Milli azadlıq hərəkatı Güney Azərbaycan nəsrində
İranın orta əsrlər sxolastikasından xilas edilməsi prosesinin başlanğıcı XX yüzilliyin
əvvəllərində məhz
Azərbaycanda yetişən
proqressiv qüvvələr
tərəfindən qoyuldu. 1906-1911-ci illərdə
Səttar xanın başçılığı ilə bütün İranı lərzəyə
gətirmiş milli azadlıq və məşrutə hərəkatı,
1920-ci ildə Şeyx
Məhəmməd Xiyabaninin
başçılıq etdiyi
və qısa müddətli uğur qazanmış milli azadlıq hərəkatı
və bir çox başqa xalq hərəkatları bunun əyani sübutudur. XX əsrin
40-cı illərində Cənubi
Azərbaycanda müstəqil
demokratik hökumətin
qurulması isə təbii ki, ədəbi-mədəni həyatın
bir çox sahələri kimi nəsrin də inkişafına rəvac vermiş oldu.
Mövzusu çağdaş həyatdan
götürülmüş nəsr örnəkləri
i1ə yanaşı, qırxıncı
illərdə yaxın
keçmişə, milli
azadlıq hərəkatının
tarixinə və qəhrəmanlarına müraciət
edən nümunələrə
də rast gəlmək mümkündür. Əlbəttə, ilk başlanğıcda bu, təbii ki, bədii memuar janrında qələmə
alınmış yazılarda
müşahidə olunur. Belə əsərlərdən biri - Səttar xan hərəkatında yaxından iştirak etmiş, bu xalq qəhrəmanının
silahdaşı olmuş
Qulaməli Səmsamın
"Sərdari-milli haqqında
xatirələr" adlı
yazısıdır. Müəllifin öz şəxsi müşahidələri və
görüşləri əsasında
qələmə alınmış
bu əsər xalq hərəkatının,
Məşrutə inqilabının
daha bir rakursdan açılması
baxımından maraq doğurur.
Bu dövrdə yaranmış
memuar ədəbiyyatının
qiymətli örnəklərindən
biri də, milli demokratik hərəkatın rəhbəri
Seyid Cəfər Pişəvərinin fars dilində qələmə aldığı
"Zindan xatirələri
dəftərindən" adlı
əsəridir. Əsərin
dili - ondakı azərbaycanlı təfəkkürünün,
baş verən hadisələrə azərbaycanlı
mövqeyindən yanaşmanın
üzə çıxmasına
mane ola bilməyib.
Əsər, İranın
1920-1940-cı illərdəki ictimai quruluşunda hökm sürən özbaşınalığın ifşası ilə yadda qalır. Mir Cəfər Pişəvərinin
ədəbi yaradıcılığında həbsdə olduğu vaxt qələmə aldığı "Zindan xatirələri dəftərindən"
əsəri mühüm
yer tutur. Əsər müəllifin
gördüyü, şahidi
olduğu, şəxsən
iştirak etdiyi hadisələr haqqında
xatirələrdən ibarətdir:
Güney Azərbaycanda əsasən
ana dilində formalaşan nəsrin ilk örnəkləri 1941-ci ildən
Təbrizdə nəşrə
başlayan "Azərbaycan"
qəzetində çap
olunmağa başlamışdı. Əvvəlcə
daha çox hekayə janrı ilə təmsil olunan bədii nəsrin ilk uğurlu müəllifləri M. Hilali, Vəylər Haili və Nəmzə
Fəthi Xoşginabi olub. Xüsusən Milli hökumət
qurulduqdan sonra bu yazıçıların
və onların sırasından olan M. Ərməğani, Q.Səmsam,
G.Səbahi və b. nasirlərin böyük həvəs və məhsuldarlıqla işlədiyini
görmək mümkündür.
Gənc
yaşlarından demokratik
hərəkatın fəal
üzvlərindən biri
kimi tanınmış,
əsərlərini üç
dildə - Azərbaycan,
fars və rus dillərində qələmə almış
Həmzə Fəthi Xoşginabi orijinal üsluba, rəvan dilə, maraqlı obrazlı ifadələrə
malik olan bir yazıçıdır.
O, 1945-ci ildə Təbrizə
qayıdarkən ədəbi
fəaliyyətini əsasən
ana dilində davam etdirmiş, məsul redaktoru olduğu "Azərbaycan"
qəzetində onlarla
siyasi mövzulu felyetonu, oçerkləri,
hekayələri işıq
üzü görmüşdü.
Müəllifin "Suvarılmış
poladlar", "Eşq
və müharibə"
povestləri, "Züleyxa",
"İbrahim" və
başqa hekayələri
çağdaş Güney
Azərbaycan nəsrinin
ilk uğurlu örnəklərindən
sayıla bilər.
Müstəqillik dövründə bədii
nəsr örnəkləri
ilə özünü
geniş oxucu kütləsinə tanıtdırmış
M. Hilalinin "İntiqam"
hekayəsi yoxsul insanların dözülməz
həyatından bəhs
edir. Hekayədə Məşədi
Qulam adlı bir kəndlinin, dükanın qabağında
faytondan düşən
zəngin libaslı bir ağadan intiqam alması və onun səbəbləri
açıqlanır.
Məşədi Qulam ağadan intiqam aldığı üçün peşiman
olmur, lakin həbsxanaya düşdükdən
sonra qızının
taleyini düşünür
və müstəntiqə
deyir ki, qızına yazığı
gəlsin. Onu dinləyən müstəntiqin
gözləri yaşarır.
Hekayədə Məşədi Qulamın öz hüququnu qorumaq üçün azğın
ağadan intiqam alması yazıçı
tərəfindən təqdir
olunur.
Bu dövrdə Cənubi
Azərbaycan nəsrinin
Şimal örnəyi
əsasında formalaşıb
inkişaf etməsində
Sovet ordusunun tərkibində gəlmiş
Azərbaycan ziyalılarının
böyük rolu olmuşdur. Bunların sırasında ön
yerlərdən birini,
heç şübhəsiz
ki, görkəmli Azərbaycan ədəbiyyatşünas
alimi, yazıçı
və şairi Cəfər Xəndan tutmaqdadır. Onun
1944-1945-ci illərdə Təbrizdə
nəşr edilən
"Vətən yolunda"
adlı qızıl əskər qəzetinin nəzdində təşkil
etdiyi "Şairlər
məclisi" Cənubi
Azərbaycanda ədəbiyyatın
inkişafı, xüsusən
bədii nəsrin formalaşması yolunda müstəsna işlər
görmüşdü. Bu məclisin
qısamüddətli - cəmi
bir illik işini yüksək qiymətləndirən demokratik
hərəkat liderlərindən Seyid
Cəfər Pişəvəri
yazırdı:
"Şairlərimizin keçən
şəhrivərdən (sentyabr)
indiki şəhrivərə
qədər yazdıqları,
cürətlə demək
olar ki, əlli il
müddətində yazdıqlarından
daha artıq ola bilər". Əlbəttə, aydındır ki,
burada söhbət yazılan əsərlərin
miqdarından, sayından
deyil, sanbalından, ictimai məzmunundan, xalqın və dövlətin qarşısında
duran problemlərin həlli yolunda oynadığı roldan gedir. Bu baxımdan
yanaşdıqda Seyid Cəfər Pişəvərinin
sözlərində böyük
həqiqət payının
olduğunu etiraf etməmək olmaz.
Əslən Cənubi Azərbaycandan
olan və buna görə də Təbriz ədəbi mühitinə bir köynək yaxın olan görkəmli Azərbaycan yazıçısı
Mirzə İbrahimovun
bir povestinin "Vətən yolunda" qəzetində çapının necə geniş əks-səda doğurduğunu xatırlayan Əli Tudə yazır:
"Həmin günlərdə
yazıçı (Mirzə
İbrahimov - M .M.) müasir mövzuda "Nakam məhəbbət" adlı
bir povest də yazırdı. Əsər
"Əjdəroğlu" imzası ilə "Vətən yolunda" qəzetində hissə-hissə
çıxırdı. Povestdə Təbrizdə yaşayan bir ailənin həyatından danışılırdı.
Təbrizlilər povestin ardını
oxusunlar deyə qəzetin yeni sayını səbirsizliklə
gözləyirdilər. Çoxlarına qəzet çatmırdı. Yaxın qonşular
bir evə toplaşırdılar. Biri
əsəri ucadan oxuyurdu, digərləri maraqla, həyəcanla qulaq
asırdılar. O zaman
Təbrizdə bəlkə
də Mirzə İbrahimovu tanımayanlar
çox idi. Lakin Əjdəroğlunu tanımayan
yoxdu".
Göründüyü kimi, Mirzə İbrahimovun sənətkarlıqla qələmə
alınmış povesti
bütöv bir
şəhərin ədəbiyyat
həvəslilərini öz başına toplamış və bununla da başqa yeni
yazanları nəsr sahəsində öz qələmlərini sınamağa
ruhlandırmışdı.
Taleyi Azərbaycan
Demokratik Cümhuriyyətinin
taleyinə çox bənzəyən, ancaq ondan daha qısamüddətli
və faciəli olması ilə fərqlənən Cənubi
Azərbaycan Milli hökumətinin süqutu
Azərbaycan xalqının
yaşadığı ən
böyük müsibətlərdən
biri kimi tariximizin əbədi qara səhifələrindən
biri olaraq qalacaqdır. Stalin rejiminin erməni əlaltılarının
iştirakı ilə
xaincəsinə fars şovinizminin qanlı pəncələrinə
həvalə edilən
Cənubi Azərbaycan
Milli hökumətinin
taleyi erməni xəyanətkarlığı və
rus şovinizminin birləşməsi nəticəsində
işğal edilmiş
iyirmi faiz Şimali Azərbaycan torpaqlarının taleyindən
o qədər də fərqlənməmişdi.
1946-cı ilin dekabr ayında Qəvamüssəltənənin fitnə-fəsadları və Stalinin türklərə qarşı xəyanətkarlığı, eləcə də beynəlxalq xristian imperializminin razılığı əsasında Cənubi Azərbaycanda Milli hökumət öz qızıl qanında boğuldu, xalqın təzə-təzə çiçək açan arzuları, sürətli inkişaf yoluna qədəm qoymuş ədəbiyyat və mədəniyyət kobud sərbaz çəkmələri altında tapdalandı, yerlə yeksan edildi. "Həbs edilənlər, sürgünə göndərilənlər, ölümə məhkum edilənlər, vətəndən didərgin salınanlar sırasında nasirlər də var idi. Bütün bunlar isə janrın inkişafına ağır zərbə vurmaya bilməzdi".
Bu dövrün nəsrini ənənələrdən ayrılmağa qoymayan sənətkarlar arasında Gəncəli Səbahinin adını xüsusi qeyd etmək lazımdır. Onun xüsusilə "Həyat faciələrindən" adlı povesti irtica illərinin bütün dəhşətlərini bədii sözün qüdrəti ilə oxucuya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
1950-ci ildə qələmə alınmış, ancaq duz otuz il sonra - 1980-ci i1də işıq üzü görmüş "Həyat faciələri" povesti, adından da göründüyü kimi, sənətkarın ətrafında görüb müşahidə etdiyi, bədii təhlil süzgəcindən keçirərək ümumiləşmiş şəkildə qələmə aldığı insan talelərinin, faciələrinin bədii təcəssümüdür.
Ancaq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Şimalla Cənub arasında istər siyasi və iqtisadi və istərsə də ədəbi-mədəni əlaqələrin xeyli genişlənməsi bütövlükdə Güney Azərbaycan ədəbiyyatının inkişafına da güclü təkan vermiş oldu. Lakin əvvəlki mərhələlərdə olduğu kimi, burada da biz daha çox mənzum janrın inkişafından və sayca zənginləşməsindən danışa bilərik. Nəsrə gəldikdə isə onun inkişafında, janrca və sayca zənginləşməsində müəyyən problemlərin olduğunu görürük ki, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bunların arasında ən başlıcası kimi, xüsusən 80-ci illərin ikinci yarısından başlayaraq İran İslam Respublikasında totalitar rejimin güclənməsi, müəyyən mövzuların bədii ədəbiyyata gətirilməsinə, onların problem səviyyəsinə qaldırılmasına qadağa qoyulması, bəzən rəsmi dairələr tərəfindən aktual həyat həqiqətlərinin olduğu kimi bədii inikas etdirilməsi yolunda maneələr yaradılması və sair səbəblər göstərmək olar.
Əsərdə aparıcı motivlərdən birini də istibdad dövründə ana dilinin qadağan edilməsi və bu ədalətsiz, şovinist siyasətin roman qəhrəmanlarının ürəyində doğurduğu qəzəb və etiraz duyğularıdır. Bütöv bir millətin dilini "çoban dili, qeyri-elmi dil" adlandıraraq həmin dildə çap olunmuş kitabları, hətta müqəddəs Quranın türkcə tərcüməsini belə yandırmağa hazır olan şah rejimi nümayəndələrinin işləklərini, ancaq bəşər mədəniyyətinin quduz düşməni olan, Avropanın göbəyində kitablardan tonqal qalayan faşistlərin qeyri-insani hərəkətləri ilə müqayisə etmək olar.
Bütövlükdə çağdaş Güney Azərbaycan nəsri 80 illik formalaşma və inkişafı dövründə keşməkeşli bir yol keçmiş, bəzən coşğun inkişafın, bəzən süstlük və durğunluğun dadını da hiss etmişdir. Ancaq bütövlükdə bu hərəkatın inkişaf xətti yüksələn olmuşdu və indi də həmin istiqamətdə öz yürüşünü davam etdirir.
Mahmizər
MEHDİBƏYOVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Cənubi
Azərbaycan ədəbiyyatı" şöbəsinin
aparıcı elmi işçisi
525-ci qəzet.- 2023.- 11 aprel.- S.11.