Onların yeri hər zaman görünəcək
XALQ ARTİSTLƏRİ AZƏR PAŞA NEMƏTOV VƏ İRANA TAĞIZADƏNİN VƏFATI TEATR SƏNƏTİMİZ ÜÇÜN AĞIR İTKİ OLDU
Aprelin 9-da Azərbaycan
mədəniyyəti və
xüsusən teatr mühiti iki ağır itki ilə üzləşdi. Günün birinci
yarısında teatr ictimaiyyəti tanınmış
rejissor, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadənin
vəfat xəbəri
ilə sarsıldı.
Uzun illər Azərbaycan teatr sənətini öz yaradıcılığı,
quruluş verdiyi səhnə əsərləri
ilə zənginləşdirən
rejissor qəfil ürək tutmasından vəfat edərək onu və sənətini
sevənləri dərin
yasa qərq etdi. İ.Tağızadə görkəmli kinorejissor
Tofiq Tağızadənin
qızı, tanınmış
aktyor Firdovsi Atakişiyevin həyat yoldaşı idi.
Bu xəbərin kədəri
üstümüzdən sovuşmamış
növbəti gözlənilməz
xəbər teatr əhlini hüznə boğdu. Akademik Milli Dram Teatrının
bədii rəhbəri,
Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Azər Paşa Nemətov vəfat etdi. 50 ildən
artıq bir müddətdə teatr səhnəmizi quruluş verdiyi əsərlərlə
zənginləşdirən, yetişdirdiyi istedadlı tələbələrlə bu
sənətin inkişafına
xidmət edən sənətkar ömrünün
76-cı ilində gözlərini
dünyaya əbədi
yumdu.
Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində unudulmaz
rejissor Zəfər Nemətovun ailəsində
anadan olub, 31 saylı orta məktəbdə təhsil
alıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı varmış. Valideynləri
onu Bülbül adına orta
musiqi məktəbinə
aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya
şöhrətli bəstəkar
Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar
da bəstələyib,
amma gözlənilmədən
yaradıcılıq istiqamətini
dəyişib və
1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra
onun yanında assistent-müəllim işləyib.
Diplom işi olan "Qardaşım klarnet çalır" (A.Aleksin,
R.Rojdestvenski və O.Feltsman) Gənc Tamaşaçılar Teatrının
(GTT) rus bölməsində
göstərilib. 1972-ci
ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq
teatrında fəaliyyət
göstərib. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.
1990-cı aprel ayının
20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə
Heyətinin sədri seçilib. Andrey
Popov adına SSRİ ümumittifaq müsabiqəsinin
laureatı olub (1985). Onun tamaşaları İstanbulda,
Aşqabadda, Moskvada keçirilmiş festival və
müsabiqələrdə uğur
qazanıb.
18 iyul 2014-cü ildə
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının
üzvü seçilib. 31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru
vəzifəsinə təyin
edilib. 6 yanvar
2016-cı ildən etibarən
isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.
A.Nemətov onlarla əsərə baxımlı, maraqlı quruluşlar verib. Təkcə Azərbaycan
səhnəsində deyil,
həm də xarici ölkələrin səhnəsində quruluş
verdiyi əsərlərlə
Azərbaycan incəsənətini,
teatr sənətini ölkəmizin sərhədlərindən
kənarda uğurla təmsil edib.
Xalq artisti bədii yaradıcılığı ilə
100 yaşlı Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) uğurlu
məzunlarından olmaqla
yanaşı, bu universitetdə uzun müddət pedaqoji fəaliyyətlə də
məşğul olub.
ADMİU-nun professoru olan Azər Paşa Nemətov uzun illər universitetdə teatr sənəti üçün
gənc və peşəkar kadrların hazırlanmasında mühüm
rol oynayıb. Onun tələbələri bu
gün həm ölkəmizin müxtəlif
teatrlarında fəaliyyət
göstərir, həm
də sözügedən
universitetdə teatr sənətinin incəliklərini
tədris edərək
ustadlarının yolunu
uğurla davam etdirirlər.
Allah rəhmət eləsin!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 11 aprel.- S.9.