"Püstə ağacı"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Ülkər
Əliyevadır. Ülkər xanımla Xalq
rəssamı Rasim Babayevin "Püstə ağacı" əsərindən
danışmışıq.
XX əsrin ikinci
yarısında Azərbaycan
rəngkarlıq məktəbinin
inkişafında bir sıra yeni meyllər özünü
büruzə verməyə
başlayır. Bu da
fərqli yöndə
inkişaf demək idi ki, bu
inkişaf xəttinin əsasında o dövr üçün yenilik, hətta dönüş nöqtəsi olan Abşeron rəngkarlıq
məktəbi dururdu.
Rasim Babayev də bu məktəbin əsas nümayəndələrindən
biri idi. Məktəbin digər rəssamları
kimi Rasim Babayevin də yaradıcılığı orijinal
rəng duyumu, unikal obrazlar və kompozisiyalarında yeni ifadə üsullarından istifadə
ilə zəngin idi. Onun əsərlərinin mövzusunun
mərkəzində Abşeron,
onun sərt landşaftı, yerli əhalinin gündəlik həyatının təsviri
olmaqla yanaşı, Azərbaycan
folkloru-nağıl və
dastanlar, xeyirlə şərin, işıqla
zülmətin mübarizəsi
dururdu. Təbiətin
əzəli və əbədi əzəmətinin
bədii dərkini ifadə edən rəssam insan-təbiət münasibətlərini
araşdırır, insan
əli ilə təbiətə vurulan zərərləri konkret bədii dillə izləyicisinə çatdırır.
"Torpaq", "Səma"
, "Sahil", "Dağlar",
"Püstə ağacı",
"Bahar haqqında xatirə" kimi əsərləri bu düşüncələrinin əksidir.
- Ülkər xanım, söhbətimizə elə
o ağacın hekayəsindən
başlayaq.
- "Püstə ağacı"
tablosu rəssamın ən tanınmış əsərlərindəndir. Tablonun əsas
qəhrəmanı elə
mərkəzdə geniş
və xaotik budaqları ilə əks olunan püstə ağacıdır.
Deyilənə görə, əsərin
yaranmasının belə
bir maraqlı tarixçəsi var. Rəssamın
o zamankı emalatxanası
Milli Kitabxananın yaxınlığında yerləşirmiş.
Emalatxanasının qarşısında duran püstə ağacı rəssam üçün çox doğma imiş. O, bu ağaca tamaşa
edər, xəyallara dalarmış. Lakin bir gün bu
püstə ağacı
kəsilir və yerinə
yeni tipli ağac əkilir. Hadisədən xəbərsiz olan
Rasim Babayev gördüyü mənzərədən
təsirlənir. O, belə
bir qərara gəlir ki, hər gün tamaşa etdiyi "köhnə dostu"nun xatirəsini kətan üzərində əbədiləşdirsin.
- Əsər hazırda
harda saxlanılır?
- Tablo Azərbaycan
Milli İncəsənət
Muzeyinin kolleksiyasına
daxildir.
- Əsərin rəng
koloriti necədir?
- Əsərin fonu
və yeganə təsvir obyekti olan ağacın rəng koloriti bir-biri ilə səsləşir. Mavi rəngin fonda
verilməsi rəssamın
keçmişinə bağlılığını,
sadiqliyi göstərir.
Açıq və tünd
qəhvəyi rənglərdə
təsvir olunan püstə ağacının
üzərindəki faktura
isə sanki keçmişin və illərdir mövcud olduğu yerdə bir çox həyat fraqmentlərinə
etdiyi şahidliyin izləridir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Rasim Babayevin yaradıcı işləri
üçün seçdiyi
rəng koloritində hər zaman əsərin məzmunu ilə uyğunluğu müşahidə edə bilərik. Hətta deyilənə görə,
rəssam sifariş əsərləri üçün
fərqli palitradan istifadə edirmiş ki, yaradıcı işləri üçün
apardığı rəng eksperimentləri
öz individuallığını
itirməsin.
- Bəs kompozisiya?
- Əsərin kompozisiya
quruluşu yetərincə
sadədir. Biz mərkəzdə
hekayənin əsas qəhrəmanı olan püstə ağacını
görürük. Lakin onun
gövdəsinin və
köklərinin torpağa
necə güclü bağlı olduğu hissi rəssam tərəfindən bizə
ötürülən bir
nüansdır. Ağacın bir-birinin içindən keçən hərəkətli
budaqları göyə
doğru uzanır.
İzləyicinin də baxışını
aşağıdan- torpaqdan
göyə doğru yönəldir.
- Diqqətlə baxanda tablonun sağ tərəfinə doğru
artıq budaqların uzanmadığını görürük.
Rəssam bununla nə
demək istəyir?
- Amma sol tərəfə doğru baxdığımız
zaman ağacın budaqlarının davam etdiyinin, kətanın hüdudlarını aşdığının
şahidi ola
bilərik. Püstə
ağacının bizim
görmədiyimiz hissədə
də bu cür şaxələnərək
uzanıb gedən budaqları həyata, yaşama olan bağlılıq hissi oyadır. Həmçinin əsərin ölçüsünün
yalnız bizim gördüyümüz kətandan
ibarət olmayıb daha böyük ölçülərdə mövcudluğu
fikrini oyadır. Xalq yaradıcılığına, folklora da bədii
fəaliyyətində əhəmiyyətli
yer ayıran rəssam ümumiləşdirmələr,
alleqorik təsvirlər
vasitəsilə bəzən mövcud sistemin problemlərinə işıq tutur, bəzən isə xeyir-şər mübarizəsi
müstəvisində öz
fəlsəfi düşüncələrini
bizimlə bölüşür.
- Bu rəsm bizə nə deyir?
- Bu əsər rəssamın
çox sevdiyi ağacı artıq görə bilməyəcəyi
hissinin yaratdığı
hüzndən doğan
bir əsərdir. Sadə bir ağac təsviri
görsək də, əsərin hekayəsini bildiyimiz zaman tablo lirik və
drammatik bir ab-havaya bürünür.
Digər
tərəfdən də
bu əsər müəllifin keçmişə
və həyata güclü bağlarını
əks etdirir. Həyatımızda bizə doğma
olan hər kəsin və hər bir şeyin
dəyərini onlar həyatımızda olduğu
zaman bilməliyik.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 12 aprel.- S.13.