, 1963-cü il təvəllüdlü, Naxçıvan sakini, Xalq Cəhbəsinin üzvü Əbil Babayevi, ertəsi gün isə bu cinayətdə iştirakı ehtimal edilən 1968-ci il təvəllüdlü, Bakı Ticarət Texnikumunu bitirmiş Bakı şəhər sakini Əskər Abbasovu, 1963-cü il təvəllüdlü, "Gilan" istehsalat firmasının direktoru Nəriman Məmmədovu götürürlər.
Cinayət işinin təhlükəlilik dərəcəsini və dövləti məna daşıdığını nəzərə alaraq oktyabrın 3-də Respublika Baş Prokurorluğunun qərarı ilə ümumi nəzarət şöbəsinin prokuroru, III dərəcəli ədliyyə müşaviri Şükür Rzayevin rəhbərliyi ilə 16 nəfərdən ibarət istintaq-əməliyyat qrupu yaradılır.
Növbəti günlərdə
cinayətin hazırlanması və icrasındakı təfərrüatları
dəqiqləşdirməkdən ötrü şahid qismində
1966-cı il təvəllüdlü, əslən Culfadan olan,
Bakı şəhəri neftayırma zavodunda maşinist
işləyən Məmmədvəli Əsgərov, əslən
Bərdə rayonundan olan, Qaradağ rayonundakı
bir kiçik müəssisədə gözətçi
işləyən Əli Həsənov, əslən Qusardan
olan, Həsən Tokunu saxlamış mühafizəçi
polislərdən olan Şahin Ləbibov, onun həmkarları
Müşfiq İmanquliyev, Bahadur Namazov, Qədir Məmmədov
dindirilir.
Sentyabrın
20-dəki dindirməsində Əbil Babayev etiraf edirdi ki, Heydər
Əliyevin həyatına hazırlanan sui-qəsddə
könüllü, heç bir təzyiq olmadan iştirak edib və
səbəb də budur ki, onun apardığı siyasətlə
razı deyil, Azərbaycanın Müstəqil Dövlətlər
Birliyinə daxil olmasının əleyhinədir,
çünki onun zənnincə, bu, Azərbaycanın müstəqilliyini
itirməsinə, rus ordusunun yenidən respublikaya girməsinə
bais ola bilər.
Oktyabrın 16-da şübhəli şəxs qismində 1946-cı il təvəllüdlü, əslən Ordubaddan olan, Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və onun tədrisi kafedrasının dosenti işləyən Aydın Qasımov da sui-qəsdin təşkilatçısı kimi saxlanılır. Deyir ki, ixtisasca şərqşünasam, mən vaxtilə Bakıda Əlyazmaları İnstitutunda işləyirdim, Əbülfəz Elçibəylə həmkəndli və qohumuq, o, əmim qızının oğludur. 1988-ci ildən Xalq Cəbhəsinin üzvü olmuşam, 1991-ci ildən isə Milli Demokrat Partiyası Naxçıvan bölməsinin sədriyəm. Deyir ki, Heydər Əliyevi yaxşı tanıyıram, onunla görüşlərim də olub, ancaq Fərəc Quliyevin, Sahib Hüseynovun, Fazil Kərimovun, Həsən Tokunun ona sui-qəsd təşkil etmək fikirlərinin olmasından mən xəbərsizəm.
Öz xətti ilə yazdığı müfəssəl izahatında Həsən Toku Naxçıvanda olduğu müddətdə cəbhəçilər tərəfindən ona mütəmadi olaraq Heydər Əliyevlə bağlı söhbətlər edildiyini və nəhayətdə onda mənfi təəssüratın şəkilləndiyini bildirir. Həsən Toku həmçinin, onu Naxçıvanda olduğu dövrdə Aydının Kələkiyə apararaq 6 gün orada qonaq saxladığını, Əbülfəz Elçibəylə də görüşdürdüyünü xəbər verir. Yazır ki, Əbülfəz Elçibəy mənim ərzurumlu olduğumu biləndə oradakı rus bazarını soruşdu və xəbər aldı ki, o bazarda ermənilər və gürcülər özlərini Azərbaycandan olan kimi qələmə verərək azərbaycanlıların adlarına qara yaxmırlar ki?
Deyir, mən də bu suala lazımi cavabı verdim.
Həsən
Toku Kələkidə olarkən Elçibəyin yanında
Tofiq Qasımovla görüşdüyünü, Əbülfəz
bəyin ətrafına yığılan silahdaşları ilə
adətən 1 illik hakimiyyətlərini, buraxılan səhvləri
müzakirə etdiklərini, bu söhbətlərdə
tez-tez Rəhim Qazıyevin,
İskəndər Həmidovun, Etibar Məmmədovun, Surət
Hüseynovun, Pənah Hüseynovun və Heydər Əliyevin
adlarının çəkildiyini yada salır.
Tarixdir, bu
yerdə şahidin - Həsən Tokunun Əbülfəz
Elçibəyin dilindən eşidib yazdıqlarını
olduğu kimi verirəm: "Elçibəyin sözlərinə
görə, Rəhim Qazıyev müdafiə naziri olduğu
zaman torpaqları pulla satıb, ruslarla birlikdə Surət
Hüseynovun üsyanının planlaşdırılmasında
"əməyi olub". İskəndər Həmidov
daxili işlər naziri olarkən öz sərt hərəkətləri
ilə dövlət səviyyəsində terrorçuluqla
milliyyətçilik ideyasını və Xalq Cəbhəsini
millətin gözündən salıb. Etibar Məmmədov
Cəbhədən ayrılıb ayrı partiya qurduğu
üçün Cəbhəni zəiflətmiş və
prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsinin
tərəfdarı olaraq Cəbhəyə dönüklük
etmişdir. Surət Hüseynov dövlətə
qarşı üsyan edərək Azərbaycan dövlətçiliyini
yaralayıb, baş nazir olduğu zaman qanunsuz işlər
görərək rüşvət almış, Cəbhəni
və iqtidarı gözdən salmışdır.
Elçibəyin Heydər Əliyev haqqında dedikləri isə
bu idi: "Biz onu bizə yardım etsin deyə Məclis sədri
etdik, o da bizi qoyub Surətin tərəfinə keçdi, onu
baş nazir etdi".
Əbülfəz Elçibəy bəzən Türkiyə
ilə bağlı şikayət və narahatlıqlarını
da mənə söyləyirdi. Lakin mən Elçibəylə
və yaxud başqa birisi ilə Heydər Əliyevin
öldürülməsi barədə heç bir söhbət
etməmişəm.
Ancaq
Naxçıvanda olduğum müddətdə Heydər
Əliyevlə bağlı cəbhəçilər mənə
o qədər mənfi söhbətlər etmiş,
qulağımı doldurmuş və təbliğat
aparmışdılar ki, istər-istəməz Heydər
Əliyev haqqında onlar kimi düşünməyə
başlamışdım".
...1993-cü
il noyabrın 30-da Baş Prokurorluğun qərarı
ilə qət edilir ki, 68859 saylı cinayət işinin istintaq
müddəti uzadılsın.
Çünki
müqəssir bilinən Həsən Toku, Aydın Qasımov,
Əbil Babayev, Nəriman Məmmədov, Əli Əsgərov
artıq həbs edilmiş və dindirilmişdilərsə də,
istintaqdan gizlənən Fazil Kərimov, Sahib Hüseynov, Bayram
Əhmədovla bağlı həbslə axtarış elan
edilmişdi.
1994-cü
il mart ayının 12-də respublika Ali Məhkəməsinin
cinayət işləri üzrə I dərəcəli
kollegiyasının hökmü ilə cəzalarını
möhkəm rejimli islah-əmək koloniyasında çəkməklə
Həsən Toku 10, Aydın Qasımov 12, Əbil Babayev 12 il
müddətinə azadlıqdan məhrum edilirlər.
...Həsən
Toku ona kəsilmiş həbs cəzasının 8 il yarımını çəkəndən
sonra Heydər Əliyevin fərmanı ilə əfv edilir və
Türkiyəyə yola düşür. Ancaq onu
vətəndə yeni macəralar gözləyirdi. 2002-ci
ilin 16 martında Türkiyəyə yetişincə onu
İstanbul hava limanındaca həbs edir və xarici dövlət
başçısına sui-qəsd ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum
edirlər. Türkiyə qəzetləri bu hadisəni
"Aliyev affetti, Türkiye affetmedi" başlıqları ilə
car çəkirdi. Lakin istintaq gedişində
bir cinayətə görə iki dəfə məhkum edilməyin
mümkünsüzlüyü səbəbiylə o,
azadlığa buraxılır. Müvəqqəti
imiş. Başı bəlalı Həsən
Toku 2009-cu ildə bu dəfə ömürlük həbs cəzasına
məhkum edilir. Lakin 2012-ci ildə ömürlük cəza
12 illik həbslə əvəzlənir, az sonra isə bu cəza
da ləğv
edilir.
...Zaman
maşını bir xəyaldır.
İnsan Vaxtın qoynunda bugündən dünənə,
dünəndən bugünə yalnız xəyalların
qanadında uça bilir. Keçmiş haqqında
düşünərkən filan hadisə filan cür
tamamlansaydı, filan iş də filan cür olardı kimi
ehtimallar əbəsdir. Tarixin bir üzü, bir
səmti var - yalnız sabaha, gələcəyə doğru.
Ancaq dəhşətli bir yuxu kimi hər halda
bir anlıq təsəvvür etsək ki, Heydər Əliyevə
qarşı planlaşdırılmış bu qəsd, ya
hansısa bir digəri baş tutmuş olsaydı, Azərbaycan
hansı təlatümlərə məruz qalar, tarixin
oçağkı qarışıq dönəmində
hansı girdablara sovrulardı.
Hər halda bizim Heydər Əliyev olmasaydı, nə
olardı sualına cavab vermək üçün elə
tarixin özünün verdiyi kədərli dərslərimiz
var.
1987-ci ildə Heydər Əliyev Kremldən aralandı. Nə qədər
ki Heydər Əliyev vəzifə başındaydı, o, Azərbaycanı
bir zireh kimi qoruyurdu. O, tutduğu məqamlardan gedincə
çox gözlətmədən erməniçilik
bütün gücüylə Azərbaycana qarşı həmləyə
başladı. Ardınca nisgillər,
torpaqlarımızın onillərcə davam edəcək
işğalı,
qaçqınlıq-köçkünlüyün, əsir-yesirliyin
göynəyi səngiməz faciələri gəldi.
Azərbaycanın bəxti ayaq üstə imiş ki,
1993-cü ilin o ilk oktyabr gecəsində snayper tüfənginin
nəzərdə tutulan atəşi açılmadı,
qatilin barmağı tətiyə çatanadək Tanrı
Özü hadisələrin səmtini bircə Özünə
bəlli olan hikmətlə büsbütün dəyişdi.
Ertəsi
gün Heydər Əliyev yenə iş başında idi, yenə
onun iş otağındakı işıqlar gecə
saatlarınadək yanacaqdı və həmin
işığı sönməyə qoymayan Qüvvə bu
müdrik insanı millət və yurd naminə sabahkı zəfərlərə
səfərbər edirdi.
Qayıdışdan sonrakı böyük yol hələ
yenicə başlanırdı.
Bəlkə
də o yolun necə möhtəşəm olacağını
bizdən də artıq hiss etdiklərindəndir ki, qara
qüvvələr nəyin bahasına olursa-olsun həmin yolun
qırılması üçün dəridən-qabıqdan
çıxırdılar?!
Ömrü boyu qasırğalara qarşı getməkdən
çəkinməmiş böyük Heydər Əliyev, əlbəttə
ki, üzləşəcəyi bütün çətinlikləri,
müşkülləri irəlicədən
görürdü, duyurdu, istənilən anda həyatına qəsd
edilə biləcəyi ehtimalını da unutmurdu. Amma mərd-mərdanə bəyan
edirdi: "Heç bir qüvvə bizi yolumuzdan döndərə
bilməz!"
Və bu
inam, millətin böyük ruhu ona yenilməmək, büdrəməmək,
zirvələrə yetməkçün sonsuz güc verirdi...
7 aprel, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 8 aprel.- S.10-11.