Heç kim təsadüfən yaxşı insan olmur...

TANINMIŞ İCTİMAİ XADİM NOVRUZ ASLANIN PORTRET CİZGİLƏRİ

 

Əslində, bu yazını martın əvvəlində yazmalıydım. Amma bir gözləntim vardı, ona görə əl saxladım. Fikirləşdim ki, qoy bu məsələ olsun, sonra bir şeylər yazım. Nəyi gözlədiyimi bir mən bilirəm, bir haqqında söhbət açacağım adam. Çünki özünə dedim ki, bəs mən filan məsələyə görə yazımı yubileyindən sonraya saxlayıram. Gülümsədi, sadəcə dedi ki, gözləmə, olmaya da bilər... Həm yubileyqabağı onun haqqında çox yazan oldu olacağını da bilirdim . Gözlədiyimin biri həmin yazılarda onun haqqında mənim düşündüklərimdən, bildiklərimdən daha  kimin bəhs edəcəyini bilmək idi. Çox şeyləri dedilər, yazdılar, ancaq bəzi fikirlər var ki, yazan olmadı. Onları da mən yazaram bu yazıda onun portret cizgilərini olduğu kimi göstərməyə çalışacağam...

Əvvəlcədən deyim ki, bu yazıda Novruz Aslanın  Milli Məclisdəki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətini təqdir etmək fikrim yoxdur. Çünki onun hər iki sahədəki fəaliyyəti dövlət rəhbərliyi tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Elə adamlar var ki, onların ömür yolu tək özləri üçün deyil, bütün el üçün, xalq üçün mənalı keçir. İldən-ilə daha da zəngin, daha yaddaqalan olur. Mənim bu yazıda bir insan obrazında xarakterizə etdiyim Novruz Aslan ömrü kimi. Haqqında söhbət açdığım insan bu gün hamının sevimlisnə çevrilən, xalq arasında yaxşı tanınan Novruz Aslanovdur. Onu musiqisevərlər sadəcə, Novruz Aslan kimi tanıyırlar. Gözəl, lirik, qəlbləri duyğulandıran, könülləri riqqətə gətirən bəstələrin müəllifi kimi onu sevənlər saysızdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, 2005-ci ildən Milli Məclisin deputatı olan Novruz Aslanov Vətənini, xalqını, Prezidentini, dövlətini sevir bütün bunlara qəlbən hörmət edir. O, mərd, yurda, torpağa bağlı, Azərbaycana, elinə, obasına şöhrət gətirən kişilərdəndir.

Novruz Aslan baharın yurdumuza qədəm qoyduğu ilk gündə dünyaya göz açıb. Bu bahar ömrünün 60-cı pilləsindən qalxıb, yeni bir pilləyə qədəm qoydu. Ötüb keçən illər  Novruz müəllimi ucaldıb, desəm, yanılmaram.

lll

Zəruri qeyd:

Novruzəli  Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olaraq, 1980-ci ildə məktəbi bitirib. Həmin il Azərbaycan Texniki Universitetinin (keçmiş  Politexnik İnstitutunun) "Avtomatika elektron hesablama texnikası" fakültəsinə daxil olub, 1985-ci ildə orada təhsilini tamamlayıb. 1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb.

1990-1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Qeyd etdiyim kimi, 2005-ci ildən bəri millət vəkilidir. Bitərəfdir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. 10 ədəbi, elmi-kütləvi kitabın - "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bugün, sabah", "Xeyir Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan onun möcüzəli dünyası", "Əbədi həyat möcüzəli varlıq" kimi nəşrlərin müəllifidir. Ailəlidir, 4 övladı var.

2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş "Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili" adına layiq görülüb. Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə "2008-ci ilin adamı" elan edilib, 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə "İlin Adamı" medalı ilə təltif olunub.

Novruz Aslanov "Yusif Məmmədəliyev" adına medala layiq görülüb respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "Tərəqqi" medalı, 4 mart 2010-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə", 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

lll

Düzdür, bu gün Novruz müəllimin saçlarına dən düşüb, ancaq xasiyyəti, əməli dəyişməzdir: bu illər ərzində ürəklərə ümid, gələcəyə inam, könüllərə nur çiləyən Novruz Aslanda həmin cəhətlər olduğu kimi qalıb. Hələ lap gənc yaşlarından müdrik insan kimi tanınıb həmişə imkansızlara arxa durub. Yaxşılığı özünə peşə seçən Novruz Aslan xalqın güvəndiyi adamdır. İmdada çatan, yardıma möhtac olandan köməyini əsirgəməyəndir. Deputat seçildiyi İsmayıllı rayonunda onun yolunu hər həftə səbrsizliklə gözləyənlər var. Yaxın-uzaq kəndlərdən qəbuluna gələnlər ən müşkül işlərinin həllində Novruz müəllimdən kömək istəyirlər. Heç biri naümid qayıtmır. Xəstəsinin müalicəsinə köməklik istəyənlər, övladının təhsil haqqını ödəyə bilməyənlər, tapmaqda çətinlik çəkənlər - hamısı ona müraciət edir. Bu hər adama nəsib olan deyil. Yəni, hər adama ümid yeri kimi baxmırlar. Çünki hər adam əl tutmağı bacarmır. Novruz Aslan isə səxavəti ilə, nəzakəti ilə çox adamın güvənc yerinə çevrilib.

Novruz müəllimin qayğısı, diqqəti şəhid ailələrinin, 44 günlük Vətən müharibəsi qazilərinin üzərindən əskik olmur. Bayramlarda, özəl günlərdə onların adını anır, ehtiyacları ilə maraqlanır, köməyini əsirgəmir.

Novruz Aslanı bir çoxlarından fərqləndirən, bəlkə çoxlarında olmayan bir xüsusiyyətini ayrıca qeyd etmək istəyirəm. Dostluqda çox sədaqətlidir. Biz çoxlarını tanıyırıq ki, həyatda dostluq etdiyi adam dünyadan köçəndən sonra oradaca unudur. Ancaq Novruz müəllimdə elə bir xüsusiyyət var ki, o, həyatdan köçmüş dostlarını heç vaxt unutmur, onların ailə üzvlərilə əlaqəsini kəsmir. Hətta övladlarının işlə təmin olunmasına yardımçı olur. Dünyadan köçmüş dostlarının məzarlarını ildə iki dəfə: ölüm doğum günlərində ziyarət edir. Buna misal olaraq Xalq artistləri İlhamə Quliyeva Rəfael Dadaşovu göstərə bilərəm.  Musiqisevərlər yaxşı bilirlər ki, Novruz Aslanın bəstələrinin ən gözəl ifaçısı Xalq artisti İlhamə Quliyeva olub onun ifasında bu mahnılar sevilib. Uzun illər yaradıcılıq əlaqələri davam edib. Novruz müəllim  hər il İlhamə xanımın doğum günündə ölüm günündə onun sağlığında sevdiyi qızılgüllərdən çələng bağladıb məzarını kollektivi ilə ziyarət edir. Bu, yüksək insani keyfiyyətdir. Heç kim təsadüfən yaxşı insan olmur. Kim orta insandan yüksəkdədirsə, onunla ali şeylər haqqında danışmaq olar. İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır, deyirlər. Bizim tanıdığımız Novruz Aslan da belə adamlardandır.

Bu gün Novruz Aslan hər günü xeyirxahlıqla keçən bir ömür yaşayır. Böyük amallarla yaşayan, ömrünü yüksək ideyalara həsr edən, nikbinliyini heç vaxt itirməyən Novruz Aslan hər zaman millətin, xalqın, dövlətin təəssübünü çəkir. İndi Novruz müəllim, deyərdim ki, ömrünün ən coşqun, ən mənalı  çağlarını yaşayır. 60 ili arxada qoyan gözəl ziyalımıza ömür yolunda bundan sonra da yeni-yeni uğurlar diləyirik.

Yubileyin mübarək olsun, Vətən oğlu!

 

Şəmsiyyə MUSAQIZI

Əməkdar jurnalist

525-ci qəzet.- 2023.- 11 aprel.- S.12.