Şekspirşünaslığa dəyərli
töhfə
TELMAN ORUCOVUN "ŞEKSPİR DÜNYASI" HAQQINDA DÜŞÜNCƏLƏRİM
Ötən əsrdə ədəbi tənqidin yaxşı ənənələri vardı, hər gələn yeni nəsil onu yaşadırdı. Məsələn, hansısa alim, hansısa mütəxəssis nizamişünas, füzulişünas, vaqifşünas kimi elm sahəsində tanınırdı, o şairin, yazıçının, dramaturqun tədqiqatçısı kimi qəbul olunurdu, vacib deyildi elmlər namizədidir, yaxud elmlər doktorudur, dosentdir, professordur, yaxud akademikdir. Məsələ o şəxsin hansısa ədəbi şəxsiyyətin hansı səviyyədə araşdırıcısı olması idi. Xatırlamaq kifayətdir ki, ötən əsrin 60-cı illərində professor Qulu Xəlilov "Ədəbiyyat və incəsənət" qəzetində xeyirxahlıq dolu bir məqalə ilə çıxış etdi və vurğuladı ki, nə üçün tanınmış tənqidçilərdən Məmməd Cəfər Cəfərov, Əkbər Ağayev, Əhəd Hüseynov elmi titula malik deyillər, dissertasiya müdafiə etməmişlər. Bu tənqid - irad öz bəhrəsini verdi, bu simalar elmlər doktoru, hətta akademik (M.C.Cəfərovu nəzərdə tuturam) oldular. Deməli, məntiqlə dissertasiyaya qədər ədəbi ictimaiyyət bu üç tənqidçini titulsuz da tanıyırdılar, fərq axtarmırdılar. Və hər birinin tədqiqat sahəsi vardı: M.C.Cəfərov romantizm ədəbi cərəyanı, Əkbər Ağayev dünya ədəbiyyatı, Əhəd Hüseynov ədəbi tənqidin mütəxəssisi sayılırdı. İmzalarının altında titullarını yazmırdılar. Onsuz da onlar tanınırdılar. 1990-cı illərdən etibarən namizədlik və doktorluq dissertasiyaları yaz yağışından sonra çıxan göbələk kimi çoxaldılar, adamlar cildlənmiş 2 dissertasiyanı əllərində bayraq etdilər. Elmdə cüzi də olsa imzası, xidməti olmayan alimlər ortaya çıxdılar. Axı, bu "alimlər" indiyədək harada idilər, nə vaxt doktorlaşdılar, professorlaşdılar? Bu titulların müqabilində ortaya nə qoydular? Yalnız bir-iki qəzet məqaləsi! Bu titulların hesabına elmi vəzifəyə sahib kəsildilər... Unutmayaq ki, yazarlarımız var, dissertasiya müdafiə etməsələr də, elmi dərəcəyə layiqdilər. Bu gün xüsusilə, mətbuatda, başqa sahələrdə (hətta elmi müəssisələrdə çalışanlar) elə şəxsiyyətlər fəaliyyət göstərirlər ki, onlar elmə dərin hörmət bəsləyib "tribunaya" çıxmırlar.
Fikrim uzaqları dolaşıb gəzsə də, konkret olaraq, qələminə və zəkasına hörmət etdiyim, məqalələrini həvəslə oxuduğum Telman Orucov haqqında fikrimi "525-ci qəzet"in oxucuları ilə bölüşmək istərdim.
Telman Orucovun imzasına "525-ci qəzet"in bəlkə də ilk saylarından rast gəlmişəm, mütəmadi şəkildə o, müxtəlif mövzularda analitik məqalələr yazıb çap etdirir. Xüsusilə, Antik dövr, Orta əsrlər mədəniyyətini, onun tarixi şəxsiyyətlərini, ədəbi simalarını faktlara söykənməklə təqdim edir, biz oxuculara məlum olmayan hadisələri, filosofları, tarixçiləri, kralları, imperatorları və sair təbəqələrin fəaliyyətini həm emosional, həm də intellektual üslubda bir daha tanıdır. Belə anlamaq olar ki, Telman Orucov geniş dünyagörüşünə malikdir, zəngin müşahidəçidir, oynaq və lakonik dil zənginliyinə yiyələnib. Mən bu fikrimə Telman Orucovun çoxsahəli mütaliə mədəniyyətini də əlavə edərdim!
T.Orucov haqqında ikinci fikrim - qənaətim bizim ədəbiyyatşünaslıqdan fərqli olaraq - cəsarətlə deyərdim - şekspirşünaslığıdır. Onun "525-ci qəzet"də ardıcıl çap olunan, Şekspirə, zəngin yaradıcılığına aid məqalələrini bir seyrçi marağı ilə oxumaq düz gəlmir - mən belə düşünürəm. Çünki Şekspirə Telman Orucov daha ciddi yanaşır, onun haqqında fikirlərini məsuliyyət hissilə qələmə alır: Xatırlayıram Pedaqoji Universitetdə oxuduğum illəri. "Dünya ədəbiyyatı" fənnindən bö-yük yazıçımız və müəllimimiz İsmayıl Şıxlı dərs deyirdi, Şekspirdən bir neçə mühazirə oxudu (O, konspektsiz, tələbələrlə üzbəüz, göz-gözə danışırdı). Xüsusilə "Hamlet"dən məşhur monoloqu - "Olum, ya Ölüm"ü həyəcanlı, ancaq təmkinlə söylədi. Eləcə də Otellonun son monoloqunu. Ümumiyyətlə, İsmayıl müəllimin Şekspirin yaradıcılığından qeyd etdiyi bəzi nüansları Telman Orucovun məqaləsini oxuyarkən bir daha xatırladım. Müəllifin Şekspir mövzusuna qayıtması təsadüfi deyil, bu dahi dramaturqa dünyəvi maraqdan irəli gəlirdi, istər teatr xadimləri, istər aktyorlar və tamaşaçılar Şekspirə yeni dövrün prizmasından baxmağa başladılar və bu qərarda israrlı qaldılar ki, əsrlər keçsə də, O, "köhnəlmir", dünyanın nəhəng söz korifeylərindən "Dante, Höte, Servantes, Hüqo və Lev Tolstoy da bu məsələdə onun arxasınca düzülməklə kifayətlənməyə məcbur oldular". Şekspir şəxsiyyəti və yaradıcılığı birmənalı qarşılanmayıb - bu gün də Bekon və Şekspir "sindromu" davam etməkdədir, "lakin onlar (ağız büzənlər - A.E.) pərəstişkarlarla müqayisədə, əsasən, bəzən cılız və miskin ruhi azlığı təşkil edirlər", - deyən T.Orucov haqlıdır. Çünki dahi dramaturq pyeslərində ədəbi forma və üslubların əsl kaleydeskopu təsəvvürünü yaradır, dəhşətli reallıq qəflətən qeyri-adi uşaq nağıllarına keçməklə illüziya təsiri yaradır", bu, Şekspir yaradıcılığına əsaslandırılmış qiymətdir. Şekspirin bənzərsizliyi bir də ondadır, özünü insan təbiətinin mahir tədqiqatçısı təsiri oyadır. Belə ki, "tarixi pyeslərində görkəmli şəxsiyyətləri, özünün pataloji anatomiyası axtarışları sayəsində ruhi yoxlama obyektlərinə çevirməklə insan mənəviyyatının uca zirvəsinə və dərin uçurumlarına toxunmaqdan da yan keçməmişdir", - bu müəllif qənaəti şekspirşünasların dediyi səthi, dayaz qiymətlərin "düyün nöqtəsi" sayıla bilər. Telman Orucov mülahizəsini əsaslandırmaq üçün Şekspirdən ümumiləşmiş beş arqument nümunə gətirir və bu dəlillər analitik təhlil olunur. Birincisi, ana və əmi təkcə öz ərini və qardaşını öldürmür, onlar eyni zamanda ləyaqətli bir kralın ölümünə səbəb olurlar, gənc şahzadəni öz şübhələrilə yanaşı, qətlə yetirilmiş atasının kabusu da rahat buraxmır, onu qisas almağa təhrik edir. İkincisi, əzəldən düsmənçilik edən iki nəslin gənc nümayəndələri bir-birini sevməyə başlayır, bu vurğunluqdan dolayısı ilə həzz alırlar. Lakin düşmənçilik yenə də qan axıdılması, qurbanlar verilməsilə nəticələnir. Üçüncüsü, dəniz sahilinə gələn Mavr senatorun qızına aşiq olur və onlar qoşulub qaçırlar. Qızın ailəsi Mavrın cəzalandırılmasını tələb edir. Lakin türklərin hücumunun qarşısını almaq, ordunun təşkili üçün Mavra müraciət etməli olurlar. Dördüncüsü, qoca kralın övladlarının nankorluğu diqqəti çəkir. Kral səltənəti üç qızı arasında bölmək istəyir. Ata sorğusundan sonra mülk iki böyük qız arasında bölüşdürülür, üçüncü qıza heç nə qalmır. Beşincisi, Otello obrazının simasında qısqanclıq fenomenini simvollaşdırmışdır.
Telman Orucov Şekspir haqqında, onun yaradıcılığı zəminində tarixə ekskurs edir və bu sahədə geniş məlumatlı olduğunu gizlətmir. Şekspir müharibəyə, qan axıdılmasına nifrət bəsləmişdi, sanki o, özündən neçə əsr sonra baş verəcək otuz-illik (XVII əsr), Yeddiillik (XVIII əsr), Napoleon (XIX), Dünya müharibələrini (XX) görürdü. Bu bəşəri problemi müəllif obrazlı müqayisələrlə xarakterizə etmişdi. Şekspirin qəhrəmanlarını yalnız Avropada deyil, dünyanın siyasi-mənəvi xəritəsində axtarmaq lazım gəlir, pyesləri hansı məkanda tamaşaya qoyulursa, tamaşaçı o personajları özününkü hesab edir. Hamleti, Maqbeti, Otellosu kimi. Maraqlı o idi ki, Şekspirin pyeslərilə tanış olan dramaturqlar çalışdılar onu yamsılasınlar, qələmlərini bu istiqamətə yönəltdilər: fransız dramaturqları Kornel, Rasin, Molyer belə bir təşəbbüsdə bulunsalar da, Şekspir dünya teatrlarını fəth və zəbt etdi. Şekspirin əsərləri böyük bəstəkarlara mövzu verdi: C.Verdi "Maqbet", Otello", C.Rossini "Otello" operalarını yazdılar. Beləliklə, "Şekspir operalar hesabına İtaliyada ən populyar dramaturqlardan birinə çevrildi". Telman Orucov Şekspirin şəxsi həyatına da aydınlıq gətirir. Onun barəsində yaranan ehtimallar, rəvayətlər bir yana - doğulduğu mühit, ailə həyatı, qızları və sair məqamlar daha real görünür. Dramaturqun həyatının dövrləri faktlarla müşayiət olunur.
Mən əvvəlki mülahizəmə qayıdıram. "Alimləşənlərin", bəzi elmlər sahəsindəki doktorların, professorların, akademiklərin heç bir ciddi tədqiqata imza atmaması yalnız təəssüf doğurur, necə deyərlər, iki cildlənmiş kitab yazmaqla alim adlananlardan fərqli olaraq, Telman Orucovun araşdırmaları qibtə doğurur, zəngin erudisiyası heyrət yaradır. Son işi olan "Şekspir dünyası" məqaləsi ("525-ci qəzet") böyük axtarışın, ümumiləşdirmənin məhsuludur və bunun üçün onun müəllifinə təşəkkür edib yeni yaradıcılıq uğurları arzulamağa dəyər. Deməli, ortaya orijinal, sanballı əsər qoymaq üçün heç də elmi dərəcəyə yiyələnmək vacib deyil, geniş və dərin elmi bilik, faktları məntiqi təhlil etmək, aydın, obrazlı ifadə ilə oxucuya çatdırmaq imkanı, bunun üçün vacib olan həvəs və inadkarlıq əsasdır. Odur ki, cəsarətlə deyə bilərəm: "Şekspir dünyası" ciddi tədqiqatın məhsuludur.
Qəzetin redaksiyasına da bu təqdimata görə bir yazıçı, alim kimi təşəkkürümü çatdırmağı özümə borc bildim..
02.03.2023
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2023.- 11 aprel.- S.13.